Mətbuatın böyük hamisi

 

Dövlət qayğısı sayəsində mətbuatın maddi-texniki bazası daha da möhkəmləndirilib

 

Avratlantik məkana inteqrasiya yolunda uğurla irəliləyən Azərbaycan demokratik inkişaf göstəriciləri ilə dövrün tələblərinə uyğun həyata keçirdiyi islahatlarla dünya miqyasında nümunəvi dövlətlərdən biri kimi çıxış edir. Ölkəmizdə demokratik tərəqqini xarakterizə edən mühüm göstəricilərdən biri isə söz və mətbuat azadlığının təmin olunması, kütləvi informasiya vasitələrinin inkişafına hər cür şərait yaradılmasıdır. Elə bunun nəticəsidir ki, bu gün Azərbaycanda müasir dünya standartlarına cavab verən müstəqil media formalaşmaqdadır.

Bütün demokratik ölkələrdə olduğu kimi, ölkəmizdə də medianın sərbəst və dövlət hakimiyyətindən asılı olmayan fəaliyyəti təmin olunub. Azad mətbuatın hüquqi müdafiəsinin uğurla reallaşması sayəsində jurnalist araşdırmaları, faktların dərc edilməsi üçün ölkəmizdə sərbəst imkanlar yaradılması danılmaz həqiqətdir. Dövlətin azad mətbuatın inkişafına göstərdiyi qayğının təkcə mükəmməl və Avropa standartlarına uyğun qanunvericilik bazası ilə məhdudlaşmayaraq, digər mühüm sferaları, o cümlədən iqtisadi yardımları da əhatə etməsi ölkəmizdə medianın inkişaf tempini daha sürətli hala gətirib. Bu isə bir daha bariz şəkildə təsdiq edir ki, dövlət cəmiyyəti obyektiv informasiya və məlumatlarla təmin edən, müstəqil medianın tərəqqisində ən maraqlı tərəflərdən biri kimi çıxış edir. Prezident İlham Əliyev bununla əlaqədar bildirmişdir: "Mən media sahəsində gələcək inkişafı müstəqil, sözün əsl mənasında, müstəqil medianın gücləndirilməsində görürəm. Çünki hələ ki bizdə bu sahədə, xüsusilə yazılı mediada siyasiləşmə meyilləri çox güclüdür. Ola bilər ki, bu, müəyyən mərhələdə - Azərbaycanda siyasi sistem, siyasi münasibətlər formalaşdığı bir dövrdə qaçılmaz idi. Ancaq mən hesab edirəm ki, bu gün medianın inkişafı üçün siyasiləşmə prosesi gərək azalsın. Çünki birinci növbədə, Azərbaycan cəmiyyəti siyasiləşmiş cəmiyyət deyildir. Azərbaycan cəmiyyəti vətənpərvər cəmiyyətdir. Dövlətə, dövlətçiliyə sadiq olan cəmiyyətdir, ancaq siyasiləşmiş cəmiyyət deyildir. Hesab edirəm ki, cəmiyyəti süni şəkildə siyasiləşdirmək bizə uğur gətirə bilməz. Hər şey təbii olmalıdır, o cümlədən mediada da. Siyasi sifarişlərlə çıxan orqanlar nə qədər az olarsa, bizim mediamız da o qədər həm güclü, həm də ki, daha da müsbət reputasiyaya malik olacaqdır".

O da vacib həqiqətdir ki, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunu özünün inkişaf modeli kimi qəbul edən Azərbaycanda söz və məlumat azadlığının təmin edilməsi, kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyətinə zəruri şərait yaradılması bilavasitə ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gəldikdən sonra ulu öndərin diqqət yetirdiyi ən mühüm məsələlərdən biri ölkədə fikir plüralizmi, söz və məlumat azadlığının bərqərar edilməsi oldu. Bu istiqamətdə ümummilli liderin siyasi iradəsi və böyük səyləri nəticəsində konkret addımlar atıldı, kütləvi informasiya vasitələri dövlət qayğısı ilə əhatə olundu. 1995-ci ildə qəbul olunan Konstitusiyaya uyğun olaraq, vətəndaşların qanuni yolla informasiya tapmaq, almaq, hazırlamaq, ötürmək və yaymaq hüququ dövlət təminatına əsaslandı.

