Akademik Ramiz Mehdiyevin "Gorus-2010: absurd teatrı mövsümü" kitabı Ermənistanda getdikcə güclənməkdə olan dövlət faşizmi barədə həyəcan təbilidir

 

Dekabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət heyətində AMEA-nın Tarix İnstitutunun təşəbbüsü ilə akademik Ramiz Mehdiyevin təzə çapdan çıxmış "Gorus-2010: absurd teatrı mövsümü" kitabının təqdimatı olmuşdur. Kitab Ermənistanda dövlət hakimiyyətini qəsb etmiş Serj Sarkisyanın, - səsvermənin yekunlarını saxtalaşdırmaq və seçiciləri aldatmaq yolu ilə hakimiyyəti ələ keçirmiş bu vücudu "prezident" adlandırmağa adamın dili gəlmir, - təhqiramiz bəyanatlarına və elmə zidd uydurmalarına ən tutarlı cavabdır.

Akademik Ramiz Mehdiyevin kitabının adı onun məzmununu çox gözəl əks etdirir. Bu kitabın məqsədi beynəlxalq elmi ictimaiyyətin və ekspertlərin diqqətini cari il oktyabrın 16-da, tarixən Azərbaycan torpağı olan, sovet dönəmində Ermənistana verilən Zəngəzur mahalının Gorus şəhərinin "siyasi teatr səhnəsində" göstərilmiş, müəllifi, rejissoru və yeganə ifaçısı Sarkisyan olan tragikomik tamaşanın absurd mahiyyətinə cəlb etməkdən ibarətdir.

Serj Sarkisyan qədim türk diyarı, keçmiş Qarabağ xanlığının ərazisi olan, İran və Anadolu haylarının yalnız 1828-ci ildən sonra kütləvi şəkildə məskunlaşdırıldığı Gorus şəhərində tarixdən dəm vurmaq eşqinə düşmüşdür. Halbuki kimin olsa da, ancaq onun Cənubi Qafqazın tarixi barədə danışmağa, ümumiyyətlə, haqqı yoxdur. Çünki onun əcdadları - öz torpaqları olmayan, yeri-yurdu bilinməyən haylar İrandan və ya Osmanlı imperiyasından ən tezi iki əsr bundan əvvəl Qarabağa köçüb gəlmiş və burada özlərinə sığınacaq tapmışlar.

XX əsrin əvvəllərinə qədər haylar nəinki Qarabağ, Naxçıvan və Zəngəzurda, hətta İrəvanın özündə də heç vaxt etnik çoxluq təşkil etməmişlər. Akademik Ramiz Mehdiyev elə erməni alimləri Ronald Suni və Corc Burnutyana istinadla bunu tarixdən xəbəri olmayanlara və ya onu saxtalaşdıranlara bir daha xatırlatmışdır. O, kifayət qədər zəngin tarixi mənbələrdən istifadə edərək, erməni təbliğatının Qarabağın (Arsaxın), Naxçıvanın, İrəvanın guya "qədim erməni torpağı" olması barədə uydurmalarını alt-üst etmişdir.

Akademik Ramiz Mehdiyevin əsərinin diqqəti çəkən bir cəhəti də ondan ibarətdir ki, o, "Arsax" terminindən cəsarətlə istifadə edir, tarixçiləri və siyasətçiləri bu sözdən çəkinməməyə çağırır. Müəllif yazır ki, Arsax Qarabağın dağlıq hissəsinin tarixi adıdır və Sünik, Qandzak, Utik, Paytakaran və Aran kimi digər vilayətlərlə yanaşı, Arsax da Qafqaz Albaniyası dövlətinin bir hissəsi olmuşdur. Arsaxın maddi-mədəni irsinin Azərbaycanın islamdanəvvəlki dövrünə aid olması isə tarix elmində hamılıqla qəbul edilmişdir. Gəlmə haylar və onların dili ilə "Arsax" sözü arasında heç bir əlaqə yoxdur. Kitabda bu müddəa elmi dəlillərlə, tarixi mənbələrdən gətirilmiş faktlarla bir daha şərh olunmuşdur.

Sarkisyanın öz ifadələrindən istifadə edilməklə ona vurulmuş zərbələr qəti və sarsıdıcı olmuşdur. Erməni tərəfi akademik Ramiz Mehdiyevin kitabına elmi cəhətdən əsaslandırılmış cavab tapa bilməmişdir və tapa bilməyəcəkdir. Əlbəttə, gələcəkdə "qarı nənənin nağılları"na əsaslanan təbliğat xarakterli opusları nəzərə almasaq. Təəssüf ki, Ermənistanda zavallı məktəbliləri və tələbələri tarix dərslərində bu cür nağıllarla "bəsləyir", sərsəm ağlın məhsulu olan həmin cızmaqaraların müəllifləri isə abır-həya etmədən bunları "elm" kimi qələmə verirlər.

