İnkişafın Azərbaycan modeli: neftdən sonrakı inkişaf

 

"Azərbaycan" qəzetinin Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində keçirdiyi "dəyirmi masa"da milli inkişafın perspektiv istiqamətləri ilə bağlı faydalı müzakirələr aparıldı

 

 Bazar münasibətlərinə söykənən liberal iqtisadi sistemin qurulmasının, vətəndaşların iqtisadi azadlığına, təşəbbüskarlığına geniş meydan verilməsinin, ölkənin zəngin təbii sərvətlərindən səmərəli istifadə edilməsinin, investisiya cəlbediciliyinin yüksəldilməsinin və digər konseptual əhəmiyyətli tədbirlərin nəticəsi olaraq Azərbaycan iqtisadiyyatı təkcə sürətli inkişafla deyil, eyni zamanda yeni keyfiyyət parametrləri ilə özünü təsdiqləmişdir. Dünya iqtisadiyyatını ciddi sınaqlarla üz-üzə qoymuş 2008-2010-cu illərdə respublikada qlobal maliyyə-iqtisadi böhrana qarşı həyata keçirilmiş məqsədyönlü tədbirlər özünün sistemliliyi və səmərəliliyi ilə diqqəti çəkmiş, bütün makroiqtisadi paramertlər üzrə inkişafı təmin etmişdir.

Bütün bunların nəticəsidir ki, ən müxtəlif iqtisadi mərkəzlər respublikanın davamlı iqtisadi yüksəlişi timsalında XXI əsrin yeni iqtisadi fenomenini görür, Azərbaycan modelinin mahiyyətini öyrənməyə çalışırlar. Dünyanın aparıcı maliyyə-iqtisadi qurumları 2010-cu ilin yekunlarına görə Azərbaycan iqtisadiyyatının dinamik inkişaf yolunda olduğunu birmənalı təsdiqləyirlər.

İnkişafın Azərbaycan modeli üçün xarakterik cəhətlərdən biri də Azərbaycanda informasiya və telekommunikasiya texnologiyalarının sürətli yüksəlişinin təmin edilməsi, respublikamızın bu sahədə əlverişli tranzit ölkəsinə və regional mərkəzə çevrilməsidir. Dövlət başçısı İlham Əliyev Azərbaycanın neft ölkəsindən informasiya ixrac edən dövlətə çevrilməsini qarşıda duran əsas vəzifələrdən biri kimi müəyyənləşdirmişdir.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin ideya müəllifliyi əsasında "Azərbaycan" qəzetinin ərsəyə gətirdiyi "İnkişafın Azərbaycan modeli" kitabının müzakirəsinə həsr olunmuş növbəti "dəyirmi masa"nın Rabitə və İnformasiya Nazirliyində keçirilməsi də bu reallıqla şərtlənmişdir. Tədbirdə nazirliyin yüksək vəzifəli şəxsləri, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri, mütəxəssisləri iştirak etmiş, rabitə və informasiya texnologiyaları sahəsində qazanılan uğurlardan geniş söhbət açılmışdır.

 

Tədbiri giriş sözü ilə açan "Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar SADIQOV demişdir:

- Məlumdur ki, sosializmin süqutundan sonra yenidən müstəqillik qazanmış Azərbaycanın hansı inkişaf yoluna üstünlük verəcəyi həyati əhəmiyyətli məsələlərdən birinə çevrilmişdi. Xüsusən də müstəqilliyin ilk illərində hakimiyyətdə xalqın etimad göstərdiyi legitim komandanın, yüksək idarəetmə keyfiyyətlərinə malik siyasi liderin olmaması ölkənin gələcək inkişaf strategiyası ilə bağlı ciddi tərəddüdlər doğurmuşdu. 1991-ci ildən 1993-cü ilin iyununadək ölkədə sosial-iqtisadi böhran dərinləşmiş, zəngin təbii sərvətlərdən milli inkişaf naminə məqsədyönlü istifadə edilməsi sahəsində ciddi problemlər yaranmışdı.

Məhz belə bir şəraitdə ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın arzu və tələbi ilə hakimiyyətə qayıdışı ölkənin gələcəyi ilə bağlı qeyri-müəyyənliyi aradan qaldırdı. Ölkədə sabitliyin, hüquq qaydalarının bərpası, milli həmrəyliyin təmini istiqamətində atılan addımlar paralel olaraq iqtisadi sahədə də radikal islahatların aparılmasına, ictimai-iqtisadi formasiya dəyişikliyi ilə bağlı zəruri institusional-qanunverici tədbirlərin həyata keçirilməsinə imkan verdi.

Ümummilli lider demokratik həyat tərzinin diktə etdiyi gerçəklik kimi bazar iqtisadiyyatı prinsiplərinə sadiq qalaraq Azərbaycanın özünəməxsus sosial-iqtisadi inkişaf modelini irəli sürdü və onu əsaslandırdı. Bu zaman böyük öndər respublikanın özünəməxsus cəhətlərini, coğrafi-siyasi mövqeyini, təbii ehtiyatlarını, intellektual və insan resurslarını ciddiliklə nəzərə aldı. İctimai şüur səviyyəsində bazar iqtisadiyyatının tələblərinin hələlik tam qəbul olunmadığı faktını diqqətdən qaçırmadı, sosialyönümlü bazar iqtisadiyyatı yolunu prioritet kimi önə çəkdi.

1994-cü ildə "Əsrin müqaviləsi"nin imzalanması ilə irəli sürülən yeni neft strategiyasının əsas hədəflərindən biri də hərtərəfli iqtisadi inkişaf üçün zəruri maliyyə mənbələri formalaşdırmaq, iqtisadi dividendləri qeyri-neft sektoruna, elmtutumlu istehsal sahələrinin yaradılmasına, bir sözlə, insan kapitalının formalaşdırılmasına yönəltmək idi. Əminliklə demək olar ki, ötən 16 ildə bu məqsədə tam nail olunub, Azərbaycanın neft strategiyası ölkənin bütün həyati əhəmiyyətli sahələrdə yüksəliş və tərəqqini təmin edib.

Xüsusən də 2008-ci ildən əksər dünya dövlətlərini iflic edən maliyyə-iqtisadi böhranın Azərbaycana ciddi təsir göstərməməsi nüfuzlu beynəlxalq maliyyə qurumlarında ölkəmizin milli inkişaf modelinin formalaşması ilə bağlı müzakirələrə rəvac verib. Əlbəttə, belə bir qənaətin formalaşması, ilk növbədə, respublikamızın əldə etdiyi sosial-iqtisadi uğurlarla şərtlənir. Məsələn, son 7 ildə Azərbaycanda maaşlar və pensiyalar orta hesabla 5-6 dəfə artmış, yoxsulluq 4 dəfə azalaraq 49 faizdən 11 faizə enmiş, 900 minədək yeni iş yeri açılmışdır. Bütövlükdə milli iqtisadiyyat 3 dəfə, büdcə xərcləri 12 dəfə, hərbi xərclər təxminən 20 dəfə, valyuta ehtiyatları 18 dəfə artmışdır. Bütün bu iqtisadi uğurlar həm də qaçqın və məcburi köçkünlərin həyat tərzinin yaxşılaşdırılmasına imkan yaratmışdır. İndiyədək Azərbaycan dövləti bu məqsədlə 2,6 milyard dollar vəsait xərcləmiş, son 10 ildə 67 qəsəbə salınmışdır.

Bütün bunlar göstərir ki, Azərbaycan özünün milli inkişaf modeli ilə müasir dünyanın yeni iqtisadi fenomeninə çevrilir. İqtisadçı alimlər, filosoflar, ictimaiyyətşünas alimlər bu modelin özünü qabarıq göstərən xüsusiyyətləri barədə danışarkən bir sıra əsas məqamlara xüsusi diqqət yetirirlər. Bu modelin ən qabarıq xüsusiyyəti iqtisadiyyatın özünü təminetmə xüsusiyyətinə malik olmasıdır. Yəni Azərbaycan bu gün neft gəlirlərindən səmərəli istifadə edərək qeyri-neft sektorunu, sahibkarlığı inkişaf etdirir, qlobal investisiya layihələrini məhz öz maliyyə imkanları hesabına həyata keçirir.

