Azərbaycanla Türkiyə
arasında strateji tərəfdaşlıq və
qarşılıqlı yardım haqqında Müqavilə
təsdiq edildi
Milli Məclisin dekabrın 21-də keçirilən
növbəti plenar iclası parlament rəhbərliyinin və
deputatların Avropa Parlamentinin (AP) Ermənistan üzrə
məruzəçisi, Polşadan olan deputat Tomaş
Porebanın Dağlıq Qarabağa qanunsuz səfər
etməsinə kəskin münasibət bildirmələri
ilə başladı. Milli Məclisin
Sədri Oqtay Əsədov bildirdi ki, AP-nin Azərbaycanın
ərazi bütövlüyünü
dəstəkləməsinə, Dağlıq Qarabağ problemi
ilə bağlı qətnamə qəbul etməsinə
baxmayaraq, onun üzvü T.Poreba razılaşdırılmadan
Ermənistandan Dağlıq Qarabağa səfər etmiş,
Dağlıq Qarabağ üzrə heç bir
səlahiyyəti olmadan oradakı separatçı rejimin
nümayəndələri ilə görüşlər
keçirmişdir.
Bu
məsələ ilə bağlı Azərbaycan Milli
Məclisinin Sədri kimi Avropa Parlamentinin Sədri Yeji
Buzekə etiraz məktubu göndərəcəyini bildirən
Oqtay Əsədov dedi: "Hamı bilməlidir ki,
Dağlıq Qarabağ Azərbaycanın ərazisidir və
heç bir kəsin, ələlxüsus beynəlxalq
təşkilatların Azərbaycanın hüquqlarını
pozmağa ixtiyarı yoxdur".
Milli Məclisin Beynəlxalq münasibətlər
və parlamentlərarası əlaqələr komitəsinin
sədri Səməd Seyidov bildirdi ki, bu ilin may ayında AP-nin
Dağlıq Qarabağla bağlı qəbul etdiyi
qətnamədə birmənalı göstərilmişdir ki,
Azərbaycan torpaqları işğal altındadır, AP,
Avropa İttifaqı (Aİ) Azərbaycanın
ərazi bütövlüyünü tanıyır və
Dağlıq Qarabağ probleminin tezliklə beynəlxalq
prinsiplər çərçivəsində həll
olunmasının tərəfdarıdır. Çox
təəssüflər olsun ki, T.Pareba təmsil etdiyi qurumun
tapşırığını yerinə yetirmək
əvəzinə Azərbaycanın ərazi
bütövlüyünü pozaraq Ermənistandan
Dağlıq Qarabağa gedib və orada separatçı
rejimin nümayəndələri ilə görüşlər
keçirib. Onun bu əməli nəinki Azərbaycanın
ərazi bütövlüyünün pozulması kimi,
eləcə də Avropanın özünün
siyasətinə zidd hərəkət kimi
qiymətləndirilməlidir.
Səməd Seyidovun sözlərinə görə,
Milli Məclisin Beynəlxalq münasibətlər və
parlamentlərarası əlaqələr komitəsi
məktublar göndərərək T.Porebanın
hərəkətinin pislənilməsini Aİ-dan və
AP-dən tələb edəcək. Ona görə ki bu
hərəkət Azərbaycanın ərazi
bütövlüyü ilə bağlı
məsələləri pozmaqla yanaşı, Avropanın
siyasətinə də ziddir.
Milli Məclisin Hüquq siyasəti və
dövlət quruculuğu komitəsinin sədri Əli
Hüseynli bildirdi ki, Azərbaycan AP-da təmsil olunmasa da,
Aİ ilə müxtəlif proqramlar, o cümlədən
"Şərq tərəfdaşlığı"
proqramı çərçivəsində əməkdaşlığımız
mövcuddur. AP-nin 60 üzvü və 6
müstəqil dövlətin, o cümlədən
Azərbaycan Milli Məclisinin deputatlarının
iştirakı ilə "Şərq
Tərəfdaşlığı"na qoşulan
ölkələrin Parlament Assambleyasının (Evronest)
yaradılması nəzərdə tutulur. Əli Hüseynlinin
sözlərinə görə, AP-də təmsil olunan
deputatlar daha çox sərbəstliyə malikdirlər. Buna
baxmayaraq, hər bir parlament üzvü təmsil etdiyi qurumun
qəbul etdiyi qərarlara hörmətlə
yanaşmalıdır.
