Gələcəyə
böyük inamla
Müasir
Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər
Əliyevin müəyyənləşdirdiyi strategiyanın
Prezident İlham Əliyev tərəfindən uğurla
həyata keçirilməsi Azərbaycanın
qarşısında böyük imkanlar açır. Bu gün müstəqil Azərbaycanın
beynəlxalq aləmdə iqtisadi və siyasi mövqeyini daha da
möhkəmləndirməsi, beynəlxalq qurumların
hesabatlarında islahatçı ölkə kimi yer tutması,
dünyanın nüfuzlu təşkilatlarının
Azərbaycanın mövqeyini dəstəkləyən
qərar və qətnamələr qəbul etməsi bir
həqiqəti ortaya qoyur ki, ölkəmizin seçdiyi yol
düzgündür və bu yol bizi daha uğurlu
gələcəyə aparır.
1993-2003-cü
illər Azərbaycan tarixinə dirçəliş,
tərəqqi, inkişaf dövrü kimi yazılıb.
2003-cü ildən sonrakı dövr isə uğurlu yolun
davamı kimi dəyərləndirilir.
Gündən-günə daha da
qüdrətlənən ölkəmiz, eyni zamanda,
yüksək nailiyyətlərin qazanılmasına əsas
verən Prezident İlham Əliyevin siyasəti barədə
biri-birindən maraqlı, diqqətçəkən
fikirlər söylənilir. Ümumi rəy budur ki, xalqın
etimadını qazanan, hər bir vədini konkret
əməli işi ilə sübut edən dövlət
başçısına milyonların sevgisi şəksizdir. Möhtərəm İlham Əliyev 2003-2008-ci
illər prezidentliyi dövründə hər bir sahədə
həyata keçirdiyi tədbirlər, uğurlu
layihələrlə 2008-ci ilin 15 oktyabr prezident
seçkilərində növbəti beş il
üçün də qələbəsinə zəmin
yaratdı. Xalqımız cənab İlham Əliyevi dəstəkləməklə
xoş gələcəyə səs verdi. Ötən bu
illərdə atılan addımlar onun hər kəsin Prezidenti
olduğunu təsdiqləyir. Kimliyindən, siyasi əqidəsindən,
dini mənsubiyyətindən asılı olmayaraq bütün
azərbaycanlıların problemləri, qayğıları onu
düşündürən başlıca məsələdir.
İnsan amili dövlətin siyasətində öndə
dayanır.
2003-cü
ildə keçirilən andiçmə mərasimində
"Azərbaycanı qüdrətli dövlətə
çevirmək üçün ən başlıcası
ölkədə Heydər Əliyevin siyasəti davam
etdirilməlidir. Mən Azərbaycan xalqına
söz verirəm ki, bu siyasətə sadiq qalacaq, heç vaxt
bu yoldan dönməyəcəyəm" söyləyən
cənab İlham Əliyev "Azərbaycan gələcəkdə
çox zəngin və qüdrətli ölkəyə
çevriləcəkdir" tezisini bəyan edərək,
sonrakı illərdə atdığı addımları
ilə bu vədinə sadiqliyini bir daha nümayiş etdirdi.
Ulu
öndər Heydər Əliyevin ölkə
iqtisadiyyatının inkişafında neft-qaz amilinə
yüksək dəyər verməsi onun uzaqgörən
siyasətinin nəticəsi idi. Bu gün
məhz bu siyasətin uğurlarını yaşayırıq.
