AMEA-da görkəmli
alim, akademik Şəfaət Mehdiyevin
100 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir
Dekabrın 22-də Azərbaycan
Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət
Heyətində geologiya-mineralogiya
elmləri doktoru, professor, Dövlət mükafatı laureatı,
əməkdar elm xadimi, akademik Şəfaət Mehdiyevin
100 illiyinə həsr
olunmuş yubiley tədbiri keçirilmişdir.
Tədbirdə görkəmli
alimin əsərləri
və fotoşəkillərindən
ibarət sərgi açılmışdır.
Mərasimdə dövlət
və hökumət nümayəndələri, Milli
Məclisin deputatları,
ali təhsil müəssisələrinin rəhbərləri,
tanınmış elm
adamları iştirak etmişlər.
Yubiley tədbirini AMEA-nın prezidenti, akademik Mahmud Kərimov açaraq görkəmli alimin həyat və fəaliyyətindən danışmışdır.
Azərbaycan Prezidentinin böyük alimin 100 illik yubileyinin keçirilməsi
haqqında sərəncamının
əhəmiyyətini vurğulayan
akademik bildirmişdir ki, dövlətimizin başçısının müvafiq
sərəncamı bütövlükdə
Azərbaycan elminə,
elm xadimlərinə göstərilən qayğının
bariz nümunəsidir.
Diqqətə çatdırılmışdır
ki, Şəfaət Mehdiyev ensiklopedik biliyə və geniş erudisiyaya malik alim, görkəmli
neftçi-geoloq olmaqla
yanaşı, eyni zamanda, peşəkar jurnalist, yazıçı
və ictimai-siyasi xadim idi.
Şəfaət Mehdiyevin Azərbaycan
elminə verdiyi əvəzsiz elmi töhfələrdən, alimin
AMEA-nın Geologiya İnstitutunun formalaşması
və inkişafındakı
xidmətlərindən, BDU-nun
rektoru olarkən gənc kadrların yetişməsi istiqamətində
gördüyü əvəzsiz
işlərdən danışan
M.Kərimov vurğulamışdır ki, o,
öz işləri ilə mənsub olduğu xalqın tarixində qalmaq şansı qazanmışdır.
Görkəmli alimin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
AMEA-nın Geologiya İnstitutunun direktoru, akademik Akif Əlizadənin
"Görkəmli alimin
şərəfli həyat
yolu" mövzusunda məruzəsi dinlənilmişdir.
Bildirilmişdir ki, Şəfaət
Mehdiyevin mənalı
və şərəfli
ömür yoluna, elmi fəaliyyətinə nəzər saldıqda onun milli ideallara
bağlı nəcib şəxsiyyət olduğu
bir daha aydın görünür.
Əsl alim kimi, onun üçün
elmdə heç zaman son zirvə
və hədd anlayışı olmamışdır.
Şəfaət
Mehdiyev elmi axtarışları ilə
daim öyrənməyə,
həqiqəti üzə
çıxarıb təsdiqləməyə,
əldə etdiyi faydalı nəticələri
praktiki şəkildə
gerçəkləşdirməyə çalışmışdır.
Şəfaət Mehdiyev tərəfindən Abşeron
yarımadasının neft
yataqlarının istilik
rejimi məsələləri
dəqiq surətdə
tədqiq olunmuş və qiymətli əsər hazırlanmışdır.
Bu əsərin böyük əhəmiyyəti
ondan ibarət idi ki, dərinlikdən,
tektonikadan və digər amillərdən asılı olaraq, geotermik pillənin dəyişmə qanunauyğunluqları
ilk dəfə aşkara çıxarılmışdı.
Şəfaət Mehdiyevin bu sahədə çoxillik tədqiqatlarının nəticələri
"Neftin mənşəyi
məsələləri və
Azərbaycanın neft
yataqlarının formalaşması",
"Azərbaycanın çökmə
süxurlarının üzvi
komponentləri", "Neftin
mənşəyi problemləri
və neft-qaz yataqlarının formalaşması"
və digər əsərlərində
öz əksini tapmışdır.
Neftin mənşəyi problemi ilə dərindən məşğul
olan Şəfaət Mehdiyev hələ
1966-cı ildə neftin
dərinlik-biogen genezisi
hipotezini irəli sürmüş, sonrakı
tədqiqatları ilə
onu nəzəriyyə
səviyyəsinə çatdırmışdır.
Sonralar bu fikir dünyanın bir çox alimləri tərəfindən
qəbul edilmişdir.
Vurğulanmışdır ki,
akademik Şəfaət
Mehdiyev bir çox geoloji xəritələrin tərtibçisi
və redaktoru olmuşdur. Bu cəhətdən onun elmi redaktoru və həmmüəllifi
olduğu və Dövlət mükafatına
layiq görülmüş
"Azərbaycanın neft
və qaz yataqları və perspektiv strukturları"
xəritəsi xüsusilə
diqqəti cəlb edir.
Bildirilmişdir ki, Ş.Mehdiyev 400-ə qədər
elmi əsərin,
20-dən artıq monoqrafiyanın,
Azərbaycanın geoloji
və tektonik xəritələrinin, neft
və qaz yataqları xəritələrinin
redaktoru və tərtibçisi olmuşdur.
O, "Azərbaycanın geologiyası"
çoxcildli nəşrində
ayrı-ayrı fəsillərin
və bölmələrin
tərtibində və
redaktə işində
böyük əmək
sərf etmişdir.
Tədbirdə Azərbaycan Respublikası
Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə,
akademiklər Budaq Budaqov, Cəlal Allahverdiyev, professorlar Adil Əliyev, Hikmət Mahmudov və başqaları çıxış edərək
ölkəmizdə geologiya
elminin formalaşması
və inkişafında
misilsiz xidmətləri
olmuş Şəfaət
Mehdiyevlə bağlı
xatirələrini
söyləmişlər.
Diqqətə çatdırılmışdır
ki, ciddi elmi işlə məşğul olan alimin pyesləri, hekayələri, şeirləri
bu gün də aktuallığını
itirməmiş və
geniş oxucu kütləsi tərəfindən
sevilə-sevilə oxunur.
Belə mötəbər tədbirdə
çıxış etməyi
özünə şərəf
hesab edən Azərbaycanın BMT-dəki
daimi nümayəndəsi
səfir Aqşin Mehdiyev atasının xatirəsinə göstərilən
hörmət və ehtirama görə Prezident İlham Əliyevə, tədbirin təşkilatçılarına və iştirakçılarına ailələri
adından minnətdarlığını
bildirmişdir. Vurğulanmışdır
ki, Şəfaət Mehdiyevin 100 illik yubileyi münasibətilə
təşkil edilmiş
silsilə tədbirlər
Azərbaycanda elm adamlarına, ziyalılara verilən yüksək qiymətin göstəricisidir.
Azərbaycan.- 2010.- 23 dekabr.- S. 2.