Hər halda, Ermənistanda belə "alimlər" akademik Ramiz Mehdiyevin kitabına "cavab" verməyə çalışırlar, ancaq nə yazıq ki, oxları daşa dəyir. Akademik Ramiz Mehdiyevin təbirincə desək, onlar nəinki qarşılarına qoyduqları məqsədə çatmamış, əksinə, özlərinin daxili mədəniyyət səviyyəsini və mütləq mənada qeyri-peşəkar olduqlarını nümayiş etdirmişlər. Məsələn, adını çəkməyi layiq bilmədiyimiz belələrindən biri məşhurlaşmaq naminə Qafqazın tarixi "erməni" torpaqlarında türklərin "gəlmə" olduğunu isbat etməyə çalışmış və Mirzə Adıgözəl bəyin "Qarabağnamə" əsərinə istinad etmişdir. Həmin əsərdə deyilir ki, XVIII əsrin ortalarında "otuzikilər, cavanşirlər və kəbirli türk tayfaları Qarabağa gəlmişlər". Erməni alimi isə özündən bunu da əlavə edir ki, "bundan iyirmi il əvvəl türk tayfaları - əfşarlar, iyirmidördlər və bayandurlar Qarabağa köçüb gəlmişlər". Onun sərsəm məntiqinə görə, əgər "Qarabağnamə" əsəri XVIII əsrin ortalarında bir sıra tayfaların bu vilayətə gəlməsinə dəlalət edirsə, deməli, onlar Qarabağ torpağında "ilk" türklər olmalı idilər! Məgər Mirzə Adıgözəl bəy haradasa göstərmişdir ki, onlara qədər Qarabağda ümumiyyətlə türk olmamışdır?!

Rusiyanın Federal Miqrasiya Xidmətinin 2009-cu il üçün hesabatında bildirilir ki, keçən il ölkəyə Ermənistandan gəlmiş bir neçə min immiqrant qeydiyyata alınmışdır. Erməni opponentin məntiqi ilə yanaşsaq, belə çıxır ki, onlar Rusiyada ilk ermənilərdir və 2009-cu ilə qədər bu ölkədə ümumiyyətlə erməni olmamışdır. Bu, əlbəttə ki, cəfəngiyatdır.

Yeri gəlmişkən, Azərbaycan tarixşünaslığında heç vaxt iddia edilməyib ki, 1828-ci ilə qədər Qarabağda ümumiyyətlə erməni olmamışdır. Aydındır ki, orada az sayda erməni yaşamışdır (bu gün Uqandada və Uruqvayda ermənilər yaşadığı kimi) və Rusiya mənbəyi də buna dəlalət edir. Həmin mənbəyə görə, 1810-cu ilə qədər Qarabağda ermənilər cüzi azlıq təşkil edirdilər. Əslinə qalanda isə, onlar haylar deyil, erməniləşdirilmiş albanlar idilər. Digər tərəfdən, hətta onlar haylar olsaydılar belə, yenə də sayca çox az idilər. Akademik Ramiz Mehdiyev müvafiq tarixi sənədə istinadla göstərir ki, "Rusiya statistikasının məlumatına görə, təxminən həmin vaxt (1810-cu ildə) Qarabağ əhalisi 9500 türk və 2500 erməni ailəsindən ibarət idi". Faiz nisbətində götürdükdə, bu, 79 faiz və 21 faiz təşkil edir. Üstəlik, azərbaycanlı ailələrinin erməni ailələrindən daha böyük olduğunu nəzərə alsaq, ermənilərin mütləq sayı daha da azalar. Belə olan halda 1920-ci illərdə Dağlıq Qarabağın əhalisinin təxminən 99 faizinin ermənilərdən ibarət olmasını söyləmək sayıqlamadan başqa bir şey deyildir. Belə cəfəngiyatı yalnız absurd teatrının bədii rəhbəri və onun azğınlaşmış spiçrayterləri uydura bilər.

Yeri gəlmişkən, akademik Ramiz Mehdiyevin yuxarıda xatırlatdığımız "opponenti" öz xəstə sərsəmləmələrində sübut etməyə çalışır ki, ümumiyyətlə azərbaycanlılar deyilən millət olmamışdır. O, bu yaxınlarda Tərtərdə ağdamlı məcburi köçkünlərlə yerli sakinlər arasında adi məişət zəminində baş vermiş insidentin əsl erməni təfəkküründən doğan yozumunu təqdim etmişdir. Onun fikrincə, bu hadisə "Ağdamı tərk etmiş əfşarlarla Tərtər sakinləri, Ağqoyunlular ittifaqından ayrılmış Qaraqoyunlu və Bayandur tayfalarının nümayəndələri arasında çoxəsrlik tayfalararası ziddiyyət" idi. Bu sərsəm məntiqlə yanaşdıqda belə demək olar ki, iki il bundan əvvəl Rusiya ilə Ukrayna arasında qaz satışı ilə əlaqədar yaranmış münaqişə, əslində, Kiyev və Moskva arasında dövlətlərarası disput deyil, "polyanalarla vyatiçlər və kriviçlər ittifaqı arasında çoxəsrlik ziddiyyətlər"in təzahürü imiş...