Ümummilli liderin uzaqgörən siyasətinin nəticəsi
kimi dəyərləndirilən Dövlət Neft Fondunun
yaradılmasının əhəmiyyəti də həyata
keçirilən işlərin fonunda aydın
görünür. Neft Fondunda
toplanmış neft gəlirlərindən əldə
edilən vəsaitlərin səmərəli istifadə
olunmasına Azərbaycan hökuməti tərəfindən
göstərilən diqqətin təzahürü kimi Prezident
İlham Əliyevin 27 sentyabr 2004-cü il fərmanı ilə
"Neft və qaz gəlirlərinin istifadə olunması
üzrə uzunmüddətli strategiya" təsdiq
edilmişdir. Bu strategiyada vəsaitlərin aktiv
şəkildə, o cümlədən iqtisadiyyatın
qeyri-neft sektorunda, regionların, kiçik və orta
sahibkarlığın inkişafında, yoxsulluğun azaldılması
üzrə tədbirlərin həyata
keçirilməsində, "insan kapitalının"
inkişafında, ölkənin müdafiə qabiliyyətinin
gücləndirilməsində və digər bu kimi
istiqamətlərdə istifadə olunması
nəzərdə tutulur.
Müasir
dövrün tələblərindən biri yüksək
ixtisaslı kadrların hazırlanmasıdır. Avropaya
inteqrasiya siyasətini həyata keçirən Azərbaycan
dövləti dünyanın qabaqcıl ölkələrinin
təcrübəsinin öyrənilməsinə və
tətbiqinə xüsusi maraq göstərir. Dövlət
başçısı İlham Əliyev yüksək
ixtisaslı, yeni texnologiyaların tətbiqini bacaran gənc
mütəxəssislərin yetişdirilməsini
qarşıya ən ümdə vəzifə kimi qoyur. Prezident
İlham Əliyevin fərmanı ilə "2007-2015-ci
illər üçün Azərbaycan gənclərinin xarici
ölkələrdə təhsil almaları ilə
bağlı Dövlət Proqramı"nın
təsdiqlənməsi və uğurla icrası da bu
məqsədə xidmət edir.
Dövlət proqramında qeyd olunduğu kimi,
respublikamızda elm və təhsilin maddi-texniki bazası
və kadr potensialı əsasən XX əsr ərzində
formalaşmışdır. 1970-1980-ci illərdə ulu
öndər Heydər Əliyevin bilavasitə təşəbbüsu
ilə gənclərin kütləvi şəkildə
keçmiş İttifaqın müxtəlif ali məktəblərinə göndərilməsi yüksək
ixtisaslı mütəxəssislərlə təminat
baxımından respublikanın qabaqcıl mövqelərə
çıxmasına imkan yaratmışdı. Ümummilli
lider Heydər Əliyevin əsasını qoyduğu bu
ənənə hazırda Prezident İlham Əliyev
tərəfindən uğurla davam etdirilir.
Dövlət
siyasətinin prioritet istiqamətlərindən birinə
çevrilən təhsilin, elmin inkişafı
sahəsində görülən işlər
davamlılığı ilə diqqəti çəkir. Təhsilin inkişafı ilə bağlı
müxtəlif istiqamətləri əhatə edən 16
dövlət proqramının qəbul olunması və
uğurla icrası, ən ucqar kəndlərdə belə,
məktəb binalarının tikintisi, onların maddi-texniki
bazasının möhkəmləndirilməsi buna əyani
sübutdur.
"Azərbaycan Respublikasında 2009-2015-ci
illərdə elmin inkişafı üzrə Milli
Strategiyanın həyata keçirilməsi ilə bağlı
Dövlət Proqramı"nın təsdiqlənməsi bir daha
dövlətimizin elmin, təhsilin inkişafına xüsusi
diqqət və qayğısının bariz
nümunələrindəndir.
Ulu öndər Heydər Əliyevin siyasi kursunun
layiqli davamçısı Prezident İlham Əliyev bu
sahədə böyük nailiyyətlərin
qazanılmasını, Azərbaycan elminin sıçrayışlı
inkişafını təmin etmək üçün
dövrün yeni şəraitinə uyğun olaraq
islahatların aparılmasını, bu günədək
müxtəlif elm sahələrində
qazanılmış nailiyyətlərin bundan sonra daha da
artırılmasını elmi ictimaiyyətin
qarşısında mühüm vəzifə kimi qoyur.
