Elmə və təhsilə həsr edilmiş ömür

 

Hər bir alimin fəaliyyətində güclü məntiq və səlistlik mühüm yer tutur. Bu baxımdan qeyri-adi duyumuna, dəqiq proqnozlarına, iti, aydın təvəkkürünə və heyrətamiz fəhminə görə minlərlə insanın dərin hörmət və məhəbbətini qazanmış biologiya elmləri doktoru, professor, Bakı Dövlət Universitetinin Botanika kafedrasının müdiri Elşad Qurbanovun elmi yaradıcılığı, indiyədək apardığı tədqiqatlar xüsusi əhəmiyyət kəsb edir. Alimin bütün uğur və nailiyyətlərinin bünövrəsində gərgin zəhməti və bu zəhmətə qarışan istedadı durur. Fəaliyyət sahəsi geniş, maraq dairəsi əhatəli olan professor Elşad Qurbanovu müasir biologiya elminin demək olar ki, bütün problemləri özünə çəkir. Fikirlərindəki məntiqi ardıcıllıq, konkretliyə güclü meyil, mürəkkəb mətləbləri sadə və anlaşıqlı bir tərzdə şərh etmək məharəti onun yüksək natiqlik qabiliyyətindən xəbər verir.

 

Professor Elşad Qurbanovun keşməkeşli, əzabla dolu, zəhmətlə yoğrulmuş ömür payı çağdaş zaman kəsiyinə düşüb. Müasir Azərbaycan ziyalısı kimi o, torpaq həsrətini də yaşayıb, Qarabağ ağrısını da. Müstəqil Azərbaycanın torpaqlarının bir hissəsinin işğal olunması kimi faciəli günlərin də şahidi olub, ölkəmizin yüksək inkişaf pilləsinə qədəm qoyan tarixinin də. Doğulduğu Urud kəndi böyük güclərin ikili siyasəti nəticəsində işğal altında qalıb və Azərbaycan tarixində, xalqımızın milli-mənəvi dəyərləri sırasında özünəməxsus yeri olan bu kəndə onun ayaq basması mümkün deyil.

Bu illər həm də mənalı ömrün daşıyıcısının gərgin fəaliyyətindəki uğurlu nəticələrlə doludur. Fenomenal yaddaşa, yüksək təşkilatçılıq bacarığına və mədəniyyətə malik olan professor Elşad Qurbanov öncə gözəl Azərbaycan ziyalısıdır. Müasir təhsil sisteminin təşkilində yorulmadan çalışan, Bakı Dövlət Universitetində biologiya elmini yüksək səviyyədə tədris edən tanınmış alim həm də tariximizin tədqiqində yetərincə səylər göstərib.

O, "Atropatan əyalətinin flora və bitkiliyi (Azərbaycan Respublikası ərazisində)" adlı doktorluq işi ilə Azərbaycan elminə bitki növlərinin yeni yayılma areallarının tapılmasında böyük töhfələr verib, qədim Atropatena dövlətinin bəzi elmi əsərlərdə qondarma erməni və İran əyalətinin tərkibində yarım əyalət kimi göstərilməsinin yanlış olduğunu sübut edib. Tədqiqatçı klassik və müasir coğrafiyaçı və tarixçi alimlərin əsərlərinə istinad edərək öz elmi araşdırmaları ilə Atropatanın sərbəst bir əyalət olduğunu əsaslı dəlillərlə göstərib və müstəqil Azərbaycan Respublikası ərazisində Naxçıvan Muxtar Respublikasının, Kiçik Qafqazın cənub hissəsinin və Diabar (Zuvand) bölgəsinin olduğunu bir daha isbatlayıb. 1983-cü ildən bu dövrə qədər həmin ərazinin flora və bitkiliyini öyrənib, ilk dəfə olaraq Atropatan ərazisinin 1100000 masştabında bitkilik xəritəsini işləyib hazırlayıb. Bundan başqa, professor Azərbaycan ərazisi üçün morfoloji və ekoloji xüsusiyyətləri, fitosenoloji quruluşu və fizonomluğu ilə fərqlənən "psevdomakki" bitkilik tipini müəyyən edib, 15-ə qədər növün yeni yayılma areallarını da birinci dəfə elmə o gətirib. Alim Atropatan florasına aid 2595 bitkinin Azərbaycan və latın dillərində adları qeyd edilən 6 mindən çox herbari nümunəsini toplayaraq herbari fonduna verib. Bu isə o deməkdir ki, Elşad Qurbanov müəllim olmaqla yanaşı, həm də əsl tədqiqatçı, elm adamıdır. O, çox güclü məntiqi təfəkkürə, dərin elmi düşüncə tərzinə malik alimdir. Növəmələgəlmə mərkəzlərindən biri olan Atropatan əyalətinin flora və bitkiliyinin müasir vəziyyətini öyrənməklə Elşad müəllim bu ərazidə 116 fəsiləyə, 751 cinsə aid 2595 ali sporlu, çılpaqtoxumlu və çiçəkli bitki növlərinin yayıldığını göstərib. Bitkilərin həyati formasını öyrənərək 39 növ ağac, 91 kol, 24 yarımkol, 1465 çoxillik ot, 780 birillik, 164 ikiillik, 32 bir-ikiillik bitki yayıldığını müəyyən edərək ərazidə 144 növ Azərbaycan, 383 növ Qafqaz endemiki olduğunu da təyin edib.

