Milli birlik və həmrəylik kursu uğurla davam edir
Xarici ölkələrdə
yaşayan həmvətənlərimizlə
çoxşaxəli münasibətlər qurmaq, onları
ideoloji-siyasi müstəvidə silahlandırmaq və
ümummilli mənafelər uğrunda səfərbər
etmək Azərbaycanın xarici siyasətində daim prioritet
istiqamətlərdən olmuşdur. Bu sahədəki dövlət
siyasətinin məqsədi xaricdə yaşayan
soydaşlarımızın milli
özünəməxsusluğunu təsdiqləmək, qorumaq
və inkişaf etdirmək, onların respublikamızla
əlaqələrini genişləndirmək və digər
hüquqlarını müdafiə etməkdir. Müxtəlif
səbəblərdən xarici ölkələrdə
yaşayan soydaşlarımızla əlaqələrin
genişləndirilməsini vacib məsələ kimi
nəzərdən keçirən Azərbaycan iqtidarı
ölkədəki sosial-iqtisadi inkişaf strategiyasının
mahiyyətinə uyğun olaraq diaspor quruculuğu
sahəsində dövrlə səsləşən
genişmiqyaslı tədbirlərin həyata keçirilməsini
vacib sayır.
Xatırlatmaq lazımdır
ki, 1991-ci ilin oktyabrında canı, qanı bahasına
müstəqillik nemətinə qovuşmuş Azərbaycanda
cəmiyyətin qütbləşərək parçalanması,
milli maraq və mənafelər ətrafında
səfərbər olunmaması, birlik və həmrəylik ideyalarının
özünə yer tapmaması özünü ciddi problem kimi
göstərmiş, milli inkişafı
əngəlləyən amilə çevrilmişdi. Yalnız
1993-cü ildə ümummilli lider Heydər Əliyevin
xalqın təkidli tələbi ilə hakimiyyətə
qayıdışından sonra bu arzuolunmaz vəziyyət aradan
qalxmış, böyük strateq müxtəlif
səbəblərdən Azərbaycanın hüdudlarından
kənarda yaşayan soydaşlarımızın vahid ideologiya
və milli-mənəvi dəyərlər sistemi
ətrafında birləşməsinə, onların malik
olduğu güclü potensialın ümummilli problemlərinin
həllinə yönəldilməsinə xidmət edən bir
sıra tədbirlər həyata keçirmişdir.
Xalqın milli-mənəvi
birliyinin əlamətdar rəmzinə çevrilmiş 31
dekabr tarixinin Dünya Azərbaycanlılarının
Həmrəyliyi Günü kimi hər il yüksək səviyyədə
qeyd olunması da ulu öndərin böyük və
uzaqgörən şəxsiyyət olduğunu bir daha
təsdiqləyir. Məhz Heydər Əliyevin
təşəbbüsü ilə Naxçıvan Muxtar
Respublikası Ali Məclisi 1991-ci il dekabrın 16-da
"Dünya Azərbaycanlılarının həmrəylik və
birlik günü haqqında" qərar qəbul
etməklə yenicə müstəqilliyini elan etmiş
Azərbaycanda milli həmrəylik ideyasının
möhkəmlənməsinə əvəzsiz töhfə
vermişdir.
