Saraylar

 

Onlar milli memarlıq nümunələridir

 

 Hər bir dövrün özünəməxsus milli memarlıq xüsusiyyətlərini qoruyub saxlayan maddi mədəniyyət nümunələrindən olan sarayların digər yaşayış və ya inzibati binalarla oxşarlığı ilə yanaşı, fərqli cəhətləri də az deyil. Adlarına və daşıdıqları funksiyalara əsasən nağıllarda və əfsanələrdə rast gəlinib. Lakin sonradan yaranmış ayrı-ayrı yazılı ədəbi nümunələrdə sarayların daha fərqli forma və məzmun daşıması barədə məlumatlar kifayət qədər yer alıb. Əsasən şahlıq dövrünün milli memarlıq nümunələri sayılan sarayların tikilməsində bənna (usta) və nəqqaşların xüsusi əməyi olub. Əcəmi Naxçıvani, usta Tağı, Hacı Məhərrəm, usta Qənbər Qarabaği, Mirzə Qədim İrəvani (İrəvanda Sərdar Sarayının divar rəsmlərinin nəqqaşı, 1850-ci il), xəttat Süleyman, Şükür Qənbər oğlu, Mirzə Mehdi kimi memar, bənna (usta) və nəqqaşların adları məhz həmin tarixi və mədəniyyət abidləri sayılan saraylarda (təfəkkürlərinin cizgiləri və əl izləri qaldığı üçün) sonrakı nəsillərə gəlib çatıb.

Respublikamızın ərazisindəki saraylar təsnifatına görə bölünmüş olsalar, ilk növbədə, paytaxt Bakının panoramasında xüsusi diqqətçəkən Prezident Sarayının adı çəkilməlidir. Rəsmi sənədlərə və mənbələrə istinad etməklə göstərmək olar ki, Azərbaycan Respublikasının Prezident Sarayı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının və İşlər İdarəsinin yerləşdiyi inzibati binadır. Onu qeyd etməliyik ki, mərmər və qranit üzlüklü onikimərtəbəli sarayın tikilməsinə dair işlərə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1977-ci ilin oktyabr ayında Fuad Orucovun (layihənin rəhbəri), Tahir Allahverdiyevin (memar) və Mədət Xələfovun (konstruktor) layihəsi əsasında başlanmışdır. Prezident Sarayı keçmiş sovetlər birliyi dövründə Azərbaycan KP MK-nın inzibati binası adlanırdı. Respublikamız dövlət müstəqilliyini qazandıqdan, Azərbaycan SSR-in institusional strukturları ləğv olunduqdan sonra bina hakimiyyət statusunu özündə saxlamış və idarəetmə orqanlarının yeni aldlarına müvafiq, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası adlanmağa başlamışdır. 2005-ci ildə bu administrativ bina özünün yüksək rəmzi mənasını almış - Prezident Sarayı adlanmışdır. Layihəsi 1977-ci ildə tutulan, tikintisinə isə 1978-ci ildə başlanıb 1986-cı ildə istifadəyə verilən saray bu gün daha əzəmətli və möhtəşəm görünür.

Əlbəttə, o da vurğulanmalıdır ki, bu tipə aid binalar zamanın, dövrün memarlıq nümunələri sayılır. Ona görə də sarayların ilk olaraq respublikamızın ərazilərində meydanagəlmə tarixinə və daşıdığı funksiyalara nəzər yetirməyə dəyər.

Azərbaycanın ərazilərində sarayların yaranma tarixi, mənəbələrə əsasən, qədimlərə gedib çıxır. Şahlıq üsul-idarəsi zamanlarında sarayların daşıdığı funksiyalarla bugünkülərin arasında kəskin fərq vardır. O dövrlərdə yaranmış saraylar maddi-mədəniyyət nümunələri kimi, onları ziyarət edən əcnəbi turistlərin daim marağını çəkirlər.

İkimərtəbəli olmaqla, altı otaqdan, dörd dəhlizdən və iki güzgülü eyvandan ibarət Şəki Xan Sarayı əvvəllər "Divanxana" adlanıb. Şəki xanlığı Rusiya tərəfindən işğal edildikdən sonra isə bu tarixi bina "qorodskoy sud" - şəhər məhkəməsi statusunu daşımalı olub.

Binanın tikintisinə 1789-1790-cı illərdə başlanılıb. Lakin çox vaxt onun tikilmə tarixini bilərəkdən və ya "səhvən" "Şəkixanovların evi"nin ("Müştaq imarəti" - "Qurğuşunlu Otaq") inşası ilə qarışdırıblar. Bu gün Şəki Xan Sarayı kimi tanınan binanın (o zaman isə "Məhəmmədhəsənxan Divanxanası") yuxarıda göstərilən tarixdə adıçəkilən xan tərəfindən bünövrəsi qoyulub.

