İnformasiya
texnologiyalarının modernləşdirilməsi
Azərbaycanın rəsmi statistikasında
Müasir
cəmiyyət informasiya cəmiyyətidir və bu
cəmiyyətdə informasiya məkanını
statistikasız təsəvvür etmək mümkün deyil.
Dünyada baş verən mürəkkəb prosesləri
təhlil etmək üçün siyasətçilər,
iqtisadçılar da, elm adamları da bu gün daha tez-tez
statistikaya müraciət etməli olurlar.
Prezident
İlham Əliyevin rəhbərliyi ilə ölkə
iqtisadiyyatı və sosial həyatının bütün
sahələrində çox uğurla həyata
keçirilən islahatlar statistikadan da yan
keçməmişdir. Dövlət
başçısının təsdiq etdiyi "2008-2012-ci
illərdə Azərbaycan Respublikasında rəsmi
statistikanın təkmilləşdirilməsinə dair
Dövlət Proqramı"nı buna misal göstərmək
olar. Həmin proqramın təsdiq edildiyi vaxtdan artıq 3 il
keçir. Bəs bu müddətdə proqramın yerinə
yetirilməsi ilə bağlı nə kimi işlər
görülmüşdür? Bu məqalədə həmin
proqram çərçivəsində indiyədək
görülən işlər və günün ən aktual
məsələsi olan və eyni zamanda "Azərbaycan
Respublikasında rabitə və informasiya
texnologiyalarının inkişafı üzrə 2010-2012-ci
illər üçün Dövlət Proqramı" (Elektron
Azərbaycan) ilə tam uzlaşan informasiya
texnologiyalarının modernləşdirilməsinə qısa
olaraq nəzər salaq.
İnformatizasiya dövründə statistik məlumat
istifadəçiləri tərəfindən informasiyaya dair
irəli sürülən tələblərin
ödənilməsi statistik məlumat istehsalının
bütün proseslərinin, hesablama və
şəbəkə infrastrukturunun
modernləşdirilməsini zəruri edir. Müasir
istifadəçi ənənəvi kağız
daşıyıcıları üzərində ona təqdim
edilən məlumatla kifayətlənməyərək
nəinki həmin məlumatın elektron variantını,
hətta metaməlumatların elektron bazasına və sair
elektron resurslara girişi, bu resurslarla işləmək
imkanlarının ona təqdim edilməsini tələb
edir. Bu çağırışlara cavab
vermək üçün ölkə statistika sistemində
vahid informasiya sistemi çərçivəsində
görüləcək işlər informasiya texnologiyalarının
sürətli modernləşdirilməsini, bu isə, öz
növbəsində müasir texniki, proqram-texnoloji
vasitələrin və telekommunikasiya sistemlərinin
əldə edilməsi və tətbiqini şərtləndirir.
İnformasiya texnologiyalarının
modernləşdirilməsinin əsas məqsədləri statistik
məlumatın keyfiyyətinin artırılması,
məlumatın işlənməsi və təhlilinə
sərf edilən vaxtın azaldılmasından,
istifadəçilərin artan tələbatının
informasiya texnologiyaları sahəsində qabaqcıl dünya
təcrübəsi əsasında
ödənilməsindən, habelə sahibkarlıq
subyektlərinə düşən informasiya yükünün
azaldılmasından ibarətdir.
"2008-2012-ci illərdə Azərbaycan
Respublikasında rəsmi statistikanın
təkmilləşdirilməsinə dair Dövlət
Proqramı"nın İKT-nin
modernləşdirilməsinə həsr olunmuş
tədbirlərin icrasının məntiqli sonu rəsmi
statistikanın vahid informasiya sisteminin (VİS)
yaradılmasıdır. Bu da məlumatlarının
toplanması, işlənməsi, saxlanması və
yayımı proseslərinin avtomatlaşdırılmasına
dair yeni yanaşmaları və bir sıra tədbirlərin
həyata keçirilməsini nəzərdə tutur.
Beləliklə, dövlət statistika
orqanlarının tarixində ilk dəfə olaraq statistik
informasiya sisteminin inkişafı məsələsini müasir
məlumat bazalarının idarə edilməsi sistemləri,
internet texnologiyaları və telekommunikasiya vasitələri
əsasında kompleks həlli üçün real imkanlar
yaranmışdır.
