Görkəmli elm və təhsil
təşkilatçısı
Dünyaya
gəldikdən sonra qismətinə düşən
ömür payını hər bir yaradıcı insan
fərqli yaşayır, həyatda özünəməxsus iz
qoyur. Bəzən bu izlər mövcud olmamış kimi
insanın fiziki ölümü ilə yoxa çıxır,
bəzən isə həyatın coşqun fırtınası
ondan bir daş da qopara bilmir. Sağlığında
böyük hörmət-izzət sahibi olan, haqq
dünyasına qovuşduqdan sonra çoxlarının
xatirində dəyərli ziyalı, unudulmaz müəllim,
qayğıkeş və mərd insan kimi qalan belə
şəxsiyyətlərdən biri də dünya
şöhrətli alim, tanınmış ictimai xadim, elm
və təhsil təşkilatçısı, əməkdar
elm xadimi, Dövlət mükafatı laureatı, AMEA-nın
müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor
Yəhya Cəfər oğlu Məmmədov olmuşdur.
Görkəmli alim 1930-cu il oktyabr ayının 10-da
Azərbaycanın dilbər güşəsi olan qədim
Naxçıvanda dünyaya gəlmişdir. 1954-cü ildə
Azərbaycan Dövlət Universitetini (indiki BDU)
fərqlənmə diplomu ilə bitirərək aspiranturada
saxlanılmış, 1957-ci ildə vaxtından əvvəl
namizədlik dissertasiyası müdafiə etmiş,
universitetdə müəllim, sonralar isə baş
müəllim, dosent kimi fəaliyyət göstərmişdir.
Professor Yəhya Məmmədov 1965-ci ildə doktorluq
dissertasiyasını müvəffəqiyyətlə
müdafiə edərək həmin il universitetin Hesablama
riyaziyyatı kafedrasının müdiri seçilmiş,
ömrünün sonunadək - 35 il bu vəzifəni uğurla
icra etmişdir. O, 1971-ci ildən 1987-ci ilədək BDU-nun elmi
işlər üzrə prorektoru, 1987-1989-cu illərdə isə
rektoru vəzifələrində
çalışmışdır. Alim prorektor
kimi 17 illik gərgin fəaliyyəti ərzində universitetdə
elmin inkişafına, onun beynəlxalq nüfuzunun
yüksəlməsinə, bir çox elmi-tədqiqat
laboratoriyalarının yaradılmasına, elmi
tədqiqatların inkişafına, onların
səmərəliliyinin artırılmasına, elmin istehsalat
və tədris prosesi ilə əlaqələrinin
yaxınlaşdırılmasına xüsusi diqqət və
qayğı göstərmişdir. Yəhya Məmmədovun
mənalı və şərəfli ömür yoluna, elmi
fəaliyyətinə nəzər saldıqda, onun milli ideallara
bağlı nəcib şəxsiyyət olduğu bir daha
qabarıq görünür. Görkəmli
tədqiqatçı əsla qəyyum himayəsinə
tapınan alimlərdən olmamışdır, həyatda
məqsədlərinə halal zəhmətlə,
işgüzarlıqla, məqsədyönlülüklə
çatmışdır. Əsl alimlər kimi, onun
üçün də elmdə heç zaman son zirvə
və hədd anlaşıyı yox idi. Yəhya
Məmmədov elmi axtarışları ilə daim
öyrənməyə, həqiqəti üzə
çıxarıb isbatlamağa, əldə etdiyi faydalı
nəticələri praktik surətdə
gerçəkləşdirməyə
çalışmışdır.
Görkəmli
alim-pedaqoq kimi 1987-ci ildə o, Azərbaycanın ən
nüfuzlu təhsil ocağının - Azərbaycan
Dövlət Universitetinin rektoru seçilmişdir.
Beləliklə də, tədqiqatçı-alim
respublikanın siyasi-ictimai həyatındakı
burulğanların, milli-azadlıq hərəkatının,
insanların düşüncəsindəki
yeniləşmənin, milli intellektual-kulturoloji mühitdəki
dəyişikliklərin mərkəzinə
düşmüşdür. Ermənilərin Azərbaycan
torpaqlarını işğal etmələrinə,
həmvətənlərimizin minillik doğma
yurd-yuvalarından didərgin salınmalarına etiraz edən
tələbələrin önündə o zaman rektor Yəhya
Məmmədov gedirdi.