Çox ciddi
təzyiqlərə baxmayaraq, bu ilin may ayında AP-də
Cənubi Qafqazla bağlı obyektiv qətnamə qəbul
olundu. Obyektivlik
ondan ibarətdir ki, bu sənəddə Dağlıq
Qarabağda separatçılığın mövcud
olması, Dağlıq Qarabağ və onun ətrafında
olan digər Azərbaycan rayonlarının Ermənistan
silahlı qüvvələri tərəfindən işğal
edilməsi dəqiq göstərilir. AP-nin
rəhbərliyi, müvafiq qurumları, eləcə də
Evronestin yaradılmasında məsul olan şəxslər
də məhz AP-nin qəbul etdiyi qərarlarda əks
olunmuş prinsiplər əsasında
məruzəçilərin fəaliyyət
göstərməsini tənzimləməlidirlər. Amma T.Poreba tərəfindən AP-nin
özünün qəbul etdiyi qərarın prinsipləri
pozulmuşdur. Bununla bağlı həm AP-nin
rəhbərliyinə, həm də müvafiq
komitələrinə obyektivliyi xarakterizə edən
məlumatları göndərəcəklərini deyən
Əli Hüseynli onu da bildirdi ki, eyni zamanda rəsmi qaydada
Aİ-nin Azərbaycandakı nümayəndəliyinə
və Polşanın ölkəmizdəki səfirliyinə
də öz mövqeyimizi çatdırmalıyıq.
Deputat Fazil
Mustafanın sözlərinə görə, AP
deputatının Dağlıq Qarabağa səfər
etməsinə sərt mövqe nümayiş etdirilməli,
onun Azərbaycandan üzr istəməsi tələb
olunmalıdır.
Deputat Əli
Əhmədov bu məsələ ilə bağlı iki
təklif irəli sürdü. Təkliflərdən
biri AP-nə göndəriləcək məktubda Dağlıq
Qarabağ probleminə dair AP-nin sədrinin özünün
də mövqeyi ilə bağlı münasibətin ortaya
qoyulmasıdır. Çünki o, bir
müddət bundan əvvəl keçmiş SSRİ
ərazisindəki həll olunmamış münaqişələrə
münasibət bildirərkən Dağlıq Qarabağ
probleminin çox şübhəli formada, ədalətsiz
şəkildə həll olunmasını məqsədəuyğun
hesab etmişdi.
Əli
Əhmədovun digər təklifi Dağlıq Qarabağa
səfər etmək qaydalarının
müəyyənləşdirilməsi ilə bağlı
oldu. Onun
sözlərinə görə, parlament bu məsələ
ilə bağlı hansısa formada iş aparmalıdır. Bununla bağlı Azərbaycanın işğal
edilmiş əraziləri haqqında qanun da qəbul oluna
bilər. Həmin qanunda işğal
olunmuş Azərbaycan ərazilərinə beynəlxalq
təşkilatların nümayəndələrinin hansı
formada və qaydalar əsasında səfər etməsi öz
əksini tapa bilər. Bundan sonra bu
qaydaları pozaraq həmin ərazilərə gələn
insanlara qarşı Azərbaycan hökumətinin sanksiyalar
tətbiq etməsi üçün hüquqi baza yaradılar.
Milli
Məclisin Sədri Oqtay Əsədov bildirdi ki, Azərbaycan
hökuməti həmişə bu məsələyə
sərt reaksiya verir.
Milli
Məclisin Sədr müavini Bahar Muradova AP
nümayəndəsinin Dağlıq Qarabağa səfər
etməsinə münasibət bildirdi və qeyd etdi ki,
bütün beynəlxalq təşkilatlara bununla bağlı
müraciətlər edilməli və Azərbaycanın
hüquqlarının pozulmasına yönəlmiş
bütün cəhdlərin qarşısı
alınmalıdır.
