Bakının Zabrat və
Pirallahı qəsəbələrində, Yeni Yasamal
massivində Qarabağ müharibəsi əlilləri və
şəhid ailələri üçün tikilmiş yaşayış
binaları istifadəyə verilmişdir
Prezident İlham Əliyev Zabrat
qəsəbəsindəki binanın açılış
mərasimində iştirak etmişdir
Dekabrın 24-də
Bakının Sabunçu rayonunun Zabrat, Xəzər rayonunun
Pirallahı qəsəbəsində, həmçinin Yasamal
rayonunda Qarabağ müharibəsi əlilləri və şəhid
ailələri üçün inşa olunan hər biri
doqquzmərtəbəli, 81 mənzilli yaşayış
binaları istifadəyə verilmişdir.
Prezident
İlham Əliyev və xanımı Mehriban Əliyeva Zabrat
qəsəbəsindəki binanın açılış
mərasimində iştirak etmişlər.
Mərasim
iştirakçıları dövlətimizin
başçısını və xanımını
hərarətlə qarşıladılar. Mehriban xanıma
gül dəstəsi təqdim edildi.
Prezident
İlham Əliyev və xanımı Mehriban Əliyeva
binadakı mənzillərdə yaradılmış
şəraitlə tanış oldular.
Əmək və əhalinin sosial müdafiəsi
naziri Füzuli Ələkbərov məlumat verdi ki, son
illərdə ölkəmizin iqtisadi həyatında
mühüm nailiyyətlərin əldə edilməsi ilə
yanaşı, əhalinin sosial müdafiəsinin daha da
gücləndirilməsi istiqamətində mühüm
tədbirlər həyata keçirilir.
Ölkədəki davamlı tərəqqi ən çox
sosial müdafiəyə ehtiyacı olan təbəqənin
zəruri tələbatlarını ödəmək
üçün yeni imkanlar yaradır. Bu baxımdan, əlil
və şəhid ailələrinin mənzil və
məişət şəraitinin
yaxşılaşdırılması Azərbaycan Prezidentinin
fəaliyyətinin əsas prioritetlərindən birini
təşkil edir, dövlət siyasətində mühüm
yer tutur. Bu kateqoriyadan olan insanlar üçün müasir
tələblərə cavab verən fərdi və çoxmənzilli
yaşayış binalarının tikilib istifadəyə
verilməsi bunun əyani təsdiqidir. Zabrat
qəsəbəsində inşa olunan
doqquzmərtəbəli, 81 mənzilli yeni yaşayış
binası da bu sırada mühüm yer tutur.
Qeyd edildi ki, əlil və şəhid
ailələrinə 2008-ci ildə 2007-ci illə
müqayisədə 2,3 dəfə çox, yəni 396
mənzil verilmişdir. 2009-cu ildə bu
təbəqədən olan insanlar üçün bundan
təxminən 2 dəfə çox, yəni 707 mənzilin
inşası başa çatdırılmışdır.
Ümumilikdə indiyədək 3 min 500-dən çox
əlil və şəhid
ailəsi
dövlət hesabına mənzillə təmin olunmuşdur.
Bu ilin tikinti planına əsasən, əlil və
şəhid ailələri üçün 715 mənzil, o
cümlədən 200 fərdi ev tikilmişdir. Xəzər
rayonunun Pirallahı qəsəbəsində inşa olunan,
ümumi sahəsi 11 min 814 kvadratmetr olan
doqquzmərtəbəli binanın 81 mənzilindən 72-si
ikiotaqlı, qalan 9 mənzil isə üçotaqlıdır.
Vurğulandı ki, Yasamal rayonunun Yeni Yasamal
yaşayış massivində inşa olunmuş binada da eyni
şərait yaradılmışdır. Ümumi sahəsi 11
min 440 kvadratmetr olan binadakı mənzillərdən 63-ü
ikiotaqlı, 18-i isə üçotaqlıdır. Əlil
və şəhid ailələri üçün
mənzillərin inşasında müsbət dinamikanın
qorunub saxlanması, nəticədə
növbədə olan əlil və şəhid
ailələrinin yeni müasir mənzillərlə
təminatının tam başa çatdırılması
ilə bağlı dövlətimizin
başçısının tapşırığına
əsasən Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi tərəfindən bu sahədə
işlər uğurla davam etdirilir. Ötən il Hövsanda
və Xırdalanda, bu ilin əvvəlində isə
Lökbatan qəsəbəsində doqquzmərtəbəli
binalar istifadəyə verilmişdir.
