Nəğməkar şair
Tez-tez
eşitdiyimiz bir cümləyə qəlbən
alışmışıq: "Sözləri Zeynal
Cabbarzadənindir". Uzun illərdir ki, bu şairin
şeirlərinə yazılmış mahnılar elimizin,
obamızın sərhədlərini aşaraq xarici
ölkələrdə də müntəzəm
səslənir. Zeynal Cabbarzadənin poeziyasında
sözlərlə səsin düzümü, ahəngi elə
cazibədar olub ki, çox müqtədir bəstəkarlar bu
şairlə həvəslə əməkdaşlıq
edərək əbədiyaşar mahnılar yaratdılar.
Səid Rüstəmov, Cahangir Cahangirov, Tofiq Quliyev,
Ağabacı Rzayeva, Emin Sabitoğlu kimi qüdrətli
bəstəkarlar Zeynal Cabbarzadənin
yaradıcılığına müraciət etməyi
çox sevərdilər.
Hələ
sağlığında korifeyləşən, çox
erkən qocalan, bununla bahəm ucalan Zeynal Cabbarzadə cəmi
57 il yaşayıb. Bu az ömründə elə
əsərlərə imza atıb ki, həmişə
müasirimizdir, həmişə gələcəyə inamla
yol gedir. Təsadüfi deyil ki, xalq şairi Rəsul Rza
hələ ötən əsrin 60-cı illərində
yazmışdır: "Zeynal bizim nəğmə yazan
şairlər arasında birinci yer tutanlardandır".
Unudulmaz Rəsul Rza Zeynal Cabbarzadənin yaradıcılığını
həmişə təqdir edib, neçə kitabına ön
söz yazıb. Onun fikirlərində bir səmimiyyət
olardı: "Zeynalın elə şeirləri vardır ki,
fikri, ifadə tərzi, obraz silsiləsi etibarilə
təzə deyil, lakin olduqca sadə, səmimi,
ürəyəyatandır... Bu şairin şeirlərində
ifadə olunan hiss, fikir bizə tanışdır. Lakin Zeynal
qələmi özünəməxsus elə bir intonasiya
yaradır ki, onun şeirləri adilik və ümumilik
qəlibindən çıxır".
Zeynal
Cabbarzadənin poeziyası elə bir ilhamın məhsulu,
yaradıcılıq pafosunun, poetik həyəcanının
bəhrəsi idi ki, şeirləri şairin mövqeyini
müəyyən edirdi, onu sevdirirdi. Həqiqətən də
onun şeirlərini vərəqləyəndə
istər-istəməz fikirləşirsən: bu şairin
yazdıqlarının demək olar ki, çoxu
öz-özlüyndə bir nəğmədir. Ona
musiqi yazılsa da, yazılmasa da ahəngindəki ritmiklik
insanı valeh edir. Ömrü boyu Azərbaycanı
tərənnüm edən, onun dağına,
dərəsinə, gölünə, çayına,
zəhmətkeş insanlarına, yaradıcı
şəxsiyyətlərinə şeir qoşan Zeynal
Cabbarzadə həqiqi mənada nəğməkar şair idi.
Özü də bu adı ilə fəxr edirdi:
Əsiri
olmadım şöhrətin, şanın,
Demədim
məndədir ağlı dünyanın.
Vətənim
- bu gözəl Azərbaycanın
Nəğməkarı
olub yorulmamışam.
Elə bu
niyyətlə, bu istəklə də qısa
ömrünü vətəninin poetik
tərənnümünə həsr edən Zeynal Cabbarzadə
həm də Azərbaycanda ilk əmək mahnılarını
yaradan şair kimi tarixə düşüb. Onun
Səid Rüstəmovla birlikdə yazdıqları
"Sürəyya" uzunömürlü mahnılardan biri
oldu. Əməyin təntənəsinə, insan
həyatındakı yerinə toxunan,
əhəmiyyətindən söz açan bu mahnıda olan
coşqunluq onu dillər əzbəri etdi. İndi dünyada
nə Sürəyya Kərimova var, nə Səid
Rüstəmov, nə də ki Zeynal Cabbarzadə,
"Sürəyya" mahnısı isə yaşayır!
Elə sənətkarı da yaşadan, xatırladan ondan
yadigar qalan mənəvi sərvətlərdir.
Zeynal
Cabbarzadə 1920-ci ilin dekabrında Bakıda dənizçi
ailəsində anadan olub. Orta məktəbi bitirdikdən sonra
peşə məktəbində təhsil alan Zeynal
Cabbarzadə 1937-ci ildə indiki Pedaqoji Universitetin
ədəbiyyat fakültəsinə daxil olub.
