Sözü ilə ucalan şəxsiyyət

 

Bir neçə onilliyə bərabər zaman kəsiyinin bu tayından boylananda vaxtilə dərs aldığımız - bizə universitet auditoriyalarında jurnalistikanın nəzəriyyəsini və məziyyətlərini öyrədən müəllimlərimizin böyüklüyünü və möhtəşəmliyini daha aydın görürük. Doğrusu, o zamanlar canlı korifeylərlə üz-üzə dayandığımızı hələ tam qiymətləndirə bilmirdik. Bəlkə ona görə ki, bunları anlamaq üçün hələ çox gənc idik və qarşımızdakı şəxsiyyətlərə yalnız müəllimlərimiz kimi baxırdıq. Bəlkə bizim bu münasibətimiz onların öz sadəliyindən və səmimiyyətindən irəli gəlirdi. Bəlkə də bir çox ustad müəllimlərimizin böyüklüyü elə məsafədən, o cümlədən zamanın məsafəsindən daha yaxşı görünür və dərk edilirE Bu gün biz həmin sırada əziz müəllimlərimiz Mir Cəlal Paşayevi, Qulu Xəlilovu, Abbas Zamanovu, Şamil Qurbanovu, Əzizə Cəfərzadəni, Nurəddin Babayevi, Seyfulla Əliyevi və başqalarını görürük. Milli jurnalistikamızın tanınmış simalarından biri, XX əsr Azərbaycan mətbuatının inkişafında sözünü demiş, böyük bir məktəbin əsasını qoymuş Nəsir Əsəd oğlu İmanquliyev bu sırada birincilərdəndir. 70 ilə yaxın müddətdə özünün zəngin publisistik və elmi-pedaqoji fəaliyyəti ilə böyük şöhrət qazanaraq ictimai fikir tariximizə bəxş etdiyi təkrarsız ədəbi nümunələri bu gün də elmi ictimaiyyət tərəfindən böyük maraqla qarşılanır, dərin oxucu rəğbəti qazanır. Hər dəfə çalışdığım "Azərbaycan" qəzetinin "Mətbuat muzeyi"nə daxil olanda baxışlarım onun şəkli üzərində dayanır. Nəsir İmanquliyevin mehriban və xeyirxah, eyni zamanda ciddi çöhrəsi bizləri az qala bir neçə onillik əvvələ - universitet auditoriyalarına aparır. Ona görə "bizləri" deyirəm ki, Nəsir İmanquliyev Azərbaycan jurnalistlərinin bir neçə nəslinin müəllimi olub. Onun keçmiş tələbələri, yetirmələri indi ölkənin ən nüfuzlu mətbu orqanlarında çalışırlar. Elə redaksiyamızın özündə ondan dərs almış neçə-neçə peşəkar jurnalist işləyir.

Nəsir müəllimin öyrətdikləri quru nəzəriyyə deyildi. Dərsləri gənc yaşlarından mətbuatda çalışaraq və pillə-pillə peşəkarlıq zirvəsinə çataraq topladığı təcrübəyə əsaslanırdı. O özünün bu elm və mənəviyyat sərvətini tələbələri ilə səxavətlə bölüşürdü.

Tələbələrinin bir qismi dərsdən çıxandan sonra "Bakı" qəzetinə gedərdi. Bu, onlar üçün həm təcrübə toplamaq, həm jurnalistlik vərdişləri qazanmaq, həm də qonorar alaraq maddi vəziyyətini yaxşılaşdırmaq demək idi. Bu imkanı onlar üçün redaktor Nəsir İmanquliyev yaratmışdı. Beləliklə, universitet auditoriyasında pedaqoq olan nəzəriyyəçini tələbələr bir neçə saatdan sonra "Bakı" və "Baku" axşam qəzetlərinin redaksiyasında praktik müəllim kimi görürdülər. Həmişə bizə deyərdi: "Jurnalistika elə nadir ixtisaslardan biridir ki, orada peşəkarlığın, mükəmməlliyin son həddi yoxdur. Jurnalistikanın birinci meyarı həqiqətdir".

