Görkəmli alim, istedadlı elm və təhsil təşkilatçısı

 

Xalqın mənəvi, intellektual potensialının formalaşmasında elm adamları aparıcı rola malikdirlər. Çünki onlar ilk növbədə öz ölkəsinin inkişafına çalışır, elmi kəşflər, ixtiralar edir, peşəkar kadrlar hazırlayır, ən əsası isə, ziyalı-vətəndaş vəzifəsini məsuliyyətlə yerinə yetirirlər. Daim öyrənməyə və öyrətməyə, ədalətə, obyektivliyə tapınan bu insanların həyatı bitib-tükənməyən örnək məktəbidir desək, yanılmarıq. Çünki belələri zirvəni böyük zəhmət, fitri istedad, nadir bilik və qabiliyyətləri bahasına fəth edirlər. Belə alimlərdən biri də respublikamızda və onun hüdudlarından kənarda elmi ictimaiyyət tərəfindən yaxşı tanınan görkəmli nəzəriyyəçi-fızik, yüksək enerjilər fızikası, o cümlədən, nüvə və elementar zərrəciklər fizikası və kvant nəzəriyyəsi sahəsində öz tədqiqatları ilə seçilən və hazırda Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzəri fizika kafedrasına rəhbərlik edən fizika-riyaziyyat elmləri doktoru, professor İsgəndər Həsən oğlu Cəfərovdur. O, mikroaləmdə və astrofiziki obyektlərdə baş verən elektrozəif qarşılıqlı təsir proseslərinin fizikasını və uyğun mürəkkəb riyazi aparatı mükəmməl bilən görkəmli alimdir.

İsgəndər Cəfərov 1940-cı il dekabr ayının 30-da İmişli rayonunun Əlipənahlı kəndində dünyaya göz açmışdır. 1957-ci ildə rayonun Sarxanlı kənd orta məktəbini bitirmiş və Azərbaycan Dövlət Universitetinin (indiki BDU) fızika-riyaziyyat fakültəsinə daxil olmuşdur. 1962-ci ildə o, ali məktəbi fərqlənmə diplomu ilə başa vurmuş, xüsusi istedadı və təhsildə qazandığı nailiyyətlərinə görə universitetdə saxlanılmışdır. Güclü analitik təfəkkürə malik olan İsgəndər Cəfərov mikroaləmin və kainatın dərin və sirli hadisələrini, onların qanunauyğunluqlarını mürəkkəb fiziki cihazlar vasitəsilə deyil, riyazi və fizikanın nəzəri üsulları ilə tədqiq etmişdi. Gənc tədqiqatçıda olan bu keyfiyyətlər onu nəzəri fizikaya istiqamətləndirmişdi. Elə universiteti bitirdiyi il o, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) fizika fakültəsinin aspiranturasına daxil olur və məşhur sovet fiziki A.A.Sokolovun elmi rəhbərliyi altında nəzəri fizika sahəsində tədqiqatlar aparmağa başlayır. Aspirantura dövründə o, elementar zərrəciklərin elektromaqnit və zəif qarşılıqlı təsirlərinin nəzəriyyəsi sahəsində araşdırmalar üzərində işləyir, bir sıra maraqlı elmi nəticələr alır, özünü istedadlı alim kimi tanıtdırır. 1966-cı ilin mayında MDU-nun nəzəri və riyazi fizika üzrə ixtisaslaşmış Elmi Şurasında "Polyarizələnmiş zərrəciklərlə aparılan təcrübələrdə kompleks elektromaqnit formfaktorlarının təyini və birfotonlu yaxınlaşmanın tətbiq hüdudunun müəyyənləşdirilməsi imkanları barədə" mövzusunda namizədlik dissertasiyası müdafıə edir. İ.Cəfərovun namizədlik dissertasiyası üzrə opponent olan məşhur fizik D.D.İvanenko (V.Heyzenberqdən asılı olmadan atom nüvəsinin proton-neytron modelini irəli sürmüş dünya şöhrətli alim) müdafiə zamanı gənc alim haqqında dəyərli fikirlər söyləyir: "Mən kafedra seminarlarından İsgəndər Cəfərovu yaxşı tanıyıram. Hesab edirəm ki, o, elementar zərrəciklər və sahə nəzəriyyəsinin ən aktual problemləri üzrə sərbəst mövzu qoymaq, həll etmək və eləcə də bu məsələlərlə məşğul olmaq istəyən gənc tədqiqatçılara rəhbərlik etmək qabiliyyətinə malik yetkin alimdir". Professor A.A.Sokolov isə Azərbaycan Dövlət Universitetinin o dövrdəki rektoruna yazdığı məktubda göstərmişdir ki, "...Əgər İ.Cəfərovu yenidən MDU-ya ezam etsəydiniz, mən çox şad olardım. Böyük istedada və elmi sərbəstliyə malik olan bu gənc alim bizim kafedramızın elmi işlərinin inkişafına böyük kömək göstərərdi" .

