Qaçqın və məcburi köçkünlərə davamlı dövlət qayğısı prioritet vəzifələrdəndir

 

Milyondan artıq soydaşımız tezliklə öz əzəli yurdlarına qayıdacaqlarına əmindirlər

 

 Gərgin iş rejiminə və dövlət idarəçiliyi sahəsində nəhəng fəaliyyət sferasına baxmayaraq, Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarına hərbi təcavüzü nəticəsində doğma yurdlarından didərgin düşmüş bir milyonadək soydaşımızın qayğıları, sosial problemləri, münaqişənin siyasi yolla həlli məsələsi müasir Azərbaycan dövlətinin qurucusu və xalqımızın ümummilli lideri Heydər Əliyevin gündəlik qayğısına çevrilmişdi. Ulu öndərimiz dünyanın müxtəlif dövlət başçıları ilə keçirdiyi çoxsaylı görüşlərdə, beynəlxalq və yerli qurumların tədbirlərində mütləq şəkildə məhz bu problemə toxunaraq onu ölkəmizin bir nömrəli problemi adlandırırdı. Təsadüfi deyil ki, bu problem ümummilli lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də daim diqqət mərkəzində olmuş, son 7 ildə qarşıda duran prioritet məsələlərdən biri kimi bu istiqamətdə ardıcıl, məqsədyönlü tədbirlər həyata keçirilmişdir.

Bu gün xatırlatmaq yerinə düşər ki, qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı son 7 ildə Azərbaycan Respublikasının Prezidenti 26 fərman və sərəncam imzalamış, I Dövlət Proqramı və ona Əlavələr təsdiq edilmiş, bu sənədlərin icrası ilə əlaqədar Nazirlər Kabinetinin 87 qərar və sərəncamı verilmiş, Milli Məclisdə 1 qanun qəbul olunmuş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə qaçqın və məcburi köçkün probleminə həsr olunan beynəlxalq konfrans və iki geniş müşavirə keçirilmişdir. O cümlədən 2010-cu ilin on bir ayında Azərbaycan Respublikasının Prezidenti 1 fərman, 2 sərəncam imzalamış, Nazirlər Kabineti 8 qərar və sərəncam qəbul etmişdir.

Ulu öndərin siyasi kursunu ardıcıl davam etdirən Prezident İlham Əliyev son 7 ildə 17 dəfə, o cümlədən 2010-cu ildə 4 dəfə məcburi köçkünlərlə şəxsən görüşmüşdür. Hələ 2003-cü il oktyabrın 1-də prezident seçkiləri ərəfəsində ilk görüşünü Biləsuvar rayonu ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbələrdə keçirən cənab İlham Əliyev "ölkədə bir dənə də çadır düşərgəsi qalmayacaq", - deyə bəyan etmişdi. Ölkə başçısının bu vədi vaxtından bir il əvvəl yerinə yetirilmiş və çox acınacaqlı şəraitdə yaşayan məcburi köçkünlərin çadır həyatına son qoyulmuş, onlar müasir standartlara uyğun, tam infrastruktura malik yeni qəsəbələrə köçürülmüşlər.

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"nın, 2007-ci il 31 oktyabr tarixli sərəncamla həmin Dövlət Proqramına edilmiş Əlavələrin icrası, həmçinin 2007-ci il sentyabrın 4-də Prezidentin yanında qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı keçirilmiş müşavirədə ölkə başçısı tərəfindən qarşıya qoyulmuş vəzifələrin, habelə bu sahədə mövcud olan normativ hüquqi sənədlərin yerinə yetirilməsi 2010-cu ildə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin fəaliyyətinin əsas istiqamətlərindən olmuşdur.

