Jurnalistlərin qayğıkeş
dostu
İnformasiya
əsrində yaşayırıq. Ötən XX əsrin
sonlarında peyk rabitəsi, elektron KİV gün
ərzində baş verən yenilikləri dünyanın
harasında yaşamasından asılı olmayaraq insanlara
çatdırılmasını xeyli
sürətləndirmişdi. Kompüterin meydana
çıxması, onun məişətimizə get-gedə
daha sıx daxil olması bu sürəti
görünməmiş dərəcədə artırır. Təbii ki, eşidib, görüb-bildiyini təsvir
vasitəsilə deyil, sözlə yaymaq daha tez və asan
başa gəlir. İndi biz az qala, bir göz
qırpımında dünyanın istənilən
nöqtəsində baş verən hadisə və
proseslər barədə xəbər tuturuq. Daha televiziya
kanallarının xəbərlər proqramının efirə
çıxmasını, yaxud qəzetlərin çap olunaraq
satışa çıxarılmasını gözləmək
lazım gəlmir. "Onlayn" sistemində
işləyən, gün ərzində nəinki
yenilikləri, habelə yeniliklərin özündə baş
verən dəyişiklikləri belə, dərhal bizə
çatdıran internet saytları günümüzün yeni
informasiya zənginliklərindəndir.
Qanunçuluq bazası və
şəxsi iradə
Xəbərin oxucuya çatdırılması
nə qədər vacib və əhəmiyyətli olsa da,
əslində, məsələnin ikinci tərəfidir. Ən
əvvəl xəbəri əldə etmək - hadisə
yerinə getmək, kiminləsə görüşərək
faktı öyrənib dəqiqləşdirmək, ən
nəhayət, texniki və maliyyə
vasitələrinə malik olmaq gərəkdir. Jurnalist
fəaliyyətini tənzimləyən, qəzetlərin
maliyyə durumuna müsbət təsir göstərən
qanunların qəbulu və müvafiq addımların
atılması da vacibdir. Bütün bunlar isə
cəmiyyətdə demokratik mühitin yaradılmasından,
mətbuat və məlumat toplamaq azadlığının real
şəkildə təminatından asılıdır.
Bəşər inkişafının sivil yoluna
qayıdan, sərbəst bazar iqtisadiyyatının
prinsiplərini bərpa və inkişaf etdirən Azərbaycan
iqtidarı ölkədə mətbuat və söz
azadlığının daim tərəqqisi üçün
əlindən gələni əsirgəmir. Ulu
öndər Heydər Əliyev xalqın arzu və
tələbi ilə yenidən dövlət
rəhbərliyinə qayıtdıqdan sonra bir an belə,
KİV-lə əlaqəni kəsməmiş, daim
jurnalistlərin yanında olmuşdur. Mətbuatla
işləmək mədəniyyəti nümunəsini
göstərən ümummilli lider Heydər Əliyev söz
azadlığına və azad sözün
təmsilçilərinə xüsusi diqqət və
qayğı göstərirdi. Özlərini "demokrat"
adlandıran AXC-Müsavat cütlüyünün iqtidarı
dövründə qəzetlər nəinki senzura
nəzarətindən azad olunmadı, əksinə,
"hərbi senzura" adı altında bu qayda daha da
sərtləşdirildi.
Ötən əsrin 90-cı illərinin
əvvəllərində müstəqil mətbuat bir vaxtlar
"Molla Nəsrəddin" jurnalında olduğu kimi, senzura
tərəfindən çıxarılan materialların
yerinə başqa yazı qoymayaraq səhifəni ağ
buraxırdı. Beləliklə, "ağ
səhifəli" qəzetlərin sayı artırdı.
