Çoxşaxəli yaradıcılıq
Bəstəkar Tofiq Bakıxanov Azərbaycanda tanınan, musiqi sahəsində böyük
xidmətləri olan bir nəslin nümayəndəsidir. Bəstəkarın
ulu babası Abbasqulu Ağa Bakıxanovdur ki, tarixə dövlət xadimi, alim, şair
kimi daxil olub. Atası Əhmədxan Bakıxanov
Azərbaycanın xalq
artisti, tarzən, muğam sənətinin, xalq musiqisinin mahir bilicisi kimi yaddaşlara yazılıb.
Uşaqlıq illərindən başlayaraq
Tofiq Bakıxanov evlərində Azərbaycan
xalq mahnı və rəqsləri, muğamlar və aşıq musiqisi nümunələri ilə
tanış olur, o vaxtdan milli
musiqiyə məhhəbəti
yaranırdı. Ümumiyyətlə,
Əhmədxan Bakıxanovun
evində musiqiyə, ədəbiyyata, milli mədəniyyət dəyərlərinə xüsusi
diqqət yetirilirdi ki, Tofiq Bakıxanovun
bu cür mühitdə böyüməsi
onun kamil və peşəkar sənətkar olmasında
vacib göstəricidir.
Şübhəsiz ki, musiqini sevən gəncin qarşısında gələcəkdə
kim olmaq sualı durmur və o, özünü
yalnız musiqiçi
kimi görürdü.
Tofiq Bakıxanov Azərbaycan tarını sevsə də, atasının məsləhəti
ilə Avropa musiqi aləti olan skripkanı seçir və musiqi məktəbinin skripka sinfində təhsil alır. Beləliklə, skripka onun həyatına,
sözün tam mənasında, daxil olur.
T.Bakıxanov ilk musiqi təhsilini ifaçı (skripka) kimi professor A.Amitonun sinfində alır və 1953-cü ildə konservatoriyanı bitirir. Həmin il o, təhsilini
davam etdirmək üçün Q.Qarayevin
bəstəkarlıq sinfinə
daxil olur və 1957-ci ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bəstəkar
kimi birinci skripka konserti ilə bitirir. T.Bakıxanov ümumilikdə
6 skripka və simfonik orkestr üçün konsertin və 14 skripka və fortepiano üçün sonatanın
müəllifidir.
Onun məşhur musiqiçi kimi formalaşmasında bir neçə amil əsas şərt hesab olunur. Təbii
ki, öncə milli musiqimizin ümumi təsirini, onun ənənələrinin
rolunu göstərməli
və qeyd etməliyik ki, gənc musiqiçini bu yola istiqamətləndirən
onun atası Əhmədxan Bakıxanov
olub.
Bununla yanaşı, musiqiçinin həyatında
akademik musiqi təhsili rolu olduqca vacibdir. Konservatoriyanı iki ixtisas üzrə bitirən T.Bakıxanov ciddi akademik bilikləri mənimsəyir və onun əsl peşəkar-skripka
ifaçısına və
bəstəkara çevrilməsində
müəllimləri - professorlar
C.Bretsniskinin və A.Amitonun (skripka sinfi) və Qara Qarayevin (bəstəkarlıq sinfi)
xidmətləri olduqca
böyükdür.
Nəhayət, Tofiq Bakıxanovun həyat və yaradıcılığında
Üzeyir Hacıbəylinin
rolunu qeyd etməliyik. Azərbaycan musiqisinin banisi Bakıxanovlar ailəsinə
yaxın insan idi. Üzeyir bəy Əhmədxanı
muğamı dərindən
bilən bir musiqiçi kimi çox qiymətləndirirdi.
Məlumdur ki, böyük sənətkar
Tofiq Bakıxanovun ifaçı kimi ilk uğurlarına xüsusi diqqət yetirir və bu diqqət, qayğı, xoş münasibət yadda qalır və xatirələrdə daim yaşayır.
Tofiq Bakıxanov bir bəstəkar olaraq Üzeyir Hacıbəyli ənənələrinin
davamçısı kimi
çıxış edir.
Ümumiyyətlə, onun
yaradıcılığında Azərbaycan musiqisinin əsas qanunauyğunluqlarının
təzahürünü aydın
görmək olar. Burada Azərbaycan və Avropa musiqi ənənələrinin
üzləşməsini, Şərq
və Qərb münasibətlərinin maraqlı
ifadəsini müşahidə
edirik.
Tofiq müəllimin yaradıcılıq fəaliyyəti
son dərəcə geniş və əhatəlidir: burada ifaçılıq, bəstəkarlıq
və müəllimlik
bir-birini tamamlayır.
Musiqiçi öz fəaliyyətini ifaçı-skripkaçı
kimi başlayır və bununla bağlı olaraq o, uzun müddət
solist, ansamblın üzvü (dövlət triosunda) və Filarmoniyanın simfonik orkestrinin konsertmeystri kimi çıxış edir.
