Açılmamış səhifələrin tədqiqatçısı

 

Xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasında, tariximizin, mədəniyyətimizin obyektiv tədqiqi və təbliğində müstəsna əhəmiyyətə malik Milli Azərbaycan Tarixi Muzeyinin təşəkkülü və inkişafı, onun mühüm mədəni-maarif ocağına, elmi-tədqiqat müəssisəsinə çevrilməsi uzun illərdən bəri fəaliyyətini bu zəngin məbədlə bağlayan bir neçə tarixçi nəslinin fədakar əməyinin nəticəsidir. Qədim tariximizin qoruyucusu və təbliğatçısı, eləcə də tədqiqatçısı olan bu insanlar arasında 1998-ci ildən bu muzeyin direktoru vəzifəsində çalışan tarix elmləri doktoru, akademik Nailə Vəlixanlının xidmətləri də xüsusi qeyd olunmalıdır. Bu günlər elmi ictimaiyyət Milli Azərbaycan Tarixi Muzeyinin 90 illik yubileyi ilə yanaşı, AMEA-nın vitse-prezidenti, akademik Nailə Vəlixanlının da yubileyini qeyd edir.

 

Nailə Vəlixanlı 1940-cı il dekabr ayının 25-də Bakı şəhərində, Azərbaycanın tanınmış mədəniyyət xadimi, xalq artisti Məmmədəli Vəlixanlının ailəsində dünyaya göz açmış, sənətə, sözə yüksək qiymət verilən, sevilən bir mühitdə böyümüşdür. Onun ibtidai və orta təhsil aldığı 132 nömrəli məktəb Bakının ən qabaqcıl təhsil ocaqlarından sayılırdı. Burada dərs deyən müəllimlərin yüksək bilik və intellekti sayəsində orta təhsilini uğurla başa çatdıran N.Vəlixanlı 1958-ci ildə Azərbaycan Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin ərəb şöbəsinə qəbul olunur. Universitetdə o, elmin sirlərini tələbələrinə böyük səriştə və sevgi ilə öyrədən görkəmli pedaqoq, professor Ələsgər Məmmədovun, tarixçi alim Seyfəddin Qəndilovun, tanınmış filoloqlar-professorlar Məmmədcəfər Cəfərov, Mircəlal Paşayev, Bəxtiyar Vahabzadə, Bəkir Nəbiyev və başqalarının mühazirələrini dinləmişdir. O, 1963-cü ildə ali təhsilini fərqlənmə diplomu ilə başa vurub, təyinatla EA-nın Şərqşünaslıq İnstitutuna işə göndərilmişdir. Elə həmin il institutun aspiranturasına daxil olmuş və 1968-ci ilin mayında akademik Ziya Bünyadovun elmi rəhbərliyi ilə namizədlik dissertasiyasını müdafiə etmişdir. Ərəb xilafətinin, o cümlədən Azərbaycanın orta əsrlər tarixinin mənbəşünaslıq problemlərinin öyrənilməsi, regionun sosial-iqtisadi münasibətləri, siyasi-mədəni tarixi və tarixi coğrafiyası məsələləri onun elmi yaradıcılığında əsas tədqiqat obyekti olmuşdur.

Muzeydəki fəaliyyəti N.Vəlixanlının elmi axtarışlarına yeni bir mövzunu - Azərbaycan tarixinə dair muzey materiallarının tədqiqini də əlavə etmişdir. Son illərdə muzeyin nəşr etdirdiyi elə bir əsər yoxdur ki, akademik orada bir müəllif və ya redaktor kimi çıxış etməsin.