VİS 5 hissədən
ibarət olacaqdır:
1. Statistik
metaməlumatların altsistemi;
2. İlkin statistik
məlumatların yığılması və
işlənməsi altsistemi;
3. Statistik məlumatların
saxlanması altsistemi;
4. Statistik məlumatların
təhlili və yayılması altsistemi;
5. İnformasiya
təhlükəsizliyinin təmin edilməsi altsistemi.
Bu ierarxik
quruluş statistik istehsalın bütün
mərhələlərində vahid yanaşmanı təmin
edəcəkdir.
Göründüyü
kimi, vahid informasiya sisteminin əsasını statistik metaməlumatlar
təşkil edir. Metaməlumat və statistik metaməlumat
dedikdə nə başa düşülür və bu
anlayışlar arasında fərq varmı? Metaməlumat - digər məlumatı təyin və
təsvir edən məlumatdırsa, statistik metaməlumat -
təsvir edilən obyektlər üzrə zəruri
sənədləri və məlumatları özündə
əks etdirən statistik məlumat haqqında
sistemləşdirilmiş məlumatdır. İlk
baxışdan oxşarlıq olsa da fərq var. Misal
üçün, ikinci halda "istehlak qiymətləri 5%
artmışdır" ifadəsi bu rəqəmin necə
əldə olunması - müşahidə edilən
malların (xidmətlərin) sayı və adı, hesablanma
üsulu, istifadə edilən təsnifat və s. zəruri,
sistemləşdirilmiş məlumatla avtomatik rejimdə
müşayiət olunur.
Beləliklə,
statistik metaməlumatlar sistemi - statistik metaməlumatlardan
istifadə edən, onları saxlayan və istehsal edən
məlumatların işlənməsi sistemidir. Burada
"sistem" dedikdə, metaməlumatların idarə
edilməsində iştirak edən insanlar, proseslər və
texnologiyalar başa düşülür. Bu
sistemin məlumatlarından səmərəli istifadəni
təmin etmək üçün 2001-ci ildə bir
neçə beynəlxalq təşkilat (BMT, BVF,
İƏİT, Dünya Bankı, Avrostat) Statistik məlumatlar
və metaməlumatların mübadiləsinə (SDMX-ing.) dair
birgə təşəbbüslə çıxış
etdilər. Bundan məqsəd-müasir
texnologiyalardan istifadə etməklə milli statistika
orqanlarının işinin səmərəliliyini artırmaq
və mübadilə zamanı təkrarçılığa
yol verilməməkdir. 2008-ci ilin
fevralında BMT-nin Statistika Komissiyası SDMX-ni məlumatlar
və metaməlumatların yayılması sahəsində
standart kimi qəbul etmiş və bütün
ölkələrin statistika orqanlarını bu standarta
qoşulmağa çağırmışdır.
Əvvəllər
metaməlumatlar sisteminin yeganə vəzifəsi rəsmi
statistikanın istehsalı prosesinə dəstək
verməkdən ibarət olsa da, hazırda, müasir statistikada
statistik metaməlumatlar sistemi milli statistika sisteminin
səmərəliliyinin atributuna çevrilmişdir. Odur ki,
metaməlumatlar sistemini yaratmadan bütün statistik sistemin
modernləşdirilməsindən danışmaq mümkün
deyil.
Metaməlumatlar
bazası Vahid İnformasiya Sistemi daxilində
işlənəcək statistik məlumatların müqayisəliliyini
və bir-birilə uzlaşdırılmasını təmin
edir. Bunun üçün VİS çevik, dolğun,
aktual olmalı və tərkib elementləri bir-birinə zidd
olmayan şəkildə fəaliyyət
göstərməlidir.
Statistika sistemində Vahid
İnformasiya Sisteminin yaradılması
mərhələlərlə həyata keçirilir: I
mərhələ - sistemin fəaliyyət göstərməsi
texnologiyasının işlənib hazırlanması; II
mərhələ - proqram təminatının hazırlanması,
VİS-in hər bir tərkib elementi üzrə sınaq
işlərinin aparılması; III mərhələ -
yaradılan resursların kompleks şəkildə
nizamlanması və onların bütün mərhələ
və səviyyələrdə fəaliyyət
göstərməsinin qarşılıqlı
əlaqəsinin təmin edilməsi.