Bununla yanaşı, Qarabağ və Böyük
Vətən Müharibəsi veteranlarının
avtomobillərlə təmin olunması da diqqətdə
saxlanılmışdır. 1998-2009-cu illərdə 2 min 114
"Oka" markalı avtomobil sahiblərinə təqdim
olunmuşdur. Ötən il müharibə veteranlarına 500,
bu il isə 350 minik avtomaşını verilmişdir.
Bildirildi ki,
əlillərin rifah halının, tibbi sosial
reabilitasiyasının, pensiya təminatının
yaxşılaşdırılması, onların
cəmiyyətə inteqrasiyası istiqamətində
mühüm işlər görülmüşdür. Son
illərdə Naftalan, Yevlax və Xaçmazda əlillərin
regional bərpa mərkəzləri istifadəyə
verilmişdir. Hazırda nazirliyin əlillər
üçün 14 regional bərpa mərkəzi
fəaliyyət göstərir ki, onlarda da bu ilin ötən
dövründə 7 mindən çox insan müalicə
olunmuşdur.
Binanın
texniki göstəriciləri barədə dövlətimizin
başçısına məlumat verilərkən qeyd olundu
ki, inşasına 2008-ci ilin dekabrında başlanmış
binanın ümumi sahəsi 11 min 814 kvadratmetrdir. Binada 81
mənzil vardır ki, onlardan 72-si ikiotaqlı, 9-u üçotaqlıdır.
Burada əlillərin hərəkəti və rahat
yaşaması üçün hər cür şərait vardır.
Sakinlərin internetdən rahat istifadə etmələri,
həmçinin kommunal ödəmələrini həyata
keçirmələri üçün xüsusi terminallar
quraşdırılmışdır. Mənzillərin
tərtibatında yeni müasir dizayn elementlərindən
istifadə olunmuş və onlar müasir mebel dəstləri
ilə təmin edilmişlər.
Bildirildi ki,
bu gün yeni mənzillərlə yanaşı,
"Slavutiç" markalı 240 avtomobil də
müharibə veteranlarına təqdim ediləcəkdir.
İndiyədək isə veteranlara 2 min 940 minik avtomobili
verilmişdir.
Məlumat verildi ki, yaradılan videobağlantı vasitəsilə
Xəzər rayonunun Pirallahı qəsəbəsində
və Yasamal rayonunun Yeni Yasamal yaşayış massivində
inşa olunmuş binaların sakinləri də mərasimi izləmək
və dövlətimizin başçısına
müraciət etmək imkanı qazanmışlar.
Sonra Prezident
İlham Əliyev yeni mənzillərin orderlərini və
avtomobillərin açarlarını sahiblərinə
təqdim etdi.
Qarabağ
müharibəsi əlili Elxan
MİRZƏYEV onlara göstərdiyi diqqət və
qayğıya görə dövlət
başçısına təşəkkür edərək
dedi:
-
Möhtərəm cənab Prezident, bu gün bu tədbirdə
iştirak edən Qarabağ müharibəsi əlilləri,
şəhid ailələrinin nümayəndələri
böyük qürur və sevinc hissi keçirir. Ona
görə ki, onlar ulu öndərimiz Heydər Əliyevin
qurub yaratdığı, Sizin rəhbərliyiniz altında
gündən-günə inkişaf edən,
çiçəklənən Azərbaycan
Respublikasının vətəndaşlarıdırlar. Siz
həmişə bizə qayğı göstərir,
problemlərimizin həll olunması üçün
hərtərəfli tədbirlər görmüsünüz.
Elə bu gün üç binanın birdən-birə
istifadəyə verilməsi bizlərə böyük
diqqətin, qayğının təzahürüdür.
