Azərbaycanın davamlı
yüksəlişinə xidmət edən mükəmməl
siyasət
Ölkəmizin insan
inkişafı indeksi sahəsində qazandığı
uğurların miqyası daha da genişlənir
Yeni
yüzillikdə tərəqqi tempi daha da yüksələn
müasir dünyada istənilən dövlətin
inkişafını xarakterizə edən əsas
göstəricilərdən biri də insanların həyat
səviyyəsi ilə bağlıdır. Qloballaşma
prosesinin xüsusi vüsət aldığı indiki
dönəmdə ümumi inkişafın həyat
səviyyəsinin yüksəlməsinə nə
dərəcədə təsir göstərməsinə
get-gedə daha çox diqqət yetirilir, bu göstəricinin
tərəqqi meyarlarında xüsusi çəkisi davamlı
olaraq artır. Təqdirəlayiq haldır
ki, son illərdə sosial-iqtisadi inkişaf baxımından
dünyanın lider dövlətləri cərgəsində
yer alan, digər sahələrdə də qazandığı
uğurlarla diqqət mərkəzində olan Azərbaycanda
insanların həyat səviyyəsi daim yüksələn
xətt üzrə inkişaf etməkdədir.
Ölkəmizdə
insanların fiziki, mənəvi, sosial
tələbatlarının təminatının ildən-ilə
yaxşılaşması beynəlxalq səviyyədə
də açıq etiraf edilir, bu sahədə
Azərbaycanın nümunəvi dövlət olduğu
vurğulanır. Həyat səviyyəsini xarakterizə
edən əsas göstəricilərin inkişaf
dinamikasına diqqət yetirməklə də bunun real
təsdiqini görmək mümkündür. Son
bir neçə ilin təhlili göstərir ki, Azərbaycanda
əhalinin adambaşına düşən gəlirlərinin
miqdarı, istehlak edilən məhsulların,
göstərilən xidmətin həcmi davamlı olaraq
artıb, bu zaman keyfiyyət göstəriciləri daha da
yaxşılaşıb. Eyni zamanda,
mənzillə təminat, kommunal xidmətlərin
müxtəlif növləri, təhsil, səhiyyə,
mədəniyyət və digər sahələrdə
göstərilən xidmət kəmiyyət və keyfiyyət
etibarilə əhəmiyyətli dərəcədə
yüksəlib.
Bununla yanaşı, məşğulluq
səviyyəsinin, əmək şəraitinin
yaxşılaşdırılması, insan hüquqlarının
müdafiəsi sahəsində də qazanılan
uğurların miqyası durmadan genişlənir.
Ölkəmizdə insanların sabit, təhlükəsiz
şəraitdə yaşaması, maddi gəlirlərinin
artması, sosial xidmətlərin yaxşılaşdırılması və digər bu kimi hallar demoqrafik
göstəricilərə də müsbət təsir
göstərməkdədir. Ötən illərin
müqayisəli təhlili göstərir ki, Azərbaycanda
həyatın davamlılığı sahəsində
vəziyyət müsbətə doğru dəyişir və
orta yaş həddi daha da artır. Bütün bunlar bir
daha dinamik inkişaf edən Azərbaycanın uğurlu
tərəqqisinin bilavasitə insanların həyatında da
özünü əks etdirdiyini bariz şəkildə
nümayiş etdirir. Elə bunun nəticəsidir ki,
Azərbaycan insan inkişafı indeksinə görə də
dünya üzrə böyük
müvəffəqiyyətlərə imza atmış
dövlətlər sırasındadır. Həqiqətən
də insan inkişafı ideksini özündə ehtiva
edən bütün göstəricilərə, o
cümlədən əhalinin savadlılıq
səviyyəsinə, uzunömürlülüyə,
alıcılıq qabiliyyətinin yüksəlməsinə
diqqət yetirdikdə ciddi bir tərəqqinin əldə
olunmasını görmək mümkündür.
