Aqrar sahədə resurslardan səmərəli istifadə və fermer kooperasiyaları

 

Artıq ölkəmizdə aqrar sahədə əldə edilmiş nailiyyətlər miqyasına, dinamikasına və orijinallığına görə seçilir, aqrar islahatların fərqli model üzrə aparıldığını göstərir. Ulu öndər Heydər Əliyevin uzaqgörənliklə həyata keçirdiyi aqrar islahatlar hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət səviyyəsində aqrar sahəyə göstərilən diqqət və qayğı istehsalçıların yeni nailiyyətlər qazanmasına şərait yaradır.

 

Dünya ölkələrini narahat edən əsas problemlərdən biri olan ərzaq təhlükəsizliyinin təmin edilməsi məsələsinə bu gün ölkəmizdə çox ciddi diqqət yetirilir. Ulu öndər Heydər Əliyevin 2001-ci ildə imzaladığı "Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyi Proqramı" bu istiqamətdə aparılan dövlət siyasətinin əsasını təşkil edir. "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı" isə bu sahədə işlərin daha intensiv və ardıcıl aparılmasına imkan verir.

Aqrar-sənaye ölkəsi olan Azərbaycanda əhalinin 48 faizi kəndlərdə yaşayır. Hazırda ölkə üzrə iqtisadi cəhətdən fəal əhalinin 1 milyon 553 min nəfəri, yaxud 38,3 faizi kənd təsərrüfatında çalışır. Kənd təsərrüfatı isə ölkə iqtisadiyyatında mühüm əhəmiyyət daşıyan sahə olmaqla əhalinin əsas ərzaq təminatçısıdır. Avropa anlayışına görə, Azərbaycan torpaq və iqlim resursları ilə zəngin ölkədir. Azərbaycanda hər nəfərə 0,55 hektar kənd təsərrüfatına yararlı torpaq sahəsi və 0,2 hektar əkin yeri düşür. Torpaqlar 70-75 faizi zəruri təbii müsbət temperaturla təmin olunduğu üçün müxtəlif bitki növləri üzrə ildə bir neçə dəfə məhsul əldə etməyə imkan verir.

Son 10 ildə həyata keçirilən islahatlar sayəsində iqtisadi situasiya tamamilə dəyişib və indi onun təşkilati quruluşunu ailə və fermer təsərrüfatlarından ibarət kiçik və orta sahibkarlar təşkil edir. Amma onların heç də hamısı peşəkar kənd təsərrüfatı işçiləri deyil. Vaxtilə kənd təsərrüfatında işləməyən və qeyri-kənd təsərrüfatı müəssisələrində çalışan, kənd təsərrüfatı üzrə müxtəlif ixtisası və təcrübəsi olmayan adamlar indi kəndlərdə torpaq mülkiyyətçiləridir və kənd təsərrüfatı məhsullarının istehsalçıları kimi ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasında iştirak edirlər. Bundan əlavə, aparılan aqrar islahatlar nəticəsində yaranan, xüsusi mülkiyyətə əsaslanan ailə və kəndli fermer təsərrüfatlarının əkin sahələri çox kiçikdir.

Məlumdur ki, kəndli-fermer təsərrüfatlarının torpaq sahələri ölkəmizdə torpaqların özəlləşdirilməsi zamanı verilən adambaşına pay torpaqları ilə müəyyən olunur. Belə ki, adambaşına düşən pay torpağı müxtəlif iqtisadi və inzibati rayonlarda islahata gedən torpaq sahəsinin ərazidə yaşayan və pay torpağı almaq hüququnda olan insanların sayına olan nisbəti ilə müəyyənləşdirilir. Odur ki, hər bir payçıya düşən torpaq payı ölkənin regionları üzrə və hətta yaşayış məntəqələri üzrə fərqlidir. Məsələn, Zaqatala rayonunda bir nəfərə düşən torpaq payı orta hesabla 0,43 ha kənd təsərrüfatına yararlı sahədirsə, bu göstərici Saatlı rayonunda 0,73 ha təşkil edir. Göründüyü kimi, fərq böyükdür. Pay torpaqlarının birləşdirilməsi ilə yaradılan ailə təsərrüfatlarının da sahələri çox kiçik alınır. Statistik məlumatlara görə, ölkəmizdə ailə, fərdi, fermer təsərrüfatlarının kənd təsərrüfatına yararlı torpaq sahələrinin ölçüləri çox kiçikdir. İstər istehsalatın genişləndirilməsi və istehsalat proseslərinin mexanikləşdirilməsi, istərsə də investisiya qoyuluşu baxımından əkin sahələri nə qədər böyük olarsa, gözlənilən iqtisadi mənfəət bir o qədər çox olar.

