"Kür" qəzetinin 75 illiyi qeyd edilmişdir

 

Yevlaxda nəşr olunan "Kür" qəzetinin 75 yaşı tamam olmuşdur.

AzərTAc xəbər verir ki, bu münasibətlə dekabrın 27-də Yevlax şəhərindəki Heydər Əliyev Sarayında Mətbuat Şurası, ölkənin aparıcı kütləvi informasiya vasitələri (KİV) rəhbərlərinin, rayon ictimaiyyətinin iştirakı ilə təntənəli yubiley mərasimi keçirilmişdir.

Əvvəlcə mərasim iştirakçıları xalqımızın ümummilli lideri Heydər Əliyevin Yevlax şəhərinin mərkəzi meydanında ucaldılmış abidəsi önünə gül-çiçək dəstələri düzmüş, əziz xatirəsinə ehtiramlarını bildirmişlər.

Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev redaksiyanın yaradıcı kollektivini və oxucuları əlamətdar gün münasibətilə təbrik etmiş, rayonun ictimai-siyasi, iqtisadi, mədəni və sosial həyatının yaxından iştirakçısı olan "Kür" qəzetinə yeni uğurlar arzulamışdır.

"Kür" qəzetinin redaktoru, əməkdar jurnalist Əminə Yusifqızı rəhbərlik etdiyi yaradıcı kollektivin qazandığı uğurları ölkədə yaradılmış söz və mətbuat azadlığı, KİV-lərin inkişafına göstərilən dövlət qayğısı ilə əlaqələndirmişdir.

Məlumat verilmişdir ki, 1935-ci ildən "Yeni Yevlax", "Qələbə", "Mübariz", "Təşəbbüs" adları ilə nəşr olunan, 1992-ci ildən isə "Kür" adı ilə işıq üzü görən qəzet zəngin tarixi inkişaf yolu keçmişdir. Fəaliyyətinin son altı ili "Qızıl dövrü" kimi xarakterizə olunan bölgə qəzeti hazırda 7200 tirajla nəşr edilir. İkimərtəbəli inzibati binaya, müasir avadanlığa malik redaksiyada əməkdaşlar üçün hər cür şərait yaradılmışdır.

Mətbuat Şurasının sədri Əflatun Amaşov, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu, "Bakı-xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev, "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev, "Xalq qəzeti" baş redaktorunun müavini Tahir Aydınoğlu, "Olaylar" informasiya agentliyinin direktoru Yunis Oğuz və başqaları qəzetin kollektivini əlamətdar bayram münasibətilə təbrik etmiş, onlara yeni-yeni yaradıcılıq uğurları arzulamışlar. "Kür" qəzetinin əldə etdiyi uğurlar bölgə mətbuatı üçün nümunə kimi qiymətləndirilmişdir.

Sonda redaksiyaya və qəzetin əməkdaşlarına fəxri fərman və hədiyyələr təqdim olunmuşdur.

Yubiley mərasimi şəhər mədəniyyət və turizm şöbəsinin musiqi kollektivlərinin konsert proqramı ilə davam etmişdir.

 

Azərbaycan.- 2010.- 28 dekabr.- S. 6.