Akademik Ramiz Mehdiyevin kitabına erməni təbliğatının gücənərək verdiyi bütün cavab bundan ibarətdir! Bu da təəccüblü deyil, həyasızlıqda ad çıxarmış erməni təbliğatı acizliyini etiraf etməsə də, deyə bilərik ki, daş qayaya rast gəlmişdir.

"Gorus - 2010: absurd teatrı mövsümü" kitabı bütün erməni təbliğatını indiyədək bəlkə də düşmədiyi nokaut vəziyyətinə salmaqdan əlavə, beynəlxalq birliyə də vaxtında ünvanlanmış bir mesajdır. Dünya birliyi Ermənistanın hakimiyyət strukturlarında getdikcə dərinləşməkdə olan təhlükəli meyillərə çox ciddi diqqət yetirməyin vaxtı çatdığını başa düşməlidir. Bu kitab Ermənistanda getdikcə güclənməkdə olan dövlət faşizmi barədə, bir növ, həyəcan təbilidir. Akademik Ramiz Mehdiyev bununla faktik olaraq, dünya birliyini indiki siyasi elitanın yoluxdurduğu xəstəlikdən xilas olmaqda sadə erməni xalqına kömək etməyə çağırır.

Dünya liderləri və beynəlxalq təşkilatlar 1933-cü ilin məlum səhvlərindən ibrət dərsi almalıdır! Dünya birliyinin erməni faşizminə laqeyd münasibəti tarixin faciəli səhifələrinin təkrarlanmasına gətirib çıxarmışdır. Erməni "miatsum"u XX əsrin axırlarının "anşlüs" hərəkatıdır. Dağlıq Qarabağın Ermənistan tərəfindən ilhaq edilməsi Sudetin işğalının bizim günlərdə təkrarıdır. Dağlıq Qarabağa bitişik yeddi rayonun işğal edilməsi müasir "Barbarossa planı"dır! Xocalı, Qaradağlı və Malıbəylinin dinc sakinlərinin məhv edilməsi 1992-ci ilin "Liditse" hadisələridir! Serj Sarkisyanın Gorusdakı çıxışı bizim günlərin "Mayn Kampf" kitabından tezislərdir. ATƏT-in Astana sammitinin uğursuzluğu və bu təşkilatın uzanan münaqişələrə prinsipial münasibət bildirməyə qadir olmaması Millətlər Liqasının taleyinin təkrarlana biləcəyi barədə həyəcan siqnalıdır.

Beynəlxalq birlik erməni faşizminə öz münasibətini bildirməli və onu məcbur etməlidir ki, Azərbaycan torpaqlarının işğalına son qoysun. Əks halda, Azərbaycan xalqının da öz qəhrəman övladları - aleksandr matrosovları, nikolay qastelloları, panfilovçuları var və bu xalq bütün dünyaya göstərməyə məcbur olacaq ki, onun da öz "marşal Jukovu" var və o, Serj Sarkisyanı - bu erməni Vilhelm Keytelini təslim aktını imzalamağa məcbur edəcəkdir!

Ermənistan dövlətinin faşistləşməsi təhlükəsini lazımınca qiymətləndirməyənlərin hamısı akademik Ramiz Mehdiyevin "Gorus-2010: absurd teatrı mövsümü" kitabı ilə tanış olmalıdır. Yığcam və sadə dildə yazılmış bu kitab geniş oxucu təbəqələri üçün anlaşıqlıdır. Buradakı istehza və sarkazm elementləri Serj Sarkisyanın Gorusdakı çıxışının tamamilə cəfəngiyat olmasını adekvat şəkildə əks etdirir. Şübhə etmirəm ki, bu kitab bir sıra dillərə hökmən tərcümə ediləcək, beləliklə, dünya auditoriyasına Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mahiyyətini və Ermənistanın indiki rəhbərliyinin əsl simasını daha yaxşı başa düşmək imkanı verəcəkdir.

 

Aslan ASLANOV,

Azərbaycan Dövlət

Teleqraf Agentliyinin

(AzərTAc-ın) Baş direktoru

 

Azərbaycan.- 2010.- 22 dekabr.- S. 3.