Azərbaycanda fermerçiliyin inkişaf tarixi aqrar islahatların tarixi ilə üst-üstə düşür və çox da qədim deyil. Torpaqların insanlara paylanması onlarda mülkiyyət hisslərinin formalaşmasında və torpağa daha möhkəm tellərlə bağlanmasında əhəmiyyətli rol oynadı. Topaq sahiblərində torpağı becərmək, kənd təsərrüfatı məhsulu istehsalı ilə əlaqəli prosesləri və təsərrüfatı idarə etmək bacarıqları formalaşdırdı. Bununla belə, ötən müddət ərzində əldə edilən göstəricilər onu deməyə əsas verir ki, fermerçiliyin hazırkı durumu, fermer təsərrüfatlarının torpaq sahələrindən istifadə göstəriciləri istehsalın genişləndirilməsi və mexanikləşdirilməsi imkanlarını məhdudlaşdırır və ölkənin aqrar sahəsində qarşıda duran vəzifələrin sürətlə yerinə yetirilməsinə geniş imkan vermir.

Uzun illər fermerçilik təcrübəsinə malik Avropa ölkələrində də kiçik fermer təsərrüfatları zaman keçdikcə dövrün tələblərinə uyğun olaraq birləşmiş, iri təsərrüfatlar yaranmışdır. Lakin yenə də təsərrüfatların böyük əksəriyyətində əkin sahələri 10 hektardan azdır. Ümumi Avropa üzrə kənd təsərrüfatına yararlı sahələrin 69,1 faizi 10 hektaradək, 27,6 faizi 10-100 hektar arası, 3,2 faizi 100 hektardan çoxdur. Ayrı-ayrı ölkələrdə fermer təsərrüfatlarında kənd təsərrüfatına yararlı sahələrin 10 hektaradək ölçüdə olanların ən çoxu Yunanıstanda (90,4 faiz), Portuqaliyada (87,8 faiz) və İtaliyadadır (87,5 faiz). 10-100 ha ölçüdə kənd təsərrüfatına yararlı sahəsi çox olanlara İslandiya (77,2 faiz), Finlandiya (74,4 faiz), Danimarka (71,3 faiz) aiddir. 100 hektardan çox kənd təsərrüfatına yararlı sahəsi olan ölkələrə Böyük Britaniya (16,5 faiz), İslandiya (11,2 faiz) və Danimarka (8,8 faiz) daxildir. Türkiyədə isə fermer təsərrüfatlarının 82 faizinin torpaq sahələri 10 hektaradəkdir.