2009-cu il noyabrın 2-də Bakı Dövlət Universitetində təşkil olunmuş yubiley mərasimində dərin məzmunlu nitq söyləyən möhtərəm Prezidentimiz İlham Əliyev Azərbaycanda iqtisadi sahədə keçid dövrünün başa çatdığını bəyan etdi. Söhbət ictimai-iqtisadi formasiya dəyişkənliyi ilə bağlı sovet təsərrüfat sistemindən, planlı iqtisadiyyatdan miras qalmış bütün iqtisadi seqmentlərin bazar prinsiplərinə uyğun tamamilə yenidənqurulması prosesinin başa çatmasından gedir. Respublikamız son 15 ildə özəlləşdirmədən, torpaq, vergi, gömrük islahatından tutmuş səmərəli idarəçiliyin vacib şərti olan struktur islahatlarınadək böyük bir iqtisadi mərhələni inamla geridə qoymuşdur. Qarşıdakı dövrdə isə formalaşmış bu möhkəm təməl üzərində bazar iqtisadiyyatı prinsiplərinin tam bərqərar olmasına çalışmaq, iqtisadi sahədə liberallaşdırma prosesini davam etdirmək hökumətin qarşısında duran ciddi vəzifələrdən biridir.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, həqiqi dövlət müşaviri, akademik Ramiz Mehdiyevin ideya və ön söz müəllifliyi əsasında işıq üzü görmüş "İnkişafın Azərbaycan modeli" kitabında respublikamızın ötən 17 ildə keçdiyi tərəqqi yoluna nəzər salınmış, milli inkişaf modelinin səciyyəvi xüsusiyyətləri göstərilmişdir. "Azərbaycan" qəzetinin fəal iştirakı ilə ərsəyə gəlmiş "İnkişafın Azərbaycan modeli" kitabı diskussiyalar, "dəyirmi masa"lar, təhlillər üçün zəmin yaradır.

Bugünkü tədbirin Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində təşkil olunması da təsadüfi deyildir. Belə ki, növbəti inkişaf mərhələsi üçün əsas tələblərdən biri də neftdən sonra milli inkişafın lokomotivinə çevriləcək prioritet sahəni müəyyənləşdirməkdir. Cənab İlham Əliyevin "Qara qızılı insan qızılına, intellektual potensiala çevirək" tezisi İKT-nin Azərbaycan cəmiyyətində inkişafını stimullaşdıran başlıca amildir.

Hesab edirəm ki, son illər Azərbaycanda İKT-nin inkişafı, respublikamızın bu sahədə regional liderliyinin təmini istiqamətində çox böyük işlər görülmüşdür. Ölkəmizin bu sahədə MDB-də lider dövlət olmasını Ümumdünya İqtisadi Forumunun "Qlobal İnformasiya Texnologiyası Hesabatı 2009-2010" adlı sənədi də göstərir. Azərbaycanda şəbəkə hazırlığı indeksinə görə 64-cü yerə layiq görülmüşdür ki, bu da MDB məkanında ən yüksək göstəricidir.

Respublikamızın dinamik sosial-iqtisadi inkişafı fonunda dövlət başçısı tərəfindən informasiya və kommunikasiya texnologiyalarının neftdən sonra ikinci prioritet sahə elan edilməsi, ölkədə enerji və nəqliyyat sahəsində təhlükəsizliyin qorunması ilə yanaşı, informasiya təhlükəsizliyinin təmin edilməsinə və bu sahədə regional layihələrin həyata keçirilməsinə xüsusi önəm verməsi ölkəmizdə İKT sektorunun uzunmüddətli inkişafına zəmanət verir. Bunun nəticəsidir ki, hazırda Azərbaycanda İKT sektoru özünün dayanıqlı və dinamik inkişaf mərhələsindədir. Konkret fəaliyyət proqramının müəyyənləşdirilməsi və iqtisadiyyatın tarazlı inkişafına yönəlmiş tədbirlərin həyata keçirilməsi məqsədilə qəbul olunmuş dövlət proqramları, möhtərəm Prezidentimiz tərəfindən imzalanan fərman və sərəncamlar İKT sektorunun uzunmüddətli inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edir.

Bu sahədə həyata keçirilən işlərlə bağlı çıxış etmək üçün rabitə və informasiya texnologiyaları naziri, akademik Əli Abbasova söz verilir.

 

Əli ABBASOV:

- İlk növbədə bildirmək istərdim ki, Prezident Administrasiyasının rəhbəri, hörmətli akademik Ramiz Mehdiyevin ideya müəllifiliyi, professor Əli Həsənovun redaktorluğu, Milli Məclisin deputatı Bəxtiyar Sadıqovun gərgin zəhməti bahasına ərsəyə gəlmiş "İnkişafın Azərbaycan modeli" kitabını milli inkişaf modelinin mahiyyətinin açılmasına yönəlmiş ilk uğurlu cəhdlərdən biri kimi dəyərləndirirəm.

Şübhəsiz, informasiya və kommunikasiya texnologiyalarının (İKT) əhəmiyyətinin günü-gündən artdığı qloballaşan dünyada Azərbaycan rabitəsi çətin və keşməkeşli, eyni zamanda şərəfli yol keçərək müasir səviyyəyə çatmışdır. Digər sahələrdə olduğu kimi, respublikada rabitə və informasiya texnologiyaları kompleksinin sürətli inkişafı və müasir dövrün tələblərinə uyğun qurulması da ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

Xüsusi qeyd etmək lazımdır ki, ulu öndər Heydər Əliyevin 2003-cü il 17 fevral tarixdə imzaladığı "Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)" 10 il müddətində müasir informasiya texnologiyalarının Azərbaycanda tətbiqi sahəsində prioritet vəzifələri müəyyənləşdirmişdir. Bu strategiyadan irəli gələn vəzifələr hazırda Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla yerinə yetirilir. Həyata keçirilən məqsədyönlü siyasət nəticəsində son illər bütün sahələrdə davamlı və dinamik inkişaf qeydə alınmışdır.

Dünyada iqtisadi inkişafın əsas təməl prinsiplərini özündə cəmləşdirən bir neçə model mövcuddur. Bu kontekstdə Yaponiya, Koreya, ABŞ, İsveç, Çin kimi ölkələrin uğurlu iqtisadi inkişaf modellərini göstərmək olar. Bütün bunların fonunda belə bir sual ortaya çıxır: keçid dövrünü başa vuran Azərbaycanın sosial-iqtisadi inkişafına yeni bir model kimi baxmaq olarmı?!

Şübhəsiz, ötən əsrin 90-cı illərindən başlayaraq ölkənin keçdiyi yola nəzər saldıqda Azərbaycanın özünəməxsus inkişaf modelinin formalaşdığını və bu modelin xarakterik cəhətlərinin nədən ibarət olduğunu aydın görmək olar. Məlumdur ki, müstəqilliyin ilk illərində Azərbaycan kifayət qədər ciddi siyasi və iqtisadi böhranla üzləşmiş, ölkə parçalanma həddinə çatmışdı. Respublikamız bir dövlət kimi məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etdiyi, 1 milyondan çox qaçqın və məcburi köçkünün olduğu şəraitdə milli inkişaf prioritetlərini düzgün müəyyənləşdirmək və çevik iqtisadi islahatlar həyata keçirmək heç də asan deyildi. Bununla belə, iqtisadi sistemin tənəzzülə uğradığı, ictimai-iqtisadi formasiya dəyişkənliyinin ciddi problemlər doğurduğu bir dövrdə Azərbaycan xalqı gələcək taleyi baxımından son dərəcə düzgün, qətiyyətli seçim etdi. Ulu öndərin xalqın tələbi ilə 1993-cü ilin iyununda hakimiyyətə qayıdışı respublikanın iqtisadi tənəzzül və xaos mərhələsindən sabitlik və iqtisadi inkişaf yoluna qədəm qoymasını təmin etdi. Böyük strateq Heydər Əliyev dünyada mövcud olan iqtisadi modellərin üstün cəhətlərinin sintezi əsasında milli inkişaf strategiyasını irəli sürdü, sosialyönümlü bazar iqtisadiyyatının ən optimal variant olduğunu nümayiş etdirdi.

