Milli kinonun yaradıcıları
Ssenarist, rejissor, yazıçı,
əməkdar incəsənət xadimi, xalq artisti Həsən
Seyidbəyli. Uzun illər Kinematoqrafçılar
İttifaqı İdarə Heyətinin sədri olmuş bu
unudulmaz şəxsiyyət haqqında
düşünəndə onun genişşaxəli yaradıcılıq
yolu göz önündə canlanır. Kinorejissor kimi də,
yazıçı kimi də çox uğurlara imza
atmış, nailiyyətlər qazanmış Həsən
Seyidbəylinin mənəvi dünyamızın
formalaşmasında böyük xidmətləri var. O,
nəinki Azərbaycan, hətta sovet kinosunun aparıcı
rejissorlarından və ədəbiyyatımızın
görkəmli nümayəndələrindən biri olub. Onun
hər iki sahədəki yaradıcılığını
araşdırarkən heyrətlənməyə bilmirsən.
Elə mövzulara toxunub, elə bəşəri ideyalara
söykənib ki, həmişəyaşardır,
həmişə seviləndir.
Həsən
Seyidbəyli 1920-ci ilin 22 dekabrında Bakıda anadan olub. İlk
təhsilini 132 saylı orta məktəbdə alıb. Hələ kiçik yaşlarından kinoya,
ədəbiyyata böyük marağı olub. Bir çox nasirlər kimi o da bədii
yaradıcılığa şeirlə başlayıb. Bioqrafiyasından məlum olur ki, əvvəlcə
Leninqradda (indi Sankt-Peterburqda) Kino Mühəndisləri
İnstitutunda, sonra isə Moskva Dövlət Kinematoqrafiya
İnstitutunun kinorejissorluq fakültəsində təhsil
alıb. Yaradıcılığa
böyük marağı onu ilk dəfə ədəbi
etüdlər, bədii lövhələrlə bağlı
ssenarilər yazmağa sövq edib. İlk
təcrübə filmləri böyük uğur qazanıb.
Mütəxəssislər,
kinonəzəriyyəçiləri birmənalı olaraq onun
istedadlı kino rejissoru kimi uğur qazanacağını,
məşhurlaşacağını əvvəlcədən
söyləyiblər.
1943-cü
ildən Bakı kinostudiyasında işləyən
Həsən Seyidbəyli bir sıra rəngli kino
oçerklər, qısametrajlı filmlər
çəkməyə başlayıb. Bir
əlində kamera, bir əlində də qələmi
möhkəm saxlayan Həsən Seyidbəyli ötən
əsrin ortalarında Sovet Xəbərlər Bürosunun
müxbiri kimi də fəaliyyət göstərib.
Həsən
Seyidbəylini yaxından tanıyanlar söyləyirlər ki,
nikbin, səmərəli həyatsevər təbiəti onun
yaradıcılığına da hakim olub. Bu
səbəbdən də əsərlərində
həmişə milli ruh lövbər salıb. Tariximizə, adət-ənənəmizə, soy
kökümüzə olan marağı, dürüst
münasibəti əsərlərində də öz
əksini tapıb. Həsən
Seyidbəyli son dərəcə həssas, duyumlu, yurdsevər,
torpağa bağlı bir şəxsiyyət idi. Ötən
əsrdə 37-ci il repressiyalarının doğurduğu
faciələri yaşamaq, millətin mənəviyyatına
sancılan oxlardan xəbərdar olmaq, təzyiqlərin,
diktələrin burulğanlarından salamat çıxmaq,
həm də həyat həqiqətinə sadiq qalaraq bunu
bütün yaradıcılığı boyu
əsərlərində bildirmək, gizli məqamlarla
təzadların doğurduğu haqsızlıqları əks
etdirmək çox çətin idi. Zülmün
üstünə getmək həyat bahasına başa
gəlirdi, amma nə xoş ki, Həsən Seyidbəyli bunu
bacardı. Bu gün də onun bir rejissor
kimi çəkdiyi, ssenaristi olduğu filmlərə baxanda
gizli mətləblərlə böyük mənalar
bildirməyi, tamaşaçını, oxucunu heyrətləndirir.
Çox haqlı olaraq deyirlər ki,
Həsən Seyidbəylinin bədii əsərləri,
filmləri milli tariximizin bədii salnaməsidir. Həqiqətən də, onun təlqin etdiyi ideyalar
həmişə işıqlıdır. Millətini
sevən bir şəxsiyyət kimi Həsən Seyidbəyli
xalqımızın yaşadığı problemi də bilirdi
və ona həssas yanaşmağın yolunu da. Bunun da nəticəsində çəkdiyi
filmlərlə milli kinomuza, yazdığı
əsərlərlə ədəbiyyatımıza yeni
uğurlar gətirdi. Ən
diqqətçəkən məqam budur ki, imza
atdığı əsərlərin, çəkdiyi
filmlərin heç biri quruluşun quluna çevrilmədi.
