Mədəniyyət tariximizin yeni
naxışları
2010-cu il Azərbaycan
mədəniyyət tarixinə əlamətdar
hadisələrlə naxışlandı. Ən
başlıcası odur ki, Azərbaycan
YUNESKO-nun
Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə
Konvensiyasının iştirakçı
dövlətlərinin Hökumətlərarası
Komitəsinə üzv seçildi. YUNESKO-nun
və İSESKO-nun xoşməramlı səfiri, Milli
Məclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti,
ölkəmizin birinci ledisi Mehriban xanım Əliyevanın
Azərbaycanın qeyri-maddi irs nümunələrinin
qorunması, mühafizəsi və təbliği yolunda
gördüyü işlərin buna böyük təsiri oldu.
2010-cu il
YUNESKO tərəfindən "Mədəniyyətlərin
yaxınlaşması ili" elan olunmuşdu. Azərbaycan
müxtəlif mədəniyyətlərin qovuşduğu,
yarandığı, millətlərin yaşadığı
tolerant bir ölkədir. Prezident İlham Əliyevin
təşəbbüsü sayəsində YUNESKO-nun
"Mədəni özünü ifadə
müxtəlifliyinin qorunması və təşviqinə dair
Konvensiyası"na qoşulan Azərbaycanda bir sıra
layihələr həyata keçirildi. Atılan
məqsədyönlü addımların nəticəsində
Mədəniyyət və Turizm Nazirliyi bu konvensiya
çərçivəsində "Mədəni
müxtəlifliyimiz mədəni vəhdətimizdir"
layihəsini bu ənənənin davamı kimi il boyu həyata
keçirdi. Müxtəlif tədbirlər, konfranslar,
simpoziumlar və dialoqlar, görüşlərlə
müşayiət edilən layihənin uğurlu olması
beynəlxalq aləmdə də təqdir edildi.
İlin ilk
rübündə YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs
Siyahısına daxil edilmiş Novruz bayramı ilə
bağlı həm bu qurumun, həm də Avropa
Şurasının qərargahında təqdimat
mərasimləri keçirildi. Beləliklə də, Novruzun
Azərbaycanın milli bayramı, sülhə, barışa,
xalqlar arasında dostluğa səsləyən bir mərasim
olduğu beynəlxalq aləmdə də təsdiqləndi.
Müjdəli xəbərlər
İlin ən fərəhli faktlarından biri də
Azərbaycan aşıq sənətinin YUNESKO-nun Qeyri-Maddi
Mədəni İrs Siyahısına düşməsi oldu.
Şifahi xalq ədəbiyyatının ən böyük
və zəngin qolu hesab edilən aşıq
yaradıcılığının mədəniyyət
mərkəzində bu cür qiymətə və
dəyərə malik olması həqiqətən,
fərəhdoğurucu hadisələrdən biridir. Dünyanın mədəni qurumları
tərəfindən böyük rəğbətlə
qarşılanan bu fakt bir də ona görə
dəyərlidir ki, tarixən milli musiqimizə,
mahnılarımıza göz dikən, onu
mənimsəyən, mənəvi işğala məruz qoyan
bədnam qonşularımız nə qədər
cəhd etsələr də, heç zaman sazımıza,
sözümüzə yaxın düşə
bilməyəcəklər. Aşıq sənətinin
beynəlxalq aləmdə məhz Azərbaycana məxsus
olmasını təsdiqləyən bu mühüm
sənədin qəbulu mədəniyyət tariximizə yeni
naxışlar vurdu.
Payızda dünyaya yayılan bir məlumat bizim
qürur və sevincimizi daha da artırdı. YUNESKO-nun
Qeyri-Maddi Mədəni İrs üzrə
Hökumətlərarası Komitəsinin V sessiyasında
Azərbaycan xalçası bu mötəbər qurumun
mədəni irs siyahısına daxil edildi. Bu,
Azərbaycan mədəniyyətinin növbəti uğuru
oldu. Bəllidir ki, bədnam
qonşularımız ötən əsrin ortalarından
başlayaraq Azərbaycan xalçalarını
qapı-qapı toplayaraq müxtəlif muzeylərdə öz
adlarına çıxmağa çalışmışlar.