Deputatlardan Qüdrət
Həsənquliyev, Qənirə Paşayeva, Musa Quliyev və
Məlahət İbrahimqızı da
çıxışlarında deputatlar tərəfindən
səslənən fikirləri və təklifləri dəstəklədilər.
Sonra
gündəlikdəki məsələlərin
müzakirəsi başladı. İlk olaraq
"Azərbaycan Respublikası Ali Məhkəməsi hakiminin
təyin edilməsi haqqında" məsələ
müzakirəyə təqdim olundu. Deputatlar
Nəsirov İnqilab Maşallah oğlunun Ali
Məhkəmənin hakimi təyin olunmasına müsbət
münasibət bildirdilər.
İclasda
"Normativ hüquqi aktlar haqqında" Azərbaycan
Respublikasının Konstitusiya Qanununun ikinci səsverməsi
keçirildi və təsdiq olundu.
Bundan sonra
Azərbaycan Respublikası Prezidentinin qanunvericilik
təşəbbüsü qaydasında parlamentə təqdim
etdiyi "Azərbaycan Respublikasının İnsan
hüquqları üzrə müvəkkili (ombudsman)
haqqında" Azərbaycan Respublikasının Konstitusiya
Qanununa dəyişikliklər və əlavələr
edilməsi barədə" qanun layihəsi
müzakirəyə təqdim olundu. Milli Məclisin
Hüquq siyasəti və dövlət quruculuğu
komitəsinin sədri Əli Hüseynli bildirdi ki, Azərbaycan
Respublikası Birləşmiş Millətlər
Təşkilatının "İşgəncə və
digər qəddar, qeyri-insani və ya ləyaqəti
alçaldan rəftar və ya cəza əleyhinə
Konvensiya"sının Fakültativ Protokoluna
qoşulmuşdur. Fakültativ Protokolda
əsas müddəalardan biri ona qoşulan
ölkələrdə işgəncə və digər
qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan
rəftar və ya cəza əleyhinə milli preventiv mexanizmin
yaradılmasıdır. Azərbaycan Prezidenti cənab
İlham Əliyevin 2009-cu ilin yanvarında imzaladığı
sərəncamla ölkəmizdə "İşgəncə
və digər qəddar, qeyri-insani və ya ləyaqəti
alçaldan rəftar və ya cəza əleyhinə
Konvensiya"nın Fakültativ Protokolunda
nəzərdə tutulmuş milli preventiv mexanizmin
funksiyalarını yerinə yetirən təsisat qismində
Azərbaycan Respublikasının insan hüquqları
üzrə müvəkkili (ombudsman) müəyyən
edilmişdir. Qanun layihəsində təklif
olunan əlavə və dəyişikliklərdən biri bu
səlahiyyətin ombudsmana verilməsidir.
Layihəyə
əsasən Konstitusiya Qanununa təklif olunan digər
əlavə və dəyişiklik "İnformasiya
əldə etmək haqqında" Azərbaycan
Respublikasının Qanununda nəzərdə tutulmuş
informasiya məsələləri üzrə müvəkkilin
səlahiyyətlərinin insan hüquqları üzrə
müvəkkilə (ombudsmana) verilməsidir.
Müzakirələr
zamanı Milli Məclisin İnsan hüquqları komitəsinin
sədri Rəbiyyət Aslanova bildirdi ki, ölkəmizdə
2001-ci ildə yaradılan Ombudsman təsisatı ötən
illərdə inkişaf yolu keçib. Bu gün
ombudsmanın səlahiyyətlərinin artırılması,
bununla bağlı Konstitusiya Qanununa əlavələrin və
dəyişikliklərin edilməsi dövrün
tələblərinə cavab verir. Rəbiyyət
Aslanova onu da bildirdi ki, əlavələr və
dəyişikliklər insan hüquqlarının qorunmasına
xidmət edir.
Milli Məclis
Sədrinin müavini Bahar Muradova da Konstitusiya Qanununa təklif
olunan əlavələri və dəyişiklikləri
yüksək qiymətləndirdi. Onun
sözlərinə görə, bütün bunlar
ölkəmizdə insan hüquqlarının effektiv
qorunmasına xidmət edəcəkdir.