Azərbaycanın malik olduğu təbii sərvətlərdən səmərəli istifadə isə respublikanın iqtisadi inkişafı üçün münbit şərait formalaşdırdı. Yəni ölkəmizin milli inkişaf modelinin formalaşmasında uzaq hədəflərə hesablanmış yeni neft strategiyası mühüm rol oynadı. Ulu öndər Heydər Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycanın təbii sərvətlərindən ölkənin siyasi problemlərinin həlli istiqamətində istifadə edildi. Bu düşünülmüş strategiya ölkəni iqtisadi tənəzzüldən xilas etdi, milli təhlükəsizliyimiz təmin olundu, beynəlxalq nüfuzun artmasına zəmin yarandı. Həyata keçirilən islahatlar nəticəsində siyasi və iqtisadi tənəzzül başa çatdı, 1998-ci ildən isə iqtisadi inkişaf prosesində pozitiv meyillər özünü qabarıq göstərməyə başladı.

Bu gün tam əminliklə söyləmək olar ki, neft gəlirlərinin idarə olunmasında Azərbaycan formulu mövcuddur. Bununla yanaşı, respublikanın davamlı və sabit inkişafında növbəti mühüm istiqamət kimi qeyri-neft sektoru əsas götürülür. Qeyri-neft sektorunun inkişafı ilə əlaqədar böyük sosial layihələr həyata keçirilir və bu da ümumi inkişafa rəvac verir. Sirr deyildir ki, 2003-cü ilə qədər Azərbaycanın ümumi inkişafının təməli qoyulmuşdur. Ölkədə bir çox sahələrdə əldə olunan nəticələr beynəlxalq təşkilatların diqqətini cəlb etməyə başlamış, Azərbaycan ümumi daxili məhsulun artım tempinə görə dünyanın öncül ölkələri qrupuna daxil olmuşdur.

Azərbaycanın sürətli iqtisadi inkişafı konkret olaraq 2003-2009-cu illəri əhatə edir. Bu mərhələnin inkişaf göstəricilərində informasiya- kommunikasiya texnologiyaları sektorunun (İKT) da özünəməxsus payı var. Təsadüfi deyil ki, möhtərəm Prezidentimiz İlham Əliyev səlahiyyətlərinin icrasına başladıqdan sonra - 2003-cü ilin dekabrında ilk xarici səfəri çərçivəsində Cenevrədə keçirilən informasiya cəmiyyəti üzrə ümumdünya sammitində iştirak etmiş, informasiya-kommunikasiya sektorunun əsas inkişaf tezisini ortaya qoymuşdur. Möhtərəm Prezidentimizin səsləndirdiyi "qara qızılı insan qızılın"a çevirək tezisi inkişafın prioritet istiqamətlərini müəyyənləşdirmişdir.

Ümumilikdə, Azərbaycanın inkişaf modelinin əsas məqsədi neft gəlirləri ilə Azərbaycanda davamlı və dayanıqlı iqtisadiyyatın qurulmasıdır. Ölkə rəhbərliyi Azərbaycanda texnoloji inkişafa dəstək verməklə bu sahənin inkişafını stimullaşdırmışdır. 2003-2009-cu illər ərzində möhtərəm Prezidentimiz cənab İlham Əliyev İKT-nin inkişafını nəzərdə tutan iki mühüm dövlət proqramı imzalamışdır. Ümumi bazanın yenidən qurulub təkmilləşməsi məqsəd kimi qarşıya qoyulmuş, islahatlar, özəlləşdirmə, liberallaşdırma, mütəşəkkil qaydada tənzimləmə siyasəti həyata keçirilmişdir. Bütün bunlar ölkə rəhbərliyinin Azərbaycanda İKT-nin inkişafına göstərdiyi yüksək diqqətin təzahürüdür.

Bu tədbirlərin nəticəsi olaraq son illər Azərbaycanda İKT sektoru üzrə yüksək göstəricilər əldə olunmuşdur. Belə ki, bu sektor 6 ildə 5 dəfə böyümüş, 2009-cu ili çıxmaq şərti ilə illik artım tempi orta hesabla 30-32 faiz olmuşdur. Onu qeyd edim ki, bu uyğun ümumdünya orta göstəricisindən 3 dəfə böyükdür. Eyni zamanda keçmiş sovet məkanında ilk dəfə olaraq Azərbaycanda bütün yaşayış məntəqələrin telefonlaşdırılması başa çatdırılmışdır. Yəni indi Azərbaycanın istənilən yaşayış məntəqəsində stasionar telefon xidməti mövcuddur. Ölkədə radio-televiziya sisteminin inkişafı istiqamətində də əsaslı işlər görülür. Həyata keçirilən tədbirlər nəticəsində Azərbaycan televiziyası ilə İctimai televiziya ölkə əhalisinin 100 faizini əhatə edir. Özəl televiziyalar isə ölkənin 60-80 faiz ərazisinə yayımlanır.

Azərbaycan əhalisinin təxminən 50 faizi internet istifadəçisidir. Genişzolaqlı internetə çıxış 12 faiz təşkil edir və bu da ümumdünya orta göstəricisini təxminən 2 dəfə qabaqlayır. Haşiyə çıxaraq qeyd edim ki, bu hesablamalar Beynəlxalq Telekommunikasiya İttifaqının metodikası əsasında aparılır. Bu uğurlu statistik göstəricilərin siyahısını davam etdirə bilərik. Amma bu gün bizim məqsədimiz neftdən sonrakı inkişafın yollarını açmaqdır. Azərbaycan Prezidenti İlham Əliyev "Bakutel-2010" sərgisi çərçivəsində "Euronews" telekanalına verdiyi müsahibədə qeyd etmişdir ki, "Bizim təbii sərvətlərimiz nə vaxtsa tükənəcək. Biz ölkəmizin gələcək inkişafını elmi-texniki tərəqqinin və informasiya texnologiyalarının inkişafında görürük. Mən ölkəmizin gələcəyini informasiya-kommunikasiya texnologiyaları olmadan təsəvvür edə bilmirəm". Bütün bunları nəzərə alaraq, fəaliyyətimizi elə qurmalıyıq ki, informasiya-kommunikasiya texnologiyaları sektoru neftdən sonra ikinci prioritet sahə kimi iqtisadiyyatın lokomotivi funksiyasını üzərinə götürə bilsin.

Uzun müddətdir ki, Azərbaycanda Sovetlər İttifaqından miras qalan planlı iqtisadiyyat sistemi ləğv olunmuş, bazar iqtisadiyyatına keçid tam şəkildə bərqərar olunmuşdur. Bu gün ölkədə özəl sektorun inkişafına yaradılan şəraitin nəticəsi kimi ümumi daxili məhsulda sahibkarlığın xüsusi çəkisi 85 faizə yüksəlmişdir. İqtisadi sahədə keçid dövrünün başa çatması və dinamik inkişaf istiqamətində həyata keçirilən tədbirlər yaxın gələcəkdə Azərbaycanın inkişaf etmiş ölkələr sırasında dayanmasına zəmin yaradır.

İKT sektoruna göstərilən xüsusi diqqət üzərimizə böyük məsuliyyət qoyur. İndi qarşıda duran başlıca məqsəd 20-25 il ərzində Azərbaycanda İKT sektorunu ölkə iqtisadiyyatının lokomotivinə çevirməkdir. Mütəxəssislərin hesablamalarına görə, qeyd olunan müddətdə İKT sektorundan əldə olunan gəlirlər neft sektorunu üstələyəcək. Bu proqnozların reallaşdırılması üçün şəxsən cənab Prezident müvafiq araşdırmalar aparılması ilə bağlı tapşırıq və tövsiyələrini vermişdir.

İnformasiya-kommunikasiya texnologiyalarının inkişafının əsas hərəkətverici qüvvəsi kimi bir neçə istiqamət müəyyən edilmişdir. Həmin istiqamətlərə daxili və xarici investisiyaların, geniş miqyasda sektora cəlb edilməsi, ixracın sürətlə genişləndirilməsi, şəbəkə infrastrukturunun tam müasirləşdirilməsi, yüksək biliklərə və təcrübəyə malik olan yerli insan potensialının yetişdirilməsi və s. daxildir. Neft sektorunun iqtisadiyyatda üstün mövqeyə malik olmasının əsas səbəblərindən biri bu sektorun ixrac potensialının böyük olmasıdır. Bununla yanaşı, qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün məşğulluğun artırılması, sahibkarlığın inkişafına şərait yaradılması da vacibdir.

