Danışıqlar prosesi Azərbaycanın milli maraqları çərçivəsində gedir

 

Cənubi Qafqaz regionunda sülh və təhlükəsizliyi, qlobal enerji-kommunikasiya layihələrini ciddi şəkildə təhdid edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına və xalqın mənafeyinə uyğun həlli 2010-cu ildə də rəsmi Bakının xarici siyasətində prioritet istiqamətlərdən biri olmuşdur. Münaqişənin həllində daim beynəlxalq hüquq normalarına əsaslanan dövlət başçısı İlham Əliyev il ərzində keçirdiyi bütün xarici görüşlərində ölkəmizin haqlı mövqeyini bəyan etmiş, aparılan danışıqların mahiyyəti barədə ətraflı məlumat vermişdir.

Azərbaycan Prezidentinin dekabr ayında ATƏT-in Astana şəhərində keçirilən zirvə toplantısındakı çıxışı bir daha təsdiqləyir ki, Ermənistanın qeyri-konstruktiv mövqeyinə baxmayaraq, danışıqlar prosesi məhz Azərbaycanın milli maraqlarına cavab verən prinsiplər çərçivəsində aparılır. Bununla belə, ölkəmizin danışıqlar prosesindəki siyasi üstünlüyü və təşəbbüsü ələ alması, haqlı mövqeyini qətiyyətlə ortaya qoyması təcavüzkar Ermənistanı razı salmır. Görünür, elə bu səbəbdəndir ki, rəsmi Yerevan 2010-cu ilin əvvəllərindən başlayaraq danışıqlar prosesində əldə olunmuş irəliləyişlərə şübhə toxumu səpməyə, prosesi geriyə döndərərək praktik olaraq razılaşdırılmış məsələləri yenidən müzakirə predmetinə çevirməyə, "dialoqa maraqlı tərəf" imitasiyası yaratmağa çalışır.

Aşkar görünür ki, tənzimləmə prosesində beynəlxalq hüquq normalarına istinad imkanları tamamilə daralan, ideoloji, siyasi, hüquqi və iqtisadi müstəvilərdə Azərbaycana uduzan təcavüzkar tərəfin bütün səyləri hazırda mövcud "status-kvo"nun qorunub saxlanılmasına, münaqişənin "baş vermiş fakt" əsasında həllinə hesablanmışdır. Etiraf etmək lazımdır ki, təcavüzkarı belə destruktiv mövqedən çıxış etməyə şirnikləndirən başlıca səbəblərdən biri də məhz danışıqlarda vasitəçilik edən ATƏT-in Minsk qrupu həmsədrlərinin siyasi prinsipsizliyi, qətiyyətsizliyi, münaqişənin həllinə hamılıqla qəbul olunmuş beynəlxalq hüquq normalarından yanaşmamasıdır. Ərazi və milli-etnik separatizm zəminində baş qaldıran münaqişələrin həlli ilə bağlı beynəlxalq hüquqda konkret normalar və sivil tənzimləmə presedentləri mövcud olsa da, nədənsə, həmsədrlər 16 ildən çox müddətdə "Ermənistan və Azərbaycanın öz aralarında razılığa gəlməsi" kimi gülünc mövqeni önə çəkir, işğalçıya və işğala məruz qalan tərəfə eyni mövqedən yanaşırlar. Belə süni balans siyasəti isə son nəticədə beynəlxalq hüquq normalarının praktik təsir gücünə əsaslı şübhə yaradır. Dünya nizamını müəyyənləşdirən fövqəlgüclərin işğal faktına liberal yanaşması, dolayısı ilə təcavüzkarlığa göz yumması deməyə əsas verir ki, hazırda dünyada etnik-milli konfliktlərin həllində hüquqi deyil, məhz siyasi vasitə və maraqlar önə çəkilir. Prezident İlham Əliyev 2010-cu ilin martında Qəbələ rayonunda məskunlaşmış məcburi köçkünlərlə görüşdə bununla bağlı demişdir: "Dünyada gedən proseslər onu göstərir ki, kim güclüdürsə, o da haqlıdır. Əfsuslar olsun ki, belədir. Amma bu, həqiqətdir və biz bu real dünyada yaşayırıq, biz virtual dünyada yaşamırıq. Hamı istəyər ki, qanunlar, beynəlxalq hüquq normaları işləsin, ədalət olsun. Ancaq biz bunu görmürük. Biz bu münaqişənin timsalında görürük ki, ədalətsizlik 20 ilə yaxındır davam edir və nə qədər də davam edəcək. Ona görə güclü olmaq üçün biz bütün imkanlarımızı səfərbər etməliyik".