Yalnız ulu öndər Heydər
Əliyev bu sahədə də cəsarətli və
qətiyyətli addım atdı, dövlət
başçısı kimi onun imzaladığı 6 avqust
1998-ci il tarixli sərəncamla Mətbuatda Dövlət
Sirlərini Mühafizə edən Baş İdarə - senzura
idarəsi ləğv edildi. Bundan sonra Mətbuat və
İnformasiya Nazirliyi də ləğv olunaraq KİV
dövlət nəzarətindən tamamilə
çıxarıldı. Ulu öndərin mətbuata
qayğıkeş münasibətini əks etdirən digər
faktlar da mövcuddur. Məhz jurnalistlərlə
görüşündən sonra onların problemlərinin
operativ həlli məqsədilə Heydər Əliyev
tərəfindən qəzetlər əlavə dəyər
və mənfəət vergisindən azad olunmuş, onlara
kreditlər ayrılmış, mətbəələrə
olan borcları dondurulmuşdu. Dövlət
başçısının mətbuata bu sayaq dost
münasibəti ölkə jurnalistləri
tərəfindən də yüksək
dəyərləndirildi və onlar "Ruh" jurnalist
hüquqlarının müdafiəsi
təşkilatının keçirdiyi sorğuda fəal
iştirak edərək ulu öndər Heydər
Əliyevi "Jurnalistlərin dostu" mükafatına layiq
gördülər. Əsl dostluq belə olur və bu dostluqdan
ilk öncə, müstəqil mətbuat, azad sözün
carçıları olan jurnalistlər qazanırlar.
Gecikmiş etiraf
Bu
qənaətdə kimsə mənimlə razılaşmaya da
bilər! Deyir nə qədər insan varsa, o qədər
də fikir var! Ancaq şəxsi qənaətim belədir ki,
Prezident İlham Əliyev jurnalistlərə dost
münasibəti bəslədiyini və onların həqiqi
dostu olduğunu çoxdan sübuta yetirib! Bu gün biz onun
rəsmi təsdiqini qeyd edirik. Niyə belə
düşünürəm?
Ötən əsrin sonlarında Azərbaycanın
ikinci dəfə dövlət müstəqilliyi qazanmasına
imkan yarandı. Lakin qırmızı imperiyanın
dağılması prosesi ağrısız
ötüşmədi. Üstəlik, yeraltı və
yerüstü sərvətləri ilə zəngin olan Azərbaycanın
müstəqilliyini istəməyən
qüvvələr "Qarabağ problemi" adlanan məkrli
planı hazırlayıb işə salmaqla ölkəmizi uzun
və dağıdıcı müharibəyə cəlb
etdilər. Bir tərəfdən
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi, digər tərəfdən
müxtəlif insanlar və qruplar arasında hakimiyyət
uğrunda gedən aramsız mübarizə ölkədə
sabitliyin pozulması, xaos və anarxiya şəraitinin
yaranması, torpaqlarımızın işğalı ilə
nəticələndi. 18 oktyabr 1991-ci
ildə qəbul edilən Dövlət Müstəqilliyi
haqqında Konstitusiya Aktı nəinki Azərbaycana həqiqi
müstəqillik verdi, sonralar baş alıb gedən
idarəolunmaz proseslər bir dövlət kimi onu məhvolma
həddinə çatdırdı. Həmin ərəfədə
meydana çıxan müstəqil (və partiya)
mətbuatı da dövrün ruhuna uyğun formada
buraxılırdı. Kimin ağlına nə gəldi
yazır, ağzına nə gəldi danışır,
qəzetlərdə insanların şərəf və
ləyaqəti alçaldılır,
şəxsiyyətləri təhqir olunur, şər və
böhtana məruz qalırdılar! Bu sayaq mətbuat
və söz azadlığı ölkə
vətəndaşlarının narazılığına,
demokratiyanın gözdən düşməsinə səbəb
olurdu.