Ölkədə fermer təsərrüfatlarının inkişaf etdirilməsinə dövlət dəstəyi var. Bu da təsadüfi deyil. Çünki kənd təsərrüfatı istehsalı ilə məşğul olan fermer təsərrüfatlarının, kiçik və orta sahibkarlıq subyektlərinin inkişaf etdirilməsi bu sahəyə yönəldilən şəxsi və dövlət investisiya qoyuluşlarından asılıdır. Amma o da faktdır ki, fermerlərin torpaq sahələri nə qədər kiçik olsa, orada istehsalın genişləndirilməsi və mexanikləşdirmə vasitələrinin tətbiqi bir o qədər çətinləşir. Bu zaman torpaq sahələrinin, iri massivlərin xırda ölçülü sahələrə parçalanması, kənd təsərrüfatına yararlı, məhsuldar əkin yerlərinin sahələrarası yollar, suvarma sistemləri altına verilməsi məcburiyyəti yaranır ki, bu da torpaqlardan və texnikadan istifadə göstəricilərini aşağı salır, gözlənilən səmərə əldə etməyə imkan vermir, iqtisadiyyata və bütünlükdə istehsalın təşkilinə mənfi təsir göstərir. Deməli, hazırkı dövrdə istehsalatın səmərəsinin artırılması, yüksək texnologiyaların tətbiqi, müasir texniki vasitələrdən və torpaqdan səmərəli istifadə edilməsi probleminin həllinə aqrotexnoloji, aqrotexniki, texniki-iqtisadi, metodoloji cəhətdən yanaşmaqla vahid bir sistem kimi baxmaq lazımdır. Qeyd edilən metodologiya torpaqdan, materiallardan, texnikadan və maliyyə resurslarından səmərəli istifadəyə əsaslanır. Aqrar sahədə bütün resurs və ehtiyatlardan səmərəli istifadədə həlledici amil kimi kənd təsərrüfatı bitkilərinin yetişdirildiyi əkin sahələrinin optimal ölçüyədək böyüdülməsi, mövcud texnikadan səmərəli istifadə edilməsi və yüksək texnologiyaların tətbiqi qəbul olunur.

Aqrar sahədə resurslardan səmərəli istifadə göstəricilərinin yüksəldilməsi həm də təsərrüfatların maliyyə resurslarından səmərəli istifadə edilməsini şərtləndirir. Maliyyə resurslarından səmərəli istifadə edilməsi üçün ilk növbədə torpaqdan istifadə göstəriciləri yaxşılaşdırılmalı və müvafiq standartlar səviyyəsinə qaldırılmalıdır. Bunun üçün mövcud olan ailə və fermer təsərrüfatları, kiçik və orta sahibkarlar öz mülkiyyətlərində olan şəxsi torpaqlarını, pay və digər mülkiyyəti üzərində mülkiyyət hüququnu saxlamaq şərti ilə bir təsərrüfat subyektində birləşməlidirlər. Yeni yaradılacaq təsərrüfat subyekti kooperativ müəssisə ola bilər.

Bəs, fermer təsərrüfatlarının kiçik ölçüdə qalmasının hansı çatışmazlıqları var? İlk növbədə, fermer torpaqdan öz ailəsinin gündəlik tələbatını ödəmək üçün istifadə edir. Bu zaman aydındır ki, sahə çox kiçik olduğundan istehsal əsasən əllə yerinə yetirilir, mexanikləşdirmə vasitəsi tətbiq olunmur. İkincisi, fermerlərin maliyyə imkanları olmadığından istehsalı genişləndirə bilmirlər. Ailə və fermer təsərrüfatlarının kiçik olması torpaq üçün də problemlər yaradır. Məlumdur ki, fermer təsərrüfatlarının mülkiyyətində olan torpaqların heç də hamısı kənd təsərrüfatına yararlı deyil, bundan əlavə, səpələnmiş haldadır. Bəzi fermerlər torpaq sahəsi uzaq olduğundan o torpaqlara getmir və ondan illərlə istifadə etmirlər. Eyni zamanda, bu torpaqlarda rekultivasiya və suvarma işləri aparmaq mümkün deyil. Ərazinin relyefi buna yol vermir. Üstəlik, suvarılan əkinçilik zonalarında əkinlərarası və təsərrüfatlararası yollar salınır, səpələnmiş suvarma şəbəkəsi yaranır və kənd təsərrüfatına yararlı torpaqların münbit hissəsi istifadədən kənarda qalır. Ən əsası isə torpaqdan istifadə sahələri kiçik ölçülü olduğundan texnoloji əməliyyatların mexanikləşdirilməsi çətinləşir. Mexanikləşdirmə vasitələrinin tətbiq edilməsi üçün torpaqlar iri ölçüdə olmalıdır ki, maşın-traktor aqreqatı sahədə manevr edə bilsin. Kiçik ölçülü sahələrdə bu, mümkün olmur. Nəticədə aqreqatın məhsuldarlığı aşağı düşür və bütünlükdə məhsul istehsalı azalır.