Bütün
bunlar onu deməyə əsas verir ki, yeni neft
strategiyasının uğurla həyata keçirilməsi
Azərbaycanın maliyyə imkanlarının
möhkəmlənməsinə, digər sahələrin
inkişafına geniş imkanlar açır. Prezident İlham
Əliyev bildirir: "Neft-qaz Tanrıdan verilən böyük
nemətdir. Biz bundan uğurla və məharətlə
istifadə edirik. Amma gec-tez, bu təbii
sərvətlər tükənəcək və bilik,
zəka, səviyyə isə ölkəmizin dayanıqlı
inkişafını uzun illər bundan sonra da təmin edəcəkdir.
Ən yaxşı inkişaf etmiş ölkələrin
təcrübəsinə baxsaq görərik ki, o
ölkənin inkişafında ən aparıcı rol
oynayan neft-qaz deyil, bilikdir, elmi-texniki tərəqqidir, yeni
texnologiyalardır. Biz də buna hazırıq."
Bazar
iqtisadiyyatı yolu ilə irəliləyən, sosial-iqtisadi
proqramların icrası üçün maliyyə
imkanlarını artıran Azərbaycan investisiya
cəlbediciliyinə görə də maraq doğurur. Son on
ildə ölkə iqtisadiyyatına 85 milyard dollar vəsait
qoyulub ki, bunun da 38 milyard dolları neft-qaz sektorunun payına
düşür. Daxili investisiyaların da həcmi
artmaqdadır. Bu, sözsüz ki, dövlətimizin
sahibkarlığın inkişafına diqqət və
qayğısının göstəricisidir. Bu gün
ÜDM-də özəl bölmənin payı 85 faiz
təşkil edir. Qeyri-neft sektorunun
inkişafını dəyərləndirən dövlət
başçısı İlham Əliyev bütün
çıxışlarında bəyan edir ki, əhalinin
sosial müdafiəsinin gücləndirilməsi həyata
keçirilən iqtisadi islahatların əsasında
dayanır. Ötən 7 ildə 900 mindən artıq yeni
iş yerinin açılması işsizlik,
məşğulluq probleminin həllinə öz müsbət
təsirini göstərir. Ölkədə yoxsulluğun
səviyyəsi 49 faizdən 11 faizə enib. Bunlar həm də
onu göstərir ki, hər sahə üzrə qəbul
olunmuş proqramlar uğurla icra edilir.
Azərbaycan hakimiyyətinin daxili və xarici
siyasəti, Azərbaycanın hərtərəfli
inkişafına yönəlmiş davamlı tədbirlər
cəmiyyətin böyük rəğbətinə
səbəb olur. 2005-ci ildən başlayaraq Azərbaycan
iqtisadi artım sürətinə görə dünyada
liderlik edir. İqtisadiyyatın güzgüsü kimi
dəyərləndirilən dövlət büdcəsi son
illərdə on dəfədən çox artıb. Bu
artım dövlət büdcəsindən bu və ya digər
sahələrin inkişafına ayrılan vəsaitlərin
həcmində də özünü qabarıq büruzə
verir. Bütün bölgələrdə təhsil
ocaqları, tibb müəssisələri, istirahət
mərkəzləri, xidmət obyektləri və digər
sosial obyektlər tikilib istifadəyə verilmiş, müasir
standartlara uyğun yenidən qurulmuşdur.
Regionların sosial-iqtisadi inkişafına dair
dövlət proqramlarının yerinə yetirilmə
səviyyəsi ilə yaxından tanış olmaq
məqsədilə mütəmadi respublikanın
bölgələrinə səfər edən dövlət
başçısı İlham Əliyev əhalinin arzu və
istəkləri ilə maraqlanır, təklif və təşəbbüslərinin
reallaşmasını, bununla bağlı lazımi
tədbirlərin görülməsini yerli idarəetmə
orqanlarına əsas vəzifə kimi tapşırır. Bu
gün paytaxt və bölgələr arasında fərqin
aradan götürülməsi də bu inkişafın
göstəricisidir.