Qeyd olunan
kontekstdə təsadüfi sayıla bilməz ki, insan
inkişafı indeksinin orta illik tempinə görə
Azərbaycan keçmiş Sovet İttifaqı
ölkələri arasında son 10 il ərzində
aparıcı dövlət kimi qəbul olunur. BMT
İnkişaf Proqramının 2010-cu il İnsan
İnkişafı Hesabatından da aydın görünür
ki, Azərbaycan bu istiqamətdə hətta dünya
üzrə qabaqcıl sayılan iki dövləti - Çin
və Hindistanı da arxada qoymağa müvəffəq olub.
Xatırladaq ki, ötən ay Bakıda təqdimatı
keçirilən hesabat dünyanın 169 ölkəsini
əhatə edir. Hesabatdan aydın olur ki, son 5 ildə
Azərbaycan insan inkişafı sahəsində ən
sürətli irəliləyişə imza atan ölkə kimi
çıxış edir və bunun nəticəsidir ki,
2005-ci ildə 101-ci yerdə olan Azərbaycan 2010-cu ildə
67-ci yerə yüksəlib. O da sevindirici haldır ki,
Azərbaycan 2000-2010-cu illər arasında postsovet
məkanında insan inkişafı indeksinə görə
illik 1,77 artım dərəcəsi ilə ən yüksək
göstəriciyə nail olub. Nəticədə Azərbaycan
"orta insan inkişafı" qrupu ölkələrini
tərk edərək "yüksək insan
inkişafı" ölkələri kateqoriyasına daxil
edilib.
Hesabatdan açıq görünür ki,
ölkəmizdə müasir dövrdə insanlar daha sağlam
və uzunömürlü həyat sürür,
həmçinin daha yüksək səviyyədə təhsil
ala bilir və daha çox məhsul və xidmət
növlərindən istifadə etmək imkanına
malikdirlər. Qeyd olunanlar bir daha təsdiq
edir ki, ölkəmizdə Prezident İlham Əliyevin
rəhbərliyi altında həyata keçirilən
siyasət Azərbaycanın ümumi tərəqqisini daha
sürətli hala gətirməklə yanaşı, həm
də ölkə vətəndaşlarının həyat
səviyyəsinin davamlı olaraq yüksəlməsinə yol açır. Ölkə
rəhbərinin dəqiq düşünülmüş
iqtisadi siyasəti nəticəsində davamlı xarakterə
malik iqtisadi yüksəliş dövrünü yaşayan
Azərbaycanda sosial həyat və iqtisadiyyatın bütün
sahələrində böyük nailiyyətlər
əldə edilir və bu kontekstdə əhalinin həyat
səviyyəsinin yaxşılaşdırılması istiqamətində
ciddi addımlar atılır. Bu isə yaxın perspektivdə
Azərbaycanda yoxsulluq probleminin də tamamilə həll
ediləcəyini, insanların maddi rifah halının daha da
yüksələcəyini bəri başdan
qətiyyətlə deməyə əsas verir. Prezident
İlham Əliyev bununla əlaqədar bildirmişdir:
"Sosial sahədə qarşımızda duran
vəzifələr əhalinin rifah halını
yaxşılaşdırmaq, aztəminatlı
təbəqənin sosial müdafiəsini
gücləndirmək, yoxsulluğu bütövlükdə
Azərbaycanda aradan qaldırmaqdır. Əgər bir
neçə il bundan əvvəl bu cür fikirlər
müəyyən inamsızlıqla
üzləşirdisə, bu gün bu sahədə
görülmüş işlər, əldə edilmiş
uğurlar deməyə tam əsas verir ki, biz bu
vəzifəyə nail olacağıq. Azərbaycanda yoxsullar
olmamalıdır. Bu sosial bəla olmamalıdır. Buna nail
olmaq üçün konkret proqramlarımız,
düşünülmüş siyasət vardır. Son 7 il
ərzində yoxsulluq səviyyəsinin 4 dəfə
aşağı düşməsi görülən
işlərin nəticələrinin təzahürüdür".