Moskvada namizədlik dissertasiyası müdafiə edib Bakıya qayıtdıqdan sonra İ.Cəfərov Azərbaycan Politexnik İnstitutunun fizika kafedrasında baş müəllim kimi əmək fəaliyyətinə başlayır. Lakin elmi yaradıcılığa olan həvəsi onu tezliklə Azərbaycan EA-nın Fizika İnstitutuna gətirir. O, 1969-cu ildə müsabiqə yolu ilə nüvə fizikası laboratoriyasında baş elmi işçi vəzifəsini tutur və tezliklə laboratoriyanın müdiri seçilir.

1969-1985-ci illərdə AMEA-nın Fizika İnstitutundakı elmi fəaliyyəti alimin həyatında xüsusi mərhələ təşkil edir. Bu dövrdə aldığı elmi nəticələr ona nəinki SSRİ-də, eləcə də xaricdə böyük şöhrət qazandırır. Nəzəri və Təcrübi Fizika İnstitutunun (Moskva) professoru Y.P.Şabalin İ.Cəfərov barədə yazır: "İ.H.Cəfərov elementar zərrəciklər fizikası sahəsində görkəmli mütəxəssisdir və Azərbaycan SSR EA Fizika İnstitutunda bu sahədə aparılan əksər tədqiqatların təşəbbüskarıdır". Qeyd edək ki, İsgəndər Cəfərov bu gün də Fizika İnstitutu ilə əlaqəsini kəsməmiş, Nüvə Tədqiqatları Laboratoriyasının aparıcı elmi işçisidir.

İsgəndər Cəfərov 1979-cu ildə yenə də M.V.Lomonosov adına MDU-da "Kalibrlənən SU(2)xU(1)-modellər və elementar zərrəciklərin zəif qarşılıqlı təsiri" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Yeri gəlmişkən qeyd edək ki, Rusiya EA P.N.Lebedev adına Fizika İnstitutu nəzəri fizika bölməsinin müdiri, Nobel mükafatı laureatı, akademik V.L.Qinzburq alimin doktorluq dissertasiyası haqqında rəyində qeyd etmişdir ki, "İsgəndər Cəfərovun elmi nəticələri elementar zərrəciklər fizikasının inkişafına mühüm töhfədir. Onlar universitetlərdə keçilən xüsusi kurslara, eləcə də dərsliklərə daxil edilməyə layiqdir". MDU-nun kvant nəzəriyyəsi və yüksək enerjilər fizikası kafedrasının professoru, məşhur nəzəriyyəçi-fizik V.L.Qriqoryev İsgəndər müəllimi və onun doktorluq dissertasiyasını bütövlükdə çox yüksək qiymətləndirmişdir.

1970-1985-ci illərdə İ.Cəfərov gərgin və məhsuldar elmi yaradıcılıqla yanaşı BDU-da və Azərbaycan Dövlət Pedaqoji İnstitutunda tələbələrə nəzəri fizikanın müxtəlif sahələri üzrə ümumi və xüsusi kurslardan mühazirələr oxumuş, bu fəaliyyəti onu respublikanın pedaqoji ictimaiyyəti arasında nüfuzlu lektor kimi tanıtmışdır.

Görkəmli alim 1985-1989-cu illərdə Naxçıvan Dövlət Pedaqoji İnstitutunun rektoru vəzifəsində işləmişdir. O, burada elm və təhsilin inkişafı üçün yorulmadan çalışmış, təhsil ocağının universitetə çevrilməsinin təşəbbüskarı olmuş, yeni kafedraların və laboratoriyaların, ən əsası, institutun nəzdində elmi hissənin yaradılmasına nail olmuşdur. Naxçıvanda elm və təhsilin inkişafındakı xidmətlərinə görə İ.Cəfərov dəfələrlə Ali Sovetin fəxri fərmanı ilə təltif edilmişdir.

1989-cu ilin sonunda öz xahişi ilə Naxçıvan Dövlət Pedaqoji İnstitutunun rektoru vəzifəsindən azad edilmiş, ADPİ-nin fizika fakültəsinin dekanı vəzifəsinə seçilmişdir. O, 1995-ci ilədək bu vəzifəni icra etmiş, 1995-ci ildən bugünədək isə ADPU-nun nəzəri fizika kafedrasının müdiridir.