Bunlardan savayı, fermerlər becərilən bitkinin seçilməsində sərbəst olduqlarından əkin dövriyyəsi sistemi pozulur, növbəli əkinin tələblərinə əməl edilməsi mümkün olmur, əkinçilik mədəniyyəti aşağı düşür, bitkiçilikdə cırlaşma sürətlə gedir. Torpaq sahələrinin və digər əsaslı fondların birləşdirilməsi ilə yeni kooperativ təsərrüfatının yaranması isə fermerlərə imkan verəcək ki, onlar arasında fəaliyyət bölgüsü aparılsın. Belə təsərrüfatlar həmçinin həcmcə iri investisiya layihələrinin tətbiqinə, mövcud texnikadan qarşılıqlı istifadə edilməsinə, yeni texnikanın və materialların alınmasına, bank ödənişlərinin vaxtında ödənilməsinə imkan verir.

Maliyyə resurslarından səmərəli istifadənin şərtlərindən biri təsərrüfatın istehsalat sahəsinin idarə edilməsində əhəmiyyətli hesab olunan materiallardan səmərəli istifadə məsələsidir. Aqrar sahədə istehsalın təşkili dövrü və prosesində toxum materialından, mineral gübrələrdən, pestisidlərdən, digər kimyəvi maddələrdən və s. istifadə olunur. Toxum və digər materiallar il ərzində mövsümi olaraq istifadə edildiyindən, onların keyfiyyətli saxlanması və istifadəçilərə çatdırılması mühüm əhəmiyyət kəsb edir. Bunun üçünsə müasir standartlara cavab verə bilən anbarlar, terminallar yaradılmalıdır ki, bunun da öhdəsindən yalnız iri təsərrüfatlar gələ bilər.

Digər mühüm məsələ təsərrüfatlarda mövcud olan texnikadan səmərəli istifadə edilməsidir. Aqrar istehsalatı texniki vasitələrsiz, müasir texnologiyalarsız təsəvvür etmək mümkün deyil. Odur ki, kiçik təsərrüfatların birləşməsi zamanı hər bir təsərrüfatın hesabındakı texnika birləşmənin şərtlərinə müvafiq olaraq bir yerə cəmləşdirilməli və mərkəzləşdirilmiş maşın-traktor parkı yaradılmalıdır. Ancaq mərkəzləşdirilmiş maşın-traktor parkında toplanan texnika da bəzən ərazidə becərilən müxtəlif bitkilərin istehsalat prosesini tam mexanikləşdirməyə imkan vermir. Çünki həmin texnikanı işlədənlərin heç də hamısı yüksək peşəkar olmaya bilər. Bu səbəbdən gündəmə daha yüksək peşəkarlıq tələb edən və xüsusi mürəkkəb texnika ilə yerinə yetirilən texnoloji proseslərin icrası üçün ixtisaslaşmış aqrotexniki servis müəssisələrinin yaradılması və aqrolizinq xidmətinin təşkili məsələsi gəlir. Bu zaman ölkəmizin kənd təsərrüfatı üçün xarakterik olan aqrotexniki servis müəssisələri, aqrolizinqin rayon strukturları və müxtəlif istiqamətli mexanikləşdirilmiş dəstələrin yaradılması bir model kimi qəbul edilə bilər. Eyni zamanda, texnikadan qarşılıqlı istifadənin Qərb modellərini, yaranan kooperativlərin bəzilərinin səciyyəvi xüsusiyyətlərini, müsbət tərəflərini tətbiq etmək olar.

