Dövlətçiliyimizin söz adlı təəssübkeşi

 

"Azərbaycan" qəzetinin vestibülünə qədəm qoyanları ilk öncə ulu öndər Heydər Əliyevin şəkilləşmiş təbəssümlü çöhrəsi ilə yanaşı, bəlkə də bütün jurnalistlərin canına yağ kimi yayılan bu sözləri qarşılayır: "Jurnalistin əməyi qeyri-adi əməkdir, olduqca böyük, zəhmətli əməkdir, çox səylər göstərilməsini, hətta cəsurluq, hünər, fədakarlıq tələb edən əməkdir, öz peşəsinə vurğunluq tələb edən əməkdir".

Heydər Əliyevi o vaxt da, elə indinin özündə də müasirlərindən fərqləndirən özgün cizgilərdən, məxsusi məziyyətlərdən biri də məhz bu cür qədirkeşliyi, insanların qiymətini sağlığında verə bilmək istedadı və alicənablığı idi. Şərəfli saydığı bütün peşə sahiblərinə qarşı bu cür diqqətli idi ulu öndər. Bu böyük insanın jurnalist sənəti və qələm adamları haqqında ən müxtəlif məqam və münasibətlə söylədikləri isə, hesab edirik ki, bütün jurnalistlər üçün inam, etibar krediti sayılmalıdır.

 

Ümummilli lider Heydər Əliyev ömrü bir qərinədən də artıq zamanla ölçülən hakimiyyəti dövründə mətbuata, mətbu sözün qüvvəsinə xüsusi fikir vermiş, məslək prinsipi "aləmi bəzər, özü lüt gəzər" hikmətinə çevrilmiş jurnalistlərdən qayğı və himayəsini əsirgəməmişdir. Doğrudur, bu qayğı özünü daha çox sosial-maddi "ənam" və ianələr şəklində deyil, mətbuat sənayesinin hüquqi-normativ bazasının təkmilləşdirilməsi, onun Qərb dəyərlərinə inteqrasiyası müstəvisində büruzə vermişdir.

1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsində qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında hər kəsin fikir və söz azadlığı, qanuni yolla istədiyi məlumatı axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq hüququ təsbit olundu, informasiya azadlığına təminat verildi, kütləvi informasiya vasitələrində, o cümlədən mətbuatda dövlət senzurası ləğv edildi.

Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 6 avqust tarixli Fərmanı ilə Nazirlər Kabineti yanında Mətbuatda və Digər Kütləvi İnformasiya Vasitələrində Dövlət Sirlərini Mühafizə Edən Baş İdarə ləğv olundu. 1999-cu ildə "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikasının yeni qanunu qəbul edildi, 2001-2002-ci illərdə beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq şəraitində bu sahədəki qanunvericilik bazası tam təkmilləşdirilərək beynəlxalq standartlara uyğunlaşdırıldı. 2000-ci ildə kütləvi informasiya vasitələrinin fəaliyyətinə nəzarət funksiyasını yerinə yetirən Mətbuat və İnformasiya Nazirliyi ləğv edildi, 2003-cü ildə isə cəmiyyət, dövlət orqanları və kütləvi informasiya vasitələri arasında münasibətlərin ictimai tənzimlənməsi mexanizmi kimi Mətbuat Şurası yaradıldı.

Birmənalı şəkildə etiraf olunmalıdır ki, ulu öndər sıradan bir insan və dövlət başçısı kimi mətbuata qarşı həmişə tolerant davranmışdır. O, KİV-in inkişafı ilə bağlı müxtəlif fərmanlar vermiş, sərəncamlar imzalamış, imkan düşdükcə jurnalistlərlə görüşmüşdür. Heç vaxt ayrı-seçkilik qoymamış, mətbuatı iqtidar və müxalifət düşərgəsinə bölməmiş, söz azadlığının təminatçısına çevrilməyi bacarmış və bütün bunların nəticəsi kimi 2002-ci ildə ölkə jurnalistləri tərəfindən "Jurnalistlərin dostu" adına layiq görülmüşdür.