Bu gün ölkəmizdə sərbəst bazar
münasibətlərinə və özünüinkişaf
qabiliyyətinə malik olan sosialyönümlü,
çoxşaxəli milli iqtisadiyyatın
formalaşdırılması, onun dünya
təsərrüfat sisteminə uğurlu inteqrasiyasının
təmin olunması istiqamətində görülən
işlər əhalinin rifah halının və
beləliklə, həyat səviyyəsinin
yüksəlməsində vacib rol oynayır. Digər
tərəfdən, bu, dövlətin həyata keçirdiyi
sosial siyasətin əsas mahiyyətinin bilavasitə insan
inkişafına yönəldiyini göstərir. Statistik
rəqəmlər isə Azərbaycanın
sözügedən sahədə kifayət qədər
böyük uğurlara imza atdığını
göstərir. Məsələn, hesablamalar
göstərir ki, 2004-2009-cu illərdə əhalinin sosial
müdafiəsinin gücləndirilməsi ilə bağlı
tədbirlərin həyata keçirilməsi üçün
büdcə vəsaitlərinin həcmi 4,8 dəfə,
ölkə üzrə orta aylıq əməkhaqqı 3
dəfə, əhalinin gəlirləri 3,4 dəfə,
onun adambaşına düşən həcmi isə 3,2
dəfə, minimum pensiyanın məbləği 3,8
dəfə, minimum əməkhaqqı 6,3 dəfə
artırılıb. Cari il avqustun 31-də
dövlət başçısının müvafiq
sərəncamları ilə əhalinin maddi
güzəranını yaxşılaşdırmaq və
sosial müdafiəsini daha da gücləndirmək
məqsədilə minimum aylıq əməkhaqqının
və yaşa görə əmək pensiyasının baza
hissəsinin məbləğinin 85 manata
çatdırılması qeyd olunan istiqamətdə
atılan növbəti praktik addım olub. Sentyabr
ayı ərzində isə ölkə Prezidentinin digər
sərəncamları büdcədən
maliyyələşən və müxtəlif
sahələrdə çalışan işçilərin
əməkhaqlarının artırılması insanların
maddi rifah halının yüksəlməsinə xidmət
edən vacib addımlar sırasında yer alıb.
Azərbaycanın
insan inkişafı sahəsində qazandığı
uğurları şərtləndirən daha bir mühüm
məqam ölkənin zəngin resurslarının intellektual
potensiala çevrilməsi ilə əlaqədar
görülən məqsədyönlü işlərdir.
Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin
mahiyyətində duran ən önəmli cəhətlərdən
biri məhz ölkəmizin mövcud təbii
resurslarının intellektual potensiala çevrilməsi
prosesini sürətləndirməkdir. Xatırlatmaq yerinə
düşərdi ki, bu məqsədlə son illərdə
1200-dən çox orta məktəb binası tikilib
istifadəyə verilib, onların maddi-texniki bazası
müasir standartlara uyğun şəkildə qurulub. Eyni zamanda, gənc nəslin intellektual
səviyyəsinin artırılması və yeni texnologiyalara
yiyələnməsi üçün 2007-2015-ci illəri
əhatə edən xüsusi Dövlət Proqramı
çərçivəsində 5000 azərbaycanlı
tələbənin dünyanın aparıcı
universitetlərində təhsil alması işinə
başlanıb. Bu isə Azərbaycan gənclərinin
intellektual potensialının daha da gücləndirilməsi,
nəticədə ölkəmizin siyasi və iqtisadi sferalarda
yeni zirvələri fəth etməsi deməkdir.
Hazırda Azərbaycanda bazar iqtisadiyyatının
bəşəri prinsiplər əsasında
fəaliyyətinin təmin edilməsi nəticəsində
hər bir vətəndaşın ümumi sərvətlərdən
bəhrələnməsi, cəmiyyətdə gedən
proseslərə inteqrasiyası və fərdi kreativliyi daha da
güclənir. Azərbaycanın inkişafının
dinamik xarakteri və özünü hər bir fərdin
həyatında əks etdirməsi isə bu prosesin daha
sürətlə reallaşmasına rəvac verir. Cari ilin 11 ayının sosial-iqtisadi yekunları da
həm Azərbaycanın bu sahədə inkişafının
yenə yüksək göstəricilərlə ifadə
olunduğunu, həm də bunun əhalinin durumuna müsbət
istiqamətdə təsirlərinin bir qədər də
yüksəldiyini göstərir.
