2011-ci il MDB-də Birlik Ölkələrinin Mədəni
İrsi İli elan olunmuşdur
2011-ci il MDB-də Birlik Ölkələrinin
Mədəni İrsi İli elan olunmuşdur.
Bunu MDB Dövlətlərarası
Humanitar Əməkdaşlıq
Fondunun (DHƏF) rəhbərliyi
fondun İdarə Heyətinin iclasının
yekunlarına dair Kiyevdə keçirilmiş
mətbuat konfransında
bildirmişdir.
MDB və Baltikyanı
ölkələr jurnalistlərinin
Mətbuat Klubunun rəhbəri Roman Ağayev AzərTAc-a bildirmişdir ki, mətbuat konfransında DHƏF-in təşəbbüsü
və dəstəyi ilə nəşr edilmiş "MDB ölkələri
üçün Ukrayna
dili dərsliyi" kitabının təqdimatı
da olmuşdur. Kitab Rusiya Dövlət
Humanitar Universitetinin mütəxəssisləri tərəfindən
hazırlanmışdır. Qeyd edək ki, Azərbaycan, tacik, türkmən dillərində dərsliklər
artıq buraxılmışdır.
Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq
üzrə xüsusi nümayəndəsi, DHƏF-in
həmsədri Mixail Şvıdkoy mətbuat konfransında bildirmişdir
ki, SSRİ dağılandan
sonra bütün dillər, o cümlədən rus dili üzrə dərslikləri yenidən
yazmaq lazım gəlmişdir. O demişdir: "Biz hesab edirik ki,
Azərbaycan dili Ukraynada, türkmən dili Qazaxıstanda öyrənilməlidir. Biz
MDB ölkələri dillərinin
xarici dil kimi dərsliklər seriyası modelini hazırlamağa başladıq.
Postsovet məkanında
millətlərarası dil
rus dili olduğundan, bu dərsliklər rus dili bazasında hazırlanır".
Fondun idarə heyətinin sədri, Azərbaycanın Rusiyadakı
səfiri Polad Bülbüloğlu bu yaxınlarda nəşr edilmiş "Azərbaycan
dili" dərsliyindən
razı qaldığını
bildirmişdir. O demişdir:
"Rusiyanın Azərbaycan
diasporu da dərslikdən razıdır,
çünki gənc
nəslin Azərbaycan
dilini öyrənmək
üçün dərsliyə
ehtiyacı vardır. Əlbəttə, bu, bütün dərdlərin
dərmanı deyildir.
Başqa dərsliklər
və lüğətlər
də olmalıdır.
MDB-də Birlik ölkələrinin dillərinin
öyrənilməsinə böyük
ehtiyac vardır".
Fondun bu günlərdə
Kiyevdə keçirilən
tədbirləri və
İdarə Heyətinin
iclasının yekunları
barədə suala cavab verən Polad Bülbüloğlu fondun nüfuzunun getdikcə artdığını,
buraya çoxlu müraciətlər daxil olduğunu söyləmişdir.
O demişdir: "Həm
ekspert səviyyəsində,
həm də İdarə Heyətinin Kiyevdə keçirilən
iclasında MDB məkanında
inteqrasiya proseslərinin
inkişaf etdirilməsi,
gənclərin problemlərinə
dair proqramlara xüsusi diqqət yetirilməsi ilə bağlı konsepsiya qəbul edilmişdir. Biz hər il
bir neçə iri layihə həyata keçiririk. Onların arasında yaradıcı və elmi ziyalılar
forumu, MDB gənclər
simfonik orkestrinin konserti, "Debütlər
Birliyi" mükafatının
laureatlarının elan
olunması və s. vardır. 2011-ci il Mədəni İrs İli elan olunmuşdur və bu il
bərpa işləri,
mədəni irsimizin qorunub saxlanması ilə məşğul olan adamlara xüsusi diqqət ayrılacaqdır.
Fondun planlarına televiziya layihələrinin,
telekörpülərin dəstəklənməsi
də daxildir. MDB xalqları arasında istənilən inteqrasiya layihələri fondumuz tərəfindən dəstəklənir
və alqışlanır".
Roman Ağayev, həmçinin bildirmişdir
ki, Polad Bülbüloğlu və
tədbirin digər iştirakçıları fondun
"MDB, Baltikyanı ölkələr
və Gürcüstan
jurnalistlərinin DHƏF yanında
mətbuat klubu" layihəsini dəstəkləmişlər.
Onların fikrincə,
əsl peşəkarları
birləşdirən mətbuat
klubu fəal işləyir və fond bu qurumu
daim dəstəkləyir.
DHƏF-in idarə heyətinin sədri əlavə etmişdir ki, xalqlarımızın nümayəndələrinin ünsiyyəti
üçün məkan
da lazımdır. Polad Bülbüloğlu demişdir: "Fondumuz məhz buna görə yaradılmışdır,
ziyalılarımız burada
ünsiyyət bağlayır,
gənclərimiz isə
birgə layihələr
həyata keçirirlər".
Asya HACIZADƏ,
AzərTAc-ın xüsusi müxbiri
Moskva
Azərbaycan.- 2010.- 22 dekabr.- S. 5.