Məlumat üçün onu da bildirək ki, 2003-2009-cu illərdə ölkədə İKT sektoru üzrə 500-ə yaxın yeni özəl müəssisə yaradılıb. Bu gün İKT sektoru üzrə qarşıya qoyulan məqsədə çatmaqda ən böyük problem bu sahədə ixracın zəif olmasıdır. Ona görə də qarşıdakı dövrdə əsas məqsədlərdən biri məhz ixracın genişləndirilməsi olmalıdır. Bunun üçün biz Azərbaycandan kənarda böyük layihələr həyata keçirə bilən yerli transmilli şirkətlərin yaradılmasını təmin etməliyik. Ümumilikdə sektorda istehsalın yeni istiqamətlərinin- internet iqtisadiyyatı, mikro və nano elektronika, kosmik və optik şəbəkələr üzrə regional informasiya xidmətlərinin verilməsi, proqram təminatı və s. geniş tətbiq edilməlidir.

Bundan başqa, aparılan məsləhətləşmələr zamanı məlum olmuşdur ki, İKT sektoru üzrə həyata keçirilən fiskal, monetar siyasət dəyişməlidir. Belə ki, bu sahə üzrə nəzərdə tutulan gömrük, vergi şərtləri yüngülləşməli, xüsusi pul-kredit sistemi tətbiq olunmalı, investisiyaların qorunması üçün hüquqi baza yaradılmalı, intellektual insan potensialı inkişaf etdirilməli, ən əsası, ədalətli rəqabət mühiti formalaşdırılmalıdır.

Bu sahədə inqilab etmək istəyiriksə, ilk növbədə insan potensialımız daha güclü olmalıdır. Bizim gələcək planlarımıza həm də yüksək ixtisaslı mütəxəssislərin hazırlanması üçün İnformasiya Texnologiyaları Regional Universiteti, habelə ali təhsil ocaqlarında İKT üzrə yeni fakültələrin yaradılması məsələləri daxildir. Biz bu istiqamətdə də sistemli tədbirlər həyata keçiririk. Ölkə başçısının təsdiq etdiyi müvafiq dövlət proqramına əsasən, çoxsaylı gənclər dünyanın aparıcı universitetlərində İKT-nin müxtəlif istiqamətləri üzrə təhsil alır, bundan əlavə RİTN-in özəl şirkətlərlə birgə yaratdığı İKT sahəsində İnsan Resursları Fondu hesabına indi təxminən 150 tələbənin xaricdə təhsil alması təmin edilir.

Bütün bunlar Azərbaycanda qabaqcıl texnologiyanın iqtisadiyyatda və digər sahələrdə nə dərəcədə geniş vüsət aldığını və qarşıdakı dövr ərzində bu sahə üzrə ölkəmizin əldə edəcəyi nailiyyətlərin miqyasının daha da genişlənəcəyini əyani şəkildə göstərir. Bu amil öz növbəsində Azərbaycanın daha sürətli dinamik inkişafını və onun yeni yüzilliyin tələblərinə cavab verən formada reallaşacağını şərtləndirir.

 

Bəxtiyar SADIQOV: Son illər müasir telekommunikasiya şəbəkəsinin inkişaf etdirilməsi, ATS-lərin elektronlaşdırılması, rəqəmli televiziya xidmətlərinin göstərilməsi istiqamətində mühüm infrastruktur layihələri həyata keçirilmişdir. Bunlarla yanaşı, ilk telekommunikasiya peykinin orbitə çıxarılması, idarə olunması, istismar işlərinin həyata keçirilməsi istiqamətində də tədbirlər görülür. İKT sektorunda görülən işlərlə bağlı çıxış üçün söz rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədova verilir.

 

İltimas MƏMMƏDOV:

- Ölkənin rabitə sisteminin müasir dünya standartları səviyyəsinə çatdırılması, müasir texnologiyaların tətbiqi mühüm məsələ kimi rabitə birlik və müəssisələri qarşısında qoyulmuşdur. Aparılan məqsədyönlü işlərin nəticəsi kimi 2008-ci ilin sonunda MDB məkanında ilk dəfə olaraq ölkəmizdə bütün yaşayış məntəqələrinin telefonlaşdırılması tam başa çatdırılmışdır. Bakı şəhərində, eləcə də respublikamızın bir sıra şəhər və kəndlərində ATS-lərin elektronlaşdırılması üzrə mühüm tədbirlər həyata keçirilmişdir. 2010-cu il ərzində Bakının 470, 71, 72, 73, 74, 75, 76 saylı ATS-lərinin, Sumqayıt, Gəncə kimi böyük şəhərlərin şəbəkələrinin yeni nəsil texnologiya əsasında tam rekonstruksiyası başa çatdırılmışdır.

Bundan başqa, Göyçay, Kürdəmir, Salyan və digər rayon mərkəzləri, eləcə də kənd ATS-ləri yenidən qurulmuş, Naxçıvan Muxtar Respublikasında Naxçıvan şəhər mərkəzi ATS-i və bir neçə yaşayış məntəqəsindəki ATS-lər müasir avadanlıqlarla təchiz olunmuşdur. Eyni zamanda cari il ərzində regionlar arasında yüksək sürətli əlaqəni təmin etmək üçün 300 km-dən artıq optik kabel çəkilişi həyata keçirilmişdir. Bununla yanaşı, Siyəzən şəhərindən Rusiya sərhədinədək alternativ optik xətlərin çəkilişi başa çatdırılmış, Lerik, Yardımlı rayonlarına, Naxçıvan şəhərinə, Şahbuz rayon mərkəzinə və digər zəruri yaşayış məntəqələrinə optik xətlərin çəkilməsi üzrə mühüm işlər həyata keçirilmişdir.

Görülən tədbirlər nəticəsində regionlarda ATS-lərin montaj olunmuş tutumları 739 min nömrəyə, elektronlaşma səviyyəsi 98,5 faizə çatdırılmışdır. İlin sonunadək elektronlaşma səviyyəsinin 100 faizə çatdırılması gözlənilir.

"Aztelekom" İB üzrə genişzolaqlı internet xidmətləri istifadəçilərinin sayı xeyli artmış, internet xidmətlərinin tariflərində dəfələrlə endirim aparılmış, tariflər orta hesabla 10 dəfədən çox azaldılmış, eləcə də rabitə xidməti haqlarının bankomatlar vasitəsilə ödənişi təşkil edilmişdir. Bakı şəhərində şəbəkənin tam elektronlaşdırılması məqsədilə də xeyli iş görülmüşdür.

Müasir dövrün tələblərinə uyğun olaraq genişzolaqlı internet xidmətinə olan tələbatın təmin edilməsi üçün bu il ərzində Bakı telefon şəbəkəsində 21000-dən çox ADSL portu quraşdırılmışdır.

2010-cu il ərzində "Bakinternet" internet provayder platformasının texniki imkanlarını artırmaq məqsədilə xeyli iş görülmüş, qlobal internet şəbəkəsinə qoşulma sürəti 2,5 Gbits sürətinə çatdırılmışdır. Hazırda "Bakinternet" üzərindən qoşulmuş genişzolaqlı internet istifadəçilərinin (ADSL istifadəçiləri) sayı 34 500 nəfər təşkil edir.

"AzDataKom" şəbəkənin Bakı seqmenti ilə yanaşı, regionlarda şəbəkənin qurulması başa çatdırılmış və xidmət göstərilməsinə başlanılmışdır.

 

Azərbaycan Respublikası ilə Beynəlxalq İnkişaf Assosiasiyası arasında "İnkişaf krediti haqqında" Saziş (Maliyyə Xidmətlərinin İnkişafı Layihəsi) 24 may 2005-ci il tarixində imzalanmışdır. Ölkə Prezidentinin 25 avqust 2005-ci il tarixli 973 nömrəli sərəncamı ilə təsdiq edilmiş layihə, ilk növbədə, "Azərpoçt" MMC-nin mövcud platformasından istifadə etməklə maliyyə xidmətlərinin inkişafına şərait yaratmağı, kənd yerlərində və kiçik şəhər mərkəzlərində əhalinin bank-maliyyə xidmətlərinə sərbəst çıxışını təmin etməyi, habelə 1200 poçt şöbəsi vasitəsilə müştərilərə genişhəcmli xidmətləri nəzərdə tutur. Layihənin həyata keçirilməsinə 2005-ci ilin 14 oktyabr tarixindən başlanılmışdır.