2010-cu ildə qaçqınların və məcburi köçkünlərin sosial problemlərinin yüksək səviyyədə həllini statistik rəqəmlər əyani təsdiqləyir. Başa vurmaqda olduğumuz ildə bu istiqamətdə 336,9 milyon manat vəsait sərf edilmişdir (204,9 milyon manat büdcə, 105 milyon manatı Dövlət Neft Fondunun, 27 milyon manatı isə beynəlxalq humanitar və inkişaf təşkilatlarının vəsaiti). Büdcədə nəzərdə tutulmuş vəsaitdən 186,0 milyon manat cari ilin 11 ayı ərzində artıq təyinatı üzrə xərclənmişdir.

Ölkə başçısının yeni tikilən şəhərciklərə vaxtaşırı baş çəkməsi, yaradılan şəraitlə ciddi maraqlanması məcburi köçkünlərin ürəyindən olmuşdur. Cənab İlham Əliyevin 2010-cu il fevralın 27-də Qəbələ rayonu ərazisində 155 məcburi köçkün ailəsi üçün tikilmiş iki beşmərtəbəli binanın açılış mərasimində iştirakı əsl bayram ovqatı yaratmışdı.

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva 2010-cu il noyabrın 10-da Yevlax şəhərində məcburi köçkünlər üçün inşa edilmiş yaşayış binaları kompleksinin açılış mərasimində də iştirak etmişlər. Xatırladaq ki, "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"na əsasən, yaradılmış kompleksin tikintisinə 2010-cu ilin aprelində başlanmışdı. Binaların yerləşdiyi ümumi ərazi 10 hektardır. Beşmərtəbəli 10 binada bir, iki, üç və dördotaqlı 615 mənzil vardır. Bu mənzillərdə şəraiti dözülməz olan ictimai obyektlərdə, yarımçıq tikililərdə müvəqqəti məskunlaşan məcburi köçkünlər yerləşdirilmişdir. Mənzillərdə normal kommunal şərait yaradılmış, ərazidə klub-icma mərkəzi, inzibati bina inşa edilmişdir. Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun sifarişi ilə yaradılan məhəllədə geniş abadlıq və yaşıllaşdırma işləri görülmüşdür. Burada 50 yerlik uşaq bağçası, 440 yerlik məktəb binası, qazanxana, nasosxana, transformator yarımstansiyası tikilmiş, mənzillərə telefon, su və qaz xətləri çəkilmişdir. Məhəllədə dörd subartezian quyusu qazılmış, iki su anbarı tikilmiş, ümumi uzunluğu 2 kilometrdən çox olan asfalt-beton yol salınmışdır.

Ölkə başçısı cənab İlham Əliyevin və xanımı Mehriban Əliyevanın 2010-cu il noyabrın 11-də Füzuli rayonuna səfər çərçivəsində Horadiz Olimpiya İdman Kompleksinin açılış mərasimində iştirakı ilin yaddaqalan hadisələrindəndir. Tikintisinə 2009-cu ilin fevralında başlanmış kompleks 5 hektar sahəni əhatə edir. Burada 30 yerlik mehmanxana, basketbol meydançası, 500 yerlik əl oyunları zalı, tennis kortu, avtomobil dayanacağı vardır. Olimpiya İdman Kompleksinə həmçinin soyunub-geyinmə otaqları, duşxana, sauna və masaj otaqları, tibb məntəqəsi, bufet, inzibati otaqlar və yataq otaqları daxildir. Kompleksin ərazisində su anbarı, su çəni qülləsi, elektrik yarımstansiyası da inşa olunmuşdur. Kompleksdə həmçinin 1860 tamaşaçı yeri olan futbol meydançası gənclərin ixtiyarına verilmişdir.

2010-cu il noyabrın 11-də Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Ağdam rayonunda 689 məcburi köçkün ailəsi üçün salınmış yeni qəsəbənin açılış mərasimində iştirak etmişlər. Qəsəbədəki evlərin ümumi sahəsi 37 min 187 kvadratmetrdir. Hər bir evin 6 sot torpaq sahəsi vardır. Qəsəbədə 1000 kilovatlıq transformator quraşdırılmış, elektrik hava xətləri çəkilmişdir. Qəsəbəyə 20 kilometr içməli su xətti, 34 kilometrə yaxın qaz xətti çəkilmiş, 4 qaztənzimləyici məntəqə quraşdırılmışdır. Burada müasir standartlara cavab verən yol infrastrukturu, sahəsi 1,7 hektar olan park yaradılmışdır. Qəsəbənin ərazisində həmçinin 50 yerlik uşaq bağçası, ayrıca inzibati bina və müxtəlif yığıncaqların keçirilməsi üçün 152 yerlik iclas zalı olan klub-icma mərkəzi də inşa edilmişdir.