Ölkə iqtisadiyyatının inkişafı
üçün əsas amil olan enerji
təhlükəsizliyinin təminatı istiqamətində
də önəmli addımlar atılır. Əsası
ümummilli lider Heydər Əliyev tərəfindən
qoyulmuş yeni neft strategiyasının, bütün dünya
dövlətlərinin marağına səbəb olan enerji
siyasətinin beynəlxalq birlik tərəfindən
dəstəklənməsi Azərbaycana siyasi, iqtisadi dividend
qazandırır.
Enerji
siyasətinin məqsədyönlü, xalqın maraqları
baxımından həyata keçirilməsi əhalinin
yanacağa olan tələbatını tam
ödəməklə Azərbaycanın neft-qaz
ixracatçısı kimi tanınmasında da böyük
imkanlar yaratmışdır. Enerjiyə olan
tələbatını daxili imkanlar hesabına
ödəyən Azərbaycan dünya dövlətlərinin
enerji təhlükəsizliyinin təminatında mühüm
rol oynayır.
"Əsrin müqaviləsi"nin əsas
tərkib hissəsi olan Bakı-Tbilisi-Ceyhan və
Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin
çəkilməsi, eyni zamanda, Qara dəniz sahillərinə
çıxan Bakı-Supsanın istismarı,
Bakı-Novorossiysk xəttinin işə salınması
Xəzər regionunu, daha dəqiq desək, Azərbaycanı
beynəlxalq əməkdaşlıq məkanına
çevirdi.
Neft
strategiyasının uğurla həyata keçirilməsinin
nəticəsidir ki, Azərbaycan yalnız investisiya qoyulan
deyil, eyni zamanda, investisiya yatıran ölkə kimi də
tanınır. Bir məqamı xüsusi qeyd etməliyik ki, iqtisadiyyatın
inkişafına mühüm töhfələr verən
Azərbaycan Dövlət Neft Şirkəti müxtəlif ölkələrdə
investisiya layihələri həyata keçirir. Məlum
olduğu kimi, dövlət başçısı İlham
Əliyev şirkətin qarşısında dünya miqyasında
beynəlxalq və aparıcı şirkətlərin
birinə çevrilmək vəzifəsini qoymuşdur.
ARDNŞ son illərdə sürətlə inkişaf edir.
Şirkət həm maliyyə, həm texniki imkanları
hesabına müstəqil şəkildə kəşfiyyat,
qazma işləri aparır ki, bu da neft-qaz potensialının
artırılmasında vacib amillərdəndir. Dövlət
başçısı İlham Əliyev "Ümid" qaz
yatağının açılması münasibətilə
ARDNŞ rəhbərliyi ilə keçirdiyi
görüşdə bu məsələyə xüsusi
diqqət yönəldərək bildirdi ki, Dövlət Neft
Şirkətinin "Ümid" yatağında öz
hesabına, öz gücü ilə kəşfiyyat
işləri aparmaq barədə təklifi və
təşəbbüsü həm riskli idi, həm də eyni
zamanda, onu göstərirdi ki, biz artıq bunu etməyə
qadirik.
Region, eyni
zamanda, Avropa ölkələrində Azərbaycan Neft
Şirkətinin nümayəndəlikləri fəaliyyət
göstərir. Bu faktlar onu təsdiqləyir ki, ARDNŞ-nin
dünya miqyasında neft şirkətləri arasında öz
reytinqi var. Prezident İlham Əliyevin bildirdiyi kimi,
ARDNŞ-nin gücləndirilməsi həm Azərbaycanın
maraqlarına cavab verir, həm də ölkədə neft-qaz
sənayesinin inkişafı, sosial məsələlərin
həlli üçün çox vacibdir. Bunu
hədəfə alan Dövlət Neft Şirkəti
etibarlı tərəfdaş kimi öz imkanlarını ortaya
qoyur.