Əlbəttə, yığcam bir qəzet məqaləsində professor İsgəndər Cəfərovun çoxşaxəli və geniş əhatə dairəsinə malik elmi yaradıcılığını və aldığı nəticələri, sadəcə olaraq, sadalamaq belə mümkün deyildir. Buna baxmayaraq, onun mühum elmi nəticələrinin bəzilərini oxucuların nəzərinə çatdırmağı vacib bilirik: Alim ilk elmi tədqiqatlarında polyarizələnmiş elektron-pozitron və proton-antiproton dəstələrinin toqquşması zamanı baş verən bir sıra proseslərdə zərrəciklərin quruluş və spin xarakteristikaları arasında sıx əlaqə olduğunu aşkar edərək, hadronların (proton və pionun) kompleks formfaktorlarını təyin etmək, eləcə də həyəcanlanma nəzəriyyəsinin birfotonlu yaxınlaşmasının tətbiq meyarını müəyyənləşdirmək üçün öncəgörmələr irəli sürmüş və onların yoxlanılması üçün konkret təcrübələr təklif etmişdir.

Bundan başqa, dördfermionlu lokal zəif qarşılıqlı təsir halında spinorların yerdəyişmə qaydasını müəyyən edən məşhur Pauli-Firts münasibətini qeyri-lokal qarşılıqlı təsir halını ümumiləşdirməklə vacib münasibət tapmış və onun köməyi ilə göstərmişdir ki, zəif qarşılıqlı təsirin bir zərrəciklə mübadilə sxeminin məşhur Şvinger və Tanıkava-Vatanabe modelləri ilə yanaşı, daha bir variantı da mümkündür. O, həmin modeli qurmuş və ətraflı tədqiq etmişdir. Qeyd edək ki, Avstriya fiziki H.Zinql lokal qarşılıqlı təsir halı üçün olan Pauli-Firts münasibətini qeyri-lokal qarşılıqlı təsir halına səhvən tətbiq edərək, belə nəticəyə gəlmişdir ki, zəif qarşılıqlı təsirin bir zərrəciklə mübadilə sxeminin üçüncü variantı Şvinger modelinə ekvivalentdir və heç bir yeni nəticəyə gətirə bilməz. İsgəndər Cəfərov bu nəticənin səhv olduğunu göstərmişdir.

Professorun elmi tədqiqatının əsas qayəsini elektromaqnit və zəif qarşılıqlı təsirlərin vahid nəzəriyyəsi üzrə işlər təşkil edir. O, zərrəciklərin elektrozəif qarşılıqlı təsirlərinin SU(2)xU(1) və SU(2)xU(1)xU''(1) simmetriya qruplarına əsaslanan vahid nəzəriyyəsinin bir sıra variantını irəli sürmüşdür. Bu nəzəriyyələrdən biri mütəxəssislər arasında xüsusi maraq doğurmuşdur: leptonların elektrozəif qarşılıqlı təsirlərinin vahid Vaynberq-Salam modeli ikikomponentli neytrino sxemi üzrə qurulmuşdur. Bu nəzəriyyəyə analoji olaraq İ.Cəfərov leptonların dördkomponentli neytrino sxemi üzrə vahid elektrozəif qarşılıqlı təsir nəzəriyyəsini yaratmışdır. Maraqlıdır həmin nəzəriyyə elə yeni, incə effektlərə gətirir ki, onların təcrübədə öyrənilməsi bu gün də həll edilməmiş qalan vacib bir məsələnin həllinə işıq salardı: təbiətdə neytrino sxemlərindən hansı - ikikomponentli, yoxsa dördkomponentli sxem - daha realdır? Akademik B.Pontekorvo İ.Cəfərovun bu nəzəriyyəsini yüksək qiymətləndirmiş, eləcə də MDU nəzdində akademik N.N.Boqolyubov adına Mikroaləmin Nəzəri Problemləri İnstitutunun direktoru, MDU-nun professoru O.A.Xrustalyov professorun dördkomponentli neytrino sxemi əsasında irəli sürdüyü nəzəriyyədən bəhs edərək demişdir: "İsgəndər Cəfərovun bu nəticələri çox mühüm və prinsipial olub, leptonların həqiqi sxeminin müəyyən edilməsi probleminin həlli yolunda yeni istiqamət açır. Alimin elmi nəticələri elementar zərrəciklərin zəif qarşılıqlı təsirlərinin təbiəti və quruluşu haqqında biliklərimizi nəzərəçarpan dərəcədə dərinləşdirir və genişləndirir".

Bundan başqa, spontan pozulmuş SU(2)xU(1) kalibrləmə simmetriyası çərçivəsində neytrinonun kütlə qazanmasının mümkünlüyünü göstərmiş, müonun parçalanmasına aid təcrübi faktların nəzəri təhlili nəticəsində İ.Cəfərov müon neytrinosu kütləsinin yuxarı sərhədinin o vaxtlar elmi ədəbiyyatda mövcud olan qiymətdən xeyli kiçik (0,22 MeV) olduğunu göstərmişdir. O, habelə elektrozəif qarşılıqlı təsirin müxtəlif modelləri, o cümlədən özünün də irəli sürdüyü modellər çərçivəsində çoxlu sayda prosesin effektiv kəsiklərini hesablamış, modellərin müxtəlifliklərinə həssas olan effektlər (neytral zəif cərəyan, Hiqqs-bozonu, qeyri-lokallıq, elektron-müon-taon-universallığının mümkün pozulması effektlərini və s.) aşkar etmiş, onları hesablamış və təcrübədə öyrənilmələri üçün təkliflər vermişdir.