Layihə çərçivəsində Azərbaycan Respublikası Mərkəzi Bankının texniki yardımı ilə "Azərpoçt" MMC üçün yeni hesablar planı hazırlanmış və Maliyyə Nazirliyi tərəfindən təsdiq edilərək tətbiqinə başlanmışdır. Layihənin ən vacib komponentlərindən biri olaraq "Azərpoçt" MMC-nin Avtomatlaşdırılmış Korporativ İnformasiya Sisteminin (AKİS) satın alınması və sistemin quraşdırılması 2009-cu ilin 14 oktyabrında uğurla sona çatdırılmışdır. İlk növbədə, "Azərpoçt" MMC-nin baş idarəsi tam avtomatlaşdırılmış, daha sonra Bakı şəhərində və digər bölgələrdə yerləşən PF və PŞ-lərin avtomatlaşdırılması həyata keçirilmişdir.

2010-cu il 16 aprel tarixində Azərbaycan Mərkəzi Bankı "Azərpoçt" MMC-yə maliyyə xidmətlərinin göstərilməsi üçün lisenziya vermiş, həmin vaxtdan indiyədək 41 PF və 480 PŞ üçün maliyyə xidmətlərinin göstərilməsi məqsədilə icazə alınmışdır.

Beləliklə, görülmüş işlər nəticəsində "Azərpoçt" tərəfindən ölkənin bütün ərazisini əhatə edən şəbəkəsi vasitəsilə əhaliyə keyfiyyətli poçt-maliyyə xidmətlərini göstərmək üçün şərait yaradılmışdır.

 

Bəxtiyar Sadıqov: Ölkəmizdə davamlı olaraq informasiya cəmiyyətinin inkişafı, İKT-nin cəmiyyətdə tətbiqi və əhalinin İKT biliklərinin artırılması istiqamətində işlər görülür. Bu kontekstdə informasiya cəmiyyətinin əsas atributu kimi "Elektron-hökumət"in formalaşdırılması, rəqəmli fərqliliyin aradan qaldırılması əsas hədəf götürülmüşdür. Qeyd olunan istiqamətlər üzrə həyata keçirilən işlərlə bağlı məlumat vermək üçün rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadəyə söz verilir.

 

 Elmir VƏLİZADƏ:

- Azərbaycan Respublikasında informasiya cəmiyyətinin formalaşdırılması üzrə fəaliyyətin əsası ümummilli lider Heydər Əliyevin 2003-cü il fevral ayının 17-də imzaladığı "Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)" ilə qoyulmuşdur.

Milli Strategiyanın ilkin mərhələsindən irəli gələn vəzifələrin reallaşdırılması məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin təsdiq etdiyi "Elektron Azərbaycan" Dövlət Proqramı çərçivəsində 2005-2008-ci illərdə İKT-nin inkişaf etdirilməsi ilə informasiya cəmiyyətinə keçidin təmini istiqamətində mühüm tədbirlər nəzərdə tutulmuşdur. Həmin illərdə nəzərdə tutulan tədbirlər müvəffəqiyyətlə icra edilmiş, beləliklə növbəti işlər üçün zəmin yaranmışdır. Bu işlərin davam etdirilməsi və genişləndirilməsi məqsədilə cari ildə Azərbaycan Prezidenti İlham Əliyev informasiya cəmiyyətinə keçidin 2010-2012-ci illəri əhatə edən növbəti mərhələsinin tədbirlərini özündə cəmləşdirən yeni "Elektron Azərbaycan" Dövlət Proqramı təsdiq etmişdir. Hazırda aidiyyəti dövlət orqanları dövlət proqramının icrası üzrə fəaliyyət göstərirlər.

Bu istiqamətdəki işlərin əsas tərkib hissələrindən biri "Elektron hökümət"in formalaşdırılması ilə bağlıdır. Son illərdə müxtəlif dövlət qurumları "Elektron hökumət" layihələri həyata keçirirlər və müəyyən nailiyyətlər əldə olunmuşdur. Hazırkı mərhələdə isə başlıca vəzifə bu layihələrin inteqrasiyasını, sistemli fəaliyyətini təmin etmək üçün lazımi işlərin görülməsidir. Nazirlər Kabinetinin 2010-cu il 14 may tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında 2010-2011-ci illərdə "Elektron hökumət"in formalaşdırılması üzrə Fəaliyyət Proqramı"nda nəzərdə tutulmuş tədbirlər məhz bu istiqamətdəki işləri əhatə edir.

"Elektron hökumət"in formalaşdırılması dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi ilə yanaşı, vətəndaşlarla əlaqələrin inkişaf etdirilməsinə, daha münasib və sadə formalarda həyata keçirilməsinə şərait yaradacaqdır. Dövlət orqanlarının indi həyata keçirdiyi fəaliyyətin elektron xidmətlər şəklində reallaşdırılması da məhz buna xidmət edəcəkdir.

Dövlət idarəçiliyində İKT-nin geniş tətbiqi, "e-imza" və "e-sənəd"dən istifadəni təmin edən infrastrukturun yaradılması üzrə işlər görülür, bir sıra dövlət xidmətləri elektron üsullarla həyata keçirilir. Vergi bəyannamələri və hesab-fakturaların elektron şəkildə təqdim olunması, tələbə qəbulu üzrə ərizələrin internet vasitəsilə doldurulması, milli ödəniş sisteminin, vətəndaşlar üçün e-sağlamlıq kartlarının tətbiqi və sair işlər bunlara əyani misallardır. Dövlət orqanları arasında etibarlı və təhlükəsiz informasiya mübadiləsini təmin etmək üçün vahid multiservis şəbəkə qurulmuş, gömrük, vergilər, səhiyyə, ədliyyə, təhsil, sosial müdafiə sahələrində vətəndaşların hökumət orqanları ilə əlaqələrinin sadələşdirilməsinə xidmət edən informasiya sistemləri yaradılmışdır.

Ölkədə "Elektron hökumət"in fəaliyyəti üçün vacib sayılan dövlət reyestrləri də yaradılmaqdadır. Əhalinin reyestri, daşınmaz və daşınan əmlakın reyestrləri, normativ aktların reyestri, ünvan reyestri, inzibati-ərazi bölgü reyestri, hüquqi şəxslərin reyestri və sair mühüm reyestrlərin formalaşdırılması dövlət orqanlarında göstərilən elektron xidmətlərin sayını daha da artıracaqdır.

"Elektron hökumət" mühitində mühüm əhəmiyyət kəsb edən informasiya təhlükəsizliyinin təmin edilməsi üzrə əməli tədbirlər görülür, standartlar işlənilir, milli informasiya sistemlərində tətbiq olunacaq təsnifatlar hazırlanır. Bu sahədə aparılan işlərə təkan vermək məqsədilə "Elektron hökumət" haqqında qanun layihəsinin işlənilməsi həyata keçirilir. Bu qanun layihəsində dövlət orqanı-vətəndaş-biznes əlaqələrində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi zamanı yaranan münasibətlərin hüquqi-təşkilati baxımdan tənzimlənməsi, tərəflərin hüquq və vəzifələrinin dəqiqləşdirilməsi və sair məsələlər nəzərdə tutulacaqdır.

Güman edirik ki, kompleks şəkildə aparılan bu fəaliyyət müsbət nəticələr verəcək və ölkədə informasiya cəmiyyəti quruculuğu prosesi uğurla həyata keçiriləcəkdir.

 

Bəxtiyar Sadıqov: Bu gün Azərbaycan genişmiqyaslı enerji layihələri ilə yanaşı Şərqlə Qərb arasında informasiya magistralı rolunu oynayan "Trans-Avrasiya Super İnformasiya Magistralı" layihəsinin reallaşdırılması təşəbbüsü ilə çıxış edərək bütün dünyanın diqqətini cəlb etməyi bacarmışdır. Azərbaycan Respublikası Prezidentinin sərəncamlarına uyğun olaraq, regional innovasiya zonalarının yaradılması istiqamətində görülən ardıcıl işlər yaxın gələcəkdə sektor üzrə qeydə alınan inkişaf tempinin daha da artacağına zəmanət verir. Sektor üzrə həyata keçirilən perspektivli layihələr barədə çıxış üçün söz Maliyyə, uçot və iqtisadi təhlil şöbəsinin müdiri Rəşad Nəbiyevə verilir.