Yaxın günlərdə "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi "Jurnalistlərin dostu" mükafatının builki qalibinin Prezident İlham Əliyev olduğunu açıqladı. Komitənin 2010-cu ildə kütləvi informasiya vasitələri, jurnalist təşkilatları və internet xəbər resurslarının təmsilçiləri arasında keçirdiyi sorğuda rəyi soruşulanların 81 faizi məhz cənab İlham Əliyevi bu nüfuzlu mükafata layiq gördüyünü bəyan etdi.

Dost kəlməsinin mənası nə qədər ülvi, səmimidirsə, məsuliyyəti də beş o qədər ağırdır. Və cəmiyyətdə həm də bir ictimai nəzarət funksiyasını həyata keçirən bir zümrənin dövlət başçısını öz dostu, xeyirxahı seçməsi, heç şübhəsiz, ortadakı böyük qayğı və qarşılıqlı etimad faktından xəbər verir.

Azərbaycan dövlətçiliyi uğrunda mübarizə tarixin səhifələrinə igidlərimizin qanı, bahadır və sərkərdələrimizin qılınclarının tiyəsi, nizələrinin ucu ilə yazılıb. Lakin bu dövlətçiliyə əbədiyaşarlığı, bu mübarək mücadiləyə mənəvi istinadgahı bəxş edən dəmirdən yoğrulmuş ölümsaçan silahlar deyil, ilahidən xəlq olunmuş söz, bu sözün yaratdığı bəşəri nemətlər, fikir "sovqatları" olub. Tarix insanların yaddaşında Sözlə ətə-qana dolub, qiymətə minib, heykəlləşib.

Bu da bir tarixdir ki, zaman-zaman soyulan, min bir zillətə giriftar olan, millətini maarif ziyasına bələsə də, özü bir parça çörəyə möhtac qalan xalqın ziyalı, aydın, qabaqcıl fikirli söz xiridarları olub. Böyük maarifçi və naşir Həsən bəy Zərdabi tərəfindən 1875-ci il iyulun 22-də "Əkinçi" qəzeti ilə əsası qoyulan Azərbaycan milli mətbuatı dövrünün mütərəqqi fikir tendensiyalarını, ictimai-siyasi mükalimə və fəlsəfi cərəyanlarını, milli azadlıq ideyaları ilə aşılanmış fəlsəfi baxış və görüşlərini özündə ehtiva etməklə bütöv bir millətin ruhən və felən qurtuluşunun erkən müjdəçisinə çevrildi.

Söz azadlığı, onun cəmiyyətdəki öncül ictimai rolu və şərəfli missiyası, ümumi dialektik inkişafdakı yeri və çəkisi bütün cəmiyyətlərdə, o cümlədən Azərbaycan reallığında təkzibedilməz sosiomədəni faktor kimi çıxış edir. Və söz o vaxt isbatlı, təsirli, maarifçi olur ki, arxasında məntiqlə, peşəkarlıqla, ağılla yanaşı, dövlətin də çiyni, dəstəyi, qayğısı durur. Çünki nəticə etibarı ilə onların hər ikisinin islah etməkdə israrlı olduqları neqativlər ümumxalq dövlətinin möhkəmlənməsinə və çiçəklənməsinə xidmət edir.

