Erməni mifi və real tarix

 

Akademik Ramiz Mehdiyevin "Gorus-2010: absurd teatrı mövsümü" adlı yeni kitabı qısa vaxtda Azərbaycan ictimaiyyətinin diqqətini özünə cəlb etdi. Kitabda ABŞ-ın məşhur dövlət xadimi və siyasətşünası Zbiqnev Bjezinskinin "tarix müəyyən bir siyasi məqsədə xidmət edəndə komediya halını ala bilər" kimi ironiyalı sözlərini reallığa çevirən Serj Sarkisyanın erməni absurd teatrının səhnəsində göstərdiyi növbəti tamaşasından bəhs edir. İctimaiyyətin müzakirəsinə buraxılan bu dəyərli əsərdə müəllif Serj Sarkisyanın tarixi saxtalaşdırmaq, beynəlxalq ictimaiyyəti yeni qondarma iddialarla çaşdırmaq cəhdlərini elmi dəlillərlə və tarixi faktlarla ifşa etmişdir. Erməni ideoloqlarının obyektiv gerçəkliyin real mənzərəsindən uzaq düşmüş subyektiv iddialarına tarixi faktlarla tutarlı cavab verən akademik Ramiz Mehdiyev həmin "dəlillərin" əsassızlığını konkret faktlarla sübuta yetirmişdir.

 

Müəllif haqlı olaraq qeyd edir ki, tarixin təhrifi, Serj Sarkisyanın illüziyaları Azərbaycan xalqı üçün heç də təəccüblü və gözlənilməz deyildir, çünki elmi mənbələrə əhəmiyyət verməmək, mif və uydurmalara əsaslanmaq ermənilərin köhnə adətidir. Əsl həqiqət isə akademik Ramiz Mehdiyevin dediyi kimi, duyan, düşünən insanlara çoxdan məlumdur. Erməni müəlliflərinin iç üzünü, xarakterini, əməllərini gürcü alimi İ.Çavçavadze hələ o vaxt çox gözəl görürdü: "Dəlilləri təhrif etmək, özgəninkini mənimsəmək, abidələri saxtalaşdırmaq, özgə torpaqlarını özünə çıxmaq və s. buna bənzər "yaxşılıqlar" ermənilərin köhnə şakəridir və buna onlar yaxşı alışmışlar". Doğurdan da, İ.Çavçavadzenin dediyi kimi, ermənilərin iki tarixi var: biri erməni alimlərinin "tarixi", hansı ki, onlar istədikləri kimi yazır, yozur, "kəşf edirlər", digəri isə hamı tərəfindən qəbul edilmiş həqiqi və əsl tarixdir. Veliçko isə yazırdı: "Əgər erməni tarixinin üz qabığı üçün "uydurma" sözündən başqa, onun məzmununu daha dolğun ifadə edən söz axtarsaydıq, onda "xəyanət" sözünün üstündə dayanmalı olardıq. "Qabusnamə"də isə yazılır: "Yer kürəsindəki mövcud xalqlardan ermənilər ona görə fərqlənirlər ki, onların xarakterində və təbiətində murdarlıq var".

Tarixə nəzər salsaq görərik ki, ermənilər həmişə tabeliyində yaşadıqları ölkələrin (Azərbaycan, Türkiyə, İran və s.) qüdrətli çağlarında onlara "sədaqətli" olmuşlar, daxili ziddiyyətlər və xarici təhlükələr məqamlarında isə xəyanətə əl atmışlar. Türkmənçay müqaviləsinin ermənilərin İrandan Qafqaza sərbəst surətdə köçməsini nəzərdə tutan XV maddəsinin müəllifi A.Qriboyedov imperator I Nikolaya göndərdyi məktubunda yazırdı: "Əlahəzrət, olmaya mərkəzi rus torpaqlarında ermənilərin məskunlaşmasına izin verəsiniz. Onlar elə tayfadırlar ki, bir neçə on il yaşadıqdan sonra dünyaya hay-küy salacaqlar ki, bura bizim dədə-baba torpaqlarımızdır".