Ən çox rast gəlinən belə birliklərdən biri fermerlərin kooperasiyasıdır. Məlumdur ki, kiçik fermerlər müstəqil olaraq yeni, bahalı texnikanı maliyyə çətinlikləri üzündən təsərrüfatları üçün ala bilmirlər. Odur ki, onlar avadanlıqların, texniki vasitələrin alınmasına çəkilən xərclərin bir qismini azaltmağa çalışırlar və əllərində olan texnikadan öz aralarında qarşılıqlı istifadə etmək qərarına gəlirlər. Bu yolla fermer mövcud texnikasının öz ehtiyacını ödədikdən sonra başqa təsərrüfatın da işini yerinə yetirməklə boş dayanmasının qarşısını alır və əlavə maddi vəsait qazanır.

Bu istifadə formasında iştirakçıların qazancı ondan ibarət olur ki, il ərzində texnika səmərəli yüklənir, sahibkar tərəfindən texnikanın banka olan borclarının ödənilməsi sürətlənir. İqtisadi səmərəsi isə ondan ibarətdir ki, hər iki tərəf qarşılıqlı istifadədən gəlir götürür, mexanikləşdirməyə çəkilən xərclər azalır və işin keyfiyyəti yüksəlir.

Fermer ittifaqı və birliklərində isə hər bir fermerin özünün texnikası olur. Fermer istifadə etdiyindən savayı sərbəst qalan texnikanı birliyin digər üzvləri tərəfindən istifadə olunmaq üçün ayırır. Burada boş texnika digər fermerlərin istifadəsinə təqdim edilərək operatorsuz verilir, istifadə haqqı nağd və köçürmə yolu ilə ödənilir. Bu formanın üstün cəhətləri kimi təsərrüfatda bütün işlərin tam mexanikləşdirilməsini, texnikadan səmərəli istifadə edilməsini, mexanikləşdirilmiş işlərin xərcinin azalmasını, daha tam və səmərəli iş prosesinin qurulmasını və s. qeyd etmək olar.

Ən çox yayılan formalardan biri də maşınların müştərəkliyi formasıdır. Bu zaman mürəkkəb və bahalı texnikalar bir neçə fermer tərəfindən birlikdə alınır. Yoldaşlıq üzvlərinin optimal sayı 2-3 fermer sayılır. Mövsümdə istifadə olunan daha bahalı texnikanın alınmasında isə üzvlərin sayı 5-6-ya çatdırıla bilər.

Maşınların müştərəkliyi formasının alternativ halı kimi fermerlərin birləşərək yaratdığı səhmdar cəmiyyətləri mövcuddur. Cəmiyyətin üzvləri qismində fermerlər çıxış edir və cəmiyyətin prinsipi fermerlərin mülkiyyətində olan torpaqların birləşdirilməsinə əsaslanır. Bu zaman səhmlərin vahidi kimi 1 ha - 1 səhm qəbul edilir. Fermerlər xüsusi əməkhaqqı ilə işləyən icraçı-idarəedən tuturlar. Bu istifadə forması zamanı fermerlər öz torpaqlarını, əkin sahələrini səhmdar cəmiyyətə 5 illiyə icarəyə vermək haqda müqavilə imzalayırlar. Cəmiyyət ayrı-ayrı fermerlərin istifadə etdiyi maşınlardan, işlənmiş texnikadan ibarət şəxsi texnika parkını yaradır və əlavə lazım olan texnikanı pulla alır. Bu formanın iqtisadi səmərəsi görülmüş iş növünə görə ödəmədən yaranır, hər bir fermer qoyduğu kapitalın həcminə düşən gəlir əldə edir.

Kənd təsərrüfatı texnikasından istifadə üzrə kooperativlər isə əsasən dörd fermerin iştirakı ilə yaradılır. Yeni texnikanın alınması üçün hər bir fermer ümumi dəyərin 25 faiz həcmində bərabər vəsait qoyur. Kooperativin maliyyələşməsi 3 mənbədən yerinə yetirilir: 60-65 faiz kredit, 4 faiz dotasiya, 30-35 faiz şəxsi kapital hesabına. Bu kooperativlərin üstünlükləri odur ki, üzvlər peşə vergisindən azad olunur, digər güzəştlərdən istifadə etmək hüquqları qazanırlar. Kooperativlərin iqtisadi səmərəsi işlərin maya dəyərinin azalmasında, məhsuldarlığın yüksəlməsində və 1 hektara düşən xərclərin azalmasında ifadə edilir.