1973-cü ildə "Bakı" qəzetində təcrübə keçərkən mənə də Nəsir İmanquliyev məktəbinin "bərkindən-boşundan" çıxmaq nəsib oldu. Məhz bu zaman rəğbət bəslədiyim müəllimimi daha yaxından tanımaq imkanı qazandım. Redaksiyada onun kəsərli sözünün, sərrast redaktəsinin, redaktor məsuliyyətinin, işçiləri ilə yüksək ünsiyyət mədəniyyətinin əyani şahidi oldum. Əməkdaşlarını həmişə müdafiə edir, onların qələmini, yaradıcılığını qiymətləndirir, şəxsiyyətlərini yüksək tuturdu. İşinin çox olmasına baxmayaraq, Nəsir müəllim qəzetdə təcrübə keçən gənclərə də xüsusi diqqət ayırır, onlara necə yazmaq, hansı mövzulara toxunmaq lazım gəldiyi barədə məsləhətlər verirdi. "Peşəkarlıq həm məzmuna, həm də formaya yiyələnməkdir" deyən Nəsir İmanquliyev bu sözlərinin əsl mənasını bizə işdə və yaradıcılıqda öz nümunəsi ilə göstərirdi.

Ümumiyyətlə, ötən əsrin 70-ci illərinin tələbələrindən biri kimi Nəsir müəllim yaddaşımızda xeyirxah, qayğıkeş, sadə, haqqa tapınan bir insan kimi qalıb. O, tələbələri ilə həmişə səmimi söhbətləşər, onlara dəyərli məsləhət verərdi. Bizləri artıq öz həmkarı hesab edərək yaradıcılıq müzakirələri aparardı. Bununla yanaşı, bir müəllim kimi ciddi və tələbkar idi. Gənclərə qəzet işinin incəliklərini, redaktə və tərtibat qaydalarını öyrədər, bir sözlə, gələcəyin əsl jurnalistlərini yetişdirərdi. İstedadlı cavanları üzə çıxarıb püxtələşdirərək redaktor olduğu qəzetin ətrafına toplayardı. Bu məktəbi keçən gənc qələm sahibləri sonra başqa mətbuat orqanlarında işləyəndə də çətinlik çəkməzdilər. İndi Nəsir müəllimin tələbəsi olmuş jurnalist ordusuna baxdıqca onun həmin keyfiyyəti - kadr yetişdirmək bacarığı daha aydın görünür və dəyər kəsb edir. "İntibah tarixinin ən mühüm səhifələrini XI-XII əsrlərdə yazan Azərbaycan xalqı bu fütuhatları bir də XX əsrdə yaşadı. Mənim bir ziyalı kimi xoşbəxtliyim onda idi ki, mən təkcə onu yaşamadım. Yaradanlar və yaşadanlar sırasında oldum" deməyə Nəsir müəllimin haqqı vardı. Yaradıcılığının hansı səviyyədə olmasına baxmayaraq, hər bir jurnalist bu mətbuat qurucusunun yaratdığı məktəbdən özü üçün lazım olanı əxz edə bilirdi.

Yaranışdan ona bir istedad, öyrənmək həvəsi, biliklərə yiyələnmək bacarığı verilmişdi. Lakin onun jurnalist kimi formalaşmasında, peşəkarlıq zirvəsinə çatmasında rol oynayan təkcə biliyi və istedadı deyildi. O, ömür yollarının enişində-yoxuşunda bərkimiş, yetkinləşmiş, zəngin həyat təcrübəsi toplamışdı. Bütün bunlar müşahidələrini dolğunlaşdırmış, dünyagörüşünü genişləndirmiş, qələmini cilalamış, ömrünü mənalı etmişdi. Nəsir müəllimin həyatının bütün mərhələləri kəşməkeşli və çətin, lakin şərəfli olmuşdur.

Nəsir müəllim 1911-ci il dekabrın 22-də neftçi ailəsində dünyaya göz açmışdı. Atasını erkən - on bir yaşında itirdiyindən ailənin müəyyən qayğılarını hələ bərkiməmiş çiyinlərinə götürməli olmuşdu. 1925-1926-cı illərdə Bakının Sabunçu rayonunda peşə məktəbini bitirərək çilingərliyə yiyələnmişdi. Ailəyə kömək etmək üçün 14-15 yaşında bir müddət fəhləlik də etmişdi. Sonralar Balaxanı-Sabunçu neft mədənlərində usta köməkçisi işləmişdi.

1934-cü ildə Nəsir İmanquliyev Lassal adına Neft Texnikumuna daxil olur. Qəlbində bir yaradıcılıq həvəsi olduğunu da artıq xeyli vaxt idi ki, duymuşdu. Elə bu həvəs də onu təhsil ala-ala qələmini sınamağa sövq edir. İlk məqalələrini "Kommunist", "Yeni yol", "Gənc işçi" qəzetlərinə gətirir. Yazılarını bəyənib dərc edirlər.