Cənab
Prezident, biz sevinirik ki, Sizinlə görüşürük.
Bu görüş problemlərimizin həllinə böyük
təkan verir. Biz çalışırıq ki,
üzərimizə düşən vəzifələri
ürəklə yerinə yetirək.
Cənab
Prezident, Siz şəhid ailələrinə,
müharibədə iştirak edənlərə böyük
hörmət və ehtiramla yanaşırsınız. Elə
bu yaxınlarda cəbhədə qəhrəmanlıqla
həlak olmuş Mübariz İbrahimovun və Fərid
Əhmədovun cəsədlərini düşmənin
əlində qoymadınız. Onları Vətənin
yüksək mükafatları ilə təltif edərək
Azərbaycan xalqının adət-ənənəsinə
uyğun surətdə torpağa tapşırdınız.
Onlarla vida mərasimində Sizin
çıxışınız bizi hədsiz
dərəcədə təsirləndirdi. Bu
çıxışda olan hər sözün, hər
kəlmənin dərin mənası var idi. Onlar bizi
birliyə, mübarizəyə səsləyirdi. Mən
Qarabağ müharibəsində iştirak edərək iki
dəfə yaralanmışam. Ehtiyatda olan mayoram. Övladlarımdan
ikisi əsgəri xidmətini başa vurub. Mən Sizə
bəyan edir və bildirirəm ki, Sizin rəhbərliyiniz
altında, Sizin əmrinizlə Azərbaycanın ərazi
bütövlüyü uğrunda mübarizəyə hər
an hazırıq.
Cənab
Prezident, bizim bugünkü tədbirimizdə
hamımızın sevimlisi Mehriban xanım da iştirak edir. O,
Qarabağ müharibəsi əlillərinə, şəhid
ailələrinə, kimsəsizlərə, ahıllara
həmişə yardım edir və onların
himayədarına çevrilib. İcazənizlə, ona öz
dərin təşəkkürümüzü bildirək
və "sağ olun" deyək. Tanrı Sizi qorusun. Tanrı
Sizə yar olsun.
Cənab
Prezident, bu gün Sizin ad gününüzdür. Bizim
üçün böyük bir bayramdır ki, biz həm
mənzil alırıq, həm də bu mənzilləri adi bir
gündə yox, Sizin ad gününüzdə alırıq.
Bu, bir tarixi fakta çevrilərək ailələrimizin
yaddaşında əbədi olaraq yaşayacaqdır.
Həmişə yada salacağıq ki, bu mənzilləri biz
Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin ad günündə almışıq. Biz Sizə
bir daha təşəkkür və minnətdarlıq edirik.
Siz vaxtınızın az olmasına, gərgin iş
rejimində işləməyinizə baxmayaraq, hətta bu
əziz gündə də vaxt tapıb bizimlə
görüşə gəlmisiniz, bizi təbrik etməyə
üstünlük vermisiniz. Biz buna görə Sizə
minnətdarlıq edirik. Biz də öz növbəmizdə
Sizi ürəkdən təbrik edir, cansağlığı,
ailə səadəti, xoşbəxtlik və
Azərbaycanın inkişafı naminə
fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirik.
Çox sağ olun.
* * *
Videobağlantı
vasitəsilə Xəzər rayonunun Pirallahı
qəsəbəsindən mərasimə qatılan Zadiq MUSTAFAYEV Azərbaycan
hərbçilərinin əməyinə verdiyi qiymətə
görə Prezident İlham Əliyevə minnətdarlığını
bildirərək dedi:
- Sizə
Azərbaycan Ordusunun əsgərlərinin,
döyüşçülərinin, şəhidlərinin
ailələrinə verdiyiniz mənzillər
münasibətilə ürəkdən təşəkkürümü
bildirirəm. Möhtərəm cənab
Prezident, Azərbaycanın bu gün üç rayonunda,
üç qəsəbəsində yeni mənzillərin
verilməsi çox böyük, önəmli bir hadisədir.
