Böyük mesenat haqqında
yeni kitab-albom
Bu nəşri tarixçilərlə
neftçilər birlikdə
ərsəyə gətiriblər
Milli Azərbaycan Tarixi Muzeyinin buraxdığı
yeni "Hacı Zeynalabdin Tağıyev"
kitab-albomu bp Azərbaycan şirkətinin
sponsorluğu ilə işıq üzü görüb. Bu şirkət
nəşrin çapdan
çıxması münasibətilə
təqdimat mərasimi
də keçirdi.
XIX əsrin sonu - XX əsrin əvvəllərində
yaşamış məşhur
sahibkar, mesenat Hacı Zeynalabdin Tağıyevin həyatı
və fəaliyyəti
insana xas olan ən yaxşı
keyfiyyətləri - vətənpərvərliyi,
alicənablığı, səxavəti,
xalqına sevgi və sədaqəti özündə ehtiva edir. İbtidai təhsilini
belə tam başa vura bilməyən Hacı Zeynalabdin Tağıyev fitri istedad, iş qabiliyyəti nümayiş etdirərək
öz müəssisələrini
qurmuş, onları zamanın tələbləri
səviyyəsində təchiz
edə bilmişdi. Hacı fəaliyyətinin böyük
bir hissəsini xalqının mədəni,
təhsil səviyyəsinin
yüksəlməsinə, milli
şüurun oyanmasına
yönəltmişdi. Odur ki, təkcə böyük sərvət sahibi kimi deyil,
daha çox özünün maarifçilik,
xeyriyyəçilik fəaliyyəti
ilə tarixdə qalmışdır.
Bütün bunlara görə sağlığında Hacıya
"el atası" adını
vermişdilər. Sovet rejimi dövründə H.Z.Tağıyevin fəaliyyətini
saxtalaşdırmağa nə
qədər cəhd göstərsələr də,
buna nail
ola bilməmişlər.
Belə ki, tarixi hadisələrin
qarşısıalınmaz axarı əsl həqiqətləri yenidən
üzə çıxarmışdır.
Elə tarixçilərlə neftçilərin
əl-ələ verib
buraxdığı bu
yeni, dəyərli kitab-albom da Hacının öz xalqı qarşısında
misilsiz xidmətlərinin
unudulmamasının bariz
nümunələrindən biridir.
Kitab-albomdakı materiallar iki dildə - Azərbaycan və ingilis dillərində verilib. O, əsasən
dörd bölmədən
- "Sahibkarlıq", "Xeyriyyəçilik", "Ailə",
"Saray və ev-muzey" bölmələrindən
ibarətdir. Maraqlıdır ki, kitab-albomdakı
bütün materiallar
şəkillərlə müşayiət
olunur. Dərc olunmuş ayrı-ayrı
şəkillərə isə
geniş şərh verilir. Kitab-albomda Hacı Zeynalabdin
Tağıyevin ailə
üzvlərinin təqdim
etdiyi və indiyə qədər heç bir yerdə çap olunmamış şəkillər
də yerləşdirilib.
"Hacı
Zeynalabdin Tağıyev"
kitab-albomunun təqdimat
mərasimində çıxış
edən bp şirkətinin regional prezidenti
Rəşid Cavanşir,
Milli Azərbaycan Tarixi Muzeyinin direktoru Nailə Vəlixanlı, bp Azərbaycan şirkətinin
əlaqələr üzrə
meneceri Tamam Bayatlı, Tağıyevin
ailə üzvlərindən
Səidə Mirizadə
və başqaları
həm böyük mesenatın həyat yolu, həm də bunu əks
etdirən yeni nəşr haqqında ətraflı söhbət
açdılar.
Vaxtilə H.Z.Tağıyev
öz həyat amalını sözlərlə
belə ifadə etmişdir: "Ən çox sevdiyim, ən qiymətli sandığım vaxtlarımda
məni sənaye işlərim qədər,
mən deyərdim, hətta onlardan daha artıq mənim xalqım, onun gələcək xoşbəxtliyi və necə yaşayacağı
məsələləri məşğul
edir. Bu məqsədə
çatmaq üçün
mənim vacib bildiyim birinci şey xalqımın tərbiyəsi, təhsili
məsələsidir". Sözügedən kitab-albom da
məhz bu amallarını həyata keçirərək əbədiyaşarlıq
qazanmış böyük
xeyriyyəçi Hacı
Zeynalabdin Tağıyevin
xatirəsinə layiqli
bir tövfədir.
F.SADIQLI,
Azərbaycan.- 2010.- 25 dekabr.- S. 7.