Ankarada Türkdilli
Ölkələrin Media Forumu
keçirilir
Dekabrın 21-də Türkiyə
Baş nazirinin müavini Bülənd Arınçın himayəsi,
Türkiyə Mətbuat,
Yayın və İnformasiya Baş İdarəsi və Xarici İşlər Nazirliyi Strateji Araşdırmalar Mərkəzinin
təşkilatçılığı ilə Ankaradakı "Rixos" otelində Türkdilli Ölkələrin
Media Forumu işə başlamışdır.
Azərbaycan Mətbuat
Şurasının sədri
Əflatun Amaşov, Prezident yanında Kütləvi İnformasiya
Vasitələrinin İnkişafına
Dövlət Dəstəyi
Fondunun icraçı
direktoru Vüqar Səfərli, AzərTAc-ın
buraxılış redaktoru
Yaşar Quluzadə və digər mətbuat nümayəndələri
forumda iştirak edirlər.
"Qloballaşan dünyada media: fürsətlər və problemlər" mövzusunda
keçirilən forumun
açılışında çıxış edən
Türkiyə Baş nazirinin müavini Bülənd Arınç
bildirmişdir ki, hazırda ingilisdilli medianın hakim olduğu qlobal dünyada türkdilli mətbuatın fəaliyyətinin
gücləndirilməsi
və daha sıx əməkdaşlığı
çox zəruridir. Böyük Füzuli, Nəsimi, Əlişir Nəvai, Yunus Əmrə və digər türk klassiklərinin təbliğindən tutmuş
müasir dünyada mədəni irsin informasiya təminatına,
siyasətdən tutmuş
iqtisadiyyata qədər
bütün sahələrdə
jurnalistlərin üzərinə
böyük vəzifələr düşür.
Yalan və böhtan kampaniyalarının
vüsət aldığı
son zamanlarda türk dünyasının
obyektiv və azad medianın fəaliyyətinə ehtiyacı
vardır.
Bülənd Arınç
qeyd etmişdir ki, ötən ay İstanbulda Türkdilli Xəbər Agentlikləri Birliyinin toplantısı bu baxımdan əhəmiyyətli
olmuş, əməkdaşlığın
gücləndirilməsi istiqamətində
qərarlar qəbul edilmişdir.
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu da Türkdilli Ölkələrin Media Forumunun əhəmiyyətini
vurğulamış, hazırda
aktual olan xalq diplomatiyasında jurnalistlərin rolunun daha da artdığını
qeyd etmişdir. Onun sözlərinə görə, müxtəlif
ləhcələrdə danışan
türkdilli xalqların
daha da yaxınlaşması
və müştərək
dilin formalaşması
üçün mətbuat
daha səmərəli
layihələr həyata
keçirməlidir. Bakıdan
Bişkekə, İstanbuldan
Astanaya, Daşkənddən
Aşqabada uzanan qardaşlıq telləri mətbuat orqanlarının
vasitəsilə daha da güclənməlidir.
Daha sonra çıxış
edən Türkiyə
Mətbuat, Yayın və İnformasiya Baş İdarəsinin baş direktoru Murad Karakaya, Xarici İşlər Nazirliyi Strateji Araşdırmalar Mərkəzinin
sədri Bülənd
Aras da türkdilli
ölkələrin mətbuat
nümayəndələrinin əməkdaşlığının perspektivlərindən danışmışlar.
Sonra forum çərçivəsində
"Türk dünyasında
siyasi, iqtisadi və sosial əməkdaşlığın inkişafında mətbuatın
və qeyri-hökumət
təşkilatlarının rolu" mövzusunda seminar keçirilmişdir.
TÜRKSOY-un baş direktoru
Düsen Kaseinov, Türkiyə Qazetəçilər
Federasiyasının sədri
Atilla Sərtəl, TRT-nin baş direktoru İbrahim Şahin və digər natiqlər türk dünyası mediasının əməkdaşlığı
üzrə görülən
işlərdən bəhs
etmişlər.
Forum öz işini davam etdirir.
Oqtay BAYRAMOV,
AzərTAc-ın
xüsusi müxbiri
Ankara
Azərbaycan.- 2010.- 22 dekabr.- S. 2.