İnformasiya texnologiyasının verdiyi imkanlar
sayəsində bu gün bizə demək olar ki, bütün
Azərbaycan, bütün dünya baxır. Bu sevinc
təkcə bizim deyil, Azərbaycan xalqınındır,
bütün Azərbaycanındır. Bu qiymət Azərbaycan
əsgərinə, döyüşçüsünə
verilən ən böyük qiymətdir, ona
göstərilən dövlət qayğısıdır. Bu
qayğı bu gün səngərdə duran minlərlə
əsgərdə böyük döyüş ruhu yaradır.
Verdiyiniz sərəncama əsasən, bu gün minlərlə
gənc çağırışçı
döyüşə gedəcəkdir. Onların
ürəyində böyük qələbə əzmi, sabaha
inam vardır. Bu inamı Siz yaratmısınız. Bizə
verdiyiniz bu gözəl bina keçmiş
döyüşçüləri böyük bir ailə
şəklində toplayır. Bu ailələr adından
Sizə dərin minnətdarlığımızı
bildiririk. Biz də Sabunçu rayonundakı mənzil alan
xoşbəxt ailələrin təbriklərinə qoşulur,
Sizi bu gözəl ad günündə təbrik edirik.
Möhtərəm
cənab Prezident, Sizə başladığınız və
davam etdirdiyiniz bu savab işdə uğurlar diləyirik,
ailə xoşbəxtliyi arzulayırıq. Bizə verdiyiniz bu
gözəl mənzillər üçün, bu gözəl
evlər üçün çox sağ olun. Sizə
minnətdarıq.
* * *
Yasamal rayonundan mərasimə videobağlantı
vasitəsilə qoşulan Zahid
NİFTƏLİYEV isə ordunun və
gənclərimizdə vətənpərvərlik ruhunun
gücləndirilməsinə göstərdiyi diqqət və
qayğıya görə Azərbaycan Prezidentinə
təşəkkürlərini çatdıraraq dedi:
- Cənab
Prezident, Yasamal rayonuna yığışan Qarabağ
müharibəsi əlilləri, şəhid ailələri
adından Sizə salamlarımızı
çatdırırıq, bu gün bizə bəxş
etdiyiniz sevincə görə Sizə təşəkkür
edirik.
Cənab
Prezident, səmimiyyətlə deyim ki, biz o vaxtlar
döyüşə gedəndə heç kəsdən
təmənna, təşəkkür gözləmədən
Vətənin müdafiəsinə qalxdıq. Bizlərdən
sağlamlığını itirib geri qayıdanlar,
şəhidlik zirvəsinə ucalanlar oldu. Bir müddət
unudulduq. Amma bu, uzun çəkmədi. Biz ulu öndərin
həmişə qayğısını hiss etdik.
Bugünkü gözəl günün təməli qoyuldu. Biz
qəbildən olan insanlara evlər, maşınlar verildi.
Cənab Prezident, bizi
sevindirən təkcə bunlar deyildir. Sizin
rəhbərliyiniz altında keçirilən hərbi
təlimlərdən görürük ki, ordumuz nə qədər
güclənmiş, nə qədər
müasirləşmişdir. Bu da bizi
çox sevindirir. Bu işləriniz
gənclərimizdə vətənpərvərlik ruhunu
artırır. Sizə buna görə
çox təşəkkür edirik. Sizin
ad gününüzü təbrik edirik, ailənizə,
özünüzə uzun ömür, cansağlığı
diləyirik. Sağ olun.