Cəmiyyət həyatının ən vacib, prioritet istiqamətlərini ehtiva edən prinsipial məsələlər üzrə işlək konsepsiyalar heç vaxt dəyişmir, olsa-olsa, zamanın xarakterinə uyğun olaraq müəyyən pozitiv təshihlərə məruz qalır. Bu mənada Heydər Əliyev siyasi idarəçilik irsinin özünə çox böyük diqqət tələb edən sahələrindən biri də dövlət-mətbuat münasibətləridir. Azərbaycan Prezidenti cənab İlham Əilyevin Azərbaycan milli mətbuatının 135 illik yubileyinin keçiirlməsi haqqında 10 iyun 2010-cu il tarixli sərəncamını məhz belə bir məsuliyyətli varislik ənənəsinin bariz təzahürü saymaq olar. Sənəddə mətbuatın cəmiyyətdəki aparıcı rolu, ictimai fikir vasitəsi kimi təsirli və maarifçi mövqeyi, xalqın milli-mənəvi dəyərlərinin qorunub zənginləşdirilməsindəki xidmətləri öz səmimi etirafını tapmışdır: "XX əsrin sonlarında müstəqillik qazandıqdan sonra demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunu özünün inkişaf modeli kimi qəbul edən Azərbaycan Respublikasında söz və məlumat azadlığının təmin edilməsi, kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyətinə zəruri şərait yaradılması prioritet vəzifə kimi müəyyənləşdirilmişdir. Ümummilli lider Heydər Əliyevin siyasi iradəsi və böyük səyləri nəticəsində plüralizmi, söz və məlumat azadlığını məhdudlaşdıran süni maneələr aradan qaldırılmış, kütləvi informasiya vasitələrinin fəaliyyətini tənzimləyən qanunvericilik bazası təkmilləşdirilərək beynəlxalq standartlara uyğunlaşdırılmışdır. Heydər Əliyevin fərman və sərəncamları ilə mətbuatın maddi-texniki bazasının, iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalistlərin azad fəaliyyəti üçün əlverişli şəraitin təmin edilməsi məqsədilə çoxsaylı tədbirlər həyata keçirilmiş, mətbuat-dövlət münasibətlərində mütərəqqi ənənələrin əsası qoyulmuşdur".

Sərəncamda həmçinin mətbuatın tarixi missiyası əks olunmaqla yanaşı, bugünkü reallıqlar şəraitində onun tarixi vəzifələri də göstərilmişdir: "Ölkəmizin sürətlə inkişaf etdiyi, demokratikləşmə prosesinin dərinləşdiyi, cəmiyyət həyatının bütün sahələrinin yeniləşdiyi müasir dövrdə kütləvi informasiya vasitələrinin, o cümlədən milli mətbuatımızın qarşısında yeni vəzifələr durur. Bu gün Azərbaycan mətbuatı müasir informasiya cəmiyyəti quruculuğunda, sosial ədalət və şəffaflığın təmin edilməsində, milli həmrəyliyin və tolerantlığın möhkəmləndirilməsində, demokratik özünüdərkin, siyasi mədəniyyətin inkişafında, milli-mənəvi və ümumbəşəri dəyərlərin qorunub saxlanması və təbliğində mühüm rol oynamalı, tədris və maarifləndirmə sahəsində fəaliyyətini gücləndirməlidir. Azərbaycan jurnalistikası peşəkarlıq, obyektivlik, qərəzsizlik, yüksək milli şüur və vətənpərvərlik prinsiplərinə dönmədən əməl etməli, söz və məlumat azadlığından sui-istifadənin qarşısı qətiyyətlə alınmalıdır".

Heç şübhəsiz, dövlətin mətbuatın inkişafında, söz azadlığında, bu sözü xalqın içərisinə aparanların peşəkarlığında strateji, bəlkə də taleyüklü maraqları mövcuddur. Belə ki, jurnalist nə qədər kamil, qələm nə qədər iti və obyektiv olsa, hakimiyyətin fəaliyyəti də mətbuatda bir o qədər gerçək işıqlandırılar, tənqid daha predmetli və xeyirxah, təbliğat isə inandırıcı və konkret olar. Bu gün Qərb siyasi yarımkürəsində Azərbaycan cəmiyyətinin qazandığı uğurlar təkcə iqtisadi layihələrin vəd etdiyi çoxmilyardlı gəlirlərlə deyil, həm də insan hüquq və azadlıqlarının bariz göstəricilərindən biri sayılan söz və mətbuat azadlığının səviyyəsi ilə ölçülür. Çünki ən böyük rifah elə insanın özünün mənəvi azadlığından keçir.