Xatırladaq
ki, iqtisadi və sosial tərəqqinin əsas keyfiyyət
göstəricisi olan ümumi daxili məhsul (ÜDM)
istehsalı 2010-cu ilin on bir ayı ərzində 4,5 faiz və
ya müqayisəli qiymətlərlə 1,4 milyard manat artaraq
36,6 milyard manata çatıb. Hesabat dövrü
ərzində adambaşına 4096,4 manatlıq (5101,4 ABŞ
dolları), yaxud keçən ildəkindən 3,2 faiz çox
əlavə dəyər istehsal olunub. Ümumi daxili məhsul
istehsalı qeyri-neft sektorunda 5,9 faiz, neft sektorunda isə 2,6
faiz artıb.
Əhalinin
maddi gəlirləri hesabat dövründə
əhəmiyyətli dərəcədə artıb. Belə ki,
yanvar-noyabr aylarında əhalinin gəlirləri
keçən ilin müvafiq dövrü ilə
müqayisədə 12 faiz artaraq 22,7 milyard manata, onun
adambaşına düşən məbləği isə 10,7
faiz çoxalaraq 2539,9 manata çatıb. Gəlirlərin
69,4 faizi son istehlaka, 8,9 faizi vergilər, sosial sığorta
və könüllü üzvlük haqlarının
ödənməsinə, 20 faizi isə əmanətlərin
və kapitalın artırılmasına sərf olunub. Bununla
da əhalinin sərəncamında 20,7 milyard manat
məbləğində gəlirləri qalıb və
keçən ilin müvafiq dövrünə nisbətən
bu göstərici 12,8 faiz artıb. Hesablamalar göstərir
ki, ölkənin iqtisadi və sosial sahələrində muzdla
işləyənlərin orta aylıq əməkhaqqı
2009-cu ilin yanvar-noyabr ayları ilə müqayisədə 7,7
faiz çoxalaraq 321,2 manata çatıb. Sənaye
sahələrində çalışanların
əməkhaqqı on ayda 457,5 manat, tikinti kompleksində 505,2
manat, nəqliyyatda 368,8 manat, rabitədə 522,3 manat
təşkil edib.
Bütün
bunlar əhalinin maddi gəlirlərinin və beləliklə,
həyat səviyyəsinin yüksələn xətt
üzrə inkişaf etdiyini real faktlar əsasında
nümayiş etdirir. Digər
tərəfdən, hesabat dövrü ərzində
dövlət büdcəsindən ayrılan
sosialyönümlü xərclərin üstünlük
təşkil etməsi bir daha həyata keçirilən
siyasətin əsas mahiyyətində duran məqamlardan birinin
insan inkişafı və ölkə
vətəndaşlarının layiqli həyat
tərzinin təmin edilməsindən ibarət olduğunu
göstərir. Məlumat üçün
bildirək ki, hesabat dövrü ərzində büdcə
xərclərinin 37,7 faizi və ya 2,9 milyard manatı
iqtisadiyyatın inkişafına, 11,3 faizi (861,9 milyon manatı)
təhsilə, 13,2 faizi (1 milyard 6,6 milyon manatı) sosial
müdafiə və sosial təminata yönəldilib.
Şübhəsiz ki, ölkəmizdə insan
kapitalının inkişafının xüsusi diqqət
mərkəzində olması, sosialyönümlü
siyasətin prioritet istiqamət təşkil etməsi
Azərbaycan xalqının ümumi intibahına təsirsiz
ötüşməyərək onu daha yüksək hala
gətirəcək.
Rasim BAYRAMOV,
Azərbaycan.- 2010.- 22 dekabr.- S. 1.