Hələ namizədlik dissertasiyası üzərində işləyərkən Nailə Vəlixanlı müəllimi Ziya Bünyadovun yolunu davam etdirmiş, Azərbaycan tarixinə dair orta əsr ərəb mənbələrinin üzə çıxarılması ilə məşğul olmuş, həmin mənbələrdəki materiallar əsasında dövrün tarixini və tarixi coğrafiyasını yeni faktlarla zənginləşdirmişdir. Məhz onun tədqiqatları sayəsində Azərbaycan tarixinin mənbəşünaslığı bu vaxtadək Vətən tarixşünaslığında istifadə edilməyən əl-İdrisi, əl-Biruni, əl-Qərnati kimi orta əsr ərəbdilli müəlliflərin məlumatlarını əldə etmişdir. Təsadüfi deyil ki, müəllifin hələ 1974-cü ildə nəşr edilən "IX-XII əsrlər ərəb coğrafiyaşünas-səyyahları Azərbaycan haqqında" əsəri alimlərin stolüstü kitabına və tələbələrin dərs vəsaitinə çevrilmişdir.

N.Vəlixanlının IX əsr ərəb alimi İbn Xordadbehin ərəb coğrafi ədəbiyyatının ilk nümunəsi kimi elm aləminə daxil olan əsərinin şərhinə həsr etdiyi, dövrümüzün görkəmli şərqşünaslarının yüksək qiymətləndirdiyi elmi tədqiqatı təkcə Azərbaycan tarixi üçün deyil, Xilafət tərkibinə daxil olan Cənubi Qafqaz, Orta Asiya, İran, ərəb dövlətləri, eləcə də Bizans, Rusiya, Hindistan, Çin, Uzaq Şərq ölkələrinin tarixi və tarixi coğrafiyası üçün qiymətli mənbə kimi böyük əhəmiyyətə malikdir. 1986-cı ildə işıq üzü görən "İbn Xordadbex. Kniqa putey i stran" kitabı nəinki keçmiş Sovetlər İttifaqı, eləcə də xarici ölkə alimləri tərəfindən yüksək qiymətləndirilmiş, müəllifin ünvanına onlarca məktub göndərilmişdi. Orta əsr müəllifinin beş çap vərəqi həcmində olan mətnini onlarca mənbənin müqayisəli təhlili əsasında və sanballı şərhlərlə izah edən Nailə Vəlixanlı bu tədqiqatını 30 çap vərəqi həcminə çatdırmışdır. Onun orta əsr mənbələrinə əsaslanaraq hazırladığı on bir xəritə əsəri daha da zənginləşdirmişdir.

Xilafət tarixinin görkəmli araşdırıcıları O.Bolşakov (Sankt-Peterburq, "İstoriya Xalifata" əsərində), A.Novoseltsev (Moskva, "Xazarskoye qosudarstvo" əsərində), Ə.Şıxsəidov (Mahaçqala,"İstoriya Daqestana"), eləcə də Orta Asiya, Gürcüstan və başqa ölkələrin alimləri Nailə Vəlixanlının əsərlərinə istinad etmişlər. Azərbaycan alimlərindən Ə.Sumbatzadə, S.Aşurbəyli, T.Bünyadov, A.Axundov, T.Əhmədov, A.Paşazadə, Q.Qeybullayev, Y.Mahmudov, S.Əliyarov, C.Mollazadə tariximizlə, dilimizlə bağlı əsərlərində N.Vəlixanlının tədqiqatlarından da bəhrələnmişlər. Onun elmi nəticələri Azərbaycanın VII-XII əsrlər dövrü tarixinə dair əsərlərdə öz əksini tapmış, kitabları universitetlərin tarix və şərqşünaslıq fakültələrinin tədris proqramlarına dərs vəsaiti kimi daxil edilmişdir.