VİS-in vacib
tərkib elementlərindən biri ilkin statistik
məlumatların yığılması və
işlənməsi altsistemidir. Respondentlərdən
ilkin məlumatların toplanması işi texnoloji prosesin
ən əməktutumlu mərhələsidir. Dövlət
proqramı çərçivəsində son illərdə
statistika sistemində ilkin məlumatların toplanması
texnologiyasında köklü dəyişikliklərə nail
olunmuşdur. Belə ki, ilkin statistik hesabatlar
Komitənin aparatına və Baş Hesablama
Mərkəzinə elektron poçt sistemi vasitəsi ilə
daxil olur, kağız hesabatlar isə yerli statistika
orqanlarında qalır. Dövlət
Statistika Komitəsinin azstat.org poçt serveri
yaradılmış və məlumat mübadiləsi bu server
vasitəsi ilə həyata keçirilir. Əvvəllər
müxtəlif serverlərdə, o cümlədən başqa
dövlətlərin serverlərində yerləşməsi
səbəbindən yerli statistika orqanlarının poçt
ünvanları arasında yaranan sistem xüsusiyyətləri,
məlumatın həcmi, təhlükəsizliyi və s. kimi
çatışmazlıqlar aradan
qaldırılmışdır.
Yaxın
gələcəkdə VİS
çərçivəsində yaradılması
nəzərdə tutulan xüsusi altsistemin məqsədi -
ilkin statistik məlumatların respondentlərdən
yığılması (o cümlədən elektron formatda)
və işlənməsinin vahid qaydalar əsasında
həyata keçirməyə imkan verən unifikasiya
edilmiş proqram-texnoloji kompleksin yaradılması və
tətbiqindən ibarətdir. Yaradılacaq altsistem
rəsmi statistika müşahidəsi formalarının
təsvirinin universal qaydalarını, ilkin statistik
məlumatların kompüterlərə daxil edilməsinin
və redaktə olunmasının, nəzarətlərin
təsvirinə dair qaydaların və məlumatlar
üzərində nəzarət protokollarının vahid
prinsiplərini, respondentlərdən daxil olan
məlumatların elektron formatda qəbul edilməsini təmin
edəcəkdir.
Statistika orqanlarına
sahibkarlardan daxil olan məlumatların elektron formata
keçirilməsinin bir çox üstünlükləri
vardır:
- məlumatların
keyfiyyəti xeyli yaxşılaşacaq. Kağız
formada olan hesabatda müxtəlif səbəblərdən bir
çox sahibkarlar səhvlərə yol verirdilərsə,
elektron format bu ehtimalı demək olar ki, istisna edir. Çünki
ilkin məlumatın kompüterlərə daxil etmə
texnologiyasında rəqəmə nəzarətin elə
məcburi funksiyaları nəzərdə tutulur ki,
bütün "süzgəclərdən"
keçmədən hesabatın elektron formatda
göndərilməsi mümkün deyil və deməli,
hesabatların doldurulmasının keyfiyyəti
yaxşılaşacaq;
- ilkin
məlumatın işlənməsinə statistika
orqanlarında sərf edilən vaxt azaldığı
üçün ictimaiyyətə çatdırılan
statistik məlumatlar operativ çatdırılacaqdır ki, bu
da həmin məlumatı daha əhəmiyyətli edir;
- müəssisələrdə
iş vaxtına qənaət olunacaq, sahibkarlara
düşən informasiya yükü azalacaqdır,
çünki hesabatı təqdim etmək üçün
statistika idarələrinə getməyə ehtiyac qalmayacaq;
- blank
məhsulunun hazırlanmasına sərf edilən büdcə
vəsaitinin həcmi azalacaqdır.
Yaradılmasına
artıq başlanmış statistik məlumatların
saxlanması altsistemi ölkə və region
səviyyəsində uzunmüddətli məlumat
bazalarının aparılmasına imkan verəcək
proqram-texnoloji vasitələrin vahid şəklə
salınmış komplekslərdən ibarətdir. İnteqrasiya
olunmuş statistika məhz burada inkişaf edəcək,
statistik vahidlərin fəaliyyətinin kompleks
şəkildə işıqlandırılması
üçün müxtəlif müşahidələr
üzrə toplanan məlumatlar burada
birləşdirilərək təhlil və istifadə
ediləcəkdir.
Statistik məlumatların
saxlanması altsistemi ilkin statistik məlumatların
uzunmüddətli bazasının aparılması
(mikroməlumat bazası), mikroməlumat bazasının
əsasında icmallaşdırılmış
məlumatın, yekun cədvəllərin
formalaşdırılması (makroməlumat bazası),
mövcud məlumat bazalarından qeyri-statistika informasiya
sistemlərində istifadə olunması üçün
(statistik məlumatın ixracı kimi) müxtəlif növ
məlumatın formalaşdırılması, inteqrasiya olunmuş
informasiya resurslarına girişin təmin edilməsi kimi
məsələləri həll edəcəkdir.