* * *
Prezident İlham ƏLİYEV yeni mənzil alan
sakinləri təbrik edərək dedi:
- Əziz
dostlar, mən sizin hamınızı ürəkdən
salamlayıram, sizi bu gözəl evlərin istifadəyə
verilməsi münasibətilə ürəkdən təbrik
edirəm. Bu gün doğrudan da, ölkəmizdə çox
böyük hadisə baş verir. Bir
gündə doqquzmərtəbəli üç bina bizim
qardaş-bacılarımıza təqdim edilir. Bu hadisə onu təsdiq edir ki, Azərbaycan
dövləti ehtiyacda olanlara həmişə öz
qayğısını göstərəcəkdir. Xüsusilə müharibədə
sağlamlığını, öz yaxınlarını
itirmiş insanlara Azərbaycan dövləti həmişə
böyük qayğı göstərmişdir və bu gün
də bu siyasət davam etdirilir. Təkcə
onu qeyd etmək kifayətdir ki, son illərdə 3 mindən
artıq mənzil paylanmışdır. Bu il 700-dən çox mənzil verilmişdir. Növbəti 3-4 ildə, əminəm ki, hazırda
növbədə dayanan bütün vətəndaşlar
ən yüksək səviyyədə tikilmiş
mənzillərlə təmin olunacaqlar. Bununla
bərabər, bu gün 200-dən çox avtomobil də
paylanılır. Bu, artıq gözəl
ənənəyə çevrilibdir. Mindən
çox, bəlkə də iki minə yaxın
avtomaşın artıq soydaşlarımıza verilmişdir.
Bütün
bunları ona görə edirik ki, siz buna layiqsiniz. Azərbaycan
dövləti sizin xidmətlərinizi layiqincə
qiymətləndirir. Apardığımız
güclü sosial siyasət özünü bax bu gözəl
əməllərdə göstərir. Sosial
siyasətin əsas mahiyyəti və mənası ondan
ibarətdir ki, Azərbaycan vətəndaşları daha da
yaxşı yaşasınlar. Xüsusilə
dövlət və Vətən qarşısında xidməti
olan vətəndaşlar dövlət tərəfindən
layiqincə qiymətləndirilməlidir. Bunu
etmək üçün əlbəttə ki,
dövlətdə maddi imkanlar olmalıdır. Biz bu imkanları yaradırıq. Azərbaycanda son illər ərzində aparılan
uğurlu iqtisadi siyasət, artan maddi imkanlarımız bu
vəziyyəti yaratmışdır. Əgər
bu olmasaydı, nə qədər istəsək də bu
binaları tikə bilməzdik. Bu,
böyük vəsait tələb edən layihələrdir,
xüsusilə deyə bilərəm ki, çox böyük
zövqlə və keyfiyyətlə tikilmiş
mənzillərdir.
Azərbaycanın
inkişafı, bölgədəki mövqelərimizin
möhkəmlənməsi artıq reallıqdır. Azərbaycan
dünya miqyasında ən sürətlə inkişaf
edən ölkədir. Azərbaycanın
iqtisadi perspektivləri çox gözəldir. Belə olan halda bütün imkanlarımızı
səfərbər edib Azərbaycanda çox güclü sosial
siyasətin aparılmasına yönəldirik. Sosial siyasət təkcə bu gözəl
açılışlarla məhdudlaşmır. Ünvanlı sosial yardım göstərilir,
ölkəmizdə məktəblər, xəstəxanalar,
idman kompleksləri tikilir, yollar salınır. Yəni, biz çalışırıq ki,
Azərbaycan cəmiyyətində dünyanın ən
qabaqcıl meyarları tətbiq olunsun. Biz
buna layiqik və bunu etməyə qadirik.
Bu gün
iqtisadi potensialımız artıq dünya birliyində də
qiymətləndirilir. Dünyanın aparıcı maliyyə
qurumları Azərbaycanda aparılan islahatları
yüksək qiymətləndirirlər. Azərbaycan
bütün reytinqlərdə qabaqcıl yerlərdədir.
Əlbəttə ki, bu, bizi daha da
ruhlandırır. Biz gələcək
fəaliyyətimizdə də bu əsas iki amili
həmişə diqqətdə saxlayacağıq:
güclü iqtisadiyyat və güclü sosial siyasət. Sosial siyasət elə olmalıdır ki, Azərbaycan
vətəndaşları ondan bəhrələnsinlər.
Əlbəttə
ki, bu gün üç gözəl binanın
istifadəyə verilməsi, əslində Azərbaycanın
inkişaf yolunu göstərir. Biz bunu edə bilirik,
biz bunu edirik, bizim siyasətimiz bundan ibarətdir. Dediyim kimi, növbədə dayanan bütün müharibə
veteranları, müharibə əlilləri, şəhid
ailələri növbəti illərdə evlərlə,
mənzillərlə təmin ediləcəklər.
