Azərbaycanın
məhkəmə sistemi yeni inkişaf
mərhələsinə qədəm qoyur
Hüquqi və demokratik cəmiyyət
quruculuğunun başlıca şərtlərindən biri
də yeni dövrün tələblərinə cavab verən
hüquq islahatlarının reallaşması, ədalət
mühakiməsini həyata keçirən
məhkəmələrin müstəqilliyinin təmin
edilməsi, qanunun aliliyinin bütün səviyyələrdə
qorunmasıdır. Təsadüfi deyildir ki,
ictimai münasibətlər sisteminin qanunamüvafiq qaydada
tənzimlənməsində, insan və vətəndaş
hüquq və azadlıqlarının təminatında mühüm
rol oynayan məhkəmə hakimiyyətində kompleks
islahatların həyata keçirilməsi məsələsi
ulu öndər Heydər Əliyevin daim xüsusi
diqqət yetirdiyi məsələlər olmuşdur.
1995-ci ilin 12 noyabrında qəbul edilmiş
müstəqil Azərbaycan Respublikasının ilk
Konstitusiyası dövlətimizin tarixində hakimiyyət
bölgüsü prinsipinin, demokratik hüquqi və
dünyəvi dövlət quruculuğunun hüquqi
əsaslarının, insan hüquq və
azadlıqlarının qeyd-şərtsiz təmin
olunmasının möhkəm təməlini
qoymuşdur. Azərbaycan Konstitusiyasına əsasən,
hakimiyyətin üç müstəqil qolundan biri olan
məhkəmələr dünyanın mütərəqqi
təcrübəsinə əsaslanan modeldə
formalaşdırılmışdır. Bu
modelə əsasən, respublikada birinci instansiya, apelyasiya
və kassasiya instansiyalı üçpilləli
məhkəmə sistemi fəaliyyət göstərir.
Üçpilləli məhkəmə sistemi ədalət
mühakiməsinin səmərəliliyinin
artırılmasına xidmət etməklə,
işlərə birinci instansiya qaydasında baxılmasına,
bundan sonra onların hüquqa və fakta görə
apelyasiya qaydasında yoxlanılmasına, daha sonra isə
kassasiya qaydasında yenidən baxılmasına imkan
yaradır. Bu sistem birinci instansiya məhkəməsinin buraxdığı
hər hansı səhvin yuxarı məhkəmə
instansiyalarında aradan qaldırılmasına, işlərin
mahiyyətcə düzgün və obyektiv həllinə
şərait yaradır.
Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 21
fevral tarixli sərəncamı ilə yaradılmış
Hüquq İslahat Komissiyası tərəfindən
işlənib hazırlanmış "Konstitusiya
Məhkəməsi haqqında",
"Məhkəmələr və hakimlər haqqında"
qanunlar ölkəmizdə məhkəmə-hüquq
islahatları sahəsində aparılan ilk mühüm
addımlar olmaqla, müstəqil məhkəmə sisteminin
yaradılmasına və fəaliyyət göstərməsinə
imkan yaratmışdır. Azərbaycan
Respublikası Prezidentinin 1 dekabr 1998-ci il tarixli
"Məhkəmələr və hakimlər haqqında"
Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi və
məhkəmə islahatlarının həyata
keçirilməsinə dair tədbirlər barədə"
fərmanı əsasında ardıcıl surətdə
gerçəkləşdirilən məhkəmə islahatlarının başlıca
məqsədi qanunun aliliyinin təmini, məhkəmə
hakimiyyətinin dövlət idarəçilik mexanizmində
nüfuzlu və müstəqil təsisat kimi
təşəkkül tapması, ədalət
mühakiməsinin həyata keçirilməsi zamanı insan
hüquq və azadlıqlarının müdafiəsinin yüksək səviyyədə təşkili,
cinayət və mülki mühakimədə demokratik
prinsiplərin qorunması, peşəkar hakim korpusunun
formalaşdırılması, məhkəmələrin
fəaliyyətində şəffaflığın təmin
edilməsi və digər konseptual məsələlərin
həlli olmuşdur.
İctimai
münasibətlər qanunlarla tənzimləndiyindən,
cəmiyyət həyatındakı mühüm yeniliklər
hüquq sistemində də dəyişikliklər və
yeniləşmə tələb edir. Ulu
öndərin məhkəmə-hüquq sistemində
əsasını qoyduğu mütərəqqi islahatları
inamla davam etdirən dövlət başçısı
İlham Əliyev sosial-iqtisadi uğurların miqyasına,
habelə cəmiyyətin demokratik şüur
səviyyəsinin yüksəlməsinə paralel olaraq
qanunların liberallaşdırılmasını,
məhkəmələrin fəaliyyətinin
müasirləşdirilməsini vacib sayır.