200-dən çox elmi məqaləsi alimin hərtərəfli biliyə, zəngin məlumata malik olduğunu təsdiq edir. O, müxtəlif mənbələrdəki məlumatların müqayisəli təhlili nəticəsində Azərbaycanın Xilafət dövrü sərhədlərini müəyyənləşdirmiş, erməni və gürcü alimlərinin iddialarına qarşı çıxmışdır. Bu baxımdan Nailə Vəlixanlının "İstoriçeskaye qeoqrafiya Azerbaydjana" (Bakı, 1987) kitabına daxil edilən "Ərəb işğalı nəticəsində Azərbaycanın tarixi coğrafiyasının dəyişməsi" mövzusunda yazdığı elmi-tədqiqat işi və Azərbaycanın ərəb hakimiyyəti dövrünə aid mübahisəli sərhədlərini dəqiqləşdirən xəritələri xüsusi qeyd edilməlidir.

Nailə Vəlixanlının orta əsr Azərbaycan tarixində dərin iz qoymuş, dilimizin, dinimizin, mədəniyyətimizin bugünkü simasının müəyyənləşməsində mühüm rol oynamış "ərəb dövrü" tarixini araşdıran, bu dövrə dair əsas məlum və qeyri-məlum fakt və məsələləri yeni məlumatlarla zənginləşdirən "Ərəb Xilafəti və Azərbaycan" (Bakı, 1993) əsəri də tarixşünaslığımıza yeni bir töhfədir. Kitabda ərəb istilasının ilk və sonrakı mərhələləri, ərəblərin Azərbaycandakı inzibati-idarə sistemləri, ərəb işğalının nəticə, təsir və izləri, Azərbaycanın o dövr şəhərləri, ticarəti, eləcə də Xəzər dənizinə dair müxtəlif mənbələrdəki məlumatlar hərtərəfli tədqiq edilmişdir. Kitabın tez bir zamanda özünə geniş oxucu auditoriyası tapması, kitab barədə rəylər, alimlərin müvafiq tədqiqatlarda həmin əsərə istinad etmələri onun işinin yüksək dəyərinə sübutdur.

Onun son illərdə əldə etdiyi böyük nailiyyətlərdən biri də elmi təşkilatçılığı və redaktorluğu ilə çoxcildli "Azərbaycan tarixi"nin II cildinin işıq üzü görməsidir (Bakı, "Elm", 1998). Azərbaycan tarixinin III-XIII əsrlərin birinci rübünədək olan dövrünü əhatə edən bu cildin hər səhifəsi bilavasitə onun elmi redaktəsindən keçmiş, bu cildə girişlə yanaşı əsas müəlliflərdən biri kimi təqribən 10 çap vərəqi həcmində müxtəlif problemlərə dair mətn yazmışdır.

Nailə Vəlixanlı 1981-ci ildən indiyədək "AMEA Xəbərləri (tarix, fəlsəfə, hüquq seriyası)" jurnalında məsul katib, son illər isə baş redaktor kimi fəaliyyət göstərmiş, yüksək səviyyəli məqalələrin hazırlanmasında yaxından iştirak etmişdir. 1988-1990-cı illərdə jurnalda bilavasitə onun təşəbbüsü ilə erməni-Azərbaycan qarşıdurmasının köklərini araşdıran məqalələr, azərbaycanlıların 1918-1919-cu illər soyqırımını (Bakıda, Şamaxıda, Qubada, Qarabağda, Zəngəzurda və s.) əks etdirən tarixi sənədlər, Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə dair materiallar, 20 Yanvar qırğınının əsl mahiyyətini açan yazılar dərc edilmişdir. Həmin materiallar Nailə xanımın tərtibatı ilə 1990-cı ildə "Azərbaycan tarixi sənəd və nəşrlərdə" adı ilə Bakıda rus dilində çapdan çıxmışdır.