Danışıqlar prosesini qeyri-konstruktiv mövqe nümayişi ilə uzatmaq cəhdləri indiki şəraitdə Ermənistan üçün o qədər də məqbul görünməsə belə, işğalçı dövlətin rəhbərliyi bunu ən pis variantlar sırasında "ən optimal gediş" kimi dəyərləndirir. Köhnə təkliflərin zaman-zaman yenidən gündəmə gətirilməsi də nizamlama prosesinin uzadılmasına, Ermənistanın əlavə vaxt qazanmasına hesablanıb. Belə ki, bir tərəfdən həmsədrlərin təkidi ilə nizamlama prosesinə razılaşan Ermənistan hakimiyyəti digər tərəfdən erməni diasporunun və müxalifətin təzyiqləri ilə üz-üzə qalıb. Serj Sarkisyan hökumətinin hər iki tərəfdən edilən təzyiqləri balanslaşdırmaq üçün yeganə çıxış yolu nizamlanma prosesini uzatmaq, vaxt udmaqdır. "Nə hərb, nə sülh" vəziyyəti onsuz da xarici dəstək hesabına yaşayan Ermənistana baha başa gəlsə də, Sarkisyan rejimi hələlik hakimiyyətinin ömrünü uzatmaq üçün bundan "yaxşı" variant görmür.

Prezident İlham Əliyev ATƏT-in Astana sammitində Ermənistanın işğalçılıq siyasətindən əl çəkmək istəmədiyini də açıq vurğulamışdır: "Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə aparılan qeyri-qanuni fəaliyyət ATƏT-in faktaraşdırıcı missiyasının 2005-ci ildə regiona etdiyi səfərdən sonra hazırlanmış məruzədə əks olunub. Ermənistanın danışıqlar prosesindəki davranışı bizi belə qənaətə gətirir ki, Ermənistan sülh istəmir, işğal edilmiş əraziləri azad etmək fikrində deyil, sadəcə, bacardığı qədər status-kvonu saxlamaq və danışıqlar prosesini müddətsiz etməyi arzulayır. ATƏT-in Minsk qrupu 1992-ci ildə yaradılmışdır, danışıqlar təxminən 20 ildir ki, aparılır, lakin heç bir nəticə yoxdur".

Münaqişənin dinc yolla tənzimlənməsi prosesində konstruktiv mövqe nümayiş etdirən Azərbaycan son illərdə Ermənistanı hüquqi, siyasi və hərbi müstəvilərdə, o cümlədən informasiya cəbhəsində əhəmiyyətli dərəcədə üstələmişdir. Ermənistan rəsmilərinin ictimai rəyə hesablanmış ənənəvi və populist bəyanatlarına rəğmən, təcavüzkar dövlətin mövqeyində 2010-cu ildə də ciddi diplomatik geriləmələr müşahidə edilir. Əvvəla, rəsmi Yerevan bu il də münaqişənin mərhələli həlli ilə bağlı müzakirələrə qatılmağa məcbur olmuşdur: təcavüzkar dövlətin "Praqa prosesi", yəni "mərhələli həll" modeli ətrafında danışıqları davam etdirməsi rəsmi Bakının mühüm diplomatik nailiyyətlərindən biri kimi vurğulanmalıdır.

Azərbaycanın diplomatik mövqelərinin güclənməsi özünün təkcə beynəlxalq təşkilatların təcavüzkar tərəfə təsir göstərmək səylərinin intensivləşməsi ilə şərtlənmir. Artıq fövqəldövlətlər də münaqişənin həllinin uzanmasına görə narahatlıqlarını açıq ifadə edirlər. Münaqişənin həllinə beynəlxalq səviyyədə yönəlmiş səylərin nəzərəçarpacaq dərəcədə güclənməsi, ATƏT-in Minsk qrupu səviyyəsində aparılan danışıqların xaotik məcradan çıxarılaraq konkret həll formatına salınması da rəsmi Bakının mühüm siyasi üstünlüyü kimi vurğulana bilər.

Zaman keçdikcə, proseslərin gedişi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin keyfiyyətcə yeni mərhələyə transformasiyasına və siyasi-hərbi yolla həllini hər an gündəmə gətirməyə imkan yaradır. Bu mərhələdə Azərbaycanın diplomatik səyləri təkcə Ermənistan rəhbərliyinin ifşasına deyil, həm də hərb yolunun nə vaxtsa qaçılmaz variant olacağını "sülh və tərəqqipərvər" dövlətlərə sübut etmək istiqamətində qurulmuşdur. Bu, reallıqdır. Azərbaycanın münaqişənin hərb yolu ilə həlli barədə verdiyi bəyanatlar həm regionun, həm də Qərbin aparıcı dövlətlərini ciddi narahat edir. İndiyə qədər regionda belə bir münaqişənin mövcudluğu ilə geosiyasi maraqlarını gerçəkləşdirmək imkanı qazanmağa çalışan fövqəlgüc dövlətləri hazırda Cənubi Qafqazda müharibənin yenidən alovlanmasından, qlobal layihələr üçün potensial təhdidlərin artacağından bərk narahatdırlar. Münaqişə tərəflərinə təsir və təzyiq cəhdlərinin artması da bu narahatlığın bariz təcəssümü kimi diqqəti çəkir.