Bu
məqsədlə hələ 2004-cü ilin dekabrında
"Məhkəmə-Hüquq Şurası haqqında"
yeni qanun qəbul olunmuş, "Məhkəmələr
və hakimlər haqqında" qanuna bir sıra
mütərəqqi dəyişikliklər edilmişdir. "Konstitusiya Məhkəməsi haqqında"
qanuna əlavə və dəyişikliklər edilməsi
haqqında" 2003-cü il 23 dekabr tarixli qanuna əsasən
isə, vətəndaşların pozulmuş hüquq və
azadlıqlarının bərpası ilə bağlı
birbaşa Konstitusiya Məhkəməsinə müraciət
etməsi hüququnun həyata keçirilməsi
mexanizmləri müəyyən edilmişdir.
Məhkəmə sisteminin fəaliyyətinin
təkmilləşdirilməsi ilə bağlı
tədbirlər barədə son illər ölkə
başçısının imzaladığı fərman
və sərəncamlar Azərbaycanda insan
hüquqlarının müdafiəsinin əsas
təminatlarından olan məhkəmələrin nüfuzunu
və əhalinin məhkəmələrə olan
inamını artırmışdır. Respublikamızda
məhkəmələrin fəaliyyətini
tənzimləyən qanunvericilik bazasının
yeniləşməsi, məhkəmə hakimiyyətinin və
hakimlərin müstəqilliyinin artmasını təmin
edən demokratik hüquqi təsisatların
formalaşdırılması və bu sahədə digər
çoxsaylı mütərəqqi islahatların
həyata keçirilməsi həm cəmiyyət, həm
də nüfuzlu beynəlxalq təşkilatlar
tərəfindən yüksək qiymətləndirilir. Qürur hissi ilə qeyd etmək olar ki, artıq
Azərbaycan Respublikasında inkişaf etmiş
dövlətlərə məxsus olan
xüsusiyyətlərə malik, Azərbaycan xalqının
dövlətçilik məqsədlərinə və
milli-mənəvi dəyərlərinə uyğun,
müsbət cəhətləri ilə
fərqlənən, demokratik inkişafa və beynəlxalq
hüquqi məkana inteqrasiya prosesinə şərait yaradan
hüquq və qanunvericilik sistemləri qurulmuşdur. Və
onların müasir tələblərə müvafiq olaraq daha
da təkmilləşdirilməsi prosesi ölkə Pezidentinin
rəhbərliyi altında uğurla davam etdirilir.
Məhkəmə-hüquq islahatlarının
uğurla həyata keçirilməsində və
hazırkı mərhələyə gəlib
çatmasında məhkəmə hakimiyyətinin müstəqil
özünüidarə orqanı olan Məhkəmə
Hüquq Şurasının rolu böyükdür. Məlum olduğu kimi, "Məhkəmələr
və hakimlər haqqında" Azərbaycan Respublikası
Qanununa və Məhkəmə Hüquq Şurasının 11
aprel 2000-ci il tarixli qərarı ilə təsdiq edilmiş
"Azərbaycan Respublikasında hakimliyə namizədlərin
seçilməsi Qaydaları"na müvafiq olaraq 2005-ci
ildən ölkədə vakant hakim vəzifəsinə
hakim olmayan namizədlərin seçilməsi prosesi
Avropanın bir çox demokratik dövlətlərində
olduğu kimi, mürəkkəb və çoxmərhələli
imtahanlardan ibarət seçim prosedurları vasitəsilə
həyata keçirilir. Son 5 il ərzində
Məhkəmə Hüquq Şurası tərəfindən
formalaşdırılan Hakimlərin Seçki Komitəsi
tərəfindən tam obyektiv və şəffaf şəraitdə
həyata keçirilən test üsulu ilə yazılı
imtahan və şifahi müsahibələrdə uğur
qazanmış 235 nəfər hüquqşünas
yüksək hakim adına layiq bilinmişdir. Demək olar ki,
hazırda hakim korpusunun yarısı qeyd edilən prosedurlar
nəticəsində hakim vəzifəsinə təyin
olunmuş şəxslərdən ibarətdir. Qeyd edilən
prosedurlar nəticəsində seçilmiş və hakim
vəzifəsinə yeni təyin edilmiş hakimlər kimi
üzərimizə düşən vəzifə bizə
göstərilən bu yüksək etimadı
doğrultmaqdır.
Azərbaycan Prezidentinin 2010-cu il 15 iyul tarixli
"Azərbaycan Respublikasının məhkəmə
sisteminin təkmilləşdirilməsi ilə bağlı
bəzi tədbirlər və "Məhkəmələr
və hakimlər haqqında" və
"Məhkəmə-Hüquq Şurası haqqında"
Azərbaycan Respublikasının qanunlarına
dəyişikliklər və
əlavələr edilməsi barədə" Azərbaycan
Respublikasının 2010-cu il 22 iyun tarixli 1043-IIIQD
nömrəli Qanununun tətbiq edilməsi haqqında"
fərmanı əsasında bir sıra yeni
məhkəmələrin təşkil olunması da xüsusi
vurğulanmalıdır. Belə ki,
fərmanla Ağır Cinayətlərə Dair
İşlər üzrə Azərbaycan Respublikasının
Məhkəməsi əsasında Bakı Ağır
Cinayətlər Məhkəməsi, habelə Lənkəran,
Gəncə, Şəki ağır cinayətlər
məhkəmələri yaradılmışdır.
