Qarabağın daha bir tarixi səhifəsi

 

Adı tarixin açılmış açılmamış arxivlərindən boylanan qədim yaşayış məntəqələrimizdən sayılan, əslində isə əcdadlarımızın əl izləri qalan qala divarları ilə mühafizə olunan, Qafqaz Albaniyasının yadigarlarından biri kimi tanınan Bərdənin tarixi keçmişi, dünəni və bugününə həsr edilmiş "Bərdə bərdəlilər" kitabının M.F.Axundov adına Milli Kitabxanada təqdimat mərasimi keçirilib. Tədbiri kitabxananın direktoru Kərim Tahirov açaraq Nizami Gəncəvinin qələmində gözəlliyi vəsf edilmiş, ən qədim şöhrətli şəhərlərimizdən sayılan, Bərdənin tarixi keçmişi, maddi-mədəniyyət abidələri görkəmli şəxsiyyətlərindən söz açan toplunun məziyyətlərini diqqətə çatdırıb.

Mədəniyyət Turizm Nazirliyi Aparatının rəhbəri Firudin Qurbanov, AMEA-nın Tarix İnstitutunun Qarabağ tarixi şöbəsinin müdiri, tarix elmləri doktoru Qasım Hacıyev, Bərdə Mərkəzi Kitabxana Sisteminin direktoru Həvva Mirzəyeva çıxışlarında kitabın tərtibçi-müəllifi, milli kitabxananın şöbə müdiri Xuraman İsmayılovanın bu yüksək xidmətini təkcə Bərdə bərdəlilərə deyil, bütövlükdə Azərbaycan xalqına ünvanlayıblar. Çünki topludakı məlumatlar Vətənimizin, xüsusən, onun Qarabağın tarixinin hansı qatlara qədər getməsini tutarlı faktlarla əsaslandırmaqla yanaşı, ermənilərin əsassız iddialarını, məkrli siyasətlərini bir daha ifşa edir.

Bərdədə dünyaya göz açmış yazıçı-publisist Yusif Kərim şairə Rüzgar Əfəndi kitabın ensiklopedik məlumatlarla zəgin olduğuna diqqət çəkərək oradakı biblioqrafik göstəricilərin tədqiqatçılar üçün mühüm əhəmiyyət daşıdığını qeyd ediblər.

 

Məhəmməd NƏRİMANOĞLU,

 

Azərbaycan.- 2010.- 26 dekabr.- S. 6.