Deputatlardan Zahid Oruc,
Siyavuş Novruzov, Elmira Axundova və İqbal Ağazadə bu
məsələyə münasibətlərini bildirdilər. Müzakirələrdən sonra qanun layihəsi
təsdiq olundu.
Milli Məclisin Beynəlxalq
münasibətlər və parlamentlərarası
əlaqələr komitəsinin sədri Səməd Seyidov
"Türkdilli Ölkələrin Dövlət
Başçılarının X Zirvə
Toplantısının Bəyannaməsinin təsdiq edilməsi
haqqında" qanun layihəsi barədə məlumat verdi. Qeyd edildi ki, Bəyannamə 2010-cu il sentyabr ayının 16-da İstanbulda
imzalanıb. Azərbaycan, Qazaxıstan,
Qırğızıstan, Türkiyə və
Türkmənistanın dövlət
başçılarının imzaladıqları
Bəyannamədə tərəflər türkdilli
dövlətlər arasında ortaq tarix, mədəniyyət,
mənsubiyyət və dilə əsaslanan
qarşılıqlı maraqları, münasibətləri
və həmrəyliyi inkişaf etdirmək niyyətlərini
ifadə ediblər. Bəyannamədə,
həmçinin türkdilli ölkələr
üçün həssas olan məsələlərin regional
və beynəlxalq təşkilatların
gündəliyində daha intensiv yer tutması məqsədi
ilə beynəlxalq təşkilatlarda birgə mövqenin
nümayiş etdirilməsinin əhəmiyyətinə diqqət
yetirilir. Tərəflər
sərhədlərin zorla dəyişdirilməsinin
yolverilməz olmasına dair öz mövqelərini də
Bəyannamədə bir daha təsdiq ediblər.
Deputatlar
Bəyannaməni təsdiq etdilər.
Səməd Seyidov
"Azərbaycan Respublikası və Türkiyə
Respublikası arasında strateji tərəfdaşlıq
və qarşılıqlı yardım haqqında"
Müqavilənin təsdiq edilməsinə dair qanun layihəsi
barədə də məlumat verdi. 2010-cu
il avqust ayının 16-da Bakıda imzalanmış
Müqavilənin ikinci maddəsinə əsasən
tərəflərdən biri üçüncü
dövlət və ya bir qrup dövlət tərəfindən
silahlı basqın və ya hərbi təcavüzə
məruz qaldıqda, tərəflər BMT Nizamnaməsinin 51-ci
maddəsi ilə tanınan fərdi və ya kollektiv özünümüdafiə
hüququnun həyata keçirilməsi üçün
hərbi imkan və qüdrətlərindən istifadə
etmək də daxil olmaqla, mövcud imkanları
çərçivəsində bütün zəruri
tədbirlərin görülməsi məqsədilə
bir-birinə qarşılıqlı yardım
göstərəcəkləri barədə
razılığa gəliblər. Tərəflər
bu maddədə qeyd olunan müdafiə və
qarşılıqlı yardımın həyata
keçirilməsi çərçivəsində birgə
hərbi əməliyyatlar aparılması məqsədilə
hərbi infrastrukturlarının
təkmilləşdirilməsi, silahlı qüvvələrin
hərtərəfli hazırlığı, onların
zəruri silahlarla və hərbi texnika ilə təmin
edilməsi üçün lazımi tədbirləri
görəcəklər.
Müqavilədə
Azərbaycanla Türkiyə arasında iqtisadi və humanitar
əməkdaşlıqla bağlı mühüm
məsələlər də öz əksini tapıb. Milli Məclis
Müqaviləni təsdiq etdi.