Oxucuların diqqətinə daha bir neçə önəmli faktı çatdırmaq istərdim. 2010-cu ildə Biləsuvar rayonu ərazisində Cəbrayıl Rayon İcra Hakimiyyətinin inzibati binasının tikintisi başa çatdırılmışdır. Hazırda binanın otaqlarının mebel və avadanlıqlarla təchizatına başlanmışdır. Bakı şəhərində təcili yerləşdirilməsinə zərurət yaranmış 70 ailə üçün 2010-cu ildə Abşeron rayonunun Ramana qəsəbəsində beşmərtəbəli yaşayış binasının tikintisi başa çatdırılmış və məcburi köçkünlərə təhvil verilmişdir. Həmçinin Naftalan şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə əlaqədar Goranboy rayonu ərazisində 164 məcburi köçkün ailəsi üçün 60 və 45 mənzilli 3 beşmərtəbəli yaşayış binasının tikintisi başa çatmış, hazırda Dövlət Qəbul Komissiyasının Aktı rəsmiləşdirilir. Məktəb, uşaq bağçası və mühəndis kommunikasiyalarında işlər davam edir.

Son vaxtların ürəkaçan statistikası məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması ilə bağlı həyata keçirilən tədbirləri bütün təfərrüatı ilə əhatə edir. İmişli rayonunun inzibati ərazisində 500 məcburi köçkün ailəsi üçün qəsəbə salınması məqsədilə 100 hektar torpaq sahəsi ayrılmasını, Mingəçevir şəhərində (502 ailə üçün 8,0 ha) ayrılmış torpaq sahəsinə texniki şərtlərin alınmasını və layihə-smeta sənədlərinin hazırlanmasını, Şəki şəhərində (423 ailə üçün 84,0 ha) ayrılmış torpaq sahəsində mühəndis-axtarış işlərinin başa çatmasını, Ağcabədi rayonunda (rayondakı fin qəsəbələrində məskunlaşmış 994 və məktəb binalarında məskunlaşmış 114 məcburi köçkün ailələri üçün cəmi - 1108 ailə): bundan Laçın rayonundan olan 552 ailə üçün yeni qəsəbənin salınması, digər rayonlardan olan 556 ailə üçün çoxmərtəbəli evlərin tikintisi) ayrılmış torpaq sahəsinə texniki şərtlər alınmasını, "Azərdövləttikintilayihə" DLİ ilə hər iki obyekt üzrə müqavilələr bağlanmasını yada salmaq yerinə düşərdi.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi hissələrinə məxsus binalarda müvəqqəti məskunlaşmış və köçürülməyə ehtiyacı olan 1410 ailə üçün zəruri sosial-texniki infrastrukturu olan yeni mikrorayonun layihələndirilməsi və tikintisi ilə bağlı Bakı şəhəri Qaradağ rayonunun inzibati ərazisindəki 14 nömrəli qış yatağından 22,0 hektar torpaq sahəsi ayrılmışdır. "Azərsu" ASC, "Azəriqaz" İB və "Azərenerji" ASC-dən texniki şərtlər alınmış və Bakı Şəhər İcra Hakimiyyətinə inşaat pasportunun hazırlanması üçün müraciət edilmişdir.

Balakən rayonundakı məktəb binalarında müvəqqəti məskunlaşmış 43 məcburi köçkün ailəsi üçün beşmərtəbəli evin tikintisi məqsədilə torpaq sahəsi ayrılmış, Ağdam rayonunun "Dördyol"adlanan ərazisində yeraltı qazmalarda, qamış və çiy kərpic daxmalarda ağır şəraitdə yaşayan 932 məcburi köçkün ailəsinə həmin rayonun Bənövşələr (30 hektar) və İmamqulubəyli (70 hektar) qəsəbələri ərazisində torpaq sahələri ayrılmışdır.