İndi Azərbaycan xalçasının YUNESKO-nun
Mədəni İrs Siyahısına daxil edilməsi məhz bu
ədalətsizliyə son qoyacaq. Daha ermənilər bizim
xalçalarımızı dünyaya öz adları ilə
çıxara bilməyəcəklər. Çünki
Azərbaycan xalçalarının kimə məxsusluğunu
təsdiqləyən pasportu - kataloq və digər
sənədlər beynəlxalq şəkildə təsdiq edilib.
Ötməkdə
olan il həqiqətən, mədəni aləmdə çox
zəngin hadisələrlə, maraqlı
görüşlərlə, beynəlxalq tədbirlərlə
yadda qalır. Xüsusilə də,
Mədəniyyət və Turizm Nazirliyinin həyata
keçirdiyi bir sıra orijinal layihələr diqqət
çəkir. "2010-2014-cü illər üçün
Dövlət Proqramına uyğun olaraq Azərbaycanın
qədim şəhərlərinin ünvanına yeni adlar
yazıldı. Şəki şəhəri 2010-cu ildə
Azərbaycanın "Sənətkarlıq
paytaxtı" elan edildi. Gəncə "Əfsanələr
paytaxtı", Qazax "Folklor paytaxtı" oldu. Bunun da
nəticəsində il ərzində bu
şəhərlərdə xalq tətbiqi sənət
ənənələri, dekorativ və milli sənət
nümunələri ilə bağlı silsilə
tədbirlər keçirildi. Mədəniyyət
və Turizm Nazirliyinin layihələri əsasında
milli-mədəni irsin qorunması, bərpası, xalq
yaradıcılıq nümunələrinin toplanması
ilə bağlı ardıcıl işlər
görüldü. Bütün ictimaiyyətin diqqəti
bölgələrə yönəldi. Xüsusilə,
Şəkidə bir neçə dəfə beynəlxalq
tədbirlər keçirildi. Bütün bunların
təşkilində bircə məqsəd var idi. Azərbaycan
mədəniyyətini qədim kökləri ilə
birlikdə dünyaya tanıtmaq və eləcə də
bəşəriyyətin tanınmış simalarını
Azərbaycana gətirmək. Nəticə
uğurlu alındı. Keçirilən müxtəlif
tədbir və konfranslarda iştirak edən
əcnəbilər həm öz
çıxışlarında, həm də müxbirlərə
verdikləri müsahibələrdə yurdumuzun
gözəlliyindən, xalqımızın
qədimliyindən, sənət adamlarımızın
istedadından ürək dolusu danışdılar...
Dünyadan gələn
səslər
Ümummilli liderimiz Heydər Əliyevin xalqlar
tərəfindən sevilməsi və bu böyük
şəxsiyyətin şərəfinə müxtəlif
ölkələrdə xiyabanların salınması,
parkların yaradılması, muzeylərin
açılması, abidələrin ucalması bir
vətəndaş olaraq hər bir azərbaycanlıda qürur
doğurur. Sentyabr ayında Daşkənddə Heydər
Əliyev adına Mədəniyyət Mərkəzinin
açılışı oldu. Açılış
mərasimində Prezident İlham Əliyev iştirak etdi.
Heydər Əliyev Fondunun mədəniyyət
layihələrinə dəstək verməsi, digər
tərəfdən yeni təşəbbüslərlə
çıxış etməsi Azərbaycan Mədəniyyət
və Turizm Nazirliyinin işinə də müsbət
mənada öz təsirini göstərir. Nazir
Əbülfəs Qarayevə məxsus fikirdir: "Bu gün
Azərbaycan mədəniyyəti dünyada tanınır.
Xüsusilə də, Mehriban xanım Əliyevanın
həyata keçirdiyi müxtəlif layihələr
dəyərliliyi, dərin məzmunu və çağdaş
biçimi ilə diqqət çəkir, insanlar
tərəfindən maraqla qarşılanır. Mehriban
xanımın bütün layihələri bizim işimizin
sürətlənməsinə və uğurla
nəticələnməsinə səbəb olur".
Ölkəmizdə Azərbaycan mədəniyyətinin
həqiqətən, əsl himayədarları, qayğıkeşləri
var. Ölkə Prezidenti cənab İlham Əliyevin
imzaladığı sərəncamlara əsasən,
mədəniyyət sahəsinin tanınmış simaları
müntəzəm olaraq qayğı ilə
əhatələnir, maddi və mənəvi dəstək
alırlar. Azərbaycan mədəniyyətinin
bəşər mədəniyyətinin tərkib
hissəsinə çevrilməsində isə Mehriban xanım
Əliyevanın təşəbbüsü ilə
hazırlanan layihələrin əhəmiyyəti misilsizdir. Fərəhli faktdır ki, Mehriban xanım Əliyeva
təkcə Azərbaycanın deyil, dünya
mədəniyyətinin tərəqqisində
fədakarlıqla çalışan, orijinal layihələr
həyata keçirən təcrübəli,
səriştəli bir insan kimi özünü
mədəniyyətin dostu olaraq təsdiqləyib.