Görkəmli alim ulduzların neytrino şüalanmasını, təbiətdə mövcud olan neytrino növlərinin sayı ilə baglı məsələləri, elektron-pozitron cütünün fotonun müşayiətilə neytrino-antineytrino cütünə annigilyasiyası prosesi vasitəsilə neytrinoların qeydə alınması imkanlarını, maqnit sahəsində elektron (pozitron) qazının neytrinolar tərəfindən asimmetrik qızdırılması və buradan irəli gələn astrofiziki nəticələri tədqiq etmiş və müxtəlif öncəgörmələr irəli sürmüşdür.

160-dan çox elmi əsərin müəllifi olan professor İsgəndər Cəfərovun aldığı elmi nəticələr dünyanın elm və texnika sahəsində qabaqcıl ölkələrinin, həmçinin respublikamızın nüfuzlu elmi nəşrlərində çapdan çıxmış, həmin nəşrlərə dünyanın görkəmli alimləri (Rusiya EA-nın akademikləri L.Okun, B.Pontekorvo, V.Faynberq, Yaponiya alimləri T.Kinoşita, H.Terezava və s.) çoxsaylı istinadlar etmişlər. Onun aldığı elmi nəticələr dəfələrlə (1978-1985-ci illərdə) keçmiş SSRİ Elmlər Akademiyasının və uzun illər mütəmadi olaraq Azərbaycan SSR Elmlər Akademiyasının ilin ən mühüm nailiyyətləri sırasına daxil edilmişdir.

O, 8 kitabın - bir dərsliyin, dörd dərs vəsaitinin və üç elmi-kütləvı kitabın müəllifidir. Respublika Təhsil Nazirliyi tərəfindən universitet tələbələri üçün dərslik kimi təsdiq edilmiş "Elementar zərrəciklər fizikasının əsasları" kitabı professor İ.Cəfərovun elmi-pedaqoji fəaliyyətində xüsusi önəm daşıyır və respublikada bu sahədə yeganə dərslikdir.

Professor İ.Cəfərov elementar zərrəciklər nəzəriyyəsi sahəsində elmi məktəb yaratmış, onun elmi məsləhəti ilə 2 doktorluq, elmi rəhbərliyi ilə 6 namizədlik və onlarla magistr dissertasiyası müdafiə edilmişdir.

Gənc alimlərlə fəal işinə görə Təhsil Nazirliyinin fəxri fərmanları, təşəkkürləri və "Qabaqcıl Təhsil İşçisi" döş nişanı ilə təltif edilmişdir. O,

ADPU Elmi Şurasının 2010-cu il 9 yanvar tarixli qərarı ilə 2008-2009-cu tədris ilində təbiət elmləri üzrə "İlin müəllimi" müsabiqəsinin qalibi olmuşdur.

Professor İ.Cəfərov uzun müddət AAK-nın fizika-riyaziyyat elmləri üzrə Ekspert Şurasının üzvü, Təhsil Nazirliyinin Elmi-Metodiki Şurasının Fizika bölməsinin sədr müavini, Fizika Cəmiyyətinin vitse-prezidenti olmuşdur.

Hazırda "Fizika" və "Pedaqoji Universitetin Xəbərləri" jurnallarının redaksiya heyətinin, BDU-nun nəzdində fəaliyyət göstərən fizika-riyaziyyat elmləri üzrə Dissertasiya Şurasının, AMEA yanında nüvə və elementar zərrəciklər fizikası problemləri üzrə Koordinasiya Şurasının, Astrofizika Cəmiyyətinin, ADPU-nun Elmi Şurasının üzvüdür.

İsgəndər müəllim sadəliyi, təvazökarlığı, obyektivliyi, xeyirxahlığı, Vətənə, torpağa bağlılığı ilə indiyədək birgə işlədiyi və ünsiyyətdə olduğu insanların, yetirdiyi elmi kadrların, dərs dediyi tələbələrin rəğbətini qazanmış və onların sevimlisinə çevrilmişdir.

İsgəndər müəllim bu gün də tükənməz enerji və böyük həvəslə elmi və pedaqoji fəaliyyətini davam etdirir.

 

Nəriman QULİYEV,

AMEA-nın həqiqi üzvü,

 

Vəli HÜSEYNOV,

AMEA-nın müxbir üzvü

 

Azərbaycan.- 2010.- 22 dekabr.- S. 7.