"Puşkin" adlı şeiri həmin il qəzetdə
dərc edilmiş ilk mətbu əsəri sayılır.
Təhsil ala-ala o dövrdə nəşr edilən
"Balıq cəbhəsi" qəzeti redaksiyasında
çalışıb. Tərcümeyi-halından məlum
olur ki, həmin illərdə müxtəlif qəzet
redaksiyalarında işləyən Zeynal Cabbarzadə bir
müddət də Şamaxı rayonunun Mədrəsə
kənd orta məktəbində ədəbiyyatdan dərs
demişdir. Lakin o, burada pedaqoji fəaliyyətini uzun
müddət davam etdirə bilməmşdir. İkinci Dünya
müharibəsi başlanan il o da səfərbərliyə
alınaraq piyada məktəbinə göndərilmişdir.
Kiçik leytenant rütbəsi ilə 416-cı atıcı
diviziyasında hərbi xidmətini davam etdirən Zeynal
Cabbarzadə ağır döyüş yolu keçib.
Dəhşətli müharibənin çox
bəlalarını çəkən gənc şair 1943-cü
ildə ağır döyüşlərin birində
yaralanaraq eşitmə və görmə qabiliyyətini
itirmişdir. Uzun müddət hərbi xəstəxanalarda
müalicə alan Zeynal Cabbarzadə, nəhayət, baş
leytenant rütbəsi ilə ordudan tərxis olunur.
Müharibədən sonra Azərbaycan Yazıçılar
İttifaqında "Natəvan" adlı klubun müdiri,
"Ədəbiyyat qəzeti"ndə ədəbi
işçi və məsul katib vəzifələrində
çalışır. "Pioner" jurnalında məsul
katib işləyən Zeynal Cabbarzadə 1950-ci ildən
ömrünün sonunadək bu dərginin məsul redaktoru
olmuşdur. "Xaniman" adlanan ilk kitabı 1946-cı
ildə işıq üzü görmüşdür. Bu
kitabda onun cəbhə xatirələri toplanıb. Sağlığında 13 kitabı işıq
üzü görmüş Zeynal Cabbarzadənin
ölümündən keçən illərdə 3 kitabı
(sovet dövründə), dövlət müstəqilliyimizi
qazandıqdan sonra ölkə Prezidenti İlham Əliyevin
"Azərbaycan dilində latın qrafikası ilə
kütləvi nəşrlərin həyata keçirilməsi
haqqında" sərəncamına uyğun olaraq
"Seçilmiş əsərləri" çap
edilmişdir.
Bir
neçə il öncə görkəmli Azərbaycan
şairi Zeynal Cabbarzadənin Bakı şəhərində
yaşayıb yaratdığı ünvanda (Puşkin
küçəsi, 12) memorial barelyefinin
açılışı mərasimi oldu. Həmin
tədbirdə çıxış edən
mədəniyyət və turizm naziri Əbülfəs Qarayev
bildirdi ki, ölkə Prezidenti İlham Əliyevin
"Azərbaycan Respublikasındakı monumental
heykəltəraşlıq abidələri, xatirə memorial
və memarlıq kompleksləri haqqında"
sərəncamına uyğun olaraq Zeynal Cabbarzadənin də
Azərbaycan ədəbiyyatında,
mədəniyyətində, musiqisində xidmətləri
nəzərə alınmış, onun yaşadığı
evin fasadına memorial barelyefi vurulmuşdur.
Maraqlıdır
ki, öz şeirləri və mahnıları ilə həm
mədəniyyətimizə, həm də musiqimizə
xidmət edən Zeynal Cabbarzadənin bir çox bədii
filmlərimizdə də mahnıları əbədi personaja
çevrilib. "Onu bağışlamaq olarmı?", "Koroğlu", "Magistral", "Ögey
ana" kimi filmlərdə, eləcə də
"Səndən mənə yar olmaz" operettasında
ölməzlik libası geyinən mahnılar bu gün də
sevilir və rəğbətlə qarşılanır.
"Ögey ana" filmində "İsmayılın
mahnısı" kimi məşhurlaşan coşqun
nəğmənin xoş sədaları insanda
gözəl hisslər yaradır. Gözlərimiz
önündə vətənimizin ürək açan
mənzərələri canlanır:
Quşlar,
quşlar nə gözəl oxuyur,
Bəh,
bəh, bəh, bəh,
Nə
gözəl qoxuyur,
Yaşıl,
əlvan, sarı gül-çiçəklər.
Dağların
qarlıdır,
Bağların
barlıdır,
Sevirəm
mən səni
Gözəl
kəndimiz!