Biz eyni zamanda
ordumuzu gücləndiririk. Biz ordu quruculuğuna
çox böyük diqqət göstəririk, çox
böyük maliyyə vəsaiti ayrılır. Ordumuz bu bölgədə ən qüdrətli,
ən güclü ordudur və ordu quruculuğuna yetirilən
diqqət özünü göstərir. Torpaqlarımız
uzun illərdir ki, işğal altındadır. Biz erməni işğalına məruz
qalmışıq. 1990-cı illərin
əvvəllərində Ermənistan və onun xaricdəki
havadarları Azərbaycanda qeyri-sabit vəziyyətdən,
hərc-mərclikdən istifadə edərək
torpaqlarımızın bir hissəsini zəbt edib. Əlbəttə ki, bu gün bunu təsəvvür
etmək mümkün deyildir. Bu gün
Azərbaycan ən qüdrətli hərbi potensiala malikdir.
Bu gün bizim həm iqtisadi, həm siyasi,
həm hərbi potensialımız Ermənistanla
müqayisəedilməz səviyyədədir. Ancaq 1990-cı illərin əvvəllərində,
bir daha demək istəyirəm ki, Azərbaycanda
yaranmış vəziyyətdən istifadə edib erməni
işğalçıları torpaqlarımızı
işğal ediblər.
Biz
çalışırıq ki, bu məsələni danışıqlar
yolu ilə həll edək. Ancaq siz
görürsünüz ki, bu hələ mümkün deyildir.
Belə olan halda, əlbəttə ki, biz
bütün başqa variantlara da hazır olmalıyıq.
Ordu quruculuğuna ayrılan vəsait, görülən
tədbirlər, orduda peşəkarlığın
artırılması, mütəmadi qaydada təlimlərin
keçirilməsi, yeni silah-sursat, texnikanın alınması
və Azərbaycanda istehsal olunmasının məqsədi
ondan ibarətdir ki, əgər danışıqlar nəticə
verməsə, torpaqlarımız hərbi yolla azad
olunmalıdır. Bu reallıqdır və
ölkə qarşısında duran bu ən ağrılı,
ən çətin problem həllini tapmalıdır.
Atəşkəs
dövründə Azərbaycan böyük və uğurlu yol
keçmişdir. Əgər 1990-cı illərin
əvvəllərində Ermənistanla Azərbaycan
arasında iqtisadi, yaxud da hərbi sahədə tarazlıq
mövcud idisə, bu gün artıq çoxdandır ki, biz bu
tarazlığı pozmuşuq. Azərbaycan
iqtisadiyyatı Cənubi Qafqazın iqtisadiyyatının 75
faizini təşkil edir. Azərbaycanda
yaranmış maliyyə imkanları bizə imkan verir ki,
istənilən məsələni öz xeyrimizə həll
edək. Ermənistan tərəfi,
əlbəttə ki, bu reallıqları dərk edir, başa
düşür və hesablaşmalıdır. Təsadüfi deyil ki, son aylar ərzində
onların isterik hərəkətləri ona gətirib
çıxarıb ki, onların qorxu içində olması
artıq bütün dünyaya bəllidir. Bu həqiqətdir və nə qədər ki,
Azərbaycan torpaqları işğal altında qalacaq,
Ermənistan o qədər qorxu içində
yaşayacaqdır. Heç kim
istəməz ki, onun qonşusu ona qarşı pis
niyyətdə olsun. Amma bizim başqa
seçimimiz yoxdur. Əgər
Ermənistan öz xoşu ilə beynəlxalq hüquq
normalarına uyğun şəkildə Azərbaycan
torpaqlarından qüvvələrini geri çəksə, o
zaman bölgədə sülh və əmin-amanlıq
yaranacaqdır. Nə vaxta qədər ki,
torpaqlarımız işğal altındadır, Ermənistan
və onun rəhbərləri bilməlidirlər ki,
Azərbaycan xalqı istənilən anda öz ərazisində
istənilən hərbi əməliyyatı keçirə
bilər. Bu imkanları bizə
beynəlxalq hüquq normaları yaradır.