Növbəti illərdə dövrün bu nüfuzlu mətbu orqanlarında müxtəlif vəzifələrdə çalışır. İkinci dünya müharibəsi illərində qələmini silaha çevirərək birbaşa cəbhə qəzetində fəaliyyət göstərir - 1942-ci ilin yanvar ayından Krım cəbhəsində "Döyüşən Krım" qəzetinin məsul katibi, hərbi hissədə tərcüməçi və siyasi işlər üzrə müavin vəzifəsində çalışır. Nəsir müəllim o ağır illərlə bağlı xatirələrində yazırdı: "Kommunist" qəzetində İsrafil Nəzərov, Seyfəddin Abbasov, Ağababa Rzayev, İbrahim Novruzov, Rza Quliyev, Nüsrət Bağırov, Əli Vəliyev, Xasay Vəzirov kimi naşirlərlə birgə işləmişəm. Sonra Böyük Vətən Müharibəsi bizi səslədi. Kerçdə mərkəzləşdik... O zaman cəbhə bölgəsində üç dildə çıxan "Döyüşən Krım" qəzetinin ətrafında cəmləşmişdik. Azərbaycan dilində çıxan qəzetin məsul katibi Cəfər Cəfərov idi. Rəsul Rza ilə mən həmin qəzetdə əməkdaşlıq edirdik. Sonra mən qəzetin məsul katibi oldum. O qəzetlərdən savayı, cəbhəyə yardım üçün yerlərdə tədbirlər keçirilirdi. Həmin tədbirlərin işıqlandırılması üçün "Kommunist"in nəzdində xüsusi bir bülleten buraxılırdı. Mən həmin bülletenin redaktoru idim. Həmin nümunələri bu gün də saxlayıram, çünki ömrün ən yaddaqalan anlarının şahid sənədləridir onlar..." İki il döyüşdükdən sonra onun arxa cəbhəyə - "Kommunist" qəzetinə göndərilməsinin səbəbi daha çox cəsarətli yazıları ilə tanınan, insanları qələbəyə ruhlandıran qələm sahibinə inamla bağlı idi. 1943-cü ildə ordudan tərxis olunsa da, o qaynar illərdə Nəsir İmanquliyev "Kommunist" qəzetində bir sıra məsul vəzifələri yerinə yetirir. Məsul katib, baş redaktorun müavini işləyir...

Qəzet işində xeyli təcrübə toplasa da, əsl peşəkar olmaq üçün təhsilini artırmağı zəruri hesab edir. 1946-cı ildə Moskvada Mərkəzi Qəzet kursunu, 1948-1955-ci illərdə Moskva Ali Partiya Məktəbini qiyabi yolla bitirir.

Lakin Nəsir müəllim bir fəaliyyət sahəsi çərçivəsində qapanıb qala bilmirdi. 1947-ci ildə Azərbaycan Dövlət Universitetində müəllimlik fəaliyyətinə də məhz bu amal və məramlarla başlayır. "Partiya və sovet mətbuatının nəzəriyyə və təcrübəsi" fənnindən mühazirələr oxuyur. 1965-ci ildə namizədlik dissertasiyası müdafiə edir.

Tezliklə Nəsir İmanquliyevin yüksək intellekti, təşəbbüskarlığı və təşkilatçılıq qabiliyyəti respublikanın o zamankı rəhbərliyinin də diqqətini cəlb edir və etimadı doğruldaraq vəzifə pilləsi ilə irəliləyir.

1952-ci ilin iyulundan 1956-cı ilin noyabrınadək Azərbaycan KP MK-nın Təbliğat-təşviqat şöbəsinin müdir müavini işləyir. 1956-cı ilin noyabrından 1957-ci ilin dekabrınadək Mədəniyyət Nazirliyinin Radioinformasiya Baş İdarəsinin rəisi vəzifəsində çalışır, nazirliyin kollegiya üzvü seçilir. 1957-ci ilin iyunundan eyni zamanda Azərbaycan SSR Nazirlər Soveti yanında Azərbaycan Radio və Televiziya Verilişləri Komitəsi sədrinin birinci müavini vəzifəsinə təyin edilir.