Qısa
fasilədən sonra Milli Məclis işini davam etdirdi. Gündəliyin
növbəti məsələsi olan "Azərbaycan
Respublikası və Türkiyə Respublikası arasında
Yüksək Səviyyəli Strateji Əməkdaşlıq
Şurasının yaradılması haqqında" Birgə
Bəyannamənin təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Qanununun layihəsi haqqında Milli
Məclisin Beynəlxalq münasibətlər və
parlamentlərarası əlaqələr komitəsinin sədri
Səməd Seyidov məlumat verdi. Bildirdi ki, bu, Azərbaycan
və Türkiyə arasında yüksək səviyyəli
əlaqələrin elə yüksək səviyyədə
idarə edilməsinə imkan verəcək: "Bu məqsədlə
Azərbaycan Respublikası və Türkiyə Respublikası
arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq
Şurasının yaradılması haqqında 2010-cu il
sentyabrın 15-də İstanbulda Birgə Bəyannamə
imzalanmışdır. Bu, tarixi bir
sənəddir". Səsvermədən
sonra layihə qəbul edildi.
Azərbaycan,
Gürcüstan, Rumıniya prezidentlərinin və
Macarıstanın Baş nazirinin Bakı Bəyannaməsinin
təsdiq edilməsi haqqında qanun layihəsi barədə
də Beynəlxalq münasibətlər və
parlamentlərarası əlaqələr komitəsinin sədri
Səməd Seyidov məlumat verdi: "Prezident İlham
Əliyevin apardığı siyasət nəticəsində
Azərbaycan dünya ölkələri arasında güclü,
müstəqil və öz mövqeyi olan dövlət kimi
çıxış edir. Bu siyasətin
özünəməxsus müxtəlif cizgiləri
mövcuddur. Sözügedən
layihəyə gəlincə, belə bir sənədin
gündəmə gəlməsi və parlamentdə
müzakirə edilərək ratifikasiya olunması
həddən artıq böyük əhəmiyyət kəsb
edir". Layihə səsə qoyulduqdan
sonra təsdiq edildi.
"Azərbaycan
Respublikası və Rusiya Federasiyası arasında
dövlət sərhədi haqqında" müqavilənin
təsdiq edilməsi barədə Azərbaycan Respublikası
Qanununun layihəsi haqqında da məlumatı Beynəlxalq
münasibətlər və parlamentlərarası
əlaqələr komitəsinin sədri Səməd Seyidov verdi. Qeyd etdi ki, bu gün Prezident İlham
Əliyev tərəfindən Azərbaycanın yeni tarixi
yazılır: "Özü də bu tarix əsrlər boyu
Azərbaycanın müstəqilliyini təmin edəcək bir
tarixdir. Sözügedən tarixi yaradan
sənədlər arasında Azərbaycan Respublikası və
Rusiya Federasiyası arasında dövlət sərhədi
haqqında müqavilə xüsusi əhəmiyyətə
malikdir. Çünki sərhəd
məsələsi Azərbaycan üçün çox vacib
əhəmiyyət kəsb edir". Deputat
Zahid Oruc qanun layihəsini Azərbaycanın
dövlətçilik tarixinin ən mühüm
hadisələrindən biri kimi dəyərləndirdi. Deputat Siyavuş Novruzov bildirdi ki, hər hansı
dövlətin xarici siyasətində ən mühüm
məqamlardan biri qonşu ölkələrlə yaxşı
münasibətlərin yaradılmasıdır. Bildirdi ki, Azərbaycan bu istiqamətdə
mühüm addımlar atır və müzakirəyə
təqdim olunan sənəd bunun bariz sübutudur. Deputat Aydın Mirzəzadə də vurğuladı
ki, tarixi əhəmiyyətli bu layihə Azərbaycanın
ərazi bütövlüyünü təsdiqləyən
fundamental sənədlərdən biridir.
Layihə
səsə qoyularaq qəbul olundu.
"Azərbaycan
Respublikası Hökuməti və Rusiya Federasiyası
Hökuməti arasında Samur transsərhəd
çayının su ehtiyatlarının səmərəli
istifadəsi və mühafizəsi sahəsində
əməkdaşlıq haqqında" Sazişin təsdiq
edilməsi barədə Azərbaycan Respublikası Qanununun
layihəsi haqqında Milli Məclis Sədrinin müavini,
Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri
Valeh Ələsgərov məlumat verdi. Qeyd etdi ki,
Azərbaycan və Rusiya Federasiyası arasında Samur
transsərhəd çayının su ehtiyatlarının
səmərəli istifadəsi və mühafizəsi
sahəsində əməkdaşlıq edilməsi ilə
bağlı olan məsələnin uzun bir tarixi var. Bu
sahədə aparılan danışıqların
nəticəsi olaraq 2010-cu il sentyabrın 3-də Bakıda
Samur çayının mühafizəsi və ondan
istifadəyə dair saziş imzalanıb.