O ki qaldı
imkanlarımıza, qeyd etdiyim kimi, bu imkanlar
gündən-günə artır və
gələcəkdə daha da artacaqdır. Azərbaycan
artıq güclü regional dövlətdir. Azərbaycanla hesablaşmamaq mümkün deyildir.
Bizim iştirakımız, yaxud da ki,
müsbət münasibətimiz olmadan bu bölgədə
istər siyasi, istərsə də iqtisadi və başqa
heç bir layihə, heç bir təşəbbüs həll
edilə bilməz. Bu reallığı biz
yaratmışıq, Azərbaycan xalqı yaradıbdır
və getdikcə imkanlarımız daha da
genişlənəcəkdir. Çünki
çox yaxşı bilirik ki, bizi nələr gözləyir.
Bizim gələcəyimizin təməli bax, bu
illərdə qurulur. Bu gün
görülən işlər, iqtisadiyyata qoyulan investisiyalar,
neft-qaz, infrastruktur layihələri gələcəyə
yönəldilibdir. Azərbaycan
xalqının uzunmüddətli, uğurlu, dayanıqlı
inkişafının təməli bu günlərdə
qoyulubdur. Bu möhkəm təməl
üzərində ölkəmiz daha da
güclənəcək və qarşımızda duran
bütün vəzifələr həllini tapacaqdır.
Bu gün
artıq ilin yekunları haqqında da danışmaq
mümkündür. Çox sevindirici haldır ki, 2010-cu il
də ölkəmiz üçün uğurlu il olmuşdur. Həm iqtisadi inkişaf, həm sosial
məsələlərin həlli və həm də
yoxsulluğun azaldılması baxımından, qarşıda
duran bütün vəzifələr icra edildi. Baxmayaraq
ki, 2010-cu il bizim üçün o
qədər də yaxşı başlamamışdı. Bilirsiniz ki, təbii fəlakətlə
üzləşmişdik, iqtisadi böhran öz mənfi
nəticələrini göstərməyə davam etmişdi.
Buna baxmayaraq, biz bütün sınaqlardan
şərəflə çıxdıq, 2010-cu ili
uğurla başa vururuq və 2011-ci il üçün
artıq konkret proqramlarımız və iş cədvəlimiz
vardır.
O ki qaldı sosial
məsələlərə, bir daha demək istəyirəm,
bu gözəl siyasət bundan sonra da davam etdiriləcəkdir.
Qarşıya vəzifə qoyuldu ki, növbədə dayanan
bütün vətəndaşlar bir neçə il ərzində keyfiyyətli
mənzillərlə təmin olunsunlar. Beləliklə,
Azərbaycan dövləti sizin şəraitinizin
yaxşılaşdırılması üçün
töhfəsini verir və verəcəkdir.
Mən
demək istəyirəm ki, bu gün qeyd etdiyiniz kimi, mənim
ad günümdür və təbriklərə görə
sizə təşəkkür edirəm. Mənim
üçün bu gündə ən gözəl
hədiyyə, bax, bugünkü açılışdır
və sizin sevincinizdir, sizin təbəssümlərinizdir.
Ən böyük sevinc mənə budur. Bir daha sizi təbrik
edirəm.
* * *
Sonra Prezident
İlham Əliyevə və xanımı Mehriban Əliyevaya
əlillər və şəhid ailələri
üçün ərazidə tikiləcək yeni
yaşayış kompleksinin maketi təqdim olundu. Bildirildi ki,
yaxın gələcəkdə burada doqquzmərtəbəli,
243 mənzilli binalardan ibarət yeni kompleksin inşasına
başlanacaqdır.
Dövlət
başçısı yeni binanın təməlini qoydu.
Prezident
İlham Əliyev kapsulu bünövrəyə buraxdı,
beton qarışığı tökən qurğunun
düyməsini basdı.
AzərTAc
Azərbaycan.- 2010.- 25 dekabr.- S. 1, 2.