Ötən illərdə
Azərbaycan dövləti dünya
azərbaycanlılarının potensial imkanlarını
səfərbər etmək, müstəqil dövlət
quruculuğu prosesində meydana çıxan müxtəlif
problemlərin həllinə yönəltmək,
ölkəmizlə daha sıx əlaqələr yaratmaq, milli
birliyə nail olmaq səylərinə xüsusi diqqətlə
yanaşmışdır. Mütəşəkkil diaspor
quruculuğu sahəsində ən mühüm addımlardan
biri isə 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya
Azərbaycanlılarının Birinci Qurultayının
keçirilməsi olmuşdur. Ümummilli lider Heydər
Əliyevin 2001-ci il mayın 23-də imzaladığı
sərəncama əsasən, keçirilmiş bu qurultay
dünyanın müxtəlif ölkələrində yaşayan
soydaşlarımızın və
həmvətənlərimizin müstəqil Azərbaycan
Respublikası ilə əlaqələrinin daha da
möhkəmləndirilməsi, dünya
azərbaycanlıları arasında birliyin, həmrəyliyin
təmin olunması, habelə Azərbaycan icmaları,
cəmiyyət və birliklərinin fəaliyyətinin
gücləndirilməsi və əlaqələndirilməsi
üçün şərait yaratmışdır. Azərbaycanın
beynəlxalq nüfuzunun daha da artırılması,
müxtəlif ölkələrdə dilimizin, tariximizin,
mədəniyyətimizin yüksək səviyyədə
təbliği, Ermənistanın təcavüzkarlıq
siyasətinin ifşası, bədnam erməni lobbisinə
qarşı sistemli və ardıcıl əks-hücumun
təşkili məsələləri qurultayın
qarşıya qoyduğu başlıca vəzifələr kimi
diqqəti cəlb etmişdir.
Qurultaydan sonra Azərbaycan
diaspor hərəkatı tamamilə yeni
mərhələyə qədəm qoymuş, 2002-ci ildə
Xaricdə Yaşayan Azərbaycanlılarla İş
üzrə Dövlət Komitəsi (Diasporla İş
Komitəsi) yaradılmışdır. Belə bir komitənin
yaradılması dünya azərbaycanlılarının
konsolidasiyasında, diaspordan lobbiyə doğru
inkişafında yeni bir mərhələnin
başlanğıcını qoymuşdur. Komitə qısa
müddətdə dünyanın müxtəlif
ölkələrində yaşayan
soydaşlarımızın azərbaycançılıq
ideyası və Azərbaycan dövləti ətrafında
birləşməsi istiqamətində xeyli iş
görməyə müvəffəq olmuşdur. 2002-ci ildə
Milli Məclisdə qəbul olunmuş "Xaricdə
yaşayan soydaşlarımıza dövlət
qayğısı haqqında" qanun isə xaricdəki
azərbaycanlılara dövlət qayğısının
hüquqi əsaslarını
müəyyənləşdirmişdir. Qanuna əsasən,
xaricdə yaşayan, fəaliyyət göstərən
soydaşlarımızın hüquqları Azərbaycan
dövləti səviyyəsində qorunur. Habelə,
imkanlı azərbaycanlıların ölkə
iqtisadiyyatına sərmayə qoyması üçün
qanunda vergi, gömrük güzəştləri
nəzərdə tutulur.
Sevindirici haldır ki,
Heydər Əliyev siyasi kursunun layiqli davamçısı -
Azərbaycan Prezidenti İlham Əliyev ümummilli liderin
diaspor quruculuğu sahəsindəki fəaliyyətini ötən
7 ildə inamla davam etdirir. Dövlət
başçısı daim bildirir ki, yalnız güclü
diaspora malik xalqlar xarici siyasətdə mühüm uğurlar
qazanır, dünya miqyasında mənafelərini hər zaman
layiqincə qoruyur, ümummilli problemlərinin həllinə
nail olur, öz dilini, mədəniyyətini,
incəsənətini, tarixini lazımi səviyyədə təbliğ
edirlər. Azərbaycan Prezidenti İlham Əliyev 2004, 2006
və 2008-ci illərdə ölkə diplomatlarının
iştirakı ilə Xarici İşlər Nazirliyində
keçirdiyi geniştərkibli müşavirələrdə
diaspor quruculuğu işini xarici siyasət sahəsində
prioritet istiqamətlərdən biri kimi
qiymətləndirmiş, bu sahədə
fəallığın artırılması vacibliyini
önə çəkmişdir: "Xaricdə yaşayan
azərbaycanlılar bu və digər məsələlərdə
səfirliklərə öz köməyini göstərə
bilərlər. Mən, demək olar ki, səfər etdiyim
əksər ölkələrdə Azərbaycan diasporunun
nümayəndələri ilə görüşlər
keçirmişəm. Biz, bir tərəfdən, onları
qorumalıyıq, müdafiə etməliyik.