Azərbaycan
mədəniyyətinin qanadları çox geniş açılıb.
Onun uçuş aldığı ünvanlar
müxtəlifdir. İlin əvvəlində Moskvada Mixael
Qlinka adına Dövlət Musiqi Mədəniyyət
Mərkəzi Muzeyində "Azərbaycan muğam
gecəsi" keçirildi.
26 avqust
Kanadada beynəlxalq Azərbaycan Muğamı Günü elan
olundu.
Bu ölkədə düzənlənən XII
Beynəlxalq musiqi festivalı çərçivəsində
Azərbaycan musiqi günləri keçirildi. Əsrlərin
dizlərini qatlayaraq bu günümüzə gəlib
çıxmış muğamlarımızla bərabər,
Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Cövdət
Hacıyevin, Müslüm Maqomayevin və digər klassiklərin
əsərləri Kanadanın "İpək yolu" kamera
orkestrinin ifasında səsləndi. Tamaşaçılar
həm milli, həm də klassik musiqilərimizə məftun
oldular.
Parisdə
ənənəvi olaraq keçirilən beynəlxalq kitab
sərgisində Azərbaycan kitabsevərləri iştirak
etdilər. Burada bir çox ölkələrdə
fəaliyyət göstərən nəşriyyatların
məhsulları nümayiş olunurdu. Azərbaycandan
gətirilmiş kitablar da rəğbətlə qarşılandı.
Azərbaycan kitabı "qran-pri" mükafatına layiq
görüldü. Avropa Şurasının Strasburqdakı
iqamətgahında ölkəmizin mədəni irsinə
həsr edilmiş sərgi təşkil olundu. Burada milli
geyimlərimiz, məişət əşyaları, qədim
silahlar, xalça məmulatları və digər eksponatlar
nümayiş etdirildi.
Dövlət
müstəqilliyimizi qazandıqdan sonra
mədəniyyətimizin də tərəqqisində,
təbliğində, dünya tərəfindən
tanınmasında böyük nailiyyətlər davam
etməkdədir. Bu gün Azərbaycan mədəniyyətinin
xoş sorağı müxtəlif ölkələrdən
gəlir. Bu ünsiyyətin də
nəticəsində mədəni əlaqələrin
inkişafı daha da sürətlənir. İl ərzində
(bəzi ölkələrdə ilk dəfə) Meksikada, Kubada,
Qətərdə, İran İslam Respublikasında,
Mərakeş Krallığında, İordaniyada və
digər ölkələrdə Azərbaycan
mədəniyyət günləri keçirilib. Bu
günlərin çərçivəsində həm
incəsənət ustalarımız, həm
müğənnilərimiz öz məharətlərini
göstəriblər, həm də müxtəlif sərgilər,
festivallar gerçəkləşdirilib. Bu gün Azərbaycan
mədəniyyəti çox ustalıqla zirvələr
fəth etməkdədir.
Oktyabrda
Çində keçirilən EXPO-2010 beynəlxalq
sərgisində Azərbaycan musiqiçiləri Şanxayı
heyran etdilər. Bu günlər və
görüşlər haqqında xarici ölkə mətbuatında
dərc edilən yazılarda, televiziya kanallarında
nümayiş etdirilən reportajlarda Azərbaycan
mədəniyyətinə böyük bir rəğbətin,
sevginin və marağın olduğu aydın duyulur.
Bakı ev sahibliyi edir
Sentyabr
ayında dahi Üzeyir Hacıbəylinin anadan olmasının
125 illiyinə həsr olunan beynəlxalq musiqi festivalı
uğurlu keçdi. Bu festival Azərbaycan musiqisinin və
böyük bəstəkarın
yaradıcılığının dünyada geniş
tanıdılmasında, təbliğ olunmasında
əvəzsiz rol oynadı.
II
Beynəlxalq muğam festivalı da yeni istedadların
üzə çıxmasında əvvəlki illərdə
olduğu kimi növbəti uğura imza atdı.