Atropatan florasının 2595 növdən ibarət konspektini tərtib edən alim floranın sistematik, biomorfoloji, ekoloji-coğrafi tərtibatını da hazırlayıb. Atropatan ərazisində səhra, yarımsəhra, meşə, firiqana, bozqır, çəmən, su-bataqlıq, daşlıq, töküntülük, psevdomakki, 9 bitkilik tipinin yayıldığını aşkarlayan tədqiqatçı təbii və antropogen amillərin təsiri ilə onlarda baş verən suksesiyaların gedişi və istiqamətinin təyin edilməsi sahəsində də xeyli araşdırmaların müəllifidir. O, formasiya və assosiasiya səviyyəsində hər bitkilik tipinin təsnifatını da işləyib hazırlayıb və bununla da Azərbaycanda geobotanika elminin inkişafına öz töhfələrini verib.

Tanınmış alim tədqiqatı ilə məşğul olduğu məkanın geocoğrafi areallarını müəyyən edən geobotaniki rayonlaşdırılma xəritələrinin müəllifidir. Eksperimental botanika sahəsində də araşdırmalar apararaq gözəl nəticələr əldə edən Elşad Qurbanov arid və nadir meşə sahələrini öyrənərək Kiçik Qafqazda yayılmış bir sıra az məlum olan ağac və kol növlərini aşkara çıxarıb. Vələs, fısdıq, ağcaqayın və digər növ ağacları təyin etməklə bərabər subtropik meşə zonasını və Tuqay meşələrini tədqiq etmiş, bu ərazidə yayılmış qovaq, dəmirağacı, şümşad və bu kimi digər növlərin təsnifatını işləyib. Səhra bitki örtüyünün əsasən Kiçik Qafqazın yüksək və aşağı dağ qurşağında yayıldığını, eləcə də Naxçıvan ərazisində yüksək dağlıq şəraitdə olduğunu, çöl bitkiliyinin iqlimdən asılı şəkildə dağ səviyyəsindən başlayaraq dəyişdiyini göstərən, Atropatanın istər alp çəmənliyini, istərsə də bataqlıq bitki örtüyünü öyrənən Elşad Qurbanov araşdırmaları ilə elmə böyük yeniliklər verib. Alim əsas bitki qruplaşmalarının aydınlaşdırılması, onların geobotaniki və təsərrüfat xarakteristikasının müəyyənləşdirilməsi, flora və bitkiliyin genezisinin aşkarlanması, qorunması, introduksiya edilməsinin elmi əsaslarını işləyib hazırlayıb, təbii yem sahələrinin, yay və qış otlaqlarının, dərman bitkilərinin, efir-yağlı, vitaminli və bal verən bitkilərin, o cümlədən bitkilər aləminin bioloji əsaslarla səmərəli istifadə edilməsi və mühafizəsi probleminin həlli yollarını dərindən təhlil edərək öyrənib.

Bütün bu araşdırmaların nəticəsi "Ali bitkilərin sistematikası", "Botanikanın əsasları", "Bitki ekologiyası", "Yerli flora", "Geobotanika", "Bitki morfologiyası", "Ali bitkilərin sistematikasından laboratoriya məşğələləri", "Ali bitkilərin sistematikası", "Dərman bitkiləri" və sair dərs vəsaitlərində öz əksini tapıb. Müəllifin hər bir əsəri öz dəyəri, yüksək səviyyəsi ilə diqqəti cəlb edir. İstər monoqrafiya, istərsə də dərs vəsaiti kimi təqdim olunan bu kitablar təhsildə mühüm əhəmiyyət kəsb edir.

Görkəmli tədqiqatçı "Dərman bitkiləri" adlı kitabında formakopeyaya daxil olunmuş, Azərbaycan florasında geniş yayılmış və zəngin ehtiyatı olan 100 növdən artıq dərman bitkisi barədə məlumat verib. Dərslikdə adları çəkilən bitkilərin respublikamızda geniş yayıldığı ərazilər göstərilməklə yanaşı, onların yığılması və qurudulması şəraiti haqda tövsiyələr də geniş yer alıb. Müəllif tərəfindən dərman bitkilərinin biokimyəvi tərkibi barədə səhih məlumatlarla bərabər, onların müvafiq xəstəliklərdə müalicəvi xarakteristikası da izah edilir. Həmçinin dərman bitkilərinin oxucular tərəfindən təbiətdə tanınmasına kömək etmək məqsədilə bitkilərin rəngli şəkilləri əks olunub, xalq təbabətində istifadə edilməsi üçün reseptlər təqdim edilib.