Rəşad NƏBİYEV:

- Bu gün Azərbaycan hökumətinin İKT siyasətinin qarşısında duran əsas məqsədlər dünyada bu sahədə gedən inkişaf proseslərini qabaqlamaq, sosial təbəqələr və coğrafi məkanlar arasında olan rəqəmli fərqliliyi aradan qaldırmaq, İKT-nin iqtisadiyyatın digər sahələrinə və sosial iqtisadi inkişafa təsirini artırmaqdır. Qeyd olunan istiqamətlərdə görüləcək işlərin effektivliyinin artırılmasının innovasiya fəaliyyətinin önəmli həlqəsi olan texnoparkların və texnoloji tutumlu zonaların yaradılmasından keçdiyini düzgün dəyərləndirən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi 2007-ci ildən etibarən ABŞ-ın aparıcı konsaltinq şirkəti olan "Booz Allen Hamilton" ilə birgə Azərbaycanda "Regional İnnovasiya Zonası"nın (RİZ) yaradılması istiqamətində məqsədyönlü işlər aparır.

Azərbaycanda RİZ-in yaradılması layihəsinin əsas üstünlüyü və spesifik xüsusiyyəti bugünədək dünyada mövcud olan bu tip zonaların müsbət və mənfi təcrübələrinin ətraflı öyrənilərək reallaşdırılması praktik baxımdan mümkün olan və eyni zamanda nəzəri biliklərə əsaslanan Azərbaycan modelinin işlənilib hazırlanmasından ibarətdir. Analitiklərin qənaətinə görə, region ölkələrinin bu cür zonaların yaradılması sahəsində aktiv işlər gördüyü və regional İKT bazarında əhəmiyyətli paya sahib olmaq uğrunda cəhdlər göstərdiyi bir şəraitdə RİZ mümkün qədər qısa zaman çərçivəsində yaradılmalıdır. Və belə olduğu halda bir çox sahələrdə regional lider kimi qəbul olunan Azərbaycanın İKT sahəsində də liderə çevrilməsi ideyası reallaşacaqdır.

Bu gün dünyanın telekommunikasiya xəritəsində ABŞ-la Qərbi Avropanı, habelə Cənub-Şərqi Asiyanı birləşdirən nəhəng informasiya magistrallarını aydın gördüyümüz halda, Şərqi Avropa, Mərkəzi və Orta Asiya, eləcə də MDB regionlarında bu cür magistrallar gözə dəymir. Bu da contentin çatdırılmasında, beynəlxalq qoşulmalarla təchizatda, yüksək keyfiyyətli qlobal informasiya şəbəkəsinə çıxışda sözügedən regionları ciddi problemlərlə üz-üzə qoyur və nəticə etibari ilə böyük bir regionun sosial-iqtisadi inkişafını ləngidir.

Azərbaycan digər sahələrdə olduğu kimi, yerləşdiyi regionun bu probleminin də həllinə özünəməxsus mövqe nümayiş etdirmişdir. Məhz respublikamızın təşəbbüsü ilə irəli sürülən və BMT-nin Baş Assambleyasının 2009-cu ilin dekabr ayında keçirilən 66-cı plenar iclasında xüsusi qətnaməsi ilə yekdilliklə qəbul edilən "Trans-Avrasiya Super İnformasiya Magistralı" (TASİM) layihəsi bu problemlərin aradan qaldırılmasına yönəlmişdir. Qeyd etmək istərdim ki, bu magistralın reallaşmasının yalnız İKT-nin inkişafına deyil, eyni zamanda Minilliyin çağırışlarının - yəni yoxsulluğun, savadsızlığın azaldılmasına, sosial-iqtisadi inkişafın sürətlənməsinə təkan verəcəyi BMT-nin qətnaməsində xüsusi olaraq vurğulanmışdır.

Bu magistralın həyata keçirilməsi üzrə nəzərdə tutulan birinci mərhələdə əsas etibarı ilə Qərbi Avropadan Çinə qədər olan ərazidə yerləşən ölkələrə xidmət edəcək transmilli optik şəbəkə yaradılacaq, Xəzəraltı kabel magistralı tikiləcək, ikinci mərhələdə isə yaranmış infrastrukturdan Avrasiya ölkələrinin, xüsusilə də Mərkəzi Asiya ölkələrinin sərfəli qiymətlərlə qoşulması təmin ediləcəkdir. Hazırda 6 ölkənin - Azərbaycan, Rusiya, Türkiyə, Gürcüstan, Qazaxıstan və Çinin aparıcı telekommunikasiya operatorları layihənin həyata keçirilməsi üçün konsorsiumun yaradılması üzrə apardığı danışıqların ilkin mərhələsi başa çatmışdır.

Bu gün Azərbaycanın həyata keçirdiyi layihələr regionda informasiya resurslarının ötürülməsi və çatdırılması sahəsində mövcud olan problemlərin həllinə istiqamətlənmişdir. Əgər RİZ Regional Data Mərkəzinin yaradılması ilə contentin çatdırılması sahəsində olan problemlərin, TASİM layihəsi beynəlxalq yüksək sürətli və keyfiyyətli qoşulmalar üzrə regionda olan rəqəmli uçurumun aradan qaldırılmasına yönəlmişdirsə, ölkəmizin ilk telekommunikasiya peykinin orbitə çıxarılması layihəsi yerli ehtiyaclarla yanaşı, Avropa, Asiya və Afrika ölkələrində peyk tutumlarına olan tələbatın ödənilməsinə töhfəsini verəcəkdir.

Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizdə kosmik sənayenin inkişaf etdirilməsinə və informasiya təhlükəsizliyinin təmin olunmasına xüsusi önəm verərək imzaladığı "Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında" sərəncamı və təsdiq etdiyi "Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı" Azərbaycanın dünya peyk ailəsinin üzvünə çevrilməsi, peyk texnologiyalarının istehsalı və tətbiqi üçün geniş imkanlar açmışdır.

Peykin orbitə çıxarılması üçün zəruri olan şərtlərdən biri də orbital mövqenin əldə olunmasıdır. Sovetlər İttifaqı dağılarkən, yurisdiksiyasındakı orbital mövqelərin onun hüquqi varisi olan Rusiyaya keçməsi səbəbindən digər MDB ölkələri kimi, Azərbaycan da özünün orbital mövqeyinə malik deyildir. Buna görə də Azərbaycan orbital mövqenin əldə edilməsi məqsədilə Beynəlxalq Telekommunikasiya İttifaqı ilə danışıqlar aparmaqla yanaşı, paralel şəkildə peykin orbitə çıxarılması üzrə region ölkələrinin cəhdlərinin üstələnməsi üçün peykin yerləşəcəyi orbital mövqenin əldə olunması üzrə səylərini artırmışdır. Mövcud bazar şəraitində Malayziyanın "Measat" şirkəti tərəfindən birgə istifadə üçün təklif olunan 460 Ş orbital mövqedən istifadə kommersiya baxımından məqbul hesab edilmiş, cari ilin may ayında birgə istifadə barədə müqavilə bağlanmışdır. Qeyd edim ki, BTİ ilə aparılan danışıqlar nəticəsində Azərbaycana məxsus orbital mövqelər müəyyən edilmiş və təsdiqlənmişdir. Demək olar ki, növbəti peyklərimiz məhz Azərbaycanın özünəməxsus orbital mövqelərdə fəaliyyət göstərəcəkdir.

Artıq peykin orbitə çıxarılması tədbirləri çərçivəsində peykin istehsalı və orbitə çıxarılması üzrə müvafiq olaraq "Orbital" və "Arianespace" şirkətləri ilə müqavilə imzalanmışdır. Ölkəmizin ilk telekommunikasiya peykinin 2012-ci ilin sonuncu rübündə orbitə çıxarılması nəzərdə tutulur. Telekommunikasiya peykinin orbitə çıxarılması ilə Azərbaycan MDB məkanında Rusiyadan sonra süni peykə malik ikinci ölkə olacaqdır və regionda bu sahədə də öz liderliyini gücləndirəcəkdir.

 

Bəxtiyar SADIQOV: Ölkəmizin günü-gündən genişlənən beynəlxalq əlaqələri fonunda Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin də əməkdaşlıq etdiyi ölkələrin sayı artmaqdadır. Uğurla qurulan əməkdaşlıq əlaqələrinin nəticəsidir ki, bu gün Azərbaycanda qeydə alınan inkişaf beynəlxalq səviyyədə hazırlanan reytinq və hesabatlarda əksini tapır. RİTN-in beynəlxalq əlaqələri ilə bağlı çıxış etmək üçün söz Beynəlxalq əlaqələr və qeyri-hökumət qurumları ilə iş şöbəsinin müdiri Ayaz Bayramova verilir.