Qəbələ rayonunun Zarağan kəndində kimyəvi maddələr tullantısı olan ərazidə yerləşən keçmiş sovet ordusunun hospitalında müvəqqəti məskunlaşmış 40 ailənin köçürülməsi ilə əlaqədar kənd bələdiyyəsi tərəfindən ayrılmış ərazidə 155 məcburi köçkün ailəsi üçün iki beşmərtəbəli binanın tikintisi nəzərdə tutulurdu. Bir beşmərtəbəli, 40 mənzilli binanın inşası artıq başa çatdırılmışdır. Beyləqan rayonu ərazisində Xocavənd Rayon İcra Hakimiyyətinin inzibati binasının tikintisi üçün torpaq sahəsi ayrılmış, layihə-smeta sənədlərinin tərtibatı başa çatdırılmış, Dövlət Baş Ekspertiza İdarəsinə təqdim edilmişdir. Bakı Dövlət Universitetinin 7 yataqxanasında məskunlaşmış 758 məcburi köçkün ailəsi tezliklə Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində tikiləcək çoxmərtəbəli yaşayış evlərinə köçürüləcək.

Azərbaycan dövləti qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitini yaxşılaşdırmaqla bərabər onların işlə təmin olunmasına da xüsusi qayğı göstərir. 2010-cu ildə 1935 nəfər, o cümlədən məcburi köçkünlərin sıx müvəqqəti məskunlaşdıqları ərazilərdə 735 nəfər, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun struktur bölmələri ilə qarşılıqlı fəaliyyət nəticəsində isə 1200 nəfər daimi işlə, 4458 nəfər isə mövsümi işlə təmin olunmuşdur. Bundan əlavə, 107 nəfərə işsiz statusu verilmiş, 125 nəfərə işsizlik müavinəti təyin edilmişdir. 320 nəfər əmək bazarının müasir tələbləri əsasında peşə hazırlığı kurslarına, 360 nəfər isə haqqı ödənilən ictimai işlərə cəlb olunmuşdur.

Əvvəllər büdcədən maliyyələşdirilən müəssisələrdə çalışmış və işlə təmin olunmamış 14 min nəfərdən çox məcburi köçkünə orta aylıq əməkhaqqının ödənilməsi davam etdirilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli sərəncamının 2-ci bəndi üzrə komitəyə 544 müraciət (393 müraciət qaçqın və məcburi köçkünlərdən, 151 müraciət isə vətəndaşlardan) daxil olmuş, məcburi köçkünlərin məskunlaşdıqları yerlərdən çıxarılmalarına dair 105 məhkəmə prosesində komitənin nümayəndəsi iştirak etmişdir.

Dövlət investisiya xərcləri hesabına Sabirabad, Saatlı və Ağcabədi rayonlarında məskunlaşmış məshəti türkləri üçün tikintisi yarımçıq qalmış 54 evdə inşaat işləri başa çatdırılmışdır. Məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları 41 obyektdə cari təmir işləri aparılmışdır.

Məcburi köçkünlərin istifadə etdikləri kommunal xərclər üçün 2010-cu ildə təsdiqlənmiş 80,3 milyon manat vəsaitdən cari ilin 11 ayı ərzində 69,0 milyon manatı müəyyən edilmiş normativlər üzrə birbaşa xəzinədarlıq vasitəsilə xidmət təşkilatlarına ödənilmişdir.