Bu fundamental əsərdə və onlarca, yüzlərlə digər mənbələrdə sübut olunur ki, hazırda Ermənistan Respublikasının yerləşdiyi ərazi tarixin bütün mərhələlərində Azərbaycana məxsus olmuşdur. Bu torpaqlara sahib dura biləcək yeganə xalq - onun aborigen əhalisi olan azərbaycanlılardır. Müəllif haqlı olaraq erməni katolikosluğunun mərkəzinin Kilikiyanın Sis şəhərindən 1441-ci ildə Azərbaycan Qaraqoyunlu hökmdarı Cahanşahın icazəsi ilə İrəvan (Çuxursəd) bölgəsinə köçürülməsinə qədər Cənubi Qafqazda ermənilərin yaşamadığını qeyd edir.

"Qoy özümə yer eləyim, gör sənə neyləyərəm" məsəli əbəs yerə yaranmamışdır. Bu məsəl ermənilərin zaman-zaman xalqımızın başına gətirdiyi faciələri necə də gözəl əks etdirir. Ermənilərin Azərbaycan ərazisinə sonradan köçmələrini İrəvan qalabəyi Rəvan xanın 1519-cu ildə Şah İsmayıl Xətaiyə yazdığı məktub da təsdiq edir: "Ulu şahım, tanrı atan Heydər Səfiyə qəni-qəni rəhmət eləsin. Mən qulluq meyarının dairəsindən çıxmamışam. Lakin son illər müşahidələrimə görə əhalinin bir qismi Beynənnəhreyndən (Mesopotomiya-red.) Van gölü sahillərinə, oradan da beş-beş, on-on bizim torpaqlara gələn ermənilər xoş güzəran sürüb farağat oturmaqdansa... Ağkilsə kəndində əyləşən erməni katolikosu II Qriqori təxribatçılıq əməlləri ilə idarəmizi müşküllüklərə məruz qoyub... İsmətsizlik əxlaqına qurşanmış hayk qız-gəlinləri türk dəliqanlı cavanlarına can atır, oğuzlara ərə getməyə, başqa sözlə desək, mülkümüzə, malımıza şərik çıxmağa çalışır, siyasətdə sakit təcavaz adlanan cinayətlər törədirlər. Qarışıq nikahların vüsəti məni qorxudur, şahım. Mənə səlahiyyət ver, cəmi on beş min mövsümi işçilər kimi qisim-qisim qaytarım Vətənin dişarına". Əfsuslar olsun ki, Şah İsmayıl bu uzaqgörən dövlət qulluqçusunun sözlərini nə eşitmək istədi, nə də reallığı görmək arzusunda oldu. Əksinə, sonralar Şah Abbasın və Nadir şahın Eçmiədzin kilsəsinə kəndlər bağışlamaları erməni quldurlarını daha da şirnikləndirdi.

Kitabın ən mühüm məziyyətlərindən biri də budur ki, müəllif, Sarkisyanın "yeni kəşfləri"ni onun öz soydaşlarının dəlilləri və mənbələri ilə təkzib edir. Kitabda erməni müəllifi B.İşxanyanın belə bir fikri yada salınır ki, "Dağlıq Qarabağda yaşayan ermənilərin bir hissəsi qədim albanların nəslindən olan yerli əhali, bir hissəsi isə Türkiyə və İrandan olan qaçqınlardır. Onlar üçün Azərbaycan torpağı təqiblərdən sığınacaq yerinə çevrildi". Ermənilərin nəinki Cənubi Qafqaza, hətta Ön Asiyaya gəlmə olduqları, azərbaycanlılara məxsus yer adlarının ermənilər tərəfindən dəyişdirilməsi mühüm elmi əsaslarla və tarixi faktlarla işıqlandırılmışdır. Burada "Erməni xalqının tarixi" kitabının redaktoru M.Q.Nersisyanın belə bir fikri qeyd olunur ki, "dəniz xalqları"nın məşhur böyük köçürülmə dövründə (eramızdan əvvəl XIII-XII əsrlər) ermənilər Balkanlardan onlara qohum olan frakiya-frigiya tayfaları ilə birlikdə Kiçik Asiyaya gəlmişlər"