Məsul vəzifələr daşıması Nəsir İmanquliyevin jurnalist peşəsinə məhəbbətini heç vaxt azaltmayıb. Əksinə, onun qələminin əhatə dairəsi getdikcə genişlənirdi. "Jurnalist ustalığının zirvəsi yoxdur və ola da bilməz. Əgər biri özü barəsində "mən əla yazıram" deyirsə, yaxud bu cür fikirləşirsə, belə jurnalistin, xüsusən də qəzet işçisinin fəaliyyətində heç bir irəliləyiş gözləməyə dəyməz" - deyən Nəsir müəllim daim axtarışda idi. Peşəkar jurnalist "Sovet kəndi", "Azərbaycan gəncləri", "Ədəbiyyat və incəsənət", "Bakinski raboçi", "Azərbaycan müəllimi" qəzetlərində, "Azərbaycan kommunisti", "Azərbaycan qadını" jurnallarında maraqlı mövzularla mütəmadi çıxış edirdi.

"Bakı" qəzeti isə Nəsir İmanquliyevin həyat və yaradıcılığında ayrıca bir mərhələdir. 1958-ci ildə şəhər qəzeti kimi fəaliyyətə başlayan "Bakı" məhz Nəsir müəllimin redaktorluğu ilə ciddi və sanballı nəşrə çevrilərək Azərbaycanın mətbuat tarixinə öz möhürünü vurdu. O illərdə Nəsir müəllimi "Bakı" qəzetindən, qəzeti isə öz cəfakeş redaktorundan ayrılıqda təsəvvür etmək çətin idi.

1963-cü ildən "Bakı" qəzeti "Baku" adı ilə rus dilində də nəşr olunmağa başladı. Bu faktın özü də qəzetin geniş oxucu auditoriyası qazanması, onun redaktorunun nəzəri və praktik cəhətdən yetkin jurnalist olması, tələbkarlığı, cəmiyyətin marağını ifadə edən aktual mövzuları peşəkarlıqla işıqlandırması ilə şərtlənirdi.

O dövrdə qəzetdə tənqidi yazılar dərc etməyin çətin və riskli olduğunu çoxları indi də yaxşı xatırlayır. Nəsir İmanquliyev təzyiqləri dəf edərək tənqidi məqalələrində və felyetonlarında cəmiyyətdəki nöqsanları göstərir, xalqa xor baxan bürokrat vəzifə sahiblərinin iç üzünü açırdı. Nəsir müəllim deyirdi: "Elə yazı yazın ki, səs salıb mis kimi cingildəsin". Onunla birgə işləyən jurnalistlər də bu yolla gedirdilər. Onları qoruyan isə müəlliflərin, nəticə etibarı ilə qəzetin peşəkarlıqla faktlara əsaslanması, obyektivliyi idi.

N.İmanquliyevin redaktorluğu ilə çıxan qəzet sanki jurnalist sənəti baxımından zamanı qabaqlayırdı. "Bakı" və "Baku" qəzetlərində iri materiallarla yanaşı, çoxsaylı xırda, lakin maraqlı və məzmunlu xəbərlər də dərc olunurdu. İndi bütün dünyada mətbuatın ən çox istifadə etdiyi və oxucuların sevdiyi xəbər janrına Nəsir müəllim hələ yarım əsr bundan əvvəl üstünlük vermişdi. O, eyni zamanda ayrı-ayrı kollektivlərdə redaksiya heyətinin görüşlərini keçirir, qəzetlə bağlı oxucuların rəy və təkliflərini öyrənir, onları yaradıcılıq prosesində nəzərə alırdı. Nəsir müəllim üçün ən qiymətli meyar oxucu rəyi və bu fonda mətbuatın təsir gücü idi.

Bu qəzet həm də ədəbiyyatımızın, incəsənətimizin, mədəniyyətimizin, milli-mənəvi dəyərlərimizin himayəçisi idi. "Bakı" qəzeti daim bu sahələrdə baş qaldırmış məsələlərə münasibətini bildirər, müzakirələr açar və hər dəfə də düzgün mövqe nümayiş etdirərdi. Qəzetdə əmək adamları haqqında oçerklər dərc olunardı. "Bakı" və "Baku" görkəmli yazıçılarla bərabər, gənc müəlliflərin tribunasına çevrilmişdi. Odur ki, XX əsrin ikinci yarısında yaşayıb-yaratmış Azərbaycanın görkəmli şəxsiyyətləri Nəsir müəllim haqqında həmişə ehtiramla danışmışlar. Professor Yalçın Əlizadə deyir ki, Nəsir İmanquliyev ən əvvəl öz simasında müasir Azərbaycan jurnalistikasına redaktor-şəxsiyyət timsalı gətirmişdir. Təəssüf ki, indi belə qəzet redaktorlarına çox az rast gəlmək olur.