VİS
daxilində analitik məsələlərin həlli
üçün inteqrasiya olunmuş
göstəricilərdən səmərəli istifadə
və onların saxlanması uzun müddət saxlanıla bilən
məlumat bazalarının yaradılması əsasında
təşkil olunacaqdır. Bu məlumat
bazalarının texnologiyası bir neçə məlumat bazalarının
birləşdirilməsinə və gələcəkdə
geniş istifadə olunmasına imkan verəcəkdir.
Bu
sahədə artıq müəyyən işlər
görülmüşdür. "Statistik
hesabatların məlumat bazalarının elektron arxivinin
yaradılması qaydaları" təsdıq edilmiş,
statistik məlumatların yığılması üzrə
texnoloji prosesə uyğun olaraq statistik vahidlərdən
yığılan ilkin məlumatlar elektron
daşıyıcılara keçirilərək icmal
məlumatların əldə edilməsi üçün
istifadə edildikdən sonra məlumat bazası yaradılaraq
serverdə saxlanılır. Məlumatın
təhlükəsizliyinin təmin edilməsi məqsədi
ilə arxivləşdirilmiş məlumat bazaları HD tipli
proqram sistemləri vasitəsi ilə daşıyıcılara
köçürülərək digər saxlanc yerinə
aparılaraq qorunur.
Bütün
statistika məlumatı istifadəçilərə operativ
şəkildə və keyfiyyətli çatdırmaq
məqsədilə VİS daxilində statistik
məlumatların təhlili və yayılması altsistemi
də yaradılacaqdır. Buraya aşağıdakılar
daxildir:
1. GİS texnologiyaları. Coğrafi-informasiya texnologiyalarının statistika
təcrübəsinə tətbiqi statistik məlumatın
yayılmasının qayda və üsullarını xeyli
təkmilləşdirəcəkdir. GİS - baş
verən proses və hadisələrə dair informasiyanı
kart və diaqram şəklində təqdim olunması və
təhlili üçün müasir kompüter
texnologiyasıdır. Bu texnologiya məlumat
bazaları ilə aparılan ənənəvi
əməliyyatları kartın məlumat
istifadəçisinə təqdim etdiyi coğrafi təhlil,
vizual müşahidə kimi üstünlüklərini
özündə birləşdirir. Məhz
bu cəhət GİS-i digər informasiya sistemlərindən
fərqləndirir.
2. Statistika orqanlarının
Web-sistemi. Dövlət Statistika Komitəsinin
internet səhifəsi modernləşdirilməli və
dövlət statistika orqanlarının korporativ Web-sistemi
yaradılmalıdır. Korporativ Web-sistemin
yaradılmasının əsas məqsədi - ölkənin
sosial-iqtisadi inkişafını əks etdirən
məlumatlara bütün internet istifadəçiləri
üçün bir nöqtədən daxil olma
imkanının verilməsi, məlumat axtarışı
prosedurunun asanlaşdırılması,
istifadəçilərlə əks əlaqə
imkanlarının təmin edilməsi və s. Komitənin
internet səhifəsinin modernləşdirilməsi yeni stil
və dizaynın işlənməsi, saytın strukturunun
optimallaşdırılması, yeni proqram modullarının
tətbiqi kimi tədbirləri nəzərdə tutur.
3. Hazır
sənədlər bazasının yaradılması. Bu bazanın təyinatı - hazır statistik
məlumatların - cədvəl, qrafik, analitik və metodoloji
materialların müxtəlif formatlarda saxlanması və
yayılmasıdır. Hazır
sənədlər bazasını səciyyələndirən
mühüm xüsusiyyət - məlumat bazalarına giriş
üçün geniş imkanların olmasıdır. İstifadəçilər lokal
şəbəkədə yerləşdirilmiş məlumat
bazalardan istifadə edə və ya öz fərdi
kompüterlərinə yükləyərək saxlaya, istənilən
məlumatı kompakt diskdə ala və ya ona internet vasitəsilə
giriş əldə edə bilər.