Kitabda yazılanların təsdiqi üçün maraqlı bir tarixi fakta müraciət edək. Osmanlı imperiyası daxilində muxtar Ermənistan yaradılması ideyasının müəllifi - keşiş Mkrtıç Hırımyanın varisi patriarx Nerses 17 mart 1878-ci ildə İstanbuldakı İngiltərə səfiri Layard ilə görüşərkən demişdi: "Bir il bundan əvvəl Osmanlı idarəçiliyindən şikayətimiz yox idi; lakin rusların qələbəsi vəziyyətimizi dəyişdirdi. Biz Şərqdə müstəqil Ermənistan dövləti istəyirik". Səfirin "Ermənistan dedikdə siz haranı nəzərdə tutursunuz?" - sualına patriarx: "Van, Sivas, Diyarbəkr və Kilikiya" - cavabını vermişdi. Səfir: "Lakin həmin ərazilərin heç birində siz çoxluq təşkil etmirsiniz" - dedikdə, Nerses ermənilərin məqsədini belə izah etmişdi: "Bunu bilirik, amma indi Rusiya Şərqdə torpaqlar ələ keçirir. Biz də gələcəyimiz barədə düşünməliyik".

Əsərdə İrəvan xanlığında Azərbaycan toponimlərinin məqsədyönlü şəkildə dəyişdirilərək erməni adları ilə əvəz olunması tarixi faktlar əsasında sübut edilmişdir. Məsələn, ermənilər Üç Müədzin adını dəyişərək "Eçmiədzin" kimi ifadə etsələr də, erməni dilində bu sözün heç bir mənası yoxdur. Halbuki Azərbaycan türkcəsində bu sözün mənası "üç müəzzin"dir. ("müəzzin" ərəbcə azan oxuyan deməkdir). Arsax toponiminin də erməni dilinə və Ermənistanın erkən tarixinə heç bir aidiyyətinin olmaması tarixi mənbələr əsasında sübuta yetirilir. Sarkisyanın iddia etdiyi kimi, Arsax toponiminin Argiştinin oğlu II Sardurinin adı ilə bağlı olmasına akademik bu cür cavab verir:" Əvvələn, Argişti və II Sarduri hay çarları deyil, Urartu çarları olmuşdur. Urartu çarı yalnız Arsaxın adını təsdiqləmiş, lakin onun erməni toponimi olmasını təsdiqləməmişdir! Belə çıxır ki,əgər Qafqazda Arsax adlı bir vilayət olması barədə Misir fironları və ya Çin imperatorları məlumat vermiş olsaydı, onda bu toponim həmin an Misir və ya Çin toponimi sayılacaqdı?"

Tarixi həqiqət ondan ibarətdir ki, Azərbaycan ərazisində sakların bir hissəsi Yuxarı Qarabağda məskunlaşmış və bu ərazi albanların dilində "Art-Sak" adını almışdı. Qədim erməni mənbələrində Artsax kimi yazılan bu ad türkcə art "dağlıq ərazi", "yüksəklik" sözündən ibarət olub, "sak yüksəkliyi" mənasını verir.