Xalqın
arzu və tələbi ilə yenidən ölkə
rəhbərliyinə qayıdan ulu öndər Heydər
Əliyev bu sahədə də müəyyən qayda-qanun,
inkişaf yaranmasına nail oldu. KİV
haqqında yeni qanun qəbul edildi, jurnalistlərin peşə
fəaliyyətlərini sərbəst şəkildə
yerinə yetirmələri üçün müvafiq
qanunvericilik bazası yaradıldı. Həmin dövrdə ulu
öndər Heydər Əliyev mətbuat qarşısında
duran vəzifələri belə bəyan edirdi: "Bizim
ümumi məqsədimiz mətbuata daha da çox azadlıq
vermək, söz azadlığını daha geniş təmin
etmək, Azərbaycanda demokratiyanı bütün
sahələr üzrə inkişaf etdirməkdən
ibarətdir. Sizi əmin edirəm ki, biz mətbuat
azadlığı, söz azadlığı, demokratiya sahəsində
öz siyasətimizi ardıcıl şəkildə
aparırıq və aparacağıq. Mətbuat
cəmiyyətdə olan çatışmazlıqları,
nöqsanları, hakimiyyətin fəaliyyətində olan
qüsurları tənqid etməklə həm iqtidara, həm
də cəmiyyətin bu nöqsanlardan
təmizlənməsinə xidmət etməlidir. Mən
bütün mətbuatın, müstəqil, müxalifət
və ya dövlət mətbuatı fərq etməz, məhz
bu yolla getməsini istəyirəm".
Ümummilli lider Heydər Əliyev
tərəfindən mətbuata senzura nəzarəti aradan
qaldırıldıqdan sonra müstəqil Azərbaycanda azad
mətbuatın inkişafının ikinci - həqiqətən,
sərbəst mətbuatın yaranması prosesi başladı.
Çox çətin və mürəkkəb proses gedirdi.
Mətbuatın həddindən artıq
siyasiləşməsi, "reket qəzetlər"in meydana
gəlməsi inkişafı xeyli əngəlləyirdi. Digər tərəfdən çoxsaylı
qəzetlərin açılması,
qeyri-peşəkarların bu sahəyə axını və
digər neqativ hallar hesabına çap mediasının müəyyən
mənada gözdən düşməsinə, oxucularını
itirməsinə və beləliklə, maddi durumunun
pisləşməsinə səbəb oldu.
Müstəqil
mətbuatın inkişafındakı üçüncü
mərhələ isə möhtərəm Prezidentimiz
cənab İlham Əliyevin adı ilə bağlıdır.
Heydər Əliyev siyasi kursunu layiqincə davam etdirən
cənab İlham Əliyev mətbuat və söz
azadlığına, sahənin problemlərinin həllinə
daim xüsusi diqqət və qayğı göstərir.
Dövlət başçısı müstəqil
mətbuatın mövcudluğunun zəruriliyini vurğulayaraq
deyir: "Bu gün Azərbaycanda, sözün əsl
mənasında, müstəqil mətbuata böyük ehtiyac
var. Azərbaycanda mətbuatın müstəqilliyi
cəmiyyətin sifarişidir. Mən hesab edirəm ki,
mətbu orqanlar bəzi siyasi dairələrin təsirindən
çıxmalıdır və sözün əsl
mənasında, müstəqil olmalıdır. Biz çox
şeyi Avropadan öyrənirik, Avropaya inteqrasiya edirik və bu
bizim siyasətimizin əsas istiqamətlərindən biridir.
Hesab edirəm ki, bu sahədə də öyrənməyə
ehtiyac var".
Mətbuatın
müstəqilliyinin ən mühüm şərti isə onun
iqtisadi cəhətdən özünü yaşada
bilməsindədir. Yalnız bu halda qəzetlər siyasi
partiyaların və ya sponsorlarının pul
kisələrindən asılılıqdan qurtula
bilərlər. Bu məqsədlə də cənab İlham
Əliyevin iradəsi ilə 31 iyul 2008-ci ildə
"Azərbaycan Respublikasında kütləvi informasiya
vasitələrinin inkişafına dövlət dəstəyi
Konsepsiyası" hazırlanaraq təsdiq edildi. Bir il sonra - 3 aprel 2009-cu ildə isə Azərbaycan
Respublikası Prezidenti yanında Kütləvi İnformasiya
Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondu yaradıldı. KİV-nin inkişafına
dövlət dəstəyi Konsepsiyasında
jurnalistlərlə dövlətin maraqları demokratik
prinsiplər əsasında uzlaşdırılır.