Azərbaycanda çap mediasına ardıcıl və məqsədyönlü yardım mexanizmi mövcuddur və həyata keçirilən kompleks tədbirlər vahid sənəddə - "Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası"ında əksini tapıb. Mahiyyətcə konseptual sayıla biləcək, bir qədər də dürüst ifadə etsək, mətbuatın fəaliyyətinin konstitusiyası kimi dəyərləndirilə biləcək bu mühüm sənəddə dövlət dəstəyinin forma və prinsipləri, ehtiva etdiyi konkret istiqamətlər dəqiq göstərilib. Həmin direktivlərin həyata keçirilməsi üçün təsis edilmiş Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu fəaliyyətə başladığı qısa müddət ərzində doğrudan da böyük və faydalı işlər görə bilməyin gerçək nümunəsini ortaya qoydu. Fond qəzetlər, informasiya agentlikləri, jurnalist təşkilatları üçün cəmiyyət-mətbuat münasibətləri üçün faydalı ola biləcək müxtəlif mövzulara dair layihə müsabiqələri elan edir, qalibləri müəyyənləşdirir və onlara qrantlar ayırır. Jurnalist əməyinin həm mənəvi, həm də maddi cəhətdən stimullaşdırılması məqsədilə ildə bir neçə dəfə fərdi jurnalist yazıları müsabiqəsinin keçirilməsi də media işçilərinə Prezident qayğısının bariz təzahürlərindən biridir.

Xatırladaq ki, dövlət başçısı Azərbaycan mətbuatının 135 illiyi ilə bağlı bir neçə sərəncam imzaladı. Cənab ilham Əliyev öz sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna milli mətbuatın 135 illiyi ilə əlaqədar tədbirlərin keçirilməsi və bir sıra kütləvi informasiya vasitələrinə maliyyə yardımının göstərilməsi məqsədilə Prezidentin Ehtiyat Fondundan 1 milyon manat məbləğində vəsait ayırdı.

Prezidentin digər bir sərəncamı ilə mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədilə KİV-in İnkişafına Dövlət Dəstəyi Fonduna 5 milyon manat vəsait ayrıldı.

Dövlət başçısının iyulun 22-də imzaladığı daha bir sərəncamla isə 38 nəfərə "Əməkdar jurnalist", 15 nəfərə "Əməkdar mədəniyyət işçisi" fəxri adları verildi, 38 nəfər "Tərəqqi" medalı ilə təltif edildi.

Yəqin ki, sayca çox görünsə də, içində peşəkar jurnalistlərin azlıq təşkil etdiyi mətbuat camiəsinin belə bir müttəfiq fikrini də ifadə etmiş olardıq ki, jurnalistlərə ev tikilməsi ilə bağlı sərəncam demokratik Azərbaycan cəmiyyəti, müstəqil Azərbaycan və Azərbaycan dövlətçiliyi uğrunda qələm çalan jurnalistlərin çoxdan bəri intizarla gözlədikləri bir sərəncam idi. Heç şübhəsiz, bu addım cənab İlham Əliyev tərəfindən ağır və şərəfli jurnalist əməyinin etirafının yeni miqyas və qiyməti, qarşılıqlı etibara söykənən cəsarətli inam kreditidir.

İnsanın həqiqi azadlığı müstəqillikdən keçir. Hansı peşəyə qulluq etməsindən asılı olmayaraq. Müstəqilliyi dəstəkləyən, ona əbədi xarakter verən nəsnələr içində isə ideoloji simpatiya, məfkurə, əqidə kimi dəyərlərlə yanaşı, maddiyyat, iqtisadi müstəqillik kimi ünsürlər də çox mühüm faktor kimi çıxış edirlər. Azərbaycan Prezidentinin mətbuata yönəlik bütün təşəbbüslərinin kökündə də məhz ölkədə yalnız həqiqətə qulluq edən azad söz mühiti, müstəqil media yaratmaq istəyi durur.

 

Xalid NİYAZOV,

 

,Azərbaycan.- 2010.-29  dekabr.- S. 3.