Məlum olduğu kimi, hazırda kimyəvi dərman preparatlarından uzaqlaşan və təbii üsullarla müalicəyə üz tutan dünya səhiyyəsində bitki mənşəli dərmanlardan istifadəyə xüsusi önəm verilir. Azərbaycan florasında rast gələn və fitoterapiyada əvəzsiz qiyməti olan dərman bitkilərindən istifadə qaydalarının göstərilməsi xüsusi məharət tələb edir. Professor E.Qurbanov bu işin də öhdəsindən ustalıqla gəlmişdir. Dərslikdə maraqlı cəhətlərdən biri də həmin dərman bitkilərinin adlarının Azərbaycan, rus və latın dillərində verilməsidir.

Dəyərli tədqiqatlar və araşdırmalar müəllifinin Rusiya, Türkiyə, Pakistan, İran İslam Respublikasının elmi jurnallarında 200-dən çox məqaləsi dərc olunmuş və bunlar geniş rezonans doğurmuşdur. Onlarca doktorluq və namizədlik dissertasiyalarının opponenti və ya rəyçisi olmuş Elşad Qurbanovun rəhbərliyi ilə 20-dən çox magistrant və 3 aspirant müdafiə edərək elmi dərəcə almışdır.

İstedadlı və bacarıqlı alimin əsərlərində çox önəmli olan bir məqam da Azərbaycan diyarının tədqiqat obyekti olan hər bir guşəsinin florasının oxucuya əyani şəkildə anladılmasıdır. Naxçıvan ərazisi haqqında yazdığı monoqrafiyada professor həmin diyarın gözəlliyi, bitki örtüyü haqqında geniş məlumat verir. Bitki örtüyü, ərazinin fiziki-coğrafi xarakteri, taksonomik coğrafi analiz, ekobiomorfoloji analiz, səhra və yarımsəhra bitkiliyi, çöl-çəmən, su-bataqlıq, daşlı-çınqıllı sahələrdə olan bitkilər haqqında geniş məlumat verməklə Naxçıvan təbiətinin füsunkarlığını göstərə bilən alim, həm də bu məkana sevgi oyada bilir. Həmçinin həmmüəllifi olduğu "Bitki ekologiyası (geobotanikanın əsasları ilə)" adlı dərs vəsaiti məzmunu və həcminə görə biologiya və kənd təsərrüfatı ixtisası verən fakültələrin tələbələri, aspirant və müəllimləri ilə yanaşı, kənd təsərrüfatının müxtəlif sahələrində çalışan mütəxəssislər üçün də faydalıdır.

Professor Elşad Qurbanovun yorulmaz elmi fəaliyyəti çalışdığı universitet rəhbərliyi tərəfindən dəfələrlə təşəkkürlərlə qiymətləndirilib. BDU-nun 75 illiyinə həsr edilmiş xatirə medalına layiq görülən alim 2009-cu ildə Azərbaycan Respublikası Prezidentinin fərmanına əsasən, "Tərəqqi" medalı ilə təltif olunub.

2009-cu ildə elmi işlərinin nəticəsinə görə Bakı Dövlət Universitetinin rəhbərliyi tərəfindən "İlin alimi" fəxri adına layiq görülüb və apardığı elmi işləri 2009-cu ildə AMEA-nın mühüm nəticəsi kimi hesabata daxil edilib. 2000-2002-ci illərdə E.Qurbanov Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü kimi fəaliyyət göstərib.

AMEA-nın bəzi institutlarının elmi şurasının, ADPU-nun nəzdində fəaliyyət göstərən doktorluq müdafiə şurasının üzvü olan tanınmış tədqiqatçı-alim Elşad Qurbanov Avropa ölkələrində, Rusiya Federasiyasının bir çox şəhərlərində, Türkiyə Cümhuriyyətinin əksər universitetlərində, Gürcüstanda, İran İslam Respublikasında keçirilən beynəlxalq simpozium və konfranslara dəvətlər alıb və çıxışları maraqla dinlənilib.

 

Tariyel TALIBOV,

Naxçıvan MR Ali Məclisinin

deputatı, AMEA-nın Naxçıvan bölməsinin Bioresurslar

İnstitutunun direktoru,

AMEA-nın müxbir üzvü,

əməkdar elm xadimi

 

Azərbaycan.- 2010.- 28 dekabr.- S. 7.