Sənəddə həmin prinsip belə göstərilir: "Dövlət orqanları ilə kütləvi
informasiya vasitələri arasında səmərəli
əməkdaşlıq münasibətlərinin inkişaf
etdirilməsi, kütləvi informasiya vasitələrinin
iqtisadi müstəqilliyinin və jurnalistlərin
peşəkarlığının artırılması,
vətəndaş cəmiyyəti quruculuğunda kütləvi
informasiya vasitələrinin rolunun
gücləndirilməsi". Prezident İlham
Əliyev tərəfindən qəbul edilən konsepsiyanın
ən vacib cəhətlərindən biri mətbuata
dövlət tərəfindən yardım zamanı
kütləvi informasiya vasitələrinin müstəqilliyinin
qorunması, onların fəaliyyətinə hər hansı
formada müdaxilənin istisna edilməsidir.
Dövlət öz dəstəyini qrantlı
layihələrin gerçəkləşdirilməsi,
jurnalistlərin fərdi yaradıcılıq
müsabiqələrinin təşkili və qaliblərin
mükafatlandırılması yolu ilə həyata
keçirir. Ötən il bu məqsədlə dövlət
büdcəsindən 1,3 milyon manat, cari ildə 2 milyon
manatdan çox, gələn il isə daha artıq
məbləğdə vəsait ayrılacaqdır.
KİV-nin İnkişafına Dövlət
Dəstəyi Fondu tərəfindən qəzetlərin və
jurnalistlərin il ərzində bir neçə dəfə
keçirilən müsabiqələr hesabına
mükafatlandırılması mətbuatın maddi-texniki
bazasının möhkəmləndirilməsinə və
qəzet müxbirlərinin peşəkarlıqlarının
yüksəldilməsinə ciddi təsir göstərir.
Prezident İlham Əliyev imzaladığı
sərəncamlarla fərdi qaydada mükafatlandırmaya da
böyük əhəmiyyət verir. Belə ki,
dövlət başçısının sərəncamı
ilə 2005-ci ildə 30 qəzet redaksiyasının hər
birinə 2 min manat, 2008-ci ildə 38 mətbuat orqanının
hər birinə 5 min manat, 2009-cu ildə 39 qəzet
redaksiyasının hərəsinə 10 min manat
həcmində birdəfəlik yardım
göstərilmişdir. Bütövlükdə 2005-2008-ci
illərdə 300 nəfərə yaxın KİV
əməkdaşı orden və medallarla təltif edilmiş,
fəxri adlar almış, Prezident təqaüdünə layiq
görülmüşdür. Azərbaycan milli
mətbuatının bu il qeyd edilən 135 illiyi
münasibətilə yeni təltiflər də
gözlənilirdi. Belə də oldu. Cənab
İlham Əliyevin 21 iyul 2010-cu il tarixli sərəncamı
ilə 38 nəfərə "Tərəqqi" medalı
verildi, yenə 38 nəfər "Əməkdar jurnalist",
15 nəfər "Əməkdar mədəniyyət
işçisi", bir nəfər isə "Əməkdar
mühəndis" fəxri adına layiq görüldü.
Üstəlik, 40 gündəlik qəzetin hər birinə 20
min manat, 8 informasiya agentliyinin hərəsinə isə 10 min
manat yardım göstərildi.
Qəzetlərin
rəngli çapa keçirilməsi üçün
müvafiq avadanlıqlar alınaraq
quraşdırılması, yeni nəşriyyatın
istifadəyə verilməsi də cənab İlham Əliyevin
jurnalistlərə dəyərli hədiyyəsidir.