Mətbuatın müstəqilliyinin təmin edilməsi məqsədilə önəmli qərarlar qəbul olundu. İlk olaraq mətbuat vergilərdən azad edildi, qəzetlərin "Azərbaycan" nəşriyyatına olan borcu silindi. Azərbaycan mətbuatının üzərindən dövlət senzurasının ləğv edilməsi haqqında sərəncam imzalanması isə ölkədə qəzet, informasiya agentliklərinin yaradılması üçün daha münbit şərait formalaşdırdı. Bundan başqa, ulu öndərin təşəbbüsü ilə kütləvi informasiya vasitələrinin fəaliyyətini tənzimləyən qanunvericilik bazası təkmilləşdirilərək beynəlxalq standartlara uyğunlaşdırıldı. Ümummilli liderin fərman və sərəncamları ilə mətbuatın maddi-texniki bazasının, iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalistlərin azad fəaliyyəti üçün əlverişli şəraitin təmin edilməsi məqsədilə digər çoxsaylı tədbirlər həyata keçirildi, mətbuat-dövlət münasibətlərində mütərəqqi ənənələrin əsası qoyuldu. Beləliklə, ölkəmizdə medianın müstəqilləşməsi və inkişafında keyfiyyət etibarı ilə yeni bir mərhələ başlandı.

Heydər Əliyev siyasi kursunu layiqincə davam etdirən və onu dövrün reallıqları çərçivəsində yeni çalarlarla daha da zənginləşdirən Prezident İlham Əliyev söz və fikir azadlığına, mətbuatın inkişafına, bu sahədə yaranan problemlərin həllinə daim xüsusi diqqət, qayğı göstərir. Məhz bu diqqət və qayğıdan irəli gəlir ki, hazırda Azərbaycanda yüzlərlə mətbuat orqanı, informasiya agentliyi, teleradio şirkətləri, sürətlə inkişaf edən internet resursları fəaliyyət göstərir, onlar vətəndaş cəmiyyəti quruculuğunun fəal iştirakçısına çevrilərək cəmiyyətimizin informasiyaya olan ehtiyacının ödənilməsində əhəmiyyətli rol oynayırlar.

Mətbuatın, eləcə də digər media vasitələrinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində atılan addımlar isə ölkəmizdə kütləvi informasiya vasitələrinin müstəqilliyini daha möhkəm özüllər üzərində bərqərar edir. Real həqiqətdir ki, Azərbaycan dövlətinin artan imkanları milli mətbuatın inkişafı yolunda çətinliklərin aradan qaldırılması, onun aktual problemlərinin həlli məqsədilə kompleks tədbirlərin həyata keçirilməsinə geniş şərait yaradıb. Hazırda mətbuatda müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin stimullaşdırılması, dövlət orqanları ilə mətbuat arasında səmərəli əməkdaşlığın inkişafı, jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artmasına daha münbit şəraitin yaradılması, onların sosial müdafiəsinin gücləndirilməsi Azərbaycan dövləti və cəmiyyətinin qarşısında duran mühüm vəzifələr kimi qarşıya qoyulub. Bununla bağlı atılan real addımlar isə sözügedən məsələlərin həllində yeni nailiyyətlərə gətirb çıxarır və bu proses indi də uğurla davam etdirilməkdədir.

Mövcud dünya təcrübəsi aydın şəkildə göstərir ki, mətbuatın müstəqilliyinin ən mühüm şərtlərindən biri onun iqtisadi cəhətdən özünü təmin etməsindən keçir. Bu məqsədlə Azərbaycan Prezidenti tərəfindən konkret addımlar atılıb. Prezident İlham Əliyevin sərəncamı ilə 2005-ci ildə 30 qəzet redaksiyasının hər birinə 2 min manat, 2008-ci ildə 38 mətbuat orqanının hər birinə 5 min manat, 2009-cu ildə 39 qəzet redaksiyasının hərəsinə 10 min manat, 2010-cu ildə qəzetlərin hər birinə 20 min manat, informasiya agentliklərinə 10 min manat həcmində birdəfəlik yardım göstərilib. 2006-cı il fevralın 8-də qəzetlərin "Azərbaycan" nəşriyyatına olan dondurulmuş borcu dövlət büdcəsi hesabına ödənilib. Ölkəmizdə qəzetlərin rəngli çapa keçirilməsi üçün müvafiq avadanlıqlar alınaraq quraşdırılması, nəşriyyatın yeni sexinin istifadəyə verilməsi Prezident İlham Əliyevin mətbuata qayğısının daha bir təzahürüdür.