4. VİS-in digər
dövlət orqanlarının informasiya sistemləri ilə
qarşılıqlı əlaqəsi. Uzunmüddətli
statistik məlumat bazalarının yaradılması
dövlət orqanlarının informasiya sistemləri
üçün statistika məlumatlarının təqdim
olunması işini keyfiyyətcə yeni səviyyəyə
qaldırmağa imkan verəcəkdir. Başqa
sözlə, statistik məlumatlar uzunmüddətli statistik
məlumat bazalarından dövlət orqanlarının
məlumat bazalarına köçürüləcək,
həmin dövlət orqanının ehtiyacına uyğun
olaraq yenidən işlənəcək, təhlil olunacaq və
s.
VİS-in
informasiya resurslarının mühafizəsi mühüm
əhəmiyyət kəsb edən
məsələlərdəndir. VİS - bir sıra
altsistemlərdən ibarət olan mürəkkəb sistemdir,
onun bu və ya digər komponentinin sıradan
çıxması bütün məlumatların konfidensiallığına,
bütövlüyünə və ya əlyetərli
olmasına təhlükə törədə bilər. Bununla əlaqədar, VİS
çərçivəsində informasiya
təhlükəsizliyini təmin edəcək altsistemin
yaradılması da nəzərdə tutulur. İnformasiya
təhlükəsizliyi altsisteminin əsas vəzifələri
- məlumatın işlənməsi, ötürülməsi
və saxlanması zamanı onun məxfiliyini,
əlyetərliliyini və bütövlüyünü
təmin etmək, məlumatın təhlükəsizliyinə
xətər yetirə biləcək mənbələri
aşkar etmək, belə təhlükələrə operativ
reaksiya vermə mexanizmini yaratmaq, zərərverici proqramların,
kompüter viruslarının aşkar edilməsi və
zərərsizləşdirilməsi və s.
Dövlət
statistika orqanlarında müvafiq infrastruktur qurulmadan VİS-in
yuxarıda qeyd edilən 5 altsisteminin yaradılması və
fəaliyyət göstərməsi mümkün deyil. İnfrastruktur
dedikdə, hesablama və şəbəkə infrastrukturu,
korporativ elektron sənəd dövriyyəsi və elektron
poçt sistemi başa düşülür.
2009-2010-cu illərdə
Dövlət Statistika Komitəsinin korporativ məlumat
şəbəkəsinin qurulması işləri başa
çatdırılmış, Komitənin inzibatı binasında
İntranet-İnternet tələblərinə cavab verən
müasir məlumat şəbəkəsi qurulmuş,
serverlər şəbəkə tələblərinə
uyğun proqram vasitələri ilə təmin edilmiş,
məlumatın məxfiliyinin və mühafizəsinin
təmin edilməsi üçün lazımi tədbirlər
görülmüşdür. Komitənin tabeliyində
olan bütün struktur vahidlərində, rayon
(şəhər) statistika idarələrində
(şöbələrində) daxili məlumat
şəbəkələri qurularaq istifadəyə
verilmiş, ilkin məlumatların idarə (şöbə)
daxilində icmallaşdırılmasının daha
sürətlə həyata keçirilməsinə nail olunmuşdur.
Daxili məlumat
şəbəkələrinə qoşulmuş bütün
kompüterlər internetə çıxışla təmin
edilmişdir.
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 11 fevral 2010-cu il tarixli 35 nömrəli
"Dövlət (region) müşahidələrinin
aparılması üçün lazım olan məlumatların
elektron sənəd formasında dövlət statistika
orqanlarına təqdim edilməsi Qaydası"nın
təsdiq edilməsi haqqında qərarına uyğun
şəkildə statistikanın bütün sahələri
üzrə hesabatların birbaşa
müəssisələrdən elektron vasitələrlə
təqdim olunması üçün Veb səhifədə
Hesabatların elektron təqdimatı bölməsində
"Müəssisələr üçün" adlı
yeni altbölmə yaradılmış və müvafiq proqram
vasitələri hazırlanaraq orada yerləşdirilmişdir. Altbölmədə hesabat formaları, onların
doldurulması üçün təlimatlar və həmin
hesabatları elektron formada təqdim etmək üçün
hazır proqram təminatları ilə yanaşı,
proqramın istismarının təşkili haqqında
təlimat da yerləşdirilmişdir.