Fərmanın
1.5-ci bəndinə görə isə, 1 saylı Bakı Yerli
İqtisad Məhkəməsi əsasında 1 saylı Bakı
İnzibati-İqtisadi Məhkəməsi; 2 saylı Bakı
Yerli İqtisad Məhkəməsi əsasında 2 saylı
Bakı İnzibati-İqtisadi Məhkəməsi; Gəncə
Yerli İqtisad Məhkəməsi əsasında Gəncə
İnzibati-İqtisadi Məhkəməsi; Sumqayıt Yerli
İqtisad Məhkəməsi əsasında Sumqayıt
İnzibati-İqtisadi Məhkəməsi; Şəki Yerli
İqtisad Məhkəməsi əsasında Şəki
İnzibati-İqtisadi Məhkəməsi, Şirvan Yerli
İqtisad Məhkəməsi əsasında Şirvan
İnzibati-İqtisadi Məhkəməsi
yaradılmışdır.
2011-ci ilin
yanvar ayının 1-dən respublikada yeni yaradılmış
ixtisaslaşmış inzibati-iqtisadi məhkəmələrin
fəaliyyətə başlaması ilə Azərbaycan
Respublikasının məhkəmə sistemi yeni inkişaf
mərhələsinə qədəm qoyacaqdır. Konstitusiyada təsbit edilmiş hüquqi
dövlət prinsiplərinə uyğun yeni inzibati hüquq
modelinin tətbiqi dövlət-vətəndaş
münasibətlərinin yeni müstəviyə -
qarşılıqlı əməkdaşlıq
müstəvisinə gətirilməsi istiqamətində
atılmış çox mühüm addımdır.
Ümidvarıq ki, inzibati-iqtisadi
məhkəmələrin fəaliyyətə başlaması
ilə inzibati orqanların fəaliyyəti zamanı yol
verilmiş qanun pozuntuları nəticəsində
vətəndaşların pozulmuş hüquqlarının
müdafiəsinin milli məhkəmələr
vasitəsilə daha səmərəli şəkildə
həyata keçirilməsi Azərbaycan Respublikasında
qanunun aliliyi prinsipini daha da möhkəmləndirəcək
və Azərbaycan vətəndaşları
tərəfindən Avropa İnsan Hüquqları
Məhkəməsinə ünvanlanmış
müraciətlərin sayı xeyli azalacaqdır.
Məhkəmə Hüquq Şurası
tərəfindən inzibati-iqtisadi
məhkəmələrdə inzibati hüquq sahəsində
ixtisaslaşmış hakimlərin fəaliyyət
göstərməsi istiqamətində həyata
keçirilmiş ardıcıl tədbirlər bu
sahədə fəaliyyət göstərəcək
hakimlərin inzibati hüquq sahəsində
nəzəri biliklərinin artırılmasında
böyük rol oynamışdır. İnzibati icraat və
inzibati məhkəmələrin fəaliyyəti ilə
bağlı bu sahədə böyük
təcrübəyə malik qardaş Türkiyə
Respublikasının təcrübəsindən
bəhrələnmək üçün
Məhkəmə Hüquq Şurası tərəfindən 80
nəfər hakimliyə namizəd üçün
Türkiyə Ədliyyə Akademiyasında 2 həftəlik
təlim mərhələsinin təşkil edilməsi, o
cümlədən Azərbaycan Ədliyyə Akademiyasında
beynəlxalq və yerli ekspertlərin cəlb olunması
ilə inzibati-iqtisadi məhkəmələrin
hakimləri üçün təlim-seminarların
təşkil edilməsi, hakimliyə namizədlərin və
hakimlərin müxtəlif konfrans və tədbirlərdə
iştirakının təmin edilməsi belə
tədbirlərə misal ola bilər. Avropa
dövlətlərinin təcrübəsi göstərir ki, bu
sahədə ixtisaslaşma, bir qayda olaraq, inzibati
məhkəmə müdafiəsinin daha da səmərəli
olmasına xidmət edir.
Məhkəmə hüquq sistemində həyata
keçirilən bütün bu islahatlar
gələcəkdə öz müsbət bəhrəsini
verərək ölkədə insan hüquq və azadlıqlarının
daha geniş təmin olunmasına, demokratiyanın
inkişafına, cəmiyyətin və dövlətin tərəqqisinə
xidmət edəcəkdir.
Vüsalə BAXIŞOVA,
Elçin MƏMMƏDOV,
Fəqan ƏHMƏDOV,
1 saylı Bakı İnzibati-İqtisadi
Məhkəməsinin hakimləri
Azərbaycan.- 2010.- 21 dekabr.- S. 5.