Çalışmalıyıq ki, onlar yaşadıqları
ölkələrin bütün təbəqələrində
təmsil olunsunlar. Həm icra orqanlarında, həm
qanunvericilik orqanlarında, həm də biznes sahəsində
onların mövqeləri daha da güclənsin. Yəni, bu,
bizim vəzifəmizdir. Eyni zamanda, onlar da öz doğma
vətənlərinə xidmət etməli, kömək
göstərməlidirlər. Ona görə də
səfirliklər Xarici Ölkələrdə Yaşayan
Azərbaycanlılarla İş üzrə Dövlət
Komitəsi ilə sıx əlaqədə olmalıdırlar
və xaricdə yaşayan soydaşlarımızla
işlər daha yüksək səviyyədə
qurulmalıdır".
Son 7 ildə bu yöndə
ardıcıl və sistemli tədbirlərin həyata
keçirilməsini təmin edən cənab İlham
Əliyev müxtəlif ölkələrə səfərləri
çərçivəsində soydaşlarımızla
keçirdiyi görüşlərdə milli diaspor
təşkilatlarının vahid, mütəşəkkil
qüvvə kimi təşkilatlanması zərurətini
önə çəkmiş, bunun ideoloji-siyasi
konturlarını müəyyənləşdirmişdir. 2006-cı
ilin martında dövlət başçısının
təşəbbüsü ilə Dünya
Azərbaycanlılarının II Qurultayının
keçirilməsində məqsəd hesabat
dövründə diaspor quruculuğu istiqamətində
görülmüş işləri
dəyərləndirmək, habelə xaricdə yaşayan
soydaşlarımızın üzləşdiyi problemləri,
yaşadıqları ölkələrin iç
siyasətinə təsir imkanlarını öyrənmək,
onların tarixi Vətənlə daha geniş
əlaqələrinin qurulmasına xidmət edən
tədbirlərin hazırlanmasını təmin etmək
olmuşdur.
Dövlət
başçısı diaspor və lobbi quruculuğu
sahəsində türkdilli xalqların səylərinin
birləşdirilməsini də vacib sayır. 2007-ci ilin mart
ayında Bakıda Azərbaycan və türk diaspor
təşkilatlarının I Forumunun keçirilməsi də
iki qardaş və dost ölkənin xaricdəki diaspor
təşkilatları qarşısında duran strateji
vəzifələri müzakirə etmək, bu sahədə
fəaliyyətin səmərəli koordinasiyasına nail olmaq
məqsədi daşımışdır. Qurultayda
Azərbaycan və Türkiyənin diaspor
təşkilatlarının daha sıx
əməkdaşlıq etməsini, bədnam erməni
lobbisinə qarşı fəal mübarizə aparmasını
nəzərdə tutan bir sıra razılaşmalar,
bəyanatlar qəbul olunmuşdur.
2009-cu ilin
oktyabrında Bakıda Türkdilli Ölkələrin Parlament
Assambleyasının birinci sammitinin keçirilməsi isə
ümumtürk birliyinin möhkəmləndirilməsi
istiqamətində həyata keçirilən məqsədyönlü
strategiyanın uğurlu davamı olmuşdur. Türkdilli
ölkələrin dövlət
başçılarının ötən ilin oktyabrında
Naxçıvanda keçirilmiş IX zirvə
görüşü Türkiyə, Azərbaycan, Qazaxısan
və Türkmənistan arasında münasibətlərin
keyfiyyətcə yeni mərhələdə intensiv
inkişafı, ümumi səylərin vahid
məqsədlər naminə səfərbər olunması
baxımından mühüm nəticələrlə yadda
qalmışdır. İmzalanmış Naxçıvan
Bəyannaməsinə görə, Türkdilli
Ölkələrin Əməkdaşlıq
Şurasının yaradılması həm də diaspor və
lobbi quruculuğu sahəsində vacib strategiyanın
müəyyənləşdirilməsi məqsədinə
xidmət etmişdir. Nəhayət, türkdilli
ölkələrin dövlət başçılarının
bu ilin sentyabrında İstanbulda keçirilmiş zirvə
toplantısında türk xalqlarının ideya və
məqsəd birliyi yönümündə ciddi
razılaşmalar əldə olunmuşdur.