Ənənəyə
çevrilən yubileylər
Müstəqillik
dövründə Azərbaycan mətbuatı ilə
bağlı ilk fərman ulu öndər Heydər Əliyev
tərəfindən imzalanmışdır. "Azərbaycanda
milli mətbuatın yaradılmasının 125 illiyi
haqqında" adlanan bu sənəd başdan ayağa
mətbuatımızın dünəninə, bu
gününə və sabahına qayğı ilə
yoğrulmuşdur. Fərmanda təkcə milli
mətbuatımızın qaranquşu olan "Əkinçi"nin
tarixi xidmətlərinə, onun yazarlarına yüksək
qiymət verilmir. Eyni zamanda, "Molla Nəsrəddin"
satirik jurnalı və onun yaratdığı ədəbi
məktəb barədə də qiymətli fikirlər
söylənir. Daha bir neçə vacib məqam. Fərmanda kommunist ideologiyası tərəfindən
damğalanan "Həyat", "Füyuzat",
"Tazə həyat", "Şəlalə",
"Dirilik", "Açıq söz" kimi qəzet
və jurnalların fəaliyyəti, onların naşir və
mühərrirləri barədə xoş sözlər
söylənir, bir növ, bəraət verilir. Sovet
dövrü mətbuatının və jurnalistlərinin
fəaliyyəti də obyektiv qiymətləndirilir.
Mətbuatımıza, onun tarixinə və
fədailərinə verilən bu dəyər çox vacib
və önəmlidir. 27 mart 2000-ci ildə imzalanan bu
fərmanla Azərbaycanda demokratik mətbuatın
yaradılmasının 125 illiyi təntənəli
surətdə qeyd olundu.
Möhtərəm
Prezidentimiz cənab İlham Əliyev isə ulu öndərin
yolunu davam etdirərək hər 5 ildən bir milli
mətbuatımızın yubileyinin təntənə ilə
keçirilməsini ənənəyə çevirdi.
Dövlət başçısı mətbuata
münasibətini belə açıqlayır: "Mən
ümid edirəm ki, gələcəkdə milli mətbuatımız
daha da inkişaf edəcək, dövlət, hökumət
tərəfindən lazımi tədbirlər
görüləcəkdir. Siz bilirsiniz ki, öndərimiz
Heydər Əliyev mətbuata daim böyük diqqətlə
yanaşırdı. Mətbuatın maddi-texniki bazasının
möhkəmlənməsinə, ümumiyyətlə,
mətbuata qayğısı həmişə hiss olunurdu.
Mən çalışıram ki, öz tərəfimdən
bunu davam etdirim. İndi nə dərəcədə
müvəffəq olmuşam, bunu demək mənim üçün
çətindir. Amma istəyirəm biləsiniz
ki, heç bir fərq qoymadan, mənim mətbuata
münasibətim çox müsbətdir. İstər iqtidar
mətbuatı olsun, istər müxalifət mətbuatı
olsun, istərsə də müstəqil mətbuat olsun - bu
bizim mətbuatımızdır. Bu, Azərbaycanın
demokratik inkişafına çox böyük
töhfədir".
Cənab
İlham Əliyev Prezident olaraq mətbuatın yubileyi ilə
bağlı ilk sərəncamını 20 iyun 2005-ci ildə
imzalamışdır. "Azərbaycanın
milli mətbuatının 130 illik yubileyinin keçirilməsi
haqqında" adlanan sərəncamda və ondan sonrakı
sənədlərdə mətbuatla əlaqədar bir sıra
mütərəqqi addımlar atıldı. Mətbuat
Şurasının maddi-texniki bazası
möhkəmləndirildi, "Əməkdar jurnalist"
adı bərpa edildi. 140-dək jurnalistə fəxri
adlar, dövlət mükafatları verildi. Bir sıra
qəzetlərə, informasiya agentliklərinə və
jurnalist təşkilatlarına birdəfəlik maddi yardım
göstərildi. Yubiley tədbirləri
bütün ölkə miqyasında keçirildi,
"Gülüstan" sarayında Prezidentin iştirakı
ilə təntənəli mərasimlə başa
çatdırıldı. 8 fevral 2006-cı ildə
qəzetlərin "Azərbaycan" nəşriyyatına
olan dondurulmuş borcu dövlət büdcəsi hesabına
ödənildi.