Ən maraqlı və bəlkə də çox
təəccüblü o idi ki, həmin illərdə
həyatının digər mərhələlərində
olduğu kimi, yenə də növbəti sınağa
çəkilən Yəhya Məmmədov ovaxtkı
dövlət rəhbərləri tərəfindən göstərilən
təzyiqlər nəticəsində də
dəyişmədi. Bu münasibətlər
Yəhya Məmmədovun ədalətli və humanist
mövqeyinə təsir göstərə bilmədi,
əksinə, onu daha da mətinləşdirdi, xalqına olan
sevgisini artırdı. Əsl ziyalının bu fani dünyadan
yeganə umacağı məhz millət, dövlət yolunda
çalışmaq, yaxşı iş görmək,
tarixdə əbədi qalmaq idi.
Onun rektorluq dövrü respublikamız
üçün çox mürəkkəb və
təlatümlü illərə düşsə də,
nüfuzuna və ləyaqətinə zərrə qədər
də xələl gətirməmiş, əksinə,
Azərbaycan təhsilinin və elminin bayraqdarı olan
universitetdə tənəzzülün qarşısını
almağa çalışmış, milli
düşüncənin beşiyinə çevrilən bu
təhsil ocağının başında böyük
vətənpərvər bir ziyalının dayandığını
ləyaqətlə nümayiş etdirmişdi.
Professor
Y.Məmmədov qeyri-xətti analiz və hesablama riyaziyyatı
sahəsində tanınmış alimlərdən biridir. O,
dünyanın müxtəlif ölkələrində
çap olunmuş 100-dən çox elmi məqalənin, 7
monoqrafiyanın, 5 dərslik və dərs vəsaitinin
müəllifidir.
Görkəmli tədqiqatçı riyaziyyat
aləmində sağ tərəfi birtərəfli
qiymətləndirməyə tabe olan, qeyri-xətti
operator-diferensial tənliklərin həllinin tədqiqi
üsulunun, eləcə də abstrakt qeyri-xətti Volter
operator tənliklər nəzəriyyəsinin
yaradıcılarından biridir. O, 1974-cü ildə nəşr
etdirdiyi "Adi diferensial tənliklərin təqribi
həllərinin tapılması üsulları" adlı
monoqrafiyasına görə Dövlət mükafatına layiq
görülmüşdür. Professor Yəhya Məmmədov
müəyyən sinif tənliklərin, həlli
sürətlə yığılan iterasiyalar
şəklində axtarılan ekvivalent tənliklərə
gətirilməsi üçün yeni üsul təklif
etmişdir. Bu üsul riyazi elmi ədəbiyyatda
"Məmmədov üsulu" adlandırılır. Onun tərəfindən Urıson tipli qeyri-xətti
inteqral tənliklərin müsbət həllərinin
xassələri, diferensial və inteqral
bərabərsizliklərin tətbiqləri, Banax
fəzalarında qeyri-məhdud operator əmsallı diferensial
tənliklərin asimptotik dayanıqlığı, gecikən
arqumentli qeyri-xətti tənliklərin həlli üsulları,
Banax fəzalarında adi diferensial
tənliklər üçün ardıcıl
yaxınlaşma üsulları, Hilbert fəzasında hiberbolik
tip qeyri-xətti tənliklərin həllərinin
xassələri, çoxölçülü inteqral
tənliklər üçün Volter tipli
bərabərsizliklər, birinci və ikinci tərtib
qeyri-məhdud əmsallı operator diferensial tənliklər
üçün Koşi məsələsi,
diferensial tənliklərin həlləri üçün
müəyyən iterasiya proseslərinin
yığılması, təkmilləşdirilmiş
Nyuton-Kontoroviç üsulunun operator-diferensial tənliklər
sisteminin təqribi həll olunmasına tətbiqi, kvazixətti
Lavrentyev-Biçadze tənlikləri üçün
sərhəd məsələsinin fərq üsulu ilə
həlli, qeyri-xətti elliptik tənliklər üçün
qarışıq sərhəd məsələsinin
həllinə şəbəkə üsulunun tətbiqləri
və sairə öyrənilmişdir.