Kitabda Sarkisyanın Cənubi Qafqazda baş vermiş tarixi demoqrafik proseslərdə ermənilərin iştirakı barədə uydurmaları müxtəlif statistik hesabatlar əsasında alt-üst edilir. Təqdirəlayiq haldır ki, hörmətli akademik Ramiz Mehdiyev bu kitabda öz fikirlərini tədqiqat mədəniyyətinə və bütün dünyada qəbul edilmiş elmi yanaşma tərzinə uyğun olaraq, müxtəlif arxiv materiallarına və tarixi faktlara əsaslanmaqla şərh edir. Ermənilərin öz iddialarını ancaq mif və uydurmalara əsaslanmaqla sübuta yetirməyə çalışmalarını başa düşmək olar, çünki onların istəyi ilə real tarix arasında kəskin fərqlər, əslində ziddiyyətlər vardır. Mövcud tarixi mənbələr ermənilərin hazırladığı saxta təbliğat şüarlarını təsdiq etmək iqtidarında deyildir. Əgər belə olmasa idi, ermənilərin havadarı - Rusiyanın ən məşhur hərbi tarixçisi A.Şişov özünün "Qafqaz uğrunda döyüş" (Rusiyanın hərbi sirləri) adlı əsərində Dağlıq Qarabağda tarixən ermənilərin üstünlük təşkil etməsi ideyasını irəli sürəndə hər hansı bir tarixi mənbəyə istinad edərdi. Halbuki kitabın "hərbi sirləri" özündə əks etdirməsi ən azı müxtəlif arxiv mənbələrinin ortaya qoyulmasını tələb edirdi. Maraqlıdır ki, akademik Ramiz Mehdiyev kitabda Rusiya istilasınadək Dağlıq Qarabağ, İrəvan və Naxçıvanda ermənilərin heç bir vaxt üstünlük təşkil etmədiklərini sarkisyanların və şişovların öz həmkarlarının və soydaşlarının gətirdiyi tarixi faktlar və statistik məlumatlarla əsaslandırır. Məsələn, kitabda erməni tarixçisi Corc Burnutyanın belə bir fikri yer alır: "Bir sıra erməni mənbələri 1830-cu illərdən sonrakı statistikadan danışarkən İran hakimiyyəti dövründə Şərqi Ermənistanda ermənilərin sayını düzgün göstərmir və onların əhalinin ümumi sayının 30-50 faizini təşkil etdiklərini bildirirlər. Həqiqətdə isə rəsmi statistika məlumatlarına görə, rus işğalından sonra ermənilər Şərqi Ermənistanda ümumi əhalinin güclə 20 faizini, müsəlmanlar isə 80 faizdən çoxunu təşkil edirdi".

Erməni alimi Zaven Korkodyan isə 1932-ci ildə nəşr etdirdiyi "Sovet Ermənistanının əhalisi 1831-1931" statistik məlumat kitabında heç bir real fakta əsaslanmadan yazırdı: "1831-ci ildə İrəvan şəhərinin 18766 nəfərindən 15992 nəfəri, 1866-cı ildə 27246 nəfərindən 23626 nəfəri, yəni 85,2 faizi erməni olmuşdur".

Hörmətli akademikin kitabında rus müəllifi N.Şavrovun belə bir statistik məlumatı da yer alır: "Hazırda Zaqafqaziyada yaşayan 1 milyon 300 min ermənidən bir milyondan çoxu yerli əhali deyildir, bizim tərəfimizdən köçürülənlərdir. Onlar əsasən ermənilərin sayının çox cüzi olduğu Yelizavetpol və İrəvan quberniyalarının münbit torpaqlarında yerləşdirilirdi. Bu ermənilər Yelizavetpol quberniyasının dağlıq hissəsində (Dağlıq Qarabağ) və Göycə gölünün sahillərində məskunlaşdırılmışdılar".

Akademikin adı çəkilən kitabında ermənilərin işğal etdikləri Azərbaycan torpaqlarında həyata keçirdiyi mədəni terrordan da söhbət açılır. Kitabda qeyd olunur: "Separatçılar tarixi memarlıq qoruğu, orta əsrlərə aid Azərbaycan şəhəri Şuşanı dağıtmışlar... çoxsaylı məscidlər, o cümlədən görkəmli Azərbaycan memarı Kərbəlayı Səfixan Qarabağinin tikdiyi məscidlər, körpülər, hamamlar, xatirə tikililəri, XII-XIII əsrlərə aid Məlik Acar, XIV əsrə aid Mir Əli, XIV əsrə aid Xaçın Dorbatlı, XII əsrə aid Şeyx Baba, XVII əsrə aid Pənah xan məqbərələri və başqaları, həmçinin azərbaycanlıların qəbiristanlıqları dağıdılmışdır".