Azərbaycan
milli mətbuatının növbəti - 135 illik yubileyi də
cari ildə dövlət tərəfindən təmtəraqla
keçirildi. Prezident İlham Əliyevin 10 iyun 2010-cu ildə
imzaladığı "Azərbaycan milli
mətbuatının 135 illik yubileyinin keçirilməsi
haqqında" sərəncamında yubiley tədbirləri
dəqiq müəyyənləşdirilmişdi. Yenə də yaranmış ənənəyə
uyğun olaraq jurnalistlərə fəxri adlar verildi, təltif
olundular, qəzet redaksiyalarına birdəfəlik yardım
göstərildi, ölkə miqyasında keçirilən
yubiley "Gülüstan"da başa çatdı.
Fərəhli bir fərq də oldu.
Vətənə xidmətə
yönəldilən missiya
Azərbaycan mətbuatı dövlət
nəzarətindən çıxarıldıqdan sonra onun
problem və qayğıları ilə daim məşğul
olan bir quruma ehtiyac vardı. Ölkə jurnalistlərinin I
qurultayında formalaşdırılan Mətbuat Şurası
bu funksiyanı üzərinə götürdü və
uğurla yerinə yetirməyə başladı. Qurum
qeyri-hökumət təşkilatı sayılsa da,
dövlət ona müvafiq yer ayırdı, normal şərait
yaratdı. Amma müəyyən qədər darısqallıq
hiss olunurdu. Cənab İlham Əliyev yenə yüksək
səviyyədə alicənablıq göstərdi,
mətbuata dost və xeyirxah münasibətini ortaya qoydu. Mətbuat Şurası üçün dünyada
analoqu olmayan ayrıca bina verildi, yüksək
səviyyədə təmir edildi, müasir mebel və
avadanlıqlarla təmin olundu, idarə heyətinin, icra
strukturunun, müraciət edənlərin və komissiya
üzvlərinin normal fəaliyyətinə şərait
yaradıldı. Milli mətbuatın yarandığı
gün - Azərbaycan mətbuatının 135 illiyinin qeyd
edildiyi gün cənab İlham Əliyev binanın rəsmi
açılışına gəldi. Unudulmaz, tarixi bir
görüş baş tutdu. Hər məsələ
barədə açıq, səmimi söhbət getdi. Bir
qədər irəliyə gedərək deyim ki,
söhbətin mahiyyətini möhtərəm İlham
Əliyevin söylədiyi aşağıdakı fikirlər
özündə ehtiva edirdi: "Biz söz azadlığını
qoruyacağıq və müdafiə edəcəyik.
Azərbaycan dövləti və Azərbaycan iqtidarı
tənqidlərə də, hətta təhqirlərə də
dözümlüdür. Mən Prezident kimi buna
əhəmiyyət vermirəm. Ancaq söhbət ondan getmir.
Söhbət ondan gedir ki, bizim cəmiyyətdə belə
hallar çox pis qarşılanır. Mediada yalan informasiyanın
verilməsi qəbuledilməzdir. Əvvəlki
dövrlərdə bu, çox geniş meydan tapmış bir
yanaşma idi. Yalan informasiyanı ortaya atmaq,
sensasiya yaratmaq, ondan sonra bu yalanın ətrafında
müzakirələr aparmaq, elə bil ki, bunu reallığa
çevirmək, ondan sonra bu yalanı xarici mediaya ötürmək
və sonra bunu bir dəqiq xəbər kimi yenə qaytarmaq -
bütün bunları biz bilirik. Mən hesab edirəm ki,
bu siyasi mübarizə üsulu Azərbaycanın siyasi
səhnəsindən getməlidir. Burada əlbəttə ki,
medianın rolu çox böyükdür. Yəni,
bu gün internet dövründə hər bir yazını
dünyada oxumaq olar və bir dəfə, iki dəfə,
üç dəfə yalan yazılanda, dördüncü
dəfə artıq o medianın hörməti də
düşəcək, o orqana inam da azalacaqdır".