Onun
rəhbərliyi altında Azərbaycandan başqa,
dünyanın 9 ölkəsindən (Almaniya, Əlcəzair,
İraq, Misir, Polşa, Rusiya, Türkiyə, Türkmənistan
və Özbəkistan) 32 nəfər namizədlik
dissertasiyası müdafiə etmişdir. Hazırda onlardan 8-i
elmlər doktoru və professordur. Görkəmli alim
keçmiş sovetlər birliyinin bir çox
şəhərlərində 60-dan çox namizədlik və
doktorluq dissertasiyalarına opponentlik etmişdir. O,
dünyanın bir çox ölkələrində
keçirilən beynəlxalq konqres və konfranslarda
Azərbaycan riyaziyyat məktəbini ləyaqətlə
təmsil etmiş, keçmiş SSRİ Ali Təhsil
Nazirliyinin nəzdindəki Elmi Metodik Şuranın Riyaziyyat
bölməsi rəyasət heyətinin üzvü
olmuşdur. Professor Yəhya Məmmədov bir çox
nüfuzlu beynəlxalq mükafatlara, o cümlədən,
"Akademik Vavilov" medalına, "Drujba narodov"
ordeninə layiq görülmüş, ABŞ-ın Minneapolis
şəhərinin "Fəxri vətəndaşı"
seçilmişdir. Böyük xidmətlərinə
görə 1980-ci ildə ona "Əməkdar elm xadimi"
fəxri adı verilmiş, 1983-cü ildə isə
Azərbaycan Respublikası Elmlər Akademiyasının
müxbir üzvü seçilmişdir.
Yəhya müəllimin elmi potensialının
çox yüksək olmasını hamı etiraf edirdi - adi
ziyalılar da, akademiklər də, bütün ictimaiyyət
də. Onun həyatda tutduğu yol neçə-neçə
nəslə riyaziyyat elminin sirlərini öyrətmək,
mənəviyyatımızın saflığını,
zənginliyini qorumaq yolu idi. Mənəvi saflıq
ilə əqli kamilliyi özündə ahəngdar
şəkildə birləşdirən Yəhya Məmmədov
nəcib davranışı, yüksək
mədəniyyəti, ziyalılığı ilə
hamının hörmətini qazanmışdır.
Fəaliyyətinin bütün sahələrində - istər
alim, istər müəllim, istərsə də elm-təhsil
təşkilatçısı kimi seçilməsinə
baxmayaraq o, həmişə sadə və təvazökar idi.
Yəhya
Məmmədov çox məhsuldar alim, görkəmli
tədqiqatçı idi. Müxtəlif dünya
riyaziyyatçıları professorun elmi
yaradıcılığını həmişə
yüksək qiymətləndirirdilər. Keçmiş
sovetlər birliyinin akademiklərindən Y.A.Mitropolski Yəhya
Məmmədov haqqında deyir ki, o, məşhur sovet alimidir,
müasir riyaziyyat elminin bir çox sahələrinin
böyük mütəxəssisidir. Müxtəlif
tənliklər sinfinin həllərinin qurulması və
tədqiqi üçün təqribi üsullar
nəzəriyyəsində əsas nəticələr ona
məxsusdur. İlk növbədə, qeyri-xətti operator
tənliklər nəzəriyyəsində bu
şəxsiyyətin aldığı nəticələr
diqqətəlayiqdir. Y.Məmmədovun yazdığı
monoqrafiyalar və dərsliklər ölkə riyaziyyat
elminə bir töhfədir.
