Prezident İlham Əliyev Qobustan-Cəngiçay
Dövlət Təbiət
Yasaqlığının ərazisinə
ilk ceyran sürüsünün buraxılması
prosesini izləmişdir
Dekabrın
24-də Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Abşeron rayonunun Pirəkəşkül
qəsəbəsinin yaxınlığında
Qobustan-Cəngiçay Dövlət
Təbiət Yasaqlığının
ərazisinə ilk ceyran sürüsünün
buraxılması prosesini
izləmişlər.
Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov
məlumat verdi ki, Heydər Əliyev Fondu ekologiyanın və təbii mühitin tarazlığının qorunması,
ekoloji tarixin və ölkə ərazisindəki bioloji müxtəlifliyin mühafizəsində
müstəsna əhəmiyyət
daşıyan "Azərbaycan
Respublikası ərazisində
ceyranların mühafizəsi, reintroduksiyası
və tarixi areallarının yenidən
bərpası" layihəsinə
dəstəyi davam etdirir. Abşeron rayonunun inzibati
ərazisinə aid olan və Qobustan-Cəngiçay
Dövlət Təbiət
Yasaqlığındakı bu arealda ceyranların
sayının artırılması
məqsədilə 2010-2011-ci illəri əhatə edən "Azərbaycan Respublikası ərazisində
ceyranların mühafizəsi,
reintroduksiyası və
tarixi areallarının
yenidən bərpası"
layihəsi icra olunur. Acınohur-Sarıca
düzləri, Bozdağ
silsiləsi, Mil düzü və Qobustan-Cəngiçay ərazilərini
əhatə edən layihəyə əsasən,
həmin ərazilərə
daha çox ceyran köçürülməsi
məqsədilə Şirvan
Milli Parkından bu areallara ceyranlar
gətirilir. Qobustan-Cəngiçay
ərazisi ceyranların
yaşaması üçün
həm də zəngin bitki örtüyünə malikdir.
Ərazidə tarixən
böyük ceyran populyasiyası mövcud olmuşdur. Hazırda ceyranların burada məskunlaşması və
yaşaması üçün
bütün müvafiq
tədbirlər həyata
keçirilir.
Dövlət başçısına
ceyranların tarixi məskənləri sayılan
ərazilər və burada görülən işlər barədə məlumat verildi.
Prezident İlham Əliyev ölkə ərazisində ceyranların
yaşadıqları tarixi
arealları əks etdirən stendlərə baxdı. Bildirildi ki, ümummilli lider Heydər Əliyevin 2003-cü il
5 iyul tarixli sərəncamı
ilə yaradılan Şirvan Milli Parkı ceyranların sayının davamlı artırılmasına şərait
yaratmışdır. Şirvan
Milli Parkında ekoturizm mərkəzi, ekoturizm şəhərciyi
və muzey yaradılmış, ən
müasir avadanlıqla
təchiz olunmuşdur.
Ceyranların bəslənmə
və artırılma
bazası sayılan Şirvan Milli Parkının yaradılması
və həyata keçirilən mühafizə
tədbirləri nəticəsində
bu nadir heyvanların sayı sürətlə artırılaraq
9 minə çatmışdır.
Bu isə ceyranların tarixi ərazilərdə reintroduksiyası
üçün zəmin
yaratmışdır. Bu
səbəbdən də
Ekologiya və Təbii Sərvətlər
Nazirliyi Heydər Əliyev Fondunun dəstəyi ilə "Azərbaycan Respublikası
ərazisində ceyranların
mühafizəsinin reintroduksiyası
və tarixi areallarının yenidən
bərpası" layihəsini
həyata keçirir.
Qobustan-Cəngiçay ərazisi
də ceyranların tarixi areallarından biri sayılır və layihəyə əsasən buraya 150 ceyranın köçürülməsi
nəzərdə tutulur.
Layihəyə uyğun olaraq,
mövcud problemlərin
öyrənilməsi və
aradan qaldırılması,
quraq ərazilərdə
su təminatı və yem tələbatının
ödənilməsi, ceyran
populyasiyasının mühafizəsinin
gücləndirilməsi məqsədilə
çevik antibrokonyer qrupların yaradılması
və zəruri avadanlıqla təchiz
edilməsi, layihə ərazisində müntəzəm
monitorinqlərin keçirilməsi,
vacib biotexniki tədbirlərin aparılması,
ərazidə və ətrafda məskunlaşmış
əhalinin ekoloji maarifləndirilməsi istiqamətində
intensiv işlər görülmüşdür.
Qeyd olundu ki,
nadir növ olan ceyranın mühafizəsinin gücləndirilməsi
bu növün areallarının genişləndirilməsinə
və yüz illər boyu mövcud olmuş təbii arealın yenidən bərpasına təkan verəcəkdir. Qobustan-Cəngiçay alçaq
dağlıq vadisində
Qobustan - Cəngiçay
Dövlət Təbiət
Yasaqlığının yaradılması
buraya reintroduksiya ediləcək ceyranların,
həmçinin təbii
bitki örtüyünün
mühafizəsinə də
şərait yaradacaqdır.
Prezident İlham Əliyev Azərbaycan Respublikası ərazisində
ceyranların məskunlaşması
və reintroduksiyası
ərazilərini əks
etdirən xəritəyə
də baxdı.
Dövlət başçısı
ceyranların keçmiş
və indiki məskunlaşma arealları,
miqrasiya dəhlizləri
haqqında məlumatlarla
tanış oldu. Bildirildi ki, ceyranların mühafizəsinin reintroduksiyası
və tarixi areallarının yenidən
bərpası layihəsinə
əsasən, Qobustan-Cəngiçay
ərazisi ilə yanaşı, Şirvan Milli Parkında da müvafiq işlər görülür.
65 min hektardan artıq əraziyə malik parkda 9 min başa qədər
ceyran saxlanılır.
Bu da Avropa
məkanında ən
böyük ceyran populyasiyasıdır. Beyləqan
rayonunda 18 min hektar ərazisi olan Ağgöl Milli Parkında da ceyranların reintroduksiyası uğurla
davam etdirilir. Goranboy rayonundakı Korçay Dövlət Təbiət Qoruğunda
300 ceyran, Qax rayonundakı Acınohur və Sarıca düzlərində isə
3 ceyran sürüsü
məskunlaşdırılmışdır.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva üzərində
peyk vasitəsilə məlumat toplayan xüsusi siqnalötürücü
xaltası olan ceyranı Qobustan-Cəngiçay
ərazisinə buraxdılar.
Dövlət başçısı
layihənin icrası zamanı istifadə edilən müxtəlif avadanlıq və digər vasitələrlə
tanış oldu. Qeyd edildi ki,
ceyranların təhlükəsizliyinin
təmin olunması məqsədilə köçürülmə
areallarına yaxın
yerlərdə yerləşən
qəsəbə və
kəndlərin əhalisi
arasında maarifləndirmə
işləri də aparılır. Yol kənarlarında, arealların
yaxınlığında xüsusi
informasiya lövhələri
qoyulur. Lövhələrdə
ceyran ovunun qadağan edilməsi barədə məlumatlar verilir.
AzərTAc
Azərbaycan.- 2010.- 25 dekabr.- S. 3.