Sazişin mahiyyəti və
detalları barədə ətraflı məlumat verən Valeh
Ələsgərov dedi ki, bu sənədə əsasən,
çayın ekosisteminin qorunması üçün həcmi
30,5 faizə bərabər
müəyyən edilən ekoloji suburaxımını
çıxmaqla onun sərhəd sahəsinin
başlanğıcına daxil olan su ehtiyatları
tərəflər arasında bərabər nisbətdə
bölünür.
Valeh
Ələsgərov onu da bildirdi ki, sazişin həyata
keçirilməsi məqsədilə çayın su
ehtiyatlarının bölünməsi üzrə
Azərbaycan-Rusiya birgə komissiyası yaradılır. Birgə
komissiya hər bir tərəfin təyin etdiyi iki
həmsədrin rəhbərliyi altında fəaliyyət
göstərir. Bununla yanaşı,
sözügedən komissiya suyun operativ
bölüşdürülməsi üzrə işçi
qrupu və işçi orqanları formalaşdırır,
onların fəaliyyətini parietet əsasda təmin edir.
Komissiyanın səlahiyyətlərinə su
bölgüsü və ekoloji suburaxma həcmlərinin
ongünlük qrafiklərini tərtib və təsdiq
etmək, çayda suyun keyfiyyəti üzrə monitorinq
proqramlarının işlənib hazırlanmasını
və yerinə yetirilməsini təşkil etmək təbii
və texnogen xarakterli fövqəladə vəziyyətlərin
xəbərdarlıq edilməsi, onların təsirinin
yüngülləşdirilməsi və ləğvi ilə
əlaqədar birgə fəaliyyət qaydalarının müəyyənləşdirilməsi
və digər məsələlər aiddir. Səsvermədən
sonra layihə təsdiq olundu.
"Yol nişanları
və siqnalları haqqında" Konvensiyanın təsdiq
edilməsi barədə, "Yol nişanları və
siqnalları haqqında" 1968-ci il Konvensiyasını
tamamlayan Avropa Sazişinin təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Qanununun layihələri və
"Yol nişanları və siqnalları haqqında"
1968-ci il Konvensiyasını tamamlayan Avropa Sazişinin
"Yolların nişanlanması barədə" Protokolunun
təsdiq edilməsi haqqında Azərbaycan Respublikası
Qanununun layihəsi barədə Milli Məclisin İqtisadi
siyasət komitəsinin sədr müavini Çingiz
Əsədullayev məlumat verdi. Bildirdi ki, son illər
ərzində Azərbaycan dövləti tərəfindən
aparılan genişmiqyaslı yol-nəqliyyat siyasəti
nəticəsində ölkədə yeni yollar
çəkilib: "Şimal, cənub, şərq, qərb
istiqamətlərində böyük nəqliyyat
daşımaları həyata keçirilir. Azərbaycanın
yolları Avropa standartlarına
uyğunlaşdırılır. Yol
nişanlarının, siqnallarının yeni inşa edilən
yollarda beynəlxalq miqyasda qəbul olunanlarla eyniliyinin təmin
edilməsi məqsədilə beynəlxalq
müqavilələr təsdiq olunmaq üçün Milli
Məclisə göndərilib". Səsvermədən
sonra hər üç qanun layihəsi qəbul olundu.
