Bakı Dövlət
Universitetində akademik
Şəfaət Mehdiyevin
100 illik yubileyinə həsr olunmuş respublika elmi konfransı keçirilir
Dekabrın
21-də Bakı Dövlət
Universitetində (BDU) geologiya-mineralogiya
elmləri doktoru, professor, Dövlət mükafatı laureatı,
əməkdar elm xadimi, akademik Şəfaət Mehdiyevin
100 illik yubileyinə həsr olunmuş "Geologiyanın aktual problemləri" mövzusunda
respublika elmi konfransı öz işinə başlamışdır.
AzərTAc xəbər verir ki, konfransdan
əvvəl BDU-da Ş.Mehdiyevin adını
daşıyan auditoriyanın
və barelyefin açılışı olmuşdur.
Tədbirdə təhsil naziri
Misir Mərdanov, Azərbaycan Milli Elmlər Akademiyasının
(AMEA) prezidenti akademik Mahmud Kərimov, Milli Aviasiya Akademiyasının rektoru akademik Arif Paşayev,
xarici işlər nazirinin müavini, Azərbaycan Diplomatik Akademiyasının rektoru professor Hafiz Paşayev, M.V.Lomonosov adına Moskva Dövlət Universiteti
Bakı filialının
rektoru professor Nərgiz Paşayeva, Milli Məclisin deputatları, tanınmış
alimlər və tələbələr iştirak
etmişlər.
Konfransda BDU-nun rektoru, Milli Məclisin deputatı akademik Abel Məhərrəmov
çıxış edərək
Azərbaycan Prezidentinin
böyük alimin 100 illik yubileyinin keçirilməsi haqqında
sərəncamının əhəmiyyətini
vurğulamışdır. Bildirmişdir ki, dövlətimizin başçısının
müvafiq sərəncamı
bütövlükdə Azərbaycan
elminə, elm xadimlərinə göstərilən
qayğının göstəricisidir.
Şəfaət Mehdiyev ensiklopedik biliyə və geniş erudisiyaya malik alim, görkəmli neftçi-geoloq olmaqla yanaşı, eyni zamanda peşəkar jurnalist, yazıçı
və ictimai-siyasi xadim idi.
Akademik Şəfaət Mehdiyevin
1958-1965-ci illərdə BDU-nun
rektoru olduğunu diqqətə çatdıran
A.Məhərrəmov vurğulamışdır
ki, belə şəxsiyyətlərin, böyük
elm və təhsil təşkilatçılarının
fədakarlığı nəticəsində
universitet özünün
bugünkü yüksək
səviyyəsinə gəlib
çatmışdır. Neçə-neçə
dövlət xadimi, elm, mədəniyyət, ədəbiyyat, hüquq və başqa sahələrin nümayəndələri
məhz onun rektorluğu dövründə
universitetdə təhsil
almışlar. Onların
hər biri ustad alim, nüfuzlu
ziyalı, tanınmış
pedaqoq, ən əsası isə millətini sevən Şəfaət Mehdiyevi bu gün də
xoş xatirələrlə
anır.
Görkəmli alimin xatirəsi birdəqiqəlik
sükutla yad edilmişdir.
Konfransda BDU-nun kafedra müdiri, AMEA-nın müxbir üzvü Vasif Babazadənin "Görkəmli
geoloq alim" və geologiya fakültəsinin dekanı
Adil Xasayevin "Unudulmaz müəllim və ictimai xadim" mövzularında
məruzələri dinlənilmişdir.
Bildirilmişdir ki, Şəfaət Mehdiyev
1910-cu ildə İranın
Sarab qəzasının
Şalqun kəndində
anadan olmuşdur. Dörd yaşında atasını
itirdikdən sonra ailəsi ilə birlikdə Bakıya köçmüşdür. 1930-cu ilin aprelində o, Azərbaycan Sənaye İnstitutunun (hazırkı ADNA) geoloji-kəşfiyyat
fakültəsinə daxil
olmuş və 1934-cü
ildə oranı bitirərək neft və qaz yataqlarının
kəşfiyyatı üzrə
dağ mühəndisi
ixtisasına yiyələnmişdir.
Hələ tələbə
ikən o, "Azneftkəşfiyyat" Trestində
geoloq, sonra Mərdəkan mədənində
kəşfiyyat sahəsinin
geoloqu vəzifələrində
işləmiş, daha
sonra isə Mərdəkan-Türkan kəşfiyyat
qrupunun böyük geoloqu olmuşdur.