Görkəmli jurnalisti oxucularına sevdirən başlıca xüsusiyyət mövzularının əhatəli və xalqın ruhuna yaxın olması idi. Haqlı olaraq milli mətbuatımızın patriarxı sayılan Nəsir İmanquliyevin toxunduğu mövzular, irəli sürdüyü ideyalar həmişə xalqın amalını əks etdirir, ideoloji buxovlar və sərt senzura şəraitində ona populyarlıq qazandırırdı. Mətbuat tariximizdə silinməz iz qoymuş bir çox dühalar kimi, Nəsir müəllimin də peşəkarlıqla qələmə aldığı bir çox həyat həqiqətləri bu gün üçün də aktualdır.

Təbiidir ki, Nəsir müəllimin bu mühitdə böyüyən övladı Aida xanım İmanquliyeva da elmin dərinliklərinə varıb görkəmli şərqşünas-alim olmuşdu. Bu gün Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın xeyirxah, nəcib əməlləri, professor Nərgiz xanım Paşayevanın bir alim və pedaqoq kimi nailiyyətləri də ona əbədiyaşarlıq bəxş edir.

Nəsir müəllim güclü zəkası, möhkəm iradəsi, həssaslığı ilə seçilən ziyalılardan idi. Bizim ondan öyrəndiyimiz təkcə elm və sənət deyildi. O, bizlərə insanları sevməyi, səmimi olmağı, ehtiyacı olanlara kömək əli uzatmağı, vicdanı təmiz, gözü-könlü tox olmağı, etik normalara riayət etməyi və neçə-neçə digər müsbət keyfiyyətləri aşılayıb. Həm də bunları dildə, sözdə deyil, şəxsi nümunəsində nümayiş etdirib. N.İmanquliyev aydın və işıqlı bir sima, gözəl alim idi. Onun insanlara bəxş etdiyi işıq mənəvi paklığından, intellektinin möhkəmliyindən, şəxsiyyətinin ucalığından, bütövlüyündən qidalanırdı. Layiq görüldüyü "Əməkdar mədəniyyət işçisi", "Əməkdar jurnalist" fəxri adlarında isə Azərbaycan mətbuatının inkişafındakı əvəzsiz xidmətləri öz təsdiqini tapmışdı. Ölkə Prezidenti cənab İlham Əliyevin "N.Ə.İmanquliyevin xatirəsinin əbədiləşdirilməsi haqqında" 4 sentyabr 2006-cı il tarixli sərəncamı onun vətən və xalq qarşısında xidmətlərinin yüksək qiymətləndirildiyinin daha bir təzahürü idi. 2011-ci ildə isə görkəmli mətbuat xadiminin anadan olmasının 100 illiyi qeyd olunacaq

Bir sözlə, 87 il ömür sürmüş Nəsir İmanquliyev milli jurnalistikamızın korifey simalarından biri kimi onu yaxından tanıyanların qəlbində silinməz izlər buraxmış, bütün həyatını milli mətbuatımızın inkişafına, azərbaycançılıq ideologiyasının təbliğinə, cəmiyyətin obyektiv informasiya tələbatının ödənilməsinə, peşəkar kadrların hazırlanmasına həsr etmiş, böyük bir məktəbin əsasını qoymuşdur. Bakı Dövlət Universitetinin auditoriyalarından mətbuata nüfuzlu müəlliminin xeyir-duası ilə gəlmiş çoxsaylı yetirmələri, söz sənətinə gətirdiyi insanlar - sonralar Azərbaycan jurnalistikasının tanınmış simalarına çevrilən neçə-neçə ziyalı üçün Nəsir İmanquliyev, sözün həqiqi mənasında, işıqlı şəxsiyyətdir. Onun yaşadığı şərəfli və mənalı ömür yolu əsl insana xas gözəl xüsusiyyətləri şəxsiyyətində tamamlayan alicənab və xeyirxah bir Azərbaycan ziyalısının əsrarəngiz həyat hekayəsidir.

 

İ.ƏLİYEVA,

 

Azərbaycan.- 2010.-22  dekabr.- S. 6.