Gündəliyin digər
məsələsi olan Azərbaycan Respublikasının 2001-ci
il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu ilə təsdiq
edilmiş "Azərbaycan Respublikasının daxili işlər
orqanlarında xidmətkeçmə haqqında
Əsasnamə"yə əlavə edilməsi barədə
Azərbaycan Respublikası Qanununun layihəsi haqqında
parlamentin Hüquq siyasəti və dövlət quruculuğu
komitəsinin sədri Əli Hüseynli məlumat
verərək bildirdi ik, təklif olunan əlavə daha
düzgün və daha dəqiq kadr siyasətinin həyata
keçirilməsi baxımından vacibdir. Səsvermədən
sonra qanun qəbul olundu. Azərbaycan Respublikasının
Cinayət-Prosessual Məcəlləsində dəyişiklik
edilməsi haqqında və Azərbaycan Respublikasının
İnzibati Xətalar Məcəlləsində
dəyişikliklər edilməsi haqqında qanun
layihələri barədə də Hüquq siyasəti və
dövlət quruculuğu komitəsinin sədri Əli
Hüseynli məlumat verdi. Aparılan
müzakirələrdən sonra hər iki layihə qəbul
olundu.
Azərbaycan
Respublikasının Şabran rayonunun Təzəkənd
kəndinin Dəvəçi kəndi adlandırılması
haqqında Azərbaycan Respublikası Qanununun layihəsi
barədə Parlamentin Regional məsələlər
komitəsinin sədri Arif Rəhimzadə məlumat verdi. Bildirdi ki, bundan əvvəl
Dəvəçi rayonuna Şabran adı verilib:
"Hələ bu barədə məsələ
müzakirə olunarkən Toponimiya komissiyasınada və Milli
Məclisdə belə bir fikir səslənmişdi ki,
Dəvəçi adı da tarixi toponimdir. Ona
görə bu adı da yaşatmaq lazımdır. Müzakirəyə təqdim olunan qanun
layihəsində Şabran rayonunun Təzəkənd
kəndinə və bu kəndin inzibati dairəsinə
Dəvəçi adının verilməsi nəzərdə
tutulur". Layihə səsə qoyularaq qəbul
olundu.
"İstehsalatda bədbəxt hadisələr
və peşə xəstəlikləri nəticəsində
peşə əmək qabiliyyətinin itirilməsi
hallarından icbari sığorta haqqında" Azərbaycan
Respublikası Qanununun tətbiqi ilə əlaqədar
Azərbaycan Respublikasının Əmək
Məcəlləsinə və "Sığorta
fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa əlavələr və
dəyişikliklər edilməsi barədə Azərbaycan
Respublikası Qanununun layihəsi, eləcə də
"İnsanın immunçatışmazlığı
virusunun törətdiyi xəstəliklə mübarizə
haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi
ilə əlaqədar Azərbaycan Respublikasının bəzi
qanunvericilik aktlarına dəyişikliklər
və əlavələr edilməsi və "İnsanın
immunçatışmazlığı virusunun törətdiyi
xəstəliyin (AİDS) yayılmasının qarşısının
alınması haqqında" Azərbaycan Respublikası
Qanununun qüvvədən düşmüş hesab
edilməsi barədə Azərbaycan Respublikası Qanununun
layihəsi haqqında Milli Məclisin Sosial siyasət
komitəsinin sədri Hadi Rəcəbli məlumat verdi. Hər
iki layihə səsvermədən sonra qəbul edildi.
"Təhsil haqqında" Azərbaycan
Respublikası Qanununun tətbiqi ilə əlaqədar
Azərbaycan Respublikasının bəzi qanunvericilik
aktlarına dəyişikliklər və əlavələr
edilməsi barədə Azərbaycan Respublikası Qanununun
layihəsi haqqında Milli Məclis Sədrinin birinci
müavini, Təhlükəsizlik və müdafiə
komitəsinin sədri Ziyafət Əsgərov məlumat
verdi. Qeyd etdi ki, ölkədə "Təhsil
haqqında" yeni qanunun qəbulundan sonra onun tətbiqi
ilə əlaqədar təxminən 40-a yaxın qanunvericilik
aktına əlavələr və dəyişikliklər
edilir. Bunlar əsasən redaktə xarakteri daşıyır
və əsas etibarı ilə "tədris
müəssisələri" sözləri "təhsil
müəssisələri" sözləri ilə
əvəz olunur. Səsvermədən sonra layihə qəbul
olundu və bununla Milli Məclis işini
yekunlaşdırdı.
Azərbaycan.- 2010.- 22 dekabr.- S. 1, 2.