2010-cu ildə "Bakıelektrikşəbəkə", "Sumqayıtelektrikşəbəkə" ASC tərəfindən fərdi evlərdə və yığcam yaşayış yerlərində elektrik sayğaclarının quraşdırılması tam başa çatdırılmışdır. "Azəriqaz" İB üzrə Bakı şəhərində və respublikanın digər rayon və şəhərlərində fərdi və yığcam məskunlaşma obyektlərində nəzərdə tutulan sayğacların quraşdırılması tam başa çatmışdır. Müxtəlif rayonlar üzrə məskunlaşma obyektlərinə 29 müxtəlif markalı güc transformatoru, 20 ədəd şkaf KTP, 35 ədəd su nasosu, 1750 metr kabel, 46400 metr elektrik naqili verilmişdir.

Dövlət büdcəsindən 2010-cu il üçün yemək xərci müavinətinin ödənilməsi məqsədilə təsdiqlənmiş 88,8 milyon manat vəsaitdən 66,4 milyon manatı məcburi köçkünlərə bankomatlar vasitəsilə verilmişdir. 80 min məcburi köçkün ailəsinin hər birinə payız-qış mövsümündə (yanvar-fevral aylarında) 40 litr neft paylanmışdır. Nazirlik, komitə, şirkət, konsern və səhmdar cəmiyyətləri tərəfindən bayramlar ərəfəsində məcburi köçkünlərə 2,1 milyon manat həcmində müxtəlif yardımlar göstərilmişdir.

Dünya Bankı və Azərbaycan Hökuməti arasında bağlanmış Kredit Sazişi üzrə 2010-cu il ərzində MKSİF tərəfindən 101 müxtəlif növ icma mikrolayihəsi (mikrolayihələrin ümumi dəyəri 6,731 milyon ABŞ dolları təşkil etmişdir) başa çatdırılmış və bu mikrolayihələrdən 53730 nəfər əhali, o cümlədən 37,8 min nəfər məcburi köçkün faydalanmışdır. Daha 11 mikrolayihənin icrasına başlanmışdır. Hazırda 47 mikrolayihə (mikrolayihələrin ümumi dəyəri 6,494 milyon ABŞ dolları təşkil edir) üzrə satınalma prosedurları aparılır.

Dünya Bankı və Azərbaycan Hökumətinin maliyyə vəsaiti hesabına Azərbaycanın müxtəlif rayon və şəhərlərində 328 nəfər məcburi köçkünə ümumi məbləği 434 min manat təşkil edən mikrokredit verilmişdir. Bu mikrokredit proqramlarından 2,4 min nəfər əhali faydalanmışdır ki, onların 80 faizi, yəni 1900 nəfəri məcburi köçkündür.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya içtimaiyyətinin diqqətinə müntəzəm çatdırılması ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi gündəlik fəaliyyətimizdə mühüm yer tutur. 2010-cu il yanvarın 19-da "Euronews" telekanalının müxbirinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri, 1 milyonadək qaçqın və məcburi köçkünün üzləşdiyi çətinliklər, dövlət tərəfindən sosial problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilmişdir.

2010-cu il yanvarın 20-21-də "Euronews" telekanalının müxbiri Füzuli, Ağdam, Beyləqan və Goranboy rayonlarının ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbələrlə tanış olmuş, məcburi köçkünlərlə görüşüb söhbət etmiş, həmçinin Tərtər və Ağdam rayonlarının təmas xəttindəki hərbi hissələrə baş çəkərək vaxtilə ermənilər tərəfindən işğal olunmuş, sonradan azad edilmiş Şıxarx qəsəbəsində olmuş, dağıdılmış evləri, ermənilərin törətdikləri vəhşilikləri öz gözləri ilə görüb lentə almış, "Dağlıq Qarabağ: Azərbaycandakı qaçqınlar düşərgəsində" adlı reportaj hazırlamışdır. Bu material "Euronews" telekanalında bir neçə gün yayımlanmışdır.

Ölkəmizdə səfərdə olan BMT Baş katibinin məcburi köçkünlərin insan hüquqları üzrə nümayəndəsi cənab Valter Kalin mayın 21-də məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları bölgələrə səfər etmiş, Füzuli rayonunda salınmış Zobucuq qəsəbələrinə havadan baxış keçirmiş, Beyləqan rayonu ərazisində "Xocavənd-500" qəsəbəsində sakinlərlə görüşmüş, Laçın rayonundan olan məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları "Taxtakörpü" ərazisindəki Vağazin obasında yaşayanların həyat şəraiti ilə yaxından tanış olmuşdur.