N.Vəlixanlının son dövrdə yazdığı əsərlər sırasında "Naxçıvan - ərəblərdən monqollaradək (VII-XII əsrlər)" kitabı Azərbaycan tarixşünaslığına çox qiymətli töhfədir. Bu sanballı kitabda ilk dəfə olaraq Naxçıvanın təqribən 600 illik bir dövrünü əhatə edən tarixi müxtəlif dillərdə olan ilk mənbələrin, ədəbiyyatın dərin elmi təhlili və müqayisəli tənqidi yolu ilə xronoloji ardıcıllıqla təhlil edilir. Mütəxəssislərin yüksək qiymətləndirdiyi bu tədqiqat işində müəllif haqlı olaraq dövrün siyasi tarixinə üstünlük verir. Görkəmli alimin ən mühüm elmi xidməti budur ki, o, VII-X əsrlər Naxçıvanını "erməni şəhəri" kimi təqdim edən bir sıra erməni alimlərinin araşdırmalarını alt-üst edir, Naxçıvanın məhz Azərbaycan (Atropatena və Albaniya - Arran) şəhəri olmasını, əlverişli mövqedə yerləşməsi ilə əlaqədar ərəb işğalları dövründə hərbi-siyasi baza rolunu oynamasını, Səlcuqlar və Atabəylər dövründə isə çox mühüm siyasi-iqtisadi və mədəni mərkəzə çevrilməsini elmdə ilk dəfə olaraq təkzibolunmaz faktlar əsasında sübut edir.

Ötən əsrin 80-ci illərindən başlayaraq təqribən 30 il müddətində elmi yaradıcılıqla yanaşı pedaqoji fəaliyyətlə də məşğul olan N.Vəlixanlı Bakının müxtəlif ali məktəblərində Azərbaycan tarixinə, onun mənbəşünaslıq və tarixşünaslığına və digər problemlərə dair mühazirələr oxumuş, gənc nəslin vətən tarixini bilməsi, vətəni sevməsi üçün bilik və bacarığını əsirgəməmişdir. Bununla yanaşı, əldə etdiyi elmi nəticələri çoxsaylı məqalələrində, kitablarında dərc etdirmiş, Rusiyada, Macarıstanda, Norveçdə, Fransada, Çində və başqa yerlərdə keçirilən beynəlxalq konfrans və simpoziumlarda ölkəmizi uğurla təmsil etmişdir. N.Vəlixanlının elmi xidmətləri, təşkilatçılıq qabiliyyəti layiqincə qiymətləndirilmişdir: 2001-ci ildə o, AMEA-nın müxbir üzvü, 2007-ci ildə həqiqi üzvü və vitse-prezidenti seçilmişdir.

Muzeyə rəhbərlik etdiyi on ildən artıq bir dövrdə Nailə Vəlixanlı bu zəngin mədəniyyət ocağını dünyanın qabaqcıl muzeyləri səviyyəsinə çatdırmış, Azərbaycan xalqının ən qədim dövrlərdən XX əsrədək tarixi inkişaf yolunu əks etdirən ekspozisiyasının qurulması, müxtəlif mövzulu sərgi, konfrans, simpozium və seminarların təşkili işlərinə rəhbərlik etmiş, muzey materiallarına həsr olunmuş elmi əsərlərin, o cümlədən kitab-albom, kataloq, buklet və bələdçi kitablarının nəşrinə nail olmuşdur. Onun muzeyə rəhbərliyi dövründə dövlətin dəstəyi və şəxsən ölkə Prezidenti cənab İlham Əliyevin təşəbbüsü və nəzarəti ilə Milli Azərbaycan Tarixi Muzeyi ölkənin ən iri, dünya əhəmiyyətli muzeyinə çevrilmişdir. Muzey Türkiyə, İran, Suriya, Norveç, Macarıstan, Bolqarıstan, Ukrayna, Belarus, Özbəkistan və başqa ölkələrin qabaqcıl muzeyləri ilə əlaqəni gündən-günə gücləndirir. Nəticədə tariximiz yeni faktlarla zənginləşir, qaranlıq qalan neçə-neçə səhifəyə işıq düşür.

 

Mahmud KƏRİMOV,

AMEA-nın prezidenti,

Akademik

 

Azərbaycan.- 2010.- 25 dekabr.- S. 7.