Veb-səhifənin
inkişaf etdirilməsi, informasiya
açıqlığının təmin edilməsi
üçün yeni texnologiyaların tətbiqi, internet
resursların yaradılması və daim
yeniləşdirilməsi sahəsində, ictimaiyyət və
istifadəçilərin statistik məlumatlarla təmin
edilməsinin yaxşılaşdırılması
istiqamətində də bir sıra işlər
görülmüşdür. Dövlət Statistika
Komitəsinin Veb-səhifəsi yenidən qurulmuş və
yerləşdirilən informasiyaların həcminin
artırılmış, haqqı ödənilmədən
istifadəçilərə təqdim olunması təmin
edilmişdir. Ümumiyyətlə dövri
olaraq statistikanın bütün sahələrini əhatə
edən illik, rübluk və digər yeni məlumatların
səhifədə yerləşdirilməsi həyata
keçirilir, səhifənin strukturunda daim
dəyişikliklər edilərək məlumatın
əldə edilməsinin asanlaşdırılması
istiqamətində işlər yerinə yetirilir və
səhifənin idarə olunması həyata keçirilir.
İnternet
resursları vasitəsilə bütün yerli statistika orqanları
ilə çevik əlaqələrin qurulması da təmin
edilmişdir.
Bu əlaqələr nəticəsində səhifə
vasitəsi ilə bütün statistik müayinələr
üzrə hazırlanan proqram vasitələri, istifadə
olunan təsnifatlar, hesabatların işlənməsi
üçün lazım olan təlimatlar, habelə hesabat
formalarının elektron versiyaları yerli statistika
orqanları ilə yanaşı, bütün
istifadəçilərə, o cümlədən hesabat
təqdim edən statistik uçot vahidlərinə
çatdırılır. Artıq yerli statistika
orqanlarında ilkin məlumatların işlənməsi
üçün lazım olan bütün vəsaitlər
onlara səhifə vasitəsi ilə ötürülür.
Komitənin Veb-səhifəsindən hər
gün orta hesabla 350-400 istifadəçi bəhrələnir,
hər gün baxılan səhifələrin sayı
2000-nə yaxındır.
"İcra
intizamının möhkəmləndirilməsi və icraya
nəzarətin təşkilinin təkmilləşdirilməsi
tədbirləri haqqında" Azərbaycan Respublikası
Prezidentinin 26 oktyabr 2006-cı il tarixli, 472
nömrəli fərmanının icrası üzrə
Dövlət Statistika Komitəsində "E-Sənəd
dövriyyəsi" proqram vasitələri sistemi
işlənərək tətbiq edilmişdir. Bu
proqram vasitələri 2009-cu ildən başlayaraq bütün
kargüzarlıq məlumatlarının
avtomatlaşdırılmış işlənməsinə
şərait yaradaraq verilən tapşırıqların
qeydə alınması, icra vəziyyəti və icrası
ilə bağlı bütün növ nəzarətlərin
həyata keçirilməsinə imkan vermişdir.
"E-Sənəd dövriyyəsi"
proqram təminatı daxil olan, çıxan, daxili,
təşkilati sərəncam, müqavilələr, normativ
metodik sənədlər, tapşırıqlar, plan və
hesabatlar haqqında olan məlumatların elektron
işlənməsinə imkan yaratmışdır.
Kollegiya qərarları,
dövlət proqramının tapşırıqları və
sərəncamların icrasına nəzarət
avtomatlaşdırılmış "E-Sənəd
dövriyyəsi" proqram sistemi vasitəsi ilə
"online" rejimində həyata keçirilir. "E-Sənəd dövriyyəsi sistemi"
artıq Dövlət Statistika Komitəsinin aparatında tam
tətbiq olunmuşdur. Struktur vahidlərin
bu sistemə qoşulması isə başa
çatdırılmaq üzrədir. Bu
sistemin üstünlüklərini, məlumat
mübadiləsində çevikliyi və nəzarəti
təmin edə bilməsini nəzərə alaraq Komitənin
Veb-səhifəsində "E-Sənəd dövriyyəsi
sistemi" bölməsi formalaşdırılmış
və istifadəçilərin ödənişsiz olaraq bu
sistemə qoşulmalarına imkan yaradılmışdır.
Bu bölmədə sistemə qoşula
bilmək üçün təlimatla yanaşı, sistemin
istismarı üzrə təlimatlar da
yerləşdirilmişdir.