BMT Baş katibinin müavini xanım Aşa Rouz Migiro Binəqədi rayonunda İdarəetmə və Texnologiya Kollecinin 1 nömrəli yataqxanasında məskunlaşmış məcburi köçkünlərlə görüşmüş, 2 nömrəli Evtikmə Kombinatının ərazisində yeni salınmış yaşayış kompleksində olmuşdur. Fransa Senatının üzvü xanım Natali Quli də bu yataqxanada yaşayanlarla görüşmüş, Xocavənd rayonunun sakinləri üçün Beyləqan rayonu ərazisində salınmış yeni qəsəbəyə baş çəkmişdir. Almaniya KİV-nin təmsilçilərinin məcburi köçkünlərin vəziyyəti ilə yerində tanış olmaq üçün iyunun 7-də Ağcabədi, Ağdam, Tərtər və Yevlax rayonlarına səfərləri təşkil edilmişdir.

Komitə üzrə 20 rayon (şəhər) icra hakimiyyətlərinə 522,3 min manat, qaçqın və məcburi köçkünlərdən daxil olmuş müraciətlər əsasında isə 198 ailəyə 15,2 min manat, cəmi 337,5 min manat məbləğində humanitar yardım ayrılmışdır. Qurban bayramı münasibətilə 18650 ailəyə İslam İnkişaf Bankının xətti ilə 186,5 ton ət payı verilmişdir.

Komitənin nəzdində olan aqrar sənaye və aqrar fermer təsərrüfatları tərəfindən 2010-cu ilin məhsulu üçün əkilmiş 166 hektar sahədən 168 ton taxıl məhsulu yığılmışdır. 2010-cu ilin payız səpini və 2011-ci ilin məhsulu üçün 136 hektar sahədə şum işləri aparılmış, həmçinin 717,8 min manatlıq sənaye məhsulu istehsal edilmişdir.

Qaçqın və məcburi köçkünlərin ərizə və şikayətlərinə vaxtında baxılması, onların arzu və təkliflərinin nəzərə alınması daim diqqət mərkəzindədir. Dövlət Komitəsinin Mərkəzi Aparatında 5353 nəfər vətəndaş qəbul olunmuş, qaçqın və məcburi köçkünlərdən, müxtəlif təşkilatlardan daxil olmuş 28137 yazılı və şifahi müraciətə baxılmış, müraciətlərin 98 faizi icra olunmuş, 69 faizi müsbət həll edilmişdir.

Prezident İlham Əliyev çıxışlarında ölkəmizin ərazi bütövlüyü ilə bağlı dəfələrlə vurğulayıb: "Azərbaycanın işğal olunmuş torpaqları işğalçı qüvvələrdən azad olunmalıdır. Azərbaycanın məcburi köçkünləri öz doğma torpaqlarına qayıtmalıdırlar, o cümlədən Dağlıq Qarabağa qayıtmalıdırlar. Təbii ki, torpaqlarımız sülh yolu ilə azad edilməsə, istənilən vasitə ilə azad ediləcəkdir".

Bu sözlər, həmçinin dövlət başçısının beynəlxalq tədbirlərdəki qətiyyətli bəyanatları öz ata-baba yurdlarından didərgin salınmış insanlarda sabaha ümidi artırır və məcburi köçkünlər inanırlar ki, problemin siyasi həlli sahəsində ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin siyasi səyləri, həyata keçirdiyi qlobal tədbirlər müsbət nəticəsini verəcək və onlar tezliklə öz doğma ata-baba yurdlarına qayıdacaqlar.

 

Əli HƏSƏNOV,

Azərbaycan Respublikası Baş nazirinin müavini,

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə

Dövlət Komitəsinin sədri

 

Azərbaycan.- 2010.- 23 dekabr.- S. 3.