Akademik
A.A.Samarski isə yazır ki, Y.C.Məmmədovun işləri
hesablama və tətbiqi riyaziyyat, eləcə də riyazi
modelləşdirmənin intensiv inkişafını
stimullaşdırır. Xüsusilə, onun pedaqoji və elmin
təşkilindəki xidmətlərini qeyd etmək
istərdim. Ümid edirəm ki, bizim universitetlər
arasındakı əlaqələr daha sıx olacaq və
təbii ki, bu, modelləşdirmənin inkişafına
təsir edəcək.
"Y.Məmmədov
Banax fəzasında qeyri-xətti operator-diferensial
tənliklərin tədqiqi metodunu vermiş, Volter tipli operator
tənliklərin nəzəriyyəsini qurmuşdur. Müəyyən sinif tənliklərin həlli
sürətlə yığılan iterasiyalar
şəklində axtarılan ekvivalent tənliklərə
gətirilməsi üçün təklif etdiyi üsul
dünya riyaziyyatçılarına məlum
"Məmmədov üsuludur" - deyən akademik
V.Q.Boltyonski alimin elmi tədqiqatlarını yüksək
dəyərləndirmişdir.
AMEA-nın
akademiki M.Ə.Rəsulov xüsusi qeyd etmişdir ki, Yəhya
Məmmədov qeyri-xətti analiz və hesablama riyaziyyatı
sahəsində tanınmış riyaziyyatçıdır.
Banax fəzalarında diferensial tənliklərin tədqiqi onun
yaradıcılığında mühüm yer tutur. O, belə
tənliklərin həlli üçün geniş
nəzəriyyə vermişdir. Volter tipli qeyri-xətti operator
tənliklər nəzəriyyəsi də Y.C. Məmmədova
məxsusdur. Onun təklif etdiyi üsullar, çox sayda
alimlərin işində, müxtəlif
məsələlərin həllində öz tətbiqini
tapmışdır.
Azərbaycan riyaziyyat elminin inkişafında
böyük xidmətləri olmuş professor Y.Məmmədov
2000-ci il yanvarın 26-da ömrünün
çiçəklənən dövründə
dünyasını dəyişməsinə baxmayaraq,
yüksək mənəvi keyfiyyətlərinə görə
bu gün də onu tanıyanların qəlbində
yaşayır. Onun adının
əbədiləşdirilməsi üçün
yaradıcısı olduğu Hesablama riyaziyyatı
kafedrasının önündə xatirə lövhəsi
vurulmuş, onun adına təqaüd təsis edilmiş və
auditoriya yaradılmışdır. Bu auditoriya müasir tipli
kompüterlərlə, elektron lövhələr və yeni
texniki avadanlıqlarla təchis edilmişdir.
Yəhya
Məmmədov kəşməkəşli olduğu
qədər də mənalı, zəngin və
şərəfli həyat yolu ilə məqsədlərinə
doğru pillə-pillə irəliləmiş, xalqın
dərin məhəbbətini qazanmışdır. Həyatda ən böyük xoşbəxtlik də
məhz insanların etimadını, inamını, sevgisini
qazanmaqdır. Əqidəsinə, amalına sadiq,
sözübütöv, mərd insan olan Yəhya
Məmmədov bu cəhətləri ilə son
dərəcə müsbət auraya, pozitiv enerjiyə malik
insan idi. Tanınmış ziyalı insanlarla xoş
rəftarı, ünsiyyət bacarığı, yüksək
mədəniyyəti, tələbkarlığı,
prinsipiallığı, gələcəyə yüksək
inam hissi ilə diqqəti cəlb edirdi. Onun haqqında alim,
pedoqoq, bir ziyalı, şəxsiyyət kimi
düşünəndə adamın qəlbi
işıqlanır. Deyirlər ki, insana şərəflə
yaşanan bir ömür də kifayətdir. Təki bu ömür
xalqın və cəmiyyətin tərəqqisinə, onun
elminə, təhsilinin, mədəniyyətinin
inkişafına sərf edilmiş olsun. Yəhya
Məmmədov məhz belə bir ömür
yaşamışdır.
Abel MƏHƏRRƏMOV,
Bakı Dövlət Universitetinin
rektoru, akademik,
Milli Məclisin deputatı
Azərbaycan.- 2010.- 26 dekabr.- S. 6.