Zamanın sınaqlarından qalib
çıxdı, yaşadı, yaşayır və
yaşayacaq.
Həsən
Seyidbəylinin ssenarisi əsasında "Doğma
xalqımıza" (1954), "Qızmar günəş
altında" (1956) filmləri çəkildi. "Uzaq
sahillərdə" filmi isə bu istedadlı
yazıçının çox uğurlu addımlarından
biri oldu. Onun İmran Qasımovla birgə
yazdıqları "Uzaq sahillərdə" ssenarisinə
kinorejissor Tofiq Tağızadə çox orijinal quruluş verdi. 1958-ci ildə
ekranlarımızda nümayiş etdirilən film
müəlliflərinə böyük şöhrət
gətirdi. Sonrakı illər də onun
həm rejissor, həm ssenarist kimi
yaradıcılığında yeni nailiyyətlərlə
naxışlandı. "Telefonçu qız" (1962),
"Kimi daha çox sevirik" (1964),
"Möcüzələr adası" (1965), "Sən
niyə susursan" (1966), "O qızı tapın"
(1970), "Xoşbəxtlik qayğıları" adlı
filmlərin ssenari müəllifi də, rejissoru da Həsən
Seyidbəylinin özüdür. Bu arada iki
filmə quruluş verib. Onun rejissorluğu ilə
doğulan və milli kino tariximizin qızıl fonduna daxil olan
"Bizim Cəbiş müəllim" və
"Nəsimi" filmləri böyük şöhrət
qazandı.
Maraqlıdır
ki, Həsən Seyidbəylinin bütün filmlərində
ümumi bir ahəng var. Bu da qəhrəmanların daxili
aləmini açmağa yönələn xətlər, milli
dəyərlərə üstünlük, bədii
ümumiləşmə vasitəsilə insan mənəviyyatının
dərinliyinə işıq saçmaq. Seçdiyi
qəhrəmanların mənəviyyatındakı təmizlik
elə təsirli və qüdrətli verilir ki, filmdən
doğan bir ruhda saflığa, paklığa bir
çağırış var. İstər müharibə
mövzusunda çəkilmiş "Bizim Cəbiş
müəllim" filmi olsun, istərsə də Nəsiminin
həyatından bəhs edən eyniadlı ekran əsəri. Bütün bu adıçəkilən və
çəkilməyən filmlərdə
mənəviyyatın qələbəsi öndə olur,
həyat həqiqətinə sadiqlik duyulur. Həsən Seyidbəylinin ekran həyatı verdiyi
qəhrəmanları milli kinomuzu zənginləşdirdi.
Həsən
Seyidbəyli İsa Hüseynovla birlikdə "Nizami"
filminin də ssenarisini yazırdı. Təəssüf ki,
bu filmin rejissoru olmaq Həsən Seyidbəylinin
qismətinə düşmədi. O, 59 yaşında
dünyasını dəyişdi. Həmin filmə Eldar Quliyev
quruluş verdi.
Həsən
Seyidbəyli kinoya çox bağlı idi. Onu hər
gün qəbul edilən həyat nemətləri - hava, su,
çörək qədər sevirdi. Hətta
deyirdi ki, yeri gələndə bunlarsız da yaşamaq olar,
amma kinosuz yox. Zarafatından da qalmırdı: "Onsuz
da Şəkər xanım (şəkər xəstəliyini
nəzərdə tuturdu - F.X) mənə çox şeyi
qadağan edir. Bircə kinoya gücü
çatmaz". Hətta öz
övladlarını da kiçik yaşlarından
filmlərdə çəkərdi. Bəlkə
də arzusu onları da bu sahədə görmək idi. Amma nədənsə sonra özü fikrindən
daşınıb, övladları başqa sənət
seçiblər. "Bizim Cəbiş
müəllim" filmində oğlanlarından Ziya Namiq, Mehdi
və qızı Məryəm Cəbiş müəllimin
uşaqlarının rollarını yaradıblar. Hətta Məryəm altı yaşında
"Telefonçu qız" filmindəki baş
qəhrəmanın uşaqlığını
canlandırıb. "Nəsimi"
filmində də Məryəmi Fatma roluna çəkmək
istəyib, amma nədənsə bu arzusu baş tutmayıb.
Kinoşünaslar
da söyləyirlər ki, Həsən Seyidbəyli öz
filmlərində tanınmayan, amma istedadlı insanları
çəkərdi. "Nəsimi" filmi buna sübutdur.