Mətbuat Şurasının sədri Əflatun
Amaşov jurnalist ictimaiyyətini düşündürən
və narahat edən məsələlərdən, sahənin
aktual problemlərindən söz açdı. Uğurlardan
çox, çatışmazlıqlardan
danışıldı. Dövlət başçısı
İlham Əliyev səbir və təmkinlə dinlədi.
Sonra jurnalistikanın böyük bilicisi, mətbuatın
problem və qayğılarına dərindən bələd
olan insan kimi deyilənlərə münasibət bildirdi. Mətbuat Şurası İdarə Heyətinin
üzvlərini "reket jurnalistika" ilə
mübarizənin kəsərinin artırılması, bəzi
məmurlar tərəfindən bu tip qəzetlərin
maliyyələşdirilməsinin dayandırılmaması,
yeni, müasir təfəkkürlü jurnalist
kadrlarının hazırlanması, reklam bazarının
kasadlığı və digər
məsələlər narahat edirdi. Cənab İlham Əliyev
bu problemlərin hər birilə bağlı mövqeyini
söylədi, onların aradan qaldırılması
üçün təkliflərini bildirərək müvafiq
addımlar atılacağını göstərdi. Eyni zamanda,
mətbuatın vətənpərvərliyi və mətbuatda
vətənpərvərlik, vətəndaş jurnalist
olmağın məsuliyyəti barədə maraqlı,
gərəkli və səmərəli fikirlər
söylədi. Müstəqil Azərbaycan dövlətinin
müstəqil mətbuatının ən müqəddəs
vəzifəsinin Vətənə və xalqın
mənafeyinə xidmət missiyasının olduğunu
göstərdi.
Rekord sürətilə
Bəlkə
də sərlövhədəki bu ifadə kifayət
qədər yerinə düşmür. Amma baş verəni
başqa cür dəqiq ifadə etmək çətindir.
Söhbət cənab İlham Əliyevlə Mətbuat
Şurasındakı görüş zamanı ona olunan
müraciətdən gedir.
Hazırda
dünyada kitab oxumağa marağın azalması,
qəzetlərin tirajının aşağı
düşməsi meyli gedir. Bunu bir tərəfdən elektron
KİV-dən informasiyanın daha asan və operativ
alınması, internet qəzetlərinin yaranması ilə
izah edənlər də var, təqsiri jurnalistlərdə
görənlər də. Fakt isə faktlığında
qalır. Nəticədə qəzetlərin tirajı
getdikcə azalır, jurnalistlərin maddi durumu
çətinləşir. Nəhayətdə daha bu
sahəyə gəlmək istəyən bilikli və
istedadlı adamlar tapılmır. Cəmiyyət
informasiyasız keçinə bilməz. Operativ, obyektiv və
peşəkarlıqla toplanan, hazırlanan informasiyanın
öhdəsindən isə normal iş və məişət
şəraiti olan insanlar gələ bilərlər. Ehtiyac
içində qalaraq qayğılar məngənəsində
çabalayanlar yox! Sirr deyil ki, qəzetlərin
tirajının və reklam bazarının son
dərəcə aşağı olduğu Azərbaycanda
jurnalistlərin heç də hamısının sosial
vəziyyəti ürəkaçan deyildir. Mətbuat
Şurasındakı görüşdə MŞ idarə
heyətinin sədri Əflatun Amaşov dövlət
başçısına bununla bağlı müraciət
etdi: "Jurnalistlərin sosial durumlarının
yaxşılaşdırılmasına da ehtiyac vardır. Bu
sırada xüsusilə mənzil qayğıları daha
aktualdır. Dəfələrlə
jurnalistlər üçün güzəştli
şərtlərlə mənzil tikintisi məsələsini
gündəmə gətirsək də, hələlik nəticə
əldə etməmişik. Ümid edirik ki, sizin
sayənizdə bu məsələyə hansısa
dövlət proqramı çərçivəsində baxmaq
mümkün olacaqdır".