Onu da qeyd edək ki, ermənilər işğal etdikləri ərazilərdə nəinki dağıntı işləri aparır, hətta bu tarixi Azərbaycan torpaqlarını müxtəlif terror təşkilatlarının siyasi sığınacaq yerinə çevirirlər. Ölkəmizin Ermənistan tərəfindən işğal olunmuş ərazilərində erməni və başqa terror təşkilatlarının fəaliyyət göstərməsi haqqında ilk informasiyalar Avropa Şurası Parlament Assambleyasının yüksək tribunasından cənab İlham Əliyev tərəfindən səsləndirilmişdir. Bu çıxış Azərbaycanda insan hüquqlarının tədqiqi ilə məşğul olan alimlərin həmin problem ətrafında tədqiqatlar aparmasını stimullaşdırmışdır. Bəhs etdiyimiz mövzu ətrafında Milli Elmlər Akademiyası İnsan Hüquqları İnstitutunun Eskpert Şurasının apardığı araşdırmalar xüsusi qeyd olunmalıdır. Belə ki, məhz adı çəkilən qurumun apardığı elmi tədqiqatlar sayəsində sübut olunmuşdur ki, Azərbaycanın erməni quldurları tərəfindən işğal olunmuş ərazilərində "Kürd Konqresi" (başçısı Öcalanın nəslindən olan Zeynal Öcalan), "Xalq Azadlıq Cəbhəsi" (Suriya - başçısı Zamir Əl-Qisse), "Hizbullah" (Livan - başçısı Ömər Şəhabi), "Həmas" (Livan - başçısı Musa Qulam Haq) və s. kimi terrorçu təşkilatlar fəaliyyət göstərir.

İşğal olunmuş Azərbaycan ərazilərində terror təşkilatlarının fəaliyyət göstərməsi problemi nəinki bizi, hətta bütün dünya ictimaiyyətini dərindən narahat etməlidir, çünki əsas ideya-siyasi fəaliyyətini vandalizm prinsipləri üzərində quran, özünün mövcudluğu ilə cəmiyyətin milli-mənəvi dəyərlərinə, demokratik səyinə, humanist normalarına zidd olan, insanlarda qorxu, ümidsizlik və bədbinlik kimi psixoloji keyfiyyətlərin baş qaldırmasına şərait yaradan, milyonlarla insanın günahsız qətlinə, sağlam və firavan həyat tərzindən məhrum olmasına, maddi və mənəvi sərvətlərin bihudə məhv edilməsinə səbəb olan terrorizm bəşəriyyət üçün ciddi təhlükədir.

Akademik Ramiz Mehdiyev kitabda göstərir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi barədə danışıqlar prosesinin davam etdiyi və bu münaqişənin təqsirkarı olan Ermənistanın 1975-ci il Helsinki Yekun Aktının müddəalarına əsaslanan yenilənmiş Madrid prinsiplərini qəbul etməsini hamının səbirlə gözlədiyi bir vaxtda, beynəlxalq təşkilatlar və dünyanın aparıcı ölkələrinin parlamentləri bir-birinin ardınca Azərbaycanın ərazi bütövlüyünü, Dağlıq Qarabağın Azərbaycana mənsub olmasını, millətlərin öz müqəddəratını təyin etməsi prinsipinin özbaşına interpretasiyasının yolverilməzliyini, Ermənistanın işğal etdiyi əraziləri azad etməsinin və məcburi köçkünlərin öz evlərinə qaytarılmasının zəruriliyini təsdiq edən qətnamələr qəbul etdiyi bir vaxtda, Serj Sarkisyan bütün bu sənədləri inadkarcasına görmədən və beynəlxalq birliyin mövqeyinə məhəl qoymadan, diaspordan olan qonaqlarına məsləhət görür ki, onlar öz səylərini "ikinci erməni dövlətinin, Dağlıq Qarabağ respublikasının təşəkkülünə, möhkəmlənməsinə, inkişafına və beynəlxalq aləmdə tanınmasına" yönəltsinlər.

Əlbəttə ki, bu cür ideoloji təxribatların heç bir siyasi-elmi əsası yoxudr. ABŞ-ın BMT-dəki daimi nümayəndəsi, xüsusi