Zeynal Cabbarzadə şeirlərinin
özünəməxsus xüsusiyyətlərindən biri
də yadda qalmaq qüdrətinə malik olması idi.
Şairin seçdiyi ifadələr, sözlər o
qədər sadə, aydın, oynaqdır ki, onları oxuduqca
baş sındırıb əzbərləməyə ehtiyac
qalmır. Bu yurdun suyu, havası kimi adamın ruhuna hopur,
yaddaşında lövbər salır. Bəlkə də bu
qüdrətinə görədir ki, onun
ölümündən 30 ildən çox vaxt
keçməsinə baxmayaraq, nəğmələri bu
gün də təzədir, seviləndir. Müəllifin
onlarca mahnısı var ki, əsl müğənni
nəfəsinin, avazının məlahətinə
bələnərək müxtəlif ifaçıların
yaradıcılığından bir sarı sim kimi keçdi.
Bunlar bütöv bir nəslin formalaşmasında,
yetişməsində rol oynadı. Etiraflar səslənir ki,
biz bir müğənni kimi Zeynal Cabbarzadənin mahnılarını
oxuyaraq məşhurlaşdıq. Bu sırada yada
düşən retro mahnılarından "Nə olar"
həmişə populyardır:
Sən ey
könlümün dostu, sirdaşı,
Niyə
küsürsən hər qədəm başı?
Gəl
ətəyindən gözəl, tök daşı,
Mənim
öz gülümsən,
Şeyda
bülbülümsən,
Nə olar bir
yol üzümə gül sən.
Yaxud da müxtəlif korifey
sənətkarların coşqunluqla haray çəkdiyi:
"Gəzdim Azərbaycanı, tapdım sənin kimi
ceyranı. Gəl mənə naz eyləmə, olum
gözlərinin qurbanı".
Bir
məsələ də mütləq qeyd edilməlidir ki, Zeynal
Cabbarzadə qələminin məhsulu olan elə
nəğmələr də var ki, uzun illər onlar xalq
mahnısı kimi oxunub. Yalnız son
illərdə mütəxəssislərin
araşdırmalarından və musiqişünasların
söylədiklərindən bəlli olub ki,
müəllifləri səslənməyən, xalq
mahnısı kimi təqdim edilən bu
nəğmələrin söz müəllifi məhz Zeynal
Cabbarzadədir. Bu mahınlardan biri "Laylay"
illər boyu televiziya ekranlarında, efirlərdə
səslənməkdədir. Yalnız son kitabının
"Nəğmələr" bölümünə düşmüş
bu mahnının da öyrəndik ki, sözləri Zeynal
Cabbarzadəyə məxsusdur:
Göydə
bulud sovuşsun,
Kipriklərin
qovuşsun.
Laylay quzum, a laylay,
İki
gözüm, a laylay.
Həqiqətən
də ana laylalarından su içmiş bu nəğmənin
ahəngindəki gözəllik insanın qəlbinə
qəribə bir rahatlıq gətirir. Avazındakı
şirinlik şairin folklorumuzdan necə
bəhrələndiyini, qaynaqlandığını nəzərə
çatdırır.
Təkcə
şairliklə deyil, həm də uzun illər publisistika
ilə məşğul olan Zeynal Cabbarzadə,
görünür, ağır müharibədən
gətirdiyi dərdin nəticəsində uzun ömür
sürmədi.
Az yaşasa da, mükəmməl
yazıb-yaratdı. Müxtəlif mövzularda
qələmə aldığı şeirlər şairin
mənəvi ömrünü uzatdı. Onun
dillərə düşmüş nəğmələri,
marşları bu gün də sevilə-sevilə oxunur. Uşaqlara ünvanlanmış şeirləri, lirik
miniatürləri, poemaları ədəbiyyatımızın
incilərinə çevrilib. Rəsul Rzanın
gözəl bir fikri də var: "Zeynal Cabbarzadənin
şeirləri ipi qırılmış köhnə muncuqlara
bənzəyir, yumarlanaraq küncə-bucağa
qısılıb". 1966-cı ildə söylənmiş
bu poetik mündərəcəli münasibətdə dərin
mənalar var. Həqiqətən də Zeynal Cabbarzadə
şeirləri köhnəliyin içində
həmişə təzədir, incidir, axtarılandır,
tapılandır! Televiziyada, radioda, konsert salonlarında
hələ çox eşidəcəyik: "Sözləri
Zeynal Cabbarzadənindir!"
Flora XƏLİLZADƏ,
Azərbaycan.- 2010.- 25 dekabr.- S. 7.