Prezident İlham Əliyevin təşəbbüsü ilə 2008-ci il iyulun 31-də "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası" hazırlanaraq təsdiq edilib. Ötən ilin aprelində isə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb. Ölkəmizdə kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi aşağıdakı prinsiplər əsasında həyata keçirilir: qanunçuluq; şəffaflıq; əməkdaşlıq; qarşılıqlı məsuliyyət; kütləvi informasiya vasitələrinin müstəqilliyinin qorunması, onların fəaliyyətinə hər hansı müdaxilənin istisna edilməsi; yayılması qanunla qadağan olunmuş informasiyadan cəmiyyətin qorunması; kütləvi informasiya vasitələrinin inhisarlaşmasının qarşısının alınması; ictimai maraqları əks etdirən layihələrə üstünlük verilməsi; regional kütləvi informasiya vasitələrinin inkişafının dəstəklənməsi.

Dövlət mətbuata öz dəstəyini qrantlı layihələrin gerçəkləşdirilməsi, jurnalistlərin fərdi yaradıcılıq müsabiqələrinin təşkili və qaliblərin mükafatlandırılması yolu ilə həyata keçirir. Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən qəzetlərin, informasiya agentliklərinin və jurnalistlərin il ərzində bir neçə dəfə keçirilən müsabiqələr hesabına mükafatlandırılması mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsinə və qəzet müxbirlərinin peşəkarlıqlarının yüksəldilməsinə ciddi təsir göstərir.

Milli mətbuatın inkişafına davamlı dəstəyin təmin edilməsi, habelə mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədilə 2010-cu il iyulun 22-də Azərbaycan Prezidentinin verdiyi sərəncam bütün media nümayəndələrinin ürəyindən oldu. Həmin sərəncamla mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna beş milyon manat vəsait ayrıldı. Artıq mətbuat işçiləri üçün nəzərdə tutulan mənzillərin tikintisi istiqamətində konkret işlər görülür.

Bütün bunların məntiqi nəticəsidir ki, Prezident İlham Əliyev 2010-cu ildə "Jurnalistlərin dostu" adını qazanıb. Xatırladaq ki, dekabrın 1-dən 20-nə kimi "RUH" Jurnalistlər Birliyi 2010-cu ildə "Jurnalistlərin dostu" mükafatının qalibinin müəyyənləşdirilməsi ilə bağlı kütləvi informasiya vasitələri və jurnalist təşkilatları arasında sorğu keçirib. Sorğuda 30 gündəlik, 19 həftəlik qəzet, 2 jurnal, 11 informasiya agentliyi, 13 jurnalist təşkilatı, 8 informasiya portalı, 7 televiziya və 3 radio kanalı, ümumilikdə 93 KİV iştirak edib. Respondentlərdən "2010-cu ilin yekunlarına görə hansı ictimai-siyasi xadimi, vəzifəli şəxsi jurnalistlərin dostu hesab edirsiniz" sualını cavablandırmaq xahiş olunub. Sorğuda iştirak edən KİV-in 81 faizi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi "Jurnalistlərin dostu" mükafatına ən layiqli namizəd hesab ediblər.

Bütün bunlar qarşıdakı dövr ərzində zəngin tarixi ənənələrə malik Azərbaycan milli mətbuatının dövlətin, onun başçısının xüsusi diqqət və qayğısı sayəsində inkişafının daha sürətli mərhələsini yaşayacağını qətiyyətlə deməyə əsas verir.

 

Rasim BAYRAMOV,

 

Azərbaycan.- 2010.- 26 dekabr.- S. 4.