Siyasi analitiklərin fikrincə, Azərbaycanın iqtisadi cəhətdən qüdrətlənməsi, hərbi büdcəsinin əhəmiyyətli dərəcədə artması fonunda danışıqlar prosesində dönüşün baş verməsi qaçılmazdır. Hazırkı situasiyada problemin sülh danışıqları ilə həlli variantı Azərbaycanın maraqlarına daha uyğundur. Ən azı ona görə ki, problemin həllinin uzanması Ermənistanın sosial-iqtisadi, hərbi və siyasi konteksdə daha da zəifləməsi ilə müşayiət olunur. Rəsmi İrəvan ictimai rəyə hesablanmış populist vədlərinə baxmayaraq, münaqişənin beynəlxalq hüquq normaları əsasında həllinə imzaladığı rəsmi sənədlərlə razılıq verir.

ATƏT-in Astana sammitində həmsədr ölkələrin nümayəndə heyətləri başçılarının, habelə Azərbaycan və Ermənistan prezidentlərinin verdikləri birgə bəyanat bunu bir daha təsdiqləyir: "Ermənistan və Azərbaycan prezidentləri Dağlıq Qarabağ münaqişəsini beynəlxalq hüququn prinsipləri və normaları, BMT-nin Nizamnaməsi, Helsinki Yekun Aktı, eləcə də prezidentlər D.Medvedev, N.Sarkozi və B.Obamanın 2009-cu il iyulun 10-da Akvilldə və 2010-cu il iyunun 26-da Muskokada verdikləri bəyanatlar əsasında qəti tənzimləməyə çalışmaq öhdəliklərini təsdiq etdilər.

Üç həmsədr ölkə dinc tənzimləməyə nail olmaq üçün zəruri qərarlar qəbul edən Azərbaycan və Ermənistan prezidentlərini dəstəklədiklərini bildirdilər. Onlar Ermənistan və Azərbaycan rəhbərlərini səylərini Əsas Prinsiplərdə hələ qalan mübahisəli məsələlərin həlli üzərində yeni qüvvə ilə cəmləşdirməyə çağırdılar və öz həmsədrlərinə münaqişə tərəflərinin bu səylərini həyata keçirmələrinə kömək etmək üçün onlarla işi davam etdirməyi tapşırdılar. Onlar danışıqların keçdiyi atmosferi yaxşılaşdırmaq üçün tərəflərə müraciətlə onları atəşkəs rejiminin möhkəmlənməsinə və bütün sahələrdə etimad tədbirlərinin həyata keçirilməsinə yönəlmiş əlavə addımlar atmağa çağırdılar".

Göründüyü kimi, burada söhbət münaqişənin beynəlxalq hüquq normaları əsasında, yəni ərazi bütövlüyü çərçivəsində həllindən gedir və bu, Azərbaycanın da maraqlarına tamamilə uyğundur. Dövlət başçısı, Ali Baş Komandan İlham Əliyev münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həllini mümkün sayır və sülh danışıqlarını da məhz bu formatda aparır. Ölkə başçısı Azərbaycanın ərazi itkisi ilə barışmayacağını hər zaman qətiyyətlə bildirir və münaqişənin həllində məhz beynəlxalq hüquq normalarına istinad edir.

Hələ bir neçə il əvvəl "Nə 5 ildən sonra, nə 10 ildən sonra, nə 15 ildən sonra, nə də 100 ildən sonra Dağlıq Qarabağ Azərbaycandan ayrılmayacaqdır. Mən nə qədər Prezidentəm, buna yol verməyəcəyəm" - deyən ölkə başçısı Azərbaycandan güzəşt umanlara sərt mesaj ünvanlamışdır. Bütün bunlar isə əminliklə deməyə əsas verir ki, Azərbaycan iqtidarı indiyə qədər olduğu kimi, münaqişənin həllində bundan sonra da prinsipial mövqe tutacaq və milli mənafelərin qorunması üçün ardıcıl diplomatik səylər göstərəcəkdir.

 

S.ELMANOĞLU,

 

Azərbaycan.- 2010.- 22 dekabr.- S. 5.