 

Ayaz BAYRAMOV:

- Son illərdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin beynəlxalq və regional təşkilatlarla sıx əməkdaşlıq münasibətləri qurulmuş, ölkəmizin İKT və həmçinin telekommunikasiya, poçt və peyk rabitəsi sahələrində aparıcı ölkələr qrupuna daxil edilməsi üçün "tanınma" prosesi tamamlanmışdır. BMT-nin İnkişaf Proqramı, BMT-nin İqtisadi və Sosial Məsələlər Departamenti, Beynəlxalq Telekommunikasiya İttifaqı, Ümumdünya Poçt İttifaqı, Regional Rabitə Birliyi, İKT-nin İnkişafı üzrə Qlobal Alyans, Avropa İttifaqı, Avropa Şurası, İqtisadi Əməkdaşlıq Təşkilatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, İslam Konfransı Təşkilatı, Beynəlxalq Telekommunikasiya Peyk Rabitəsi, İntersputnik, Davos Forumu, İslam Gənclər Forumu və onlarla digər beynəlxalq təşkilatlarda ölkəmizin nüfuzunun möhkəmləndirilməsinə nail olunmuşdur. Bu qəbildən olan təşkilatların rəhbərləri ilə səmərəli görüşlər keçirilmiş, onların ölkəmizə səfərləri təşkil edilmişdir.

Rabitə və İKT sahəsi üzrə 2004-cü ildən bugünədək RİTN tərəfindən 62 sənəd imzalanmışdır. Hər bir sənədin icrasının həyata keçirilməsi ilə bağlı işçi qrupu və ya tədbirlər proqramı hazırlanaraq təsdiq olunmuş, qarşı tərəflərlə görüşlər keçirilərək əməkdaşlıq perspektivləri müzakirə və müəyyən edilmiş, habelə imzalanmış sənədlərin müddəa və şərtlərinə əsasən əməkdaşlıq tədbirləri həyata keçirilmişdir.

İlkin dövrlərdə iqtisadi inteqrasiyanı sürətləndirmək, hazırda isə ölkə rəhbərliyi tərəfindən təşviq olunan investisiya ixracını artırmaq məqsədilə Azərbaycanda və müxtəlif ölkələrdə biznes forumları keçirilmiş, rabitə və İKT sahəsinə investisiya qoyuluşu, habelə bu sahədə fəaliyyət göstərən yerli şirkətlərin dünya bazarına çıxışı üçün uyğun şərait yaradılmışdır.

Rabitə və informasiya texnologiyaları naziri cənab Əli Abbasov 2010-cu ilin 23-25 fevral tarixlərində Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilmiş İslam Konfransı Təşkilatının Elm və Texnoloji Əməkdaşlıq Komitəsinin (COMSTECH) İcraiyyə Komitəsinin 27-ci görüşündə iştirak etmiş, iclas iştirakçılarını TASİM layihəsi, həmçinin ölkəmizin həyata keçirdiyi bir sıra vacib layihələrlə bağlı məlumatlandırmışdır. İclasda TASİM layihəsinin İKT-yə üzv ölkələr üçün də əhəmiyyəti nəzərə alınaraq, rəyasət heyətinin təklifi ilə layihənin reallaşdırılması üçün COMSTECH vasitəsilə İslam İnkişaf Bankına təqdim edilməsi təklif olunmuşdur. Bunun davamı olaraq "COMSTECH"-in gələn ilin yanvarında təşkil olunacaq İcraiyyə Komitəsinin 28-ci və Baş Assambleyasının 14-cü toplantısında da iştirak nəzərdə tutulmuşdur.

Bundan başqa, nazir Əli Abbasov 10-11 iyul tarixlərində BMT-nin Baş katibi Pan Gi Munun təşəbbüsü ilə Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) və YUNESKO-nun birgə təşkilatçılığı ilə yaradılmış "Genişzolaqlı Rəqəmli İnkişaf üzrə Komissiya"da komissar kimi fəaliyyət göstərmək üçün Komissiyanın Cenevrədə keçirilən ilk iclasında, 18-20 sentyabr tarixlərində isə Nyu-Yorkda BMT-nin Baş Assambleyası çərçivəsində keçirilən Minilliyin İnkişaf Hədəflərinə həsr olunmuş "Genişzolaqlı Rəqəmli İnkişaf üzrə Komissiya"nın iclasında iştirak etmişdir.

XXI əsrdə mütərəqqi texnologiyaların iqtisadi və sosial həyatın bütün sahələrinə tətbiqi və təsiri bu texnologiyaların yalnız istehlakçısı kimi deyil, həmçinin istehsalçısı olmağa zərurət yaratmış, yeni texnologiyalardan istifadə səviyyəsi ölkələrin iqtisadi göstəricilərinin meyarına çevrilmişdir. Azərbaycanda hər bir inkişaf etmiş ölkənin əldə edə bilmədiyi kosmik sənayenin yaradılmasına yönəldilmiş dövlət proqramı və həyata keçirilən kompleks tədbirlər bu sahədə beynəlxalq əməkdaşlığın intensivləşdirilməsi və çevik tədbirlər görülməsi zərurəti yaratmışdır.

Hər il ölkədə keçirilən beynəlxalq səviyyəli tədbirlərin ölkənin müsbət imicinin qorunmasına və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynamasına xidmət etdiyini nəzərə alaraq, ənənəvi "Bakutel" sərgilərinin, habelə bu qəbildən olan sərgi, konfrans və forumların da əhəmiyyəti qeyd olunmalıdır. Ölkə rəhbərliyinin və beynəlxalq miqyasda tanınmış şəxsiyyətlərin bu tədbirlərə olan marağı və himayəsi görülən işlərin miqyasının və səviyyəsinin daha da yüksəldilməsinə əlavə stimul yaradır.

Bəxtiyar SADIQOV: Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu sosial-iqtisadi inkişaf strategiyasının səmərəsi bu gün hər bir Azərbaycan vətəndaşının həyatında hiss olunur. Heydər Əliyev Fondu, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və BMT-nin İnkişaf Proqramı ilə birgə xüsusi qayğıya ehtiyacı olan insanlara kömək göstərilməsi, onların sağlamlığının mühafizəsi, sosial problemlərinin həlli məqsədilə həyata keçirilən layihə əsasında məhdud fiziki imkanlı insanların informasiya texnologiyalarından istifadəsi üçün geniş imkanlar yaradılması, əhalini güzəştli kompüterlərlə təmini üçün həyata keçirilən "Xalq kompüteri" layihəsi kimi sosial layihələr ölkənin ümumi inkişafına dəyərli töhfələr bəxş edir. Qeyd olunan sosialyönümlü layihələrlə bağlı məlumat vermək üçün İnformasiya cəmiyyətinin inkişafı şöbəsinin müdiri İsbəndiyar Əliyevə söz verilir.

İsbəndiyar ƏLİYEV:

- "İnkişafın Azərbaycan modeli"nin əsas hədəflərindən biri sosialyönümlü layihələrin uğurla həyata keçirilməsidir. Təsadüfi deyil ki, 2011-ci ildə sosialyönümlü xərclərin dövlət büdcəsindəki xüsusi çəkisi 33,3 faiz təşkil edir. Bütün sahələrdə olduğu kimi, İKT sahəsində də sosialyönümlü layihələrə xüsusi diqqət yetirilir.

Qlobal informasiya cəmiyyətinin qurulması istiqamətində həyata keçirilən mühüm işlərdən biri də sosial vəziyyətindən asılı olmayaraq hər bir vətəndaşa İKT-nin imkanlarından istifadə üçün əlverişli şəraitin yaradılmasıdır. Minilliyin çağırışında və informasiya cəmiyyəti üzrə dünya sammitlərinin yekun sənədlərində bu məsələ xüsusilə qeyd olunmuşdur. Azərbaycanda da cəmiyyətin hər bir üzvünün, o cümlədən, məhdud imkanlı insanlar üçün müasir texnologiyalardan və elektron informasiya resurslarından istifadə imkanlarının yaradılmasına xüsusi önəm verilir.