Son illərdə Azərbaycanda neft-qaz hasilatı
böyük həcmdə artıb. Əgər 2003-cü ildə neft hasilatı 15,4 milyon ton
idisə, ötən il 50 milyon tondan artıq olmuşdur. 2003-cü
ildə 5,5 milyard kubmetr qaz hasil edilirdi, ötən il bu
göstərici 24 milyard kubmetrə yaxın olmuşdur. Bütün
bunlar proqnozların doğrulacağına inam yaradır.
Belə ki, 2015-ci ildə neft hasilatının 60
milyon tona və qaz hasilatının 34 milyard kubmetrə
çatdırılması proqnozlaşdırılır.
Ölkəmiz
artıq təbii qaz ixracatçısına çevrilib. Azərbaycanın karbohidrogen
ehtiyatlarını nəql edən 7 neft-qaz kəməri var. Dövlət
başçısı İlham Əliyevin qeyd etdiyi kimi:
"Neft-qaz sərvəti nə qədər olursa-olsun,
bunları dünya bazarına çıxarmaq mümkün
olmadığı təqdirdə onun heç bir mənası
yoxdur." Bir sözlə, bu gün Azərbaycanın
neft-qaz sektoru intibah dövrünü yaşayır.
Azərbaycanın
iqtisadi və siyasi mövqeyini möhkəmləndirməsi
ən ağır problemimiz olan Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həllinə də
yol açır. Azərbaycanın haqlı mövqeyini
dəstəkləyən dövlətlərin və
beynəlxalq təşkilatların sayının artması
Prezident İlham Əliyevin qətiyyət və səyinin
nəticəsidir. Cənab İlham
Əliyev ən yüksək tribunalardan Azərbaycanın
dəyişməz mövqeyini bəyan edir. Azərbaycanın ərazi bütövlüyü
danışıqlar mövzusu deyil. Münaqişə
beynəlxalq hüququn norma və
prinsipləri əsasında həllini tapmalıdır. Bu günlərdə NATO-nun Lissabon, eyni zamanda,
ATƏT-in Astana sammitində Ermənistanın
işğalçılıq siyasəti bir daha faktlar
əsasında diqqətə çatdırıldı. Qəbul olunan sənədlərdə
ölkəmizin ədalət prinsiplərinə əsaslanan
mövqeyi öz əksini tapdı. Hərbi-siyasi
təşkilat olan NATO-nun Dağlıq Qarabağ probleminin
nizamlanması prosesinə göstərdiyi diqqət, təbii
ki, Azərbaycan dövlətinin uğurlu xarici siyasətinin nəticəsidir.
Ulu
öndər Heydər Əliyev bildirirdi ki, sülh
danışıqlarını cəsarətli aparmaq
üçün güclü, qüdrətli ordu
gərəkdir. Hər il Silahlı
Qüvvələr günündə keçirilən hərbi
parad bir daha Azərbaycan ordusunun nəyə qadir olduğunu
nümayiş etdirir. Bu gün ordunun
güclənməsi üçün bütün lazımi
tədbirlər görülür, peşəkarlıq
artır. Azərbaycan ordusu ən
yüksək standartlara cavab verir.
Peşəkarlıqla
yanaşı, ordunun maddi-texniki bazası da
möhkəmlənir. Bu istiqamətdə son illər
ərzində böyük işlər görülüb.
Azərbaycanın ümumi hərbi xərcləri son beş ildə 10 dəfədən çox
artmışdır.
Böyük
enerji layihələrinin əsas iştirakçısı
və təşəbbüsçüsü olan Azərbaycan
daha qüdrətli dövlətə çevrilir. Ermənistan
isə öz işğalçılıq siyasəti
nəticəsində bütün iqtisadi layihələrdən
kənarda qalıb, iqtisadi böhran içərisində çabalayır.
Bu gün Azərbaycanın hərbi
büdcəsi Ermənistanın ümumi büdcəsindən
çoxdur.