Bundan əlavə, ailə və kiçik fermer təsərrüfatları özlərinin balansında olan mövcud texnikanın mübadiləsi (dəyişdirilməsi) üzrə dərnəklər yarada bilərlər. Dərnəklərin tərkibi 10 fermerdən yüzlərlə fermerədək ola bilər. Bu, dərnəyin təşkil olunduğu ərazidə fermerlərin sıxlığından asılıdır. Əsasən dərnəklər assosiasiya formasında yaradılır və onun hər bir üzvü hər il üzvlük haqqı ödəyir. Fermerlər bu zaman öz torpaqları və texnikalarının mülkiyyətçisi olaraq qalırlar. Həmçinin assosiasiyanın hər bir üzvü texnikanın təmirinə və yeniləşməsinə məsuliyyət daşıyır. Üzvlərin hüquqi, maliyyə və texniki öhdəlikləri olmur. Bu formada yaradılan dərnəklərin mülkiyyəti iştirakçıların üzvlük haqqından, istifadəyə verilən texnika və torpaqdan gələn ödəmələrdən, kənd təsərrüfatının verdiyi subsidiyalardan ibarət olur.

Texnikanın podrata verilməsi də təşəkkül tapan istifadə formalarından sayılır. Bu zaman texnika qısa müddətə gün və ya saat hesabı ilə müqavilə əsasında podrata verilir. Müqavilədə texnikanın təcrübəli operatorla kirayə edilməsi qeyd edilir. Müqaviləyə əsasən kirayə haqqı köçürmə yolu ilə ödənir. Ödəmənin tərkibinə maşının xərci, inzibati xərclər, işçilərin sosial xərcləri, nəqliyyat xərcləri və s. daxildir. Podrata vermənin kooperativdən fərqi xidmətin baha, lakin buna baxmayaraq işin keyfiyyətinin yüksək olmasındadır. Ən çox istifadə edilən formalardan biri maşınların kirayə və icarəyə verilməsidir. Bu istifadə formasında qısa müddətə tərəflər müqavilə bağlayır və texnika podratda olduğu kimi, saat və gün müddətinə, lakin operatorsuz kirayə və icarəyə verilir. Bu formanın üstünlüyü ondadır ki, bahalı texnikanın alınmasına tələbat olmur, kirayənişin texnikanı pulla almadan işini tam qurtaranadək ondan istifadə edir və sonra qaytarır, lizinq yolu ilə yeni texnikanın 3 il müddətində istifadə edilməsi mümkün olur.

Xidmətlərin ixtisaslaşmış növlərində və mürəkkəb maşınlardan istifadədə sahibkarlar və maşın stansiyası forması tətbiq edilir. Bu zaman mövsümi işlərdə qısa müddətdə istifadə edilən maşınlarla görülən işlər ixtisaslaşmış şirkət və sahibkarların gücü ilə yerinə yetirilir. Maşın stansiyaları öz işlərinə qiymətlər (tariflər) qoyur. Qiymətlər il ərzində istifadəyə hesablanır və təsdiq edilir. Sahibkarlar müqavilə əsasında fermerlərə pullu xidmət təklif edirlər. Xüsusi hal kimi maşın traktor stansiyaları fəaliyyət göstərir. Stansiyada texnikanı təmir edirlər, bunun üçün səyyar emalatxanalar təşkil olunur. Burada müqavilə obyekti texnikanın qısa müddətə kirayə verilməsidir. Görülən işə çəkilən xərclərə traktorun yerinə yetirdiyi işin saat hesabı ödənməsi, operatorun əməkhaqqı, yanacaq-yağlama materiallarının xərci, maşınların işinin saat hesabı ödənilməsi daxildir. Bu istifadə formasında iqtisadi səmərə texnikanın saxlanmasına xərclərin az olması və il ərzində maşınların böyük həcmdə istifadəsi hesabına əldə edilir.