Respublikamızda ilk belə təşəbbüs Heydər Əliyev Fondu tərəfindən irəli sürülmüşdür. 2005-ci ildə Heydər Əliyev Fondu və BMT-nin İnkişaf Proqramı ilə birgə həyata keçirilən "Görmə qabiliyyətini itirmiş və görmə qabiliyyəti zəif olan insanlar üçün informasiya-kommunikasiya texnologiyalarına çıxışın təmin edilməsinə dair" layihə çərçivəsində Bakıda gözdən əlil və görmə qabiliyyəti zəif olan uşaqlar üçün model - İKT sinifləri yaradılmışdır.

Bu işin davamı olaraq Heydər Əliyev Fondu, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və BMT-nin İnkişaf Proqramının birgə həyata keçirdiyi layihə əsasında məhdud imkanlı insanların İKT-dən istifadə imkanlarının artırılması məqsədi ilə Naxçıvan Muxtar Respublikasında, Gəncə şəhərində Regional İnformasiya Mərkəzləri yaradılmışdır. Müasir texnologiyalarla təchiz olunmuş bu mərkəzlərdə oxu zalı, təlim-tədris mərkəzi, audiokitabxana, kitabxana fondunun audioformata çevrilməsi üçün səsyazma studiyası, sürətli internetə çıxışla və xüsusi olaraq kor və görmə qabiliyyəti zəif uşaqlar üçün nəzərdə tutulmuş son model- kompüterlərlə təmin olunmuş kompüter mərkəzi qurulmuşdur. Mərkəz görmə qabiliyyəti zəif olan insanlar üçün elektron böyüdücü cihazlar, brayl şriftli kitablar, lal və karlar üçün subtitrli filmlər, əqli cəhətdən zəif insanlar üçün zehni inkişaf etdirən kompüter oyunları, internet ilə təhciz olunmuşdur.

Birgə əməkdaşlıq çərçivəsində yaradılan bu mərkəzlər məhdud imkanlı insanların cəmiyyətin həyatında fəal iştirakını, informasiya kommunikasiyaları vasitəsilə məlumat əldə etmək və biliklərini artırmaq imkanlarının genişləndirilməsini, bütövlükdə yaşayış tərzinin yaxşılaşdırılmasını təmin etməyə yönəlmişdir.

RİTN-nin təşəbbüsü və dünyanın aparıcı şirkətlərinin iştirakı ilə həyata keçirilən sosial layihələrdən biri də "Xalq kompüteri" layihəsidir. Layihə ölkədə informasiya cəmiyyəti quruculuğu prosesində əhalinin iştirakının genişləndirilməsi, müxtəlif sosial qrupların münasib qiymətlərlə lisenziyalı proqramlarla təchiz edilmiş müasir kompüterlərin güzəştli şərtlərlə əldə etməsinə şəraitin yaradılması, regionlardakı əhalinin də mövcud imkanlardan yararlanmasının təmin edilməsi və aztəminatlı sosial qrupların dəstəklənməsi, təhsil prosesində müasir vasitələrdən istifadənin genişləndirilməsi, yeni milli informasiya resurslarının və proqramlarının yaradılmasına təkan vermək məqsədi daşıyır.

Hazırda "Xalq kompüteri" layihəsindən ümumtəhsil məktəblərinin müəllimləri, şagirdləri, həmçinin ali təhsil müəssisələrinin tələbələri də yararlana bilirlər. Kompüterlərin 12 ay müddətinə faizsiz kreditlə verilməsi, lisenziyalı proqramlarla təchiz edilməsi, qiymətlərin bazar qiymətindən xeyli aşağı olması layihəyə marağı gündən-günə artırır. RİTN və Təhsil Nazirliyinin dəstəyi, "HP", "Microsoft" və yerli "Bestcomp" şirkətinin iştirakı ilə 2009-cu ilin aprelindən başlanan "Xalq kompüteri" layihəsindən yararlananların sayı 10000-nə çatmışdır. Bu da sosialyönümlü layihəyə cəmiyyətdə tələbatın olduğunu göstərir.

Sosialyönümlü layihələrin həyata keçirilməsi istiqamətində digər vacib məsələ rəqəmli geriliyin aradan qaldırılması, İKT savadlılığının artırılmasına yönəlmiş tədbirlərdir. Bu istiqamətdə RİTN və AMEA İnformasiya Texnologiyaları İnstitutunun da dəstəyi ilə Goranboy, Tərtər və Qax rayonlarında ümumtəhsil məktəblərinin informatika müəllimləri üçün təlim kursları təşkil olunmuşdur. Bölgələrdə müxtəlif qruplar üçün "Elektron hökumət" üzrə seminarların keçirilməsi, kompüter mərkəzlərinin açılması da bunlara əyani misallardır.

"İnkişafın Azərbaycan modeli" kitabında da qeyd olunduğu kimi, yüksək ixtisaslı müasir kadrların hazırlanması zəruriliyi nəzərə alınaraq, RİTN-də "İnsan resurslarının inkişafı fondu" yaradılmışdır. Bu çərçivədə xarici ali təhsil məktəblərində bakalavr, magistr pilləsində təhsil almaq üçün gənclərə dəstək göstərilir. Bütün bunlar Azərbaycanda iqtisadiyyatın mühüm sahəsi olan İKT sektorunun dayanıqlı inkişafına zəmin yaradır.

 

Əli ABBASOV:

- Bugünkü "dəyirmi masa"da "İnkişafın Azərbaycan modeli" kitabı əsasında Azərbaycanın son illərdə keçdiyi dinamik inkişaf yolunun ayrı-ayrı mərhələlərinə və özünəməxsus cəhətlərinə nəzər sala bildik. Eyni zamanda burada ölkədə neftdən sonrakı inkişafı təmin edəcək informasiya-kommunikasiya texnologiyaları sahəsində əldə olunmuş nəticələr və perspektiv layihələr barədə ətraflı məlumat verildi. Əlbəttə, bizim üçün ən yüksək qiymət möhtərəm Prezidentimizin işimizə verdiyi yüksək dəyərdir, göstərdiyi diqqət və qayğıdır.

İsveçrənin Davos şəhərində keçirilən ümumdünya iqtisadi forumlarının ötən üç illik yekunlarına nəzərən demək olar ki, Azərbaycanın İKT-nin inkişafı sahəsində həyata keçirdiyi kompleks tədbirlər beynəlxalq miqyasda yüksək dəyərləndirilir. Davos Forumunun son 3 illik hesabatına əsasən, Azərbaycan bu sahədə nəinki MDB-ni, ümumən Qərbi Avropanın bəzi ölkələrini də üstələyir. Əlbəttə, biz bu nəticələrlə heç də arxayınlaşmırıq, həmişə gələcək haqqında düşünürük. Möhtərəm Prezidentimizi əmin edirik ki, neftdən qazanılan gəlir estafetinin İKT-yə keçməsi üçün bundan sonra da səylə çalışacağıq.

 

Bəxtiyar SADIQOV:

- İlk növbədə belə bir "dəyirmi masa"nın yüksək səviyyədə təşkilinə görə təşəkkürümü bildirmək istərdim. Hesab edirəm ki, burada Azərbaycanın müasir inkişaf modelinin tədqiqi, gələcək inkişaf prioritetlərinin müəyyənləşdirilməsi sahəsində çox faydalı müzakirələr aparıldı, maraqlı məlumatlar verildi. Bir daha məlum oldu ki, İKT sahəsində həyata keçirilən kompleks tədbirlər həqiqətən də neftdən sonrakı inkişafın təmin edilməsi baxımından müstəsna əhəmiyyət daşıyır.

Bütün dünyanı iflic edən maliyyə-iqtisadi böhranı Azərbaycanın milli inkişaf modelinin davamlığını, üstünlüyünü, xalqın mənafeyinə xidmət etdiyini bir daha təsdiqlədi. Kifayət qədər ağır bir dövrdə respublikamız ümumi daxili məhsulda əhəmiyyətli artıma nail oldu. Bu həmin modelin uğurunu, həyat qabiliyyətini göstərdi. Ən nəhayət, bu model Azərbaycan dövlətinin və xalqının mənafeyinə xidmət edir. İnanırıq ki, bu siyasət qarşıdakı illərdə də uğurla davam etdirələcək, respublikamız bundan sonrakı mərhələdə də qarşıya qoyduğu hədəflərə çatacaqdır.

 

Azərbaycan.- 2010.- 24 dekabr.- S. 4, 5.