20 Yanvar faciəsinin iyirmi birinci ildönümünə dair tədbirlər planı təsdiq edilmişdir

 

Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin Sərəncamı ilə "20 Yanvar faciəsinin iyirmi birinci ildönümünün keçirilməsinə dair tədbirlər planı" təsdiq edilmişdir.

Sənəddə respublikanın şəhər və rayonlarında, o cümlədən idarə və təşkilatlarda faciənin ildönümünə həsr olunmuş tədbirlərin - konfrans, yığıncaq və mühazirələrin keçirilməsi, tamaşa, sənədli və bədii filmlərin nümayiş etdirilməsi, bu tədbirlərin mətbuatda ətraflı işıqlandırılması, dünyanın aparıcı KİV-lərində, eləcə də televiziya kanallarında və internet şəbəkələrində Qanlı 20 Yanvar barədə materiallara geniş yer verilməsi nəzərdə tutulmuşdur. Tədbirlər planına əsasən, dünya ictimaiyyətinin diqqətini yenidən Qanlı Yanvar faciəsinə yönəltmək üçün Azərbaycanın xarici ölkələrdəki səfirlikləri, diplomatik nümayəndəlikləri, Azərbaycan icmaları tərəfindən müvafiq tədbirlər həyata keçiriləcəkdir.

20 Yanvar hadisələri zamanı şəhid olanların ailələrinə humanitar yardım veriləcək, Şəhidlər xiyabanı ərazisində təmizlik-abadlıq işləri aparılacaq, bütün tədris müəssisələrində faciəyə həsr olunmuş xüsusi dərs keçiləcəkdir.

Yanvarın 20-də Bakı vaxtı ilə saat 12.00-da ölkə ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək, gəmilər, avtomobillər və qatarlar səs siqnalları verəcəkdir.

Respublikanın şəhər və rayonlarında da müvafiq tədbirlər planı qəbul olunmuş və icrasına başlanmışdır.

Həmin gün ölkə ərazisində matəm əlaməti olaraq Azərbaycanın dövlət bayraqları endiriləcəkdir.

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 28 dekabr.- S. 1.