Statistik
məsələlərin həllinin
avtomatlaşdırılması üçün iki üsul -
standart paketlərin tətbiqi və xüsusi proqram
təminatlarının işlənib hazırlanması
mövcuddur. Qabaqcıl dövlətlərin təcrübəsi
göstərir ki, standart paketləri tətbiq etmədən
statistikada informasiya texnologiyaları sahəsində
sözün əsl mənasında islahatlar aparmaq
mümkün olmayacaq. Bunu nəzərə
alaraq, 2009-2010-cu illərdə Komitə tərəfindən
SPSS standart kompüter proqramları alınaraq onların
tətbiqinə başlanmışdır. SPSS paketi
istifadəçidən həm iqtisadi, həm riyazi, həm
də proqramlaşdırma anlayışlarına malik olmasını
tələb etdiyindən işçilər üçün
tədris kursları təşkil edilmiş, onlara
proqramçı düşüncə tərzi
aşılanmış, bir sıra riyazi statistika
funksiyalarının tətbiqi, SPSS proqram paketinin
əsasları barədə məlumat verilmiş, sadə
komanda və funksiyaların iş prinsipi öyrədilmiş,
bir sıra cədvəl və qrafiklərin alınması
üzrə analitik əməliyyatlar yerinə yetirilmiş,
bütün kurs prosesində praktiki nümunələrə
geniş yer verilmişdir, Azərbaycan dilində
vəsaitlər, kitabçalar hazırlanmışdır.
Dövlət proqramı
çərçivəsində infrastruktur təminatı
aşağıdakı mərhələlərlə həyata
keçirilməkdədir:
I mərhələ -
2008-2009-cu illər - hesablama və şəbəkə
infrastrukturunun kompleks layihəsi işlənib
hazırlanmış, Dövlət Statistika Komitəsinin
Aparatında və Baş Hesablama Mərkəzində korporativ
lokal hesablama şəbəkəsi yaradılmış,
elektron sənəd dövriyyəsi sistemi qurulmuşdur;
II mərhələ - 2010-cu il - rayon (şəhər)
səviyyəsində, yerli statistika orqanlarında lokal hesablama
şəbəkələri yaradılmış, elektron
sənəd dövriyyəsi sistemi qurulmuşdur;
III
mərhələ - 2011-2012-ci illər - son sazlama
işlərinin yerinə yetirilməsi və VİS-in istismara
verilməsi.
Bütün
sahələrdə olduğu kimi, statistika sistemində də
informasiya texnologiyalarının modernləşdirilməsi
sahəsində həyata keçirilən islahatlar insan
amilindən, yəni statistika işçilərinin bilik və
bacarıq səviyyəsindən, onların
peşəkarlığından bilavasitə
asılıdır. Bu baxımdan tədris kurslarının
təşkili, işçilərin davamlı
öyrədilməsi əsas prioritetlərdən olaraq
qalır. Bundan əlavə, informasiya
təhlükəsizliyi, sistem administratorları, məlumat
bazaların administratorları və bir sıra digər
ixtisaslar üzrə yüksək ixtisaslı əlavə
işçilərin cəlb olunmasına ehtiyac artmaqda davam
edir.
Dövlət
statistika sistemində Vahid İnformasiya Sisteminin
yaradılması prosesi metodologiyanın və statistik istehsal
proseslərinin ardıcıl inkişafından ibarət olan
mürəkkəb təkamül prosesidir. İnternet
texnologiyalarından istifadə, yüksəksürətli
rəqəmsal telekommunikasiya sistemlərinin tətbiqi,
mütəxəssislərin iş yerlərinin müasir texniki
və proqram vasitələrlə təchiz olunması
əsasında statistik istehsalın bütün proseslərinin
modernləşdirilməsinə yönəldilmiş
tədbirlərin reallaşması əmək
məhsuldarlığının artırılmasına,
rəsmi statistika məlumatlarından istifadə
edənlərin sayının kəskin artmasına, toplu
statistika məlumatlarının ölkənin vahid informasiya
məkanına inteqrasiya olunma imkanlarının
genişləndirilməsinə, statistika
məlumatlarının keyfiyyətinin
yaxşılaşdırılmasına, operativliyinin
artmasına, istifadəçilərə təqdim olunan
məlumatın həcminin artmasına geniş imkanlar
açır.
Bundan
əlavə, dövlət proqramının həyata
keçirilməsinin ən mühüm nəticəsi
cəmiyyətimizdə rəsmi statistikanın rolunun
artmasından ibarət olacaqdır.