Paytaxtda
başlanan beynəlxalq festivalların işığı iki
ildir ki, bölgələrə də nur saçır. Bu
mənada Qəbələdə keçirilən II
Beynəlxalq musiqi festivalının əhəmiyyəti
barədə mütəxəssislər müsbət
rəylər söylədilər. Müxtəlif
ölkələrdən Azərbaycana gəlmiş
tanınmış musiqiçilər, məşhur
ifaçılar həm bizim sənət adamları, həm
xalqımız, həm də təbiətimiz, milli
adət-ənənəmiz, mənəvi dəyərlərimiz
barəsində ürək dolusu danışdılar. Əcnəbilər
bizim sənətimizə, təbiətimizə, qonaq
qarşılamaq mədəniyyətimizə və
bütövlükdə Azərbaycana aşiq olduqlarını
bildirdilər. Hətta dünyanın məşhur
musiqiçilərindən bir neçəsi
həmişəlik Azərbaycanda qalmaq istədiklərini
bildirdilər.
Bakıda keçirilən beynəlxalq teatr
festivalı da xeyli müddət həm xarici, həm də
yerli mətbuatın diqqət mərkəzində dayandı.
Məşhur rejissorların, dramaturqların, aktyorların,
sənətşünasların toplandığı bu
məclisdə bir məsələ tez-tez vurğulandı ki,
Azərbaycan həqiqətən çox qədimdən
mədəniyyət beşiyidir. Bu səbəbdən də
ölkədə pərvazlanan bir çox mədəniyyət
xadimləri dünyanın istənilən
möhtəşəm teatr salonunda öz qabiliyyətlərini
məharətlə nümayiş etdirə bilirlər. Azərbaycanda həqiqətən də, bir teatr
nağılı yaşandı. İstər
mədəniyyət və turizm naziri Əbülfəs
Qarayevin, istərsə də nazir müavini Ədalət
Vəliyevin və digər teatrşünasların
məruzələrində Azərbaycan mədəniyyəti,
teatrının yaranması, inkişafı barədə
qonaqlara ətraflı məlumat verildi. Bir
məsələ də məmnunluqla vurğulandı ki,
ölkə Prezidentinin qayğısı nəticəsində
və imzaladığı sərəncamlara əsasən bu
gün Azərbaycanda mədəniyyət ocaqlarının
əksəriyyəti yenidən qurulub, təmir edilib və
dünya standartları səviyyəsinə
çatdırılıb. Beynəlxalq tədbirin
keçirildiyi Akademik Milli Dram Teatrının binası da
yenicə təmirdən çıxaraq tədbir
iştirakçılarının istifadəsinə
verilmişdi. Binanın gözəlliyi, klassika ilə
müasirliyin ünsiyyəti və burada çalışan
yaradıcı kollektivin hərtərəfli fəaliyyəti
üçün geniş şəraitin olması qonaqların
da diqqətini çəkirdi.
İlin
mədəniyyətlə bağlı fərəhli
faktları çoxdur. Bunlar təkcə xarici
ölkələrdə və Azərbaycanda keçirilən
mədəni tədbirlərlə bağlı deyildir. İl
ərzində müxtəlif müsabiqələr, sərgilər,
festivallar keçirilib. Ölkə başçısı
İlham Əliyev mədəniyyət xadimləri ilə
görüşüb, bir sıra mədəniyyət ocaqlarının
açılışında iştirak edib. Prezidentin
sərəncamına əsasən Musiqili Komediya
Teatrının binası əsaslı təmirə dayanıb.
Eləcə də bölgələrdə mədəni
həyat öz coşqunluğunda davam edir. Füzuli rayonunun
Horadiz qəsəbəsində muğam mərkəzinin tikilib
istifadəyə verilməsi də ilin ən yaddaqalan
məqamlarından biridir. Cəbhə bölgəsində
belə möhtəşəm bir binanın - mədəniyyət
ocağının, analoqu olmayan muğam mərkəzinin
yaradılması və burada azərbaycanlı
ifaçıların milli musiqimizi ifa etməsi
həqiqətən, çox xoşdur.
Belə bir
fikir də var ki, bu gün Azərbaycan dünya
mədəniyyətlərinin qovuşduğu bir
məkandır. Mədəniyyət müxtəlifliyinin
mədəniyyət vəhdətliyinə aparan yol elə
Bakıdan başlayır...
Flora XƏLİLZADƏ,
Azərbaycan.- 2010.- 26 dekabr.- S. 1.