Verilən məlumatlara görə, sarayın inşasına 32 min "şevron", yaxud 32 min İran tüməni məbləğində (xatırladaq ki, 1 rus "şevron"u, yaxud 1 İran tüməni 3,4 qram çəkidə qızıl demək idi) vəsait xərclənib. Xanlığa daxil olan ərazidəki əhali xan qarşısında daşıdığı öhdəliklərə görə, həftədə, yaxud ayda bir gün burada pulsuz işləməli idilər. Şəki Xan Sarayının tikilmə tarixi hicri 1204, miladi 1789-1790-cı illərə təsadüf edir.

Sarayda zövqlə işlənmiş güzgülər, taxçalar, xüsusən də heç bir yapışqandan və mıxdan istifadə olunmadan işlənmiş taxta şəbəkələr əsl sənət nümunəsidir. Buradakı naxışların zənginliyi, rənglərin çalarları, oymalar təkrarsız və bənzərsizliyi ilə buranı ziyarət edən turistləri daim heyran edib. Maraqlıdır ki, binanın təkcə divarları deyil, tavanı da yaraşıqlı naxışlarla bəzədilib ki, bu da o dövrdə mədəniyyətimizin inkişafının göstəricilərindəndir.

Türk dünyasının böyük şairi Nazim Hikmətin Şəki Xan Sarayı haqqında söylədiyi fikirlər bütün zamanlarda aktualdır: "Əgər Azərbaycanın başqa qədim tikililəri olmasaydı, təkcə Şəki Xan Sarayını dünyaya göstərmək bəs edərdi".

Ermənistanın təcavüzkar siyasəti nəticəsində işğal altında qalan maddi mədəniyyət abidələrimizdən biri də 1510-cu ilin yadigarı olan, İrəvan sərdarı Mirqulu xan Qacar (1605-1625) tərəfindən ucaldılmış İrəvan qalasındakı Sərdar Sarayıdır. Saray 1760-1770-ci illərdə İrəvan xanı Hüseynqulu xanın göstərişi ilə təkmilləşdirilib. Məhəmməd xan Hüseynəli xan oğlu 1791-ci ildə şüşəbənd adı ilə tanınan Güzgülü salonu və Yay imarətini əlavə etdirib. Xatırladaq ki, hər bir xan özünün saraya münasibətini onun yenidən təkmilləşdirilməsi ilə göstərib. Məlumatlara görə, sarayın böyük qəbul otağının divarında Hüseyn xanın və qardaşı Həsən xanın, farsların əfsanəvi qəhrəmanı Fəraməzin, Fətəli şahın (1797-1834), Abbas Mirzənin (1784-1833) Rüstəm və Söhrabın portretləri olub. Saray 1913-1918-ci illərdə ermənilərin təcavüzünə məruz qalaraq darmadağın edilib, tarixi şəxsiyyətlərin portretləri isə Tiflisə aparılıb. Həmin əsərlər bu gün Gürcüstan Dövlət İncəsənət Muzeyində saxlanılır.

Şahlıq dövrünün maddi mədəniyyət və tarixi abidələri sayılan saraylar, təbii ki, təkcə adları yuxarıda çəkilənlər deyil. Ümumiyyətlə, belə tarixi binalar, ziyarətə çevrilmiş məbədlər ölkəmizin ayrı-ayrı bölgələrində də tikilib ki, onlarda da bəy-xanların ailələri yaşayıb. Lakin inzibati funksiya daşıyan saraylardan söz düşəndə Şirvanşahlar (İçərişəhər), Gəncə, Quba, Lənkəran xanlarının malikanələrinin və digər belə sarayların da adı çəkilməlidir.

Əlbəttə, demək olmazdı ki, saraylar ancaq inzibati idarəetmə mərkəzləri rolunu oynayıblar, baxmayaraq ki, doğrudan da onlardan şahlıq dövründə yalnız bu məqsədlə istifadə edilib. Şahlıq üsul-idarəsi dövründə belə funksiya daşıyan sarayların forması kimi, məzmunu da dəyişib: idman-konsert, şadlıq sarayları və başqaları. Lakin unutmaq lazım deyil ki, şahlıq dövrünün yadigarları ilə bugünkü saraylar arasında kəskin fərqlər olsa da, onlar maddi mədəniyyət və memarlıq nümunələri sayılırlar.

 

Məhəmməd NƏRİMANOĞLU,

 

Azərbaycan.- 2010.- 21 dekabr.- S. 7.