Azərbaycanda
müasir və çox güclü hərbi sənaye kompleksi
yaradılıb. Müdafiə Sənayesi Nazirliyinin
yaradılması da dövlətin bu sahəyə
göstərdiyi diqqətin bariz nümunəsidir. "Biz istəyirik ki, Azərbaycana lazım olan
hərbi texnika və silah-sursat maksimum dərəcədə
ölkəmizdə istehsal olunsun." Dövlət
başçısı bunun üçün yeni
texnologiyaların gətirilməsinin, peşəkar
mütəxəssislərin hazırlanmasının vacibliyini
önə çəkir. Bu işlərin yüksək
səviyyədə görülməsi üçün
maliyyə də əsasdır. Bütün
bu amillər bu gün ölkəmizdə mövcuddur. İldən-ilə müdafiə sənayesinə
ayrılan vəsaitlər də artır.
"Mən bu
fikirdəyəm ki, ölkəmizin davamlı və
uzunmüddətli inkişafı bütün digər
cəhətlərlə yanaşı, ilk növbədə,
demokratiyanın inkişaf səviyyəsindən və hər
bir vətəndaşın hüquq və
azadlıqlarının təmin edilməsindən
asılıdır" söyləyən Prezident İlham
Əliyev ölkədə insan hüquqlarının, söz,
mətbuat, vicdan azadlığının qorunmasına
xüsusi diqqət və qayğı ilə yanaşır. Ötən
müddət ərzində prezident, parlament,
bələdiyyə seçkiləri, ümumxalq
səsverməsi - referendumun keçirilməsi demokratiyanın
tələblərinə tam uyğun keçirilir.
İnsan
hüquq və azadlıqlarının qorunması
dövlətimizin siyasətinin əsasında dayanır. Ötən
ilin martında keçirilən ümumxalq
səsverməsində Konstitusiyanın 29 maddəsinə
edilən 40-a yaxın əlavə və dəyişikliyin
böyük əksəriyyəti insan hüquqlarının
müdafiəsinə xidmət edir. Konstitusiyaya edilən
əlavəyə əsasən, dövlətin ali
məqsədi insan hüquq və azadlıqlarını
qorumaq, vətəndaşların layiqli həyat
səviyyəsini təmin etməkdir. Prezident
İlham Əliyevin imzaladığı əfv
fərmanlarına əsasən, minlərlə məhbus
azadlığa buraxılıb. Heydər
Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun
xoşməramlı səfiri, Milli Məclisin deputatı
Mehriban xanım Əliyevanın təşəbbüsü
ilə həyata keçirilən amnistiya aktları
minlərlə məhbusa şamil edilib. Bütün
bunlar dövlətin siyasətində insan amilinə necə
yüksək dəyər verildiyini təsdiqləyir.
Demokratik
cəmiyyətin mövcudluğunu təsdiqləyən amillərdən
biri də ölkədə söz, mətbuat
azadlığını təmin etməkdir. Ulu
öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam
etdirən Prezident İlham Əliyev bu sahədə də
atılan addımların davamlılığını
təmin etmək üçün ciddi səylər
göstərir. "Azərbaycan Respublikasında
Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi
Konsepsiyası"nın qəbulu da bu
məqsədə xidmət edir. Konsepsiyaya
uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti
Yanında KİV-nin İnkişafına Dövlət
Dəstəyi Fondunun yaradılması dövlətin mətbuata
hərtərəfli qayğısının daha bir əyani
təzahürü kimi diqqətəlayiqdir. Fondun yaradılmasının əsas məqsədi
azad və müstəqil mətbuatı inkişaf etdirmək,
onu dəstəkləmək, mətbuatın maddi-texniki
bazasının, o cümlədən jurnalistlərin sosial
vəziyyətinin yaxşılaşdırılmasına
xidmət etməkdir. Bu il
Azərbaycan milli mətbuatının 135 illik yubileyinin
dövlət başçısı İlham Əliyevin
sərəncamı ilə ölkəmizdə geniş
şəkildə qeyd olunması da bu diqqət və
qayğının əsas tərkib hissələrindəndir. Möhtərəm
Prezident İlham Əliyevin "Azərbaycan
Respublikasının kütləvi informasiya
vasitələrinə birdəfəlik maliyyə
yardımının göstərilməsi haqqında",
"Mətbuat işçilərinin sosial müdafiəsinin
gücləndirilməsi tədbirləri haqqında", eyni
zamanda, milli mətbuatın inkişafındakı
xidmətlərinə görə jurnalistlərin fəxri
adlarla təltif olunması haqqında sərəncamları
böyük minnətdarlıq hissi ilə
qarşılandı. "Mətbuat
işçilərinin sosial müdafiəsinin
gücləndirilməsi tədbirləri haqqında"
sərəncama xüsusi diqqət çəkmək
istəyirəm. Möhtərəm Prezident
İlham Əliyevin sərəncamı ilə jurnalistlərin
mənzil-məişət problemlərinin həlli
məqsədilə 5 milyon manat məbləğində
vəsaitin ayrılması Azərbaycan mətbuat tarixində
çox böyük bir hadisədir. Ümumiyyətlə,
dünyada analoqu olmayan bir hadisədir.