Cənab
İlham Əliyevin xahişimizə münasibəti çox
qısa oldu: "Qaldırdığınız digər
məsələlərlə bağlı, jurnalistlərin
məişət şəraiti ilə bağlı
məsələlərlə əlaqədar siz
təklifləri verin. Mən çalışacağam operativ
şəkildə bunu həll edim ki, Azərbaycan dövləti
bu sahədə öz dəstəyini göstərsin".
Dövlət
başçısı sözünün üstündə
durdu. Cəmi bir neçə saat ərzində, başqa
cür desək, rekord sürətilə məsələni
həll etdi. Görüşdən 5-6 saat sonra
"Gülüstan" sarayında keçirilən yubiley
təntənəsində Prezident İlham Əliyevin "Azərbaycan
mətbuat işçilərinin sosial müdafiəsinin
gücləndirilməsi tədbirləri haqqında"
sərəncamı səsləndirildi.
Sərəncamda
göstərilirdi: "Azərbaycan mətbuat
işçilərinin mənzil-məişət
şəraitinin yaxşılaşdırılması və
onlar üçün yaşayış evlərinin tikilməsi
məqsədilə 2010-cu il dövlət büdcəsində
nəzərdə tutulmuş Azərbaycan Respublikası
Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının
Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fonduna 5,0
(beş) milyon manat vəsait ayrılsın".
Beləliklə,
jurnalistlər üçün mənzil tikintisi prosesinin
başlanmasına start verildi.
Sürət böyük, nəticə uğurludur
Azərbaycan
cəmi iyirmi ildir ki, demokratik cəmiyyət quruculuğuna
başlayıb. Mətbuat və söz
azadlığının təmini, müstəqil
mətbuatın yaranması və formalaşması
dövrü isə ondan da qısadır. Amma
demokratik inkişaf yolunu sürətlə qət edərək
bir sıra uğurlara imza atmışıq. Və
hətta elə nailiyyətlərimiz var ki, demokratiya tarixi daha
qədim olan ölkələr belə, bizə həsəd
apara bilərlər! Onların bir neçəsini yenidən
diqqətə çəkirik:
Azərbaycanda
qəzet təsis etmək və jurnalistlik
fəaliyyətinə başlamaq hər yerdə olduğundan
daha asandır.
Bunun üçün Ədliyyə
Nazirliyinə bir ərizə yazmaq və bir həftə
gözləmək kifayətdir. Sonra işə
başlamaq olar;
Dünyanın heç bir
ölkəsində mətbuat şurası bizdə olduğu
kimi müasir, gözəl və hər şəraiti olan
binada yerləşmir;
Beş ildən bir hansısa
dövlətdə ölkə boyunca milli mətbuatın
yaranmasının yubileyi təntənəli şəkildə
qeyd olunmur, jurnalistlər və qəzet redaksiyaları
kütləvi şəkildə
mükafatlandırılmırlar;
Heç harda jurnalistlər
dövlət başçılarına şəxsi
rifahları ilə bağlı müraciət edəndə
onların xahişləri belə sürətlə yerinə
yetirilməyib!
Bu ona görədir ki,
Azərbaycan iqtidarı söz və məlumat
azadlığına yüksək dəyər verir!
Bu ona görədir ki,
Azərbaycanda demokratik proseslər sürətlə inkişaf
edir!
Bu həm də ona
görədir ki, Azərbaycan Prezidenti cənab İlham
Əliyev jurnalistlərin dostudur!
Bəxtiyar SADIQOV
Azərbaycan.- 2010.- 24 dekabr.- S. 3.