"Bəşər sivilizasiyası kontekstində Çin mədəniyyəti" mövzusunda konfrans olmuşdur

 

Dekabrın 25-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində "Bəşər sivilizasiyası kontekstində Çin mədəniyyəti" mövzusunda konfrans keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbiri "Simurq" Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti, professor Fuad Məmmədov açaraq Çin mədəniyyətinin qədim tarixindən, zənginliyindən bəhs etmişdir. Bildirmişdir ki, Çin ilə Azərbaycan arasında bütün sahələrdə, o cümlədən mədəniyyət sahəsində əlaqələr sürətlə inkişaf edir.

Tədbirdə çıxış edən Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Çjan Yannyan belə bir konfransın keçirilməsini yüksək qiymətləndirdiyini bu kimi tədbirlərin iki ölkə arasında mədəni əlaqələrin inkişafına böyük töhfə verəcəyinə əmin olduğunu bidirmişdir. Səfir Azərbaycanda Çin mədəniyyətinə marağın gündən-günə artmasından məmnunluğunu ifadə etmişdir.

Səfir Çjan Yannyana "Simurq" Azərbaycan Mədəniyyət Assosiasiyasının fəxri üzvlük diplomu təqdim olunmuşdur.

Konfransda "Çin mədəniyyətinin keçmiş müasir tarixi", "Çin iqtisadiyyatının möcüzəsi", "Azərbaycan-Çin xalq diplomatiyası", "Azərbaycan miniatür sənətinin formalaşmasında Çin incəsənətinin rolu", "Çin dilinin xüsusiyyətləri" mövzularında məruzələr dinlənilmişdir.

 

Azərbaycan.- 2010.- 26 dekabr.- S. 6.