Müasir
dünyada İKT-nin arasıkəsilməyən
inkişafı, yeni imkanların yaranması statistika
proseslərinin avtomatlaşdırılması sahəsində
aparılan işlərin təkmilləşdirilməsini
şərtləndirir. Dövlət statistika orqanları
tətbiq etdikləri texnika və texnologiyaya görə
cəmiyyətin və digər dövlət hakimiyyəti
orqanlarının informatizasiya səviyyəsindən geri qala
bilməz. Əksinə, dövlət
statistika orqanları respondentləri də,
istifadəçiləri də qabaqlamağa
çalışmalıdır. Bunu
əsas götürərək yaradılan VİS-in tam
şəkildə istismara verilməsini 2012-ci ildə
nəzərdə tutmuşuq. Dövlət
Statistika Komitəsi 2015-ci ilədək özünün
informasiya texnologiyaları strategiyasını artıq
müəyyən etmişdir. Azərbaycan
statistikasının VİS-in təkmilləşdirilməsi
sahəsində inkişafının prioritet
istiqamətləri aşağıdakılardır:
- rəsmi
statistika ilə məşğul olan digər dövlət
orqanlarının (Maliyyə Nazirliyi, Mərkəzi Bank,
Dövlət Gömrük Komitəsi və s.) informasiya
resurslarının bir-birilə uyğunlaşdırılması
və statistikanın VİS-nə inteqrasiyası;
- VİS-in əsasını
təşkil edən prinsiplər nəzərə alınmaqla
statistik məlumatın toplanması və
işlənməsinə tətbiq edilən yanaşmaların
təkmilləşdirilməsi;
- rəsmi
statistika hesabatlarını elektron formada təqdim edən
respondentlərin sayının daim artırılması
məqsədilə geniş izahat işinin təşkili;
- Dövlət Statistika
Komitəsinin internet portalı üçün proqram-texnoloji
vasitələrin işlənib hazırlanması;
- elektron
imzadan istifadə etməklə elektron formada təqdim
edilən rəsmi statistika hesabatlarının elektron arxivinin
yaradılması;
- müasir
informasiya-kommunikasiya texnologiyalarının tətbiqi
əsasında statistik informasiyanın məhsul və
xidmətləri bazarının və onların təqdim
etmə mexanizmlərinin inkişafı;
- dövlət
statistika orqanlarının texniki və texnoloji
təchizatının gücləndirilməsi;
- statistika
işçilərinin informasiya texnologiyaları
sahəsində bilik, bacarıq, peşəkarlıq
səviyyəsinin artırılması üçün
tədris, təlim, ixtisasartırma işlərinin sistematik
qaydada aparılması.
Qeyd etdiyimiz
kimi, informasiya texnologiyalarını səciyyələndirən
əsas cəhət onların yeniləşdirilməsinin
yüksək sürətidir. Müasir informasiya
texnologiyaları məlumatın toplanması və
işlənməsinin mövcud proseslərini köklü
şəkildə dəyişdirə biləcəyini dərk
edərək Dövlət Statistika Komitəsinin informasiya
texnologiyaları strategiyası gələcəkdə də
texnoloji, texniki və proqram yeniliklərindən maksimum
dərəcədə istifadəsinə yönəldiləcəkdir.
Cəmiyyətin sosial-iqtisadi inkişafında
statistikanın artan rolu və əhəmiyyətinə
diqqəti yönəltmək üçün
Birləşmiş Millətlər Təşkilatının
Baş Assambleyasının 64/267 nömrəli
qətnaməsinə əsasən ilk dəfə olaraq 2010-cu
il oktyabr ayının 20-si Ümumdünya Statistika Günü
elan edilmiş və onun "Rəsmi statistikanın bir
çox nailiyyətlərinin bayram edilməsi" mövzusu
üzrə keçirilməsi qərara alınmışdır.
Bu qətnaməni qəbul etməklə Baş
Assambleya etibarlı statistika məlumatlarının
hazırlanmasında milli statistika təşkilatlarının
fundamental əhəmiyyətini rəsmi təsdiq etmişdir.
Ümumdünya Statistika Gününün qeyd olunması
Azərbaycan Prezidentinin də diqqətindən kənarda
qalmamış, bayram günü ərəfəsində
Dövlət Statistika Komitəsinin 2 əməkdaşı
"Tərəqqi" medalı, 15 əməkdaşı
"Dövlət qulluğunda fərqlənməyə
görə" medalı ilə təltif edilmişdir.
Arif VƏLİYEV,
Azərbaycan Respublikası
Dövlət Statistika
Komitəsinin sədri
Azərbaycan.- 2010.- 23 dekabr.- S., 6.