Baş rolu yaratmaq üçün
namizədlərin sayı çox olub. Lakin
Həsən Seyidbəylinin inadı və həssas duyumu
yalnız Rasim Balayevə yönəlib. Gənc
bir tələbənin belə bir tarixi şəxsiyyətin,
böyük şairin obrazını məharətlə
yaratmasına inanan Həsən Seyidbəyli
həqiqətən də yanılmadı. Müdrik
və uzaqgörən insan idi Həsən Seyidbəyli. İşinə də, sənətinə də
məsuliyyətlə yanaşırdı. Seçimində
həssas idi. Onun üçün əsas
meyar istedad və yenə də istedad olardı.
Həsən
Seyidbəyli həm də görkəmli yazıçı
idi. Onun nəsr əsərləri keyfiyyətcə
sanballı, məzmunca bitkin idi. Bu
səbəbdən də Azərbaycan ədəbiyyatında bu
müəllifin öz yeri və möhürü var. İlk
kitabı - "Kənd həkimi" 1950-ci ildə çap
edilib. Ömrünün sonuna kimi
müxtəlif nəşriyyatlarda 20-dən artıq kitabı
işıq üzü görüb. Həm uşaqlar,
həm də böyüklər üçün
müxtəlif mövzularda mükəmməl nəsr
nümunələri yaradan Həsən Seyidbəylinin
"Cəbhədən cəbhəyə",
"İllər keçir" (şərikli), "Uzaq
sahillərdə (şərikli)", "Tərsanə",
"Çiçək" povest və romanları
müəllifinə böyük şöhrət
gətirmişdi. İmran Qasımovla birgə
yazdığı "Uzaq sahillərdə" kitabı
dəfələrlə nəşr edilib. Dövrün
ədəbi tənqidində Həsən Seyidbəyli nəsri
barədə də tənqidçilər xoş sözlər
deyir, yazıçının uğurundan söz açırdılar.
Həsən Seyidbəyli
həm də peşəkar publisist idi. İctimai-siyasi
xadim kimi diqqət mərkəzində olan bu
şəxsiyyət tez-tez xarici ölkələrdə
müxtəlif səfərlərdə olurdu. Hər səfərdən qayıdışı
isə mətbuat səhifələrində oçerk,
təəssürat, yol qeydləri kimi öz əksini
tapırdı. Müəllifin bu
sahədəki xidmətləri təqdirəlayiqdir.
"İlk tanışlıq", "On beş gün
Yaponiyada", "Yuqoslaviya xatirələri",
"İyirmi gün Amerikada", "Gördüyüm
yerlər..." adlı publisistik kitablarda məhz səfər
təəssüratlarından bəhs edilir.
Həm
kinorejissor, həm də yazıçı kimi
mükəmməl yaradıcılığa malik olan
Həsən Seyidbəyli bir neçə
çağırış Azərbaycan Ali Sovetinin və
Bakı Sovetinin deputatı kimi də fəaliyyət
göstərib. Filmləri ümumittifaq kino festivallarında
priz və diplomlara layiq görülüb. Azərbaycan Kinematoqrafçılar
İttifaqının katibi və sədri vəzifəsində
işləmiş Həsən Seyidbəylinin yaradıcı
əməyi həmişə qiymətləndirilib. O, "Şərəf"
nişanı, "Qırmızı əmək
bayrağı" ordenləri və medallarla təltif
edilmişdir.
Haqq
dünyasına qovuşmasından bizi 30 ildən artıq vaxt
ayırsa da Həsən Seyidbəyli heç vaxt
unudulmayıb. Nə qədər ki, onun filmləri
nümayiş etdirilir, nə qədər ki onun kitabları
oxunur, qəhrəmanlarının müdrik və yumorlu
sözləri dillər əzbərinə çevrilir
Həsən Seyidbəyli unudula bilərmi? O, elə
mövzulara həyat verdi ki, həm əsərləri
əbədiyaşarlıq qazandı, həm də
müəllifinə ölümsüzlük gətirdi.
Çəkdiyi filmlərin 60-70 yaşı var. Amma bu gün
də baxılır və hər dəfə də
tamaşaçıya təzə görünür. Gənc
nəsil heyrətlənir, yaşlı nəsil
"nostalgiya" keçirir. Bu da ömrün 90-cı
qışı... Yenə qarşıdan illər gəlir.
Hər ilin də öz münasibəti, öz oxucusu
doğulur. Həsən Seyidbəyli 100-ə də, 200-ə
də qovuşacaq. Amma həmişə bir xiffət
səslənəcək: unudulmaz yazıçı cəmi 59
il yaşadı. Əsərlərinin yaşı isə daha
çoxdur. Yaratdıqları qocaldıqca, özü də
ucalacaq.
Flora XƏLİLZADƏ,
Azərbaycan.- 2010.- 22 dekabr.- S. 7.