Özünü doğruldan formalardan biri də maşın kooperasiyalarıdır ki, onun da ən sadə forması fermerlərin maşınlarının kirayə götürülməsidir. Burada fermerlərdən biri - bu işin təşkilatçısı əlaqələndirici qismində çıxış edir. O, həmkarlarından sorğu əsasında kirayə götürüləcək maşınların siyahısını hazırlayır. Bu zaman maşınları operatorla və ya operatorsuz kirayə götürmək mümkündür. Maşın kooperasiyasının özünün balansında maşın olmur.

Maşın kooperasiyaları uzun müddət fəaliyyət göstərdikdən - müəyyən maliyyə ehtiyatı formalaşdıqdan sonra maşın meydançaları və maşın rinqləri formaları təşəkkül tapır. Burada müxtəlif istehsal vasitələri, texnika birlikdə alınır və beləliklə, maşın stansiyalarının özünün texnikası yaranır. Maşın rinqində fermerlərin şəxsi texnikası olmur, bütün texnika maşın rinqinin mülkiyyətində olur. Əgər birləşməyədək fermerlərdə texnika olmuşdursa, onda rinqin üzvü olduqdan sonra bu texnikaları toplayıb rinqin parkına verirlər və həmin texnikadan qarşılıqlı istifadə edilir. Rinq maşınların digər üzvlər tərəfindən istismarını təşkil edən vasitəçi rolunu oynayır. Kənd təsərrüfatında qısa müddətdə yerinə yetirilməli olan, ixtisaslı icraçı tələb edən işlər, məsələn, bitkilərin kimyəvi mühafizəsi üzrə işlər, mexanikləşdirilmiş yığım və s. işlər maşın-istehsalat rinqləri ilə yerinə yetirilir.

***

Ümumilikdə texnikadan qarşılıqlı istifadə edilməsi və texnikadan istifadə üzrə qeyd edilən formaların, birliklərin, ittifaqların, kooperativlərin yaradılması bu gün üçün çox mühüm əhəmiyyət daşıyır. Texnikadan təsərrüfatlararası səmərəli istifadəni təşkil edərkən onun il ərzində balanslı yüklənməsinə, traktorlarla aqreqatlaşdırılan maşın və alətlərin sayının optimal nisbətdə olmasına, texnikanı idarə edən operatorların peşəkarlığının yüksəldilməsinə, texnikanın saz saxlanılması və servisinin təşkili üçün imkanlardan operativ istifadə edilməsinə, həm texnika sahiblərinin, həm də texnikadan ödənişlə istifadə edənlərin gəlir əldə etməsinə imkan yaranır. Kənd təsərrüfatında mövcud resurslardan səmərəli istifadə edilməsi eyni zamanda, kooperativ təsərrüfatlarda becərilən bitkilərin məhsuldarlığının yüksəldilməsinə, məhsul vahidinin maya dəyərinin azaldılmasına, istehsalın genişləndirilməsi və daxili investisiya qoyuluşu üçün sərbəst maliyyə ehtiyatının yaranmasına, xalis gəlirin və təsərrüfatın rentabelliyinin artmasına imkan verəcək.

Bu məqsədlə kəndli fermer təsərrüfatlarının birləşməsi, aqrar istehsalat kooperativlərinin, birliklərin, ittifaqların yaradılması prosesini hüquqi tənzimləyən qanun layihəsinin qəbul edilməsi əsas məsələlərdən biridir. Fermerçiliyin dünya təcrübəsi göstərir ki, kooperasiyanın, fermer birliklərinin və ittifaqlarının yaranması sırf könüllülük əsasında aparılmalıdır və uzun müddətli bir prosesdir. Bu işdə maarifləndirmə, təbliğat və s. formalardan istifadə edilməsinin böyük əhəmiyyəti var.

 

İsrafil İSMAYILOV,

texnika elmləri doktoru,

professor

 

Azərbaycan.- 2010.- 24 dekabr.- S. 7.