Mütəmadi olaraq Cənubi
Qafqaz ölkələrində əhalinin prezidentlərinə
etimadını, ölkədəki ictimai-siyasi, iqtisadi durumu
öyrənmək məqsədi ilə sorğu
keçirən ABŞ-ın nüfuzlu "Gallup"
təşkilatının hesabatlarında əksini tapan
statistik rəqəmlərdən də məlum olur ki,
dünya dövlətlərini narahat edən qlobal maliyyə
böhranına baxmayaraq iqtisadiyyatı sürətli, dinamik
və davamlı inkişaf yolu ilə irəliləyən
Azərbaycan aparılan məqsədyönlü islahatlar
nəticəsində qazandığı liderliyini qoruyub
saxlayır.
Prezident İlham Əliyevin Rusiyada təsis edilmiş
"İlin adamı-2009" qran-pri mükafatına, eyni
zamanda, Rumıniyada "İlin adamı-2010"
mükafatına layiq görülməsi də
ölkədə ictimai-siyasi, iqtisadi, demokratik islahatların
aparılması və dövlət mənafelərinə
xidmət sahəsində dövlət
başçısının göstərdiyi
səylərin təsdiqidir. Mükafatın
təsisçiləri bildirirlər ki, "İlin
adamı" öz ölkəsinin inkişafının
mühüm meyillərini təcəssüm etdirən, onun
gələcəyini formalaşdıran liderlərdir. Bu
kontekstdə Prezident İlham Əliyev yüksək
qiymətləndirilir.
Bu uğurları yüksək
dəyərləndirən xalqımız yeganə problemimiz
olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin də tezliklə öz müsbət
həllini tapacağına, Azərbaycanın daha böyük
uğurlar əldə edəcəyinə inamlarını
ifadə edir, Prezident İlham Əliyevin ətrafında sıx
birlşərək, həmrəyliyin
sarsılmazlığını nümayiş etdirirlər.
Ulu
öndər Heydər Əliyevin
müəyyənləşdirdiyi siyasi kursu uğurla davam
etdirən Prezident İlham Əliyevin son yeddi ildə
gördüyü işləri bir yazıda əhatə
etmək qeyri-mümkündür. Sadalananlar yalnız onların
cüzi bir hissəsidir. Möhtərəm Prezident cənab
İlham Əliyevin qeyd etdiyi kimi, 7 ilin statistikasına baxmaq
kifayətdir ki, Azərbaycanın uğurlu inkişafı
haqqında hər kəsdə aydın təsəvvür
yaransın. Bu günün uğurları isə
gələcəyə daha böyük inamla
irəliləməyə stimul verir.
Vüqar RƏHİMZADƏ,
"İki sahil" qəzetinin
baş redaktoru, əməkdar
jurnalist,
YAP Siyasi Şurasının
üzvü
Azərbaycan.- 2010.- 23 dekabr.- S. 4.