Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi Moskvada
və ölkənin
13 regionunda xeyriyyə
aksiyaları keçirmişdir
Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin
rəhbəri Leyla Əliyevanın təşəbbüsü
ilə Rusiya Azərbaycanlı Gənclər
Təşkilatı (RAGT) və
Ümumrusiya Azərbaycan
Konqresi ilə birlikdə Moskvada və Rusiyanın bir sıra regionlarında
Yeni il bayramı
ərəfəsində irimiqyaslı
xeyriyyə aksiyaları
keçirilmişdir.
Yeni il ərəfəsində
Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin əməkdaşları
və RAGT-ın üzvləri Moskvanın bir neçə uşaq evində, bərpa mərkəzində
olmuşlar. Uşaqlar
üçün Şaxta
baba, Qar qız və digər nağıl qəhrəmanlarının iştirakı
ilə bayram tədbirləri təşkil
olunmuşdur.
Xeyriyyə aksiyaları Moskvanın 43
və 11 nömrəli
bərpa mərkəzlərində,
12 nömrəli uşaq
evində, Rusiya Tibb Elmləri Akademiyasının B.V.Petrovski
adına Elmi Cərrahiyyə Mərkəzində,
habelə "Yujnoye Butovo" əlil uşaqların Sosial Reabilitasiyası Mərkəzində
keçirilmişdir. Yaxın
günlərdə 48 nömrəli
uşaq evində və 7 nömrəli uşaq evi-internatda da bu cür
aksiyalar təşkil ediləcəkdir.
Qayğıya və diqqətə
ehtiyacı olan uşaqlara Leyla xanım Əliyevanın Yeni il bayramı
münasibətilə təbrikləri
çatdırılmış, Şaxta babanın və digər nağıl qəhrəmanlarının
iştirakı ilə
maraqlı bayram proqramından sonra hədiyyələr təqdim
olunmuşdur.
Hədiyyə zənbilinə
Şərq şirniyyatı,
meyvələr, geyim, kitablar qoyulmuşdu. Uşaq evlərindən birinə televizor, digərlərinin hər birinə kompüter, musiqi mərkəzi, MP-3 pleyerlər hədiyyə edilmişdir. Heydər Əliyev Fondu tərəfindən Bakıdan
göndərilmiş şirniyyatlar
da uşaqların sevincinə səbəb olmuşdur.
Rusiyanın digər regionlarında - Sankt-Peterburqda,
Yekaterinburqda, Vladimir, Tula, Kaluqa, Tver,
Kirov, Voronej, Çelyabinsk, Lipetsk, Tümen, Yaroslavl vilayətlərində, habelə
Udmurtiyada da bu cür xeyriyyə
aksiyaları keçirilmişdir.
Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi belə
xeyriyyə aksiyalarını
tez-tez keçirir. Bu aksiyalar Fondun
fəaliyyətinin və
iş istiqamətlərindən
birinin məntiqi davamıdır. Heydər Əliyev Fondunun nümayəndəliyi artıq
4 ildir Rusiyada xeyriyyə aksiyaları keçirir, valideyn himayəsindən məhrum
uşaqlar, xəstə
körpələr üçün
nağılları reallığa
çevirir.
Aksiyalarda Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin
əməkdaşları ilə
yanaşı Leyla Əliyevanın bir il əvvəl yaratdığı Rusiya Azərbaycanlı Gənclər
Təşkilatının üzvləri
də fəal iştirak edirlər.
Fondun aksiyalarının keçirildiyi
uşaq evlərinin rəhbərləri ilk növbədə mənəvi
dəstəyə ehtiyacı
olan uşaqlara göstərilən diqqət
və qayğıya görə Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin
rəhbəri Leyla Əliyevaya minnətdarlıqlarını
bildirmişlər. Onlar
vurğulamışlar ki,
bu cür xeyriyyə aksiyaları xalqlarımız arasında
dostluq və əməkdaşlıq münasibətlərinin
möhkəmlənməsinə kömək edir. Uşaqların sevinci isə bu tədbirlərin
təşkilatçıları üçün ən böyük mükafatdır.
Asya HACIZADƏ,
AzərTAc-ın xüsusi müxbiri
Moskva
Azərbaycan.- 2010.- 28 dekabr.- S. 2.