Musiqi alətlərinin şahı

 

Koreya Respublikasında keçirilən Dünya Master Festivalında tanınmış saz ifaçısı, əməkdar mədəniyyət işçisi Nemət Qasımlı ölkəmizi layiqincə təmsil etmişdir. 65 ölkənin təmsilçilərinin qatıldığı festivalda musiqiçilər arasında həmyerlimiz Dünya Master Sertifikatına layiq görülən üç iştirakçıdan biri oldu. Festivalda iştirak edən onlarla musiqiçidən yalnız üçünün mükafatlandırılması müsabiqənin gərgin keçməsindən xəbər verir. Festivalda bütün iştirakçılara on dəqiqə vaxt ayrılsa da, istisna hal kimi Nemət Qasımlıya 20 dəqiqə zaman kəsiyində öz bacarığını göstərmək imkanı yaradıldı. Həmyerlimiz bu vaxtdan səmərəli istifadə edərək sinəsinə sıxdığı sazında muğam, el havaları və ritmik melodiyaları ustalıqla sintez edərək yadda qalan ifaçılardan biri kimi qiymətləndirildi. Festivalda iştirak edən mütəxəssislər Azərbaycan sazını bütün alətlərin şahı kimi dəyərləndirdilər.

 

Azərbaycan.- 2010.- 23 dekabr.- S. 7.