Müəllimliyi də onun ifaçılığı
ilə sıx bağlıdır. O, əvvəl
A.Zeynallı adına Musiqi Texnikumunda, sonra isə Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının Kamera-ansamblı
kafedrasında müəllimlik
peşəsinin sirlərini
ardıcıl olaraq açmış olur. Bu günə qədər o, həmin kafedrada professor vəzifəsində
çalışır.
Şübhəsiz ki, Tofiq Bakıxanovun yaradıcılıq fəaliyyətinin
ən böyük və vacib sahəsi
bəstəkarlıqdır. O, Azərbaycan bəstəkarlıq
məktəbinin özünəməxsus
sənətkarıdır və
onu ilk növbədə
bəstəkar kimi qəbul edirlər. Tofiq Bakıxanovun ümumi yardıcılığının
mahiyyətini və mənasını açan
da bəstəkar musiqisidir.
Tofiq Bakıxanov çalışqan və
çox işləyən
bəstəkarlardandır. Onun
yaradıcılığı çoxşaxəliliyi ilə
gözə çarpır.
Hətta belə təəssürat yaranır
ki, bəstəkar öz yaradıcılığında
musiqinin bütün məlum olan janr və formalarından
istifadə edib.
Bəstəkar öz yaradıcılığında, operanı çıxmaq şərtilə, musiqi-səhnə
(balet, musiqi komediya), instrumental (simfonik, kamera ansamblı, solo musiqisi) və vokal (mahnı, romans, vokal silsilə,
xor işləmələri)
əsərlərini çox
ətraflı şəkildə
təqdim edir. Yaradıcılığı məzmun,
forma və janr baxımından zəngin və rəngarəngdir. Demək
olar ki, müəllif müraciət
etdiyi hər bir janrı özünəməxsus tərzdə
çatdırır. Bəstəkarın
instrumental musiqiyə meyli istər-istəməz
diqqəti cəlb edir və yəqin
ki, onun ən böyük və gözəçarpan
yaradıcılıq nailiyyətləri
bu sahə ilə bağlıdır.
Bəstəkarın yaradıcılığında
ənənə və
ənənəvilik mühüm
rol oynayan faktordur. Belə demək mümkünsə,
bəstəkarın instrumental
yardıcılığında öz əksini tapan simfoniya və solo konsert,
kvartet və solo sonçi rapsodiya və kiçik pyes, bir sözlə, hər bir əsərində
Azərbaycan və Avropa musiqi ənənələrinin
maraqlı "toqquşmasını"
izləmək olar.
Tofiq Bakıxanov ənənəyə hörmətlə
yanaşan sənətkardır.
Bunu ümumilikdə bəstəkarı səciyyələndirən
cəhət kimi vurğulamaq olar. Bununla belə, T.Bakıxanov hər zaman yeni yaradıcılığın
hər mərhələsində
müraciət etdiyi ənənəni (yaxud ənənələrini) kor-koranə
yox, əksinə, şüurlu və özünəxas tərzdə
istifadə edir.
Tofiq Bakıxanovun yaradıcılığında milli musiqi ənənələrinin
tətbiqi də olduqca önəmlidir. Uşaqlıq illərindən
yaranan Azərbaycan milli musiqisinə xüsusi münasibət bəstəkarın qəlbində
daim yaşayır və təbii olaraq yaradıcılıq
ənənəsinə çevrilir.
Tofiq Bakıxanovun yaradıcılığında olduqca əhəmiyyətli
olan bir cəhət də diqqəti cəlb edir. Bəstəkarın hər bir əsərində
onun məzmun, forma, janrdan asılı olmayaraq, milli musiqimizin birbaşa təsiri, onunla bilavasitə bağlılıq özünü
büruzə verir.
Tofiq Bakıxanovun yaradıcılığında
beş simfonik muğam ("Nəva",
"Humayun", "Rahab",
"Dügah", "Şahnaz")
var və bu janra müraciət
etməklə o, XX əsr Azərbaycan simfonizminin görkəmli sənətkarı olan Fikrət Əmirovun olduqca əhəmiyyətli
ənənəsinin varisi
kimi çıxış
edir.
Digər tərəfdən
bəstəkar milli musiqimizdən bəhrələnərək,
onun üçün çox səciyyəvi olan lad, intonasiya,
variantlıq, ritm, janr, forma kimi
xüsusiyyətləri öz
əsərlərində xüsusi
ustalıqla canlandırır.
Tofiq Bakıxanovun bu ilin son ayında 80 yaşı tamam olur. Mənalı həyat və
yaradıcılıq yolunda
bəstəkar çox
ciddi uğurlar qazanıb, daim axtarışda olub və tapıntılar əldə etməklə yanaşı, əhəmiyyətli
hadisələrlə də
üzləşib. Tofiq Bakıxanov
bu gün də gənclik həvəsilə yaşayır
və həmin coşqu ilə də yaradır. Bu nəğməli-musiqili səslər
əsrləri aşacaq
və dünyanın bütün qütblərini
dolaşacaq...
Hökümə ƏLIYEVA,
Bakı Musiqi Akademiyasının dosenti,
sənətşünaslıq namizədi
Azərbaycan.- 2010.- 26 dekabr.- S. 6.