Şəfaət Mehdiyev 1932-1936-cı illərdə Sənaye İnstitutunun "Neft kadrları uğrunda" adlı çoxtirajlı,
daha sonra "Gənc işçi" qəzetlərinin, "Gənc
bolşevik" məcmuəsinin,
"Azərbaycan idmançısı",
"Qala neftçisi"
qəzetlərinin redaktoru
işləmişdir. 1936-cı ildən Pirsaat neft mədənində,
1937-1938-ci illərdə Neftçala
neft mədənində
geoloq kimi çalışmış, daha
sonra Azərbaycan Elmi-Tədqiqat Neftçıxarma
İnstitutunda baş geoloq, direktor müavini vəzifələrinə
irəli çəkilmiş,
eyni zamanda, aspiranturaya daxil olmuşdur. O, 1941-1945-ci illər müharibəsinin
ilk günlərindən
hərbi xidmətə
çağırılmış və Qara dəniz
qrupunda, Zaqafqaziya və dördüncü Ukrayna cəbhələrində
zabit kimi vuruşmuşdur. 1944-cü ilin
martında mühəndis-geoloq
kimi arxa cəbhəyə göndərilmişdir.
Ş.Mehdiyev yenidən
aspiranturaya bərpa olunmuş, 1945-ci ilin əvvəllərində doktorluq
dissertasiyalarını müdafiə
etmişdir.
Diqqətə çatdırılmışdır
ki, Şəfaət Mehdiyev tərəfindən
Abşeron yarımadasının
neft yataqlarının
istilik rejimi məsələləri dəqiq
surətdə tədqiq
olunmuş və qiymətli əsərlər
hazırlanmışdır.
Neftin mənşəyi problemi ilə dərindən məşğul
olan Şəfaət Mehdiyev hələ
1966-cı ildə neftin
dərinlik-biogen genezisi
hipotezini irəli sürmüş, sonrakı
tədqiqatları ilə
onu nəzəriyyə
səviyyəsinə çatdırmışdır.
Sonralar bu fikir dünyanın bir çox alimləri tərəfindən
qəbul edilmişdir.
Vurğulanmışdır ki,
akademik Şəfaət
Mehdiyev 400-ə qədər
elmi əsərin,
20-dən artıq monoqrafiyanın,
Azərbaycanın geoloji
və tektonik xəritələrinin, neft
və qaz yataqları xəritələrinin
redaktoru və tərtibçisi olmuşdur.
O, "Azərbaycanın geologiyası"
adlı çoxcildli nəşrində ayrı-ayrı
fəsillərin və
bölmələrin tərtibində
və redaktə işində böyük əmək sərf etmişdir.
Alim 1965-ci ildən ömrünün sonunadək
AMEA-nın Geologiya İnstitutunda neftin və qazın geologiyası şöbəsinin
rəhbəri və Azərbaycan Dövlət Neft Akademiyasında Neft və qaz
yataqlarının geologiyası
və kəşfiyyatı
kafedrasının müdiri
olmuşdur.
Bildirilmişdir ki, ümummilli lider Heydər Əliyev Şəfaət Mehdiyevi istedadlı alim olmaqla yanaşı, Azərbaycan xalqına xas zəngin mənəvi keyfiyyətlərin
daşıyıcısı kimi dəyərləndirərək
demişdir: "Akademik
Şəfaət Mehdiyev
böyük alim, böyük ziyalı, böyük şəxsiyyət
olmaqla yanaşı, yaxşı kişi idi".
Tədbirdə təhsil naziri
Misir Mərdanov, AMEA-nın Geologiya İnstitutunun direktoru akademik Akif Əlizadə,
Bakı Dövlət Universitetinin kafedra müdiri Abuzər Xələfov, BDU-nun coğrafiya fakültəsinin
dekanı Müseyib Müseyibov alimlə bağlı unudulmaz xatirələrini bölüşmüşlər.
Azərbaycanda geologiya elminin formalaşması və inkişafında misilsiz xidmətləri olmuş Şəfaət Mehdiyev geniş elmi biliyə, yüksək təşkilatçılıq
bacarığına malik
bir alim kimi bu gün
də böyük hörmət və ehtiramla yad edilir.
Onun xeyirxahlığı,
insanpərvərliyi, sadəliyi,
vətənpərvərliyi - bir sözlə, insana xas olan
gözəl xüsusiyyətləri
bu böyük şəxsiyyətlə təmasda
olanların xatirəsinə
əbədi həkk olunmuşdur.
Konfransda doktorantların və gənc tədqiqatçıların
XV respublika elmi konfransının ən yaxşı elmi məruzə müəlliflərinə
və Ş.Mehdiyevin
100 illik yubileyi münasibətilə alimin
elmi irsinin öyrənilməsi ilə
bağlı tələbələr
arasında keçirilmiş
müsabiqənin qaliblərinə
fəxri fərmanlar və pul mükafatı təqdim edilmişdir. Həmçinin tədbirdə
tələbələr tərəfindən
böyük alimin şeirləri səsləndirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti
yanında Ali Attestasiya Komissiyasının
sədri akademik Arif Mehdiyev atasının
xatirəsinə göstərilən
hörmət və ehtirama görə Prezident İlham Əliyevə, tədbirin təşkilatçılarına və iştirakçılarına
ailələri adından
minnətdarlığını bildirmişdir.
Sonra konfrans işini bölmə iclaslarında davam etdirmişdir. Konfrans dekabrın 22-də başa
çatacaqdır.
Azərbaycan.- 2010.-22 dekabr.- S. 6.