Xüsusi
vurğulamaq istərdim ki, rəhbəri olduğum
"Azərbaycanlıların və digər Türkdilli
Xalqların Əməkdaşlıq Mərkəzi"
(ATXƏM) İctimai Birliyi də türkdilli xalqlar arasında
hərtərəfli inteqrasiyanın təmin olunmasına,
habelə iqtisadi-siyasi və mədəni əməkdaşlığın,
diaspor əlaqələrinin dərinləşməsinə
çalışır. Təşkilat türk
dövlətlərinin siyasi, mənəvi və mədəni
birliyinə xidmət edən müxtəlif səmərəli
təşəbbüslərlə çıxış edir,
mühüm tarixi günlərlə bağlı
mədəni-kütləvi tədbirlər keçirir. Eyni
zamanda, xarici ölkələrdəki Azərbaycan diasporu
ilə əlaqələrin genişləndirilməsi,
respublikamızın beynəlxalq miqyasda təbliğinə
xidmət edən birgə mədəni-kütləvi
tədbirlərin keçirilməsi istiqamətində
tədbirlər görülür.
ATXƏM-in
də fəal təşəbbüsü əsasında 2010-cu
il dekabrın 25-27-də Ukraynanın paytaxtı Kiyev
şəhərində Dünya
Azərbaycanlılarının Həmrəylik Günü
ərəfəsində bir sıra silsilə tədbirlər
keçiriləcəkdir. Bu tədbirlərdə
Azərbaycanın dövlət və hökumət
qurumlarının təmsilçilərinin, Ukraynada
fəaliyyət göstərən diplomatik korpus
nümayəndələrinin, QHT rəhbərlərinin və
alimlərin iştirakı nəzərdə tutulmuşdur.
Dekabrın 25-də Ukraynadakı Heydər Əliyev
Mərkəzi, Azərbaycanlılar Konqresi və ATXƏM-in
təşkilatçılığı ilə ulu
öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş
güləş turniri, dekabrın 27-də isə Ukrayna Milli
Elmlər Akademiyasının M.Hruşevskiy adına
Əlyazmalar İnstitutunun təşkilatçılığı
ilə "Ukrayna Doğu bilimi: metodoloji
məsələlər, araşdırmalar,
mədəniyyətlərarası dialoq" mövzusunda
beynəlxalq elmi simpozium keçiriləcəkdir.
Diaspor
quruculuğu işi konkret zamanla məhdudlaşmır, daimi
fəallıq, zəhmət tələb edir. Əsas
məsələ odur ki, xaricdəki Azərbaycan diasporunun
imkanlarından geniş istifadə olunması, ölkə
həyatının müxtəlif sahələrində meydana
çıxan problemlərin həllində onun fəal
iştirakının gerçəkləşdirilməsi
istiqamətində ardıcıl dövlət siyasəti
həyata keçirilir. Azərbaycan Prezidenti İlham
Əliyevin bu sahədə sistemli və
məqsədyönlü siyasət aparması deməyə
əsas verir ki, yaxın illərdə Azərbaycan diasporu daha
da güclənəcək, ölkənin taleyüklü
problemlərinin həllində fəal iştirak
edəcəkdir.
İlham İSMAÜILOV,
Azərbaycanlıların və
digər Türkdilli Xalqların
Əməkdaşlıq
Mərkəzi
İctimai Birliyinin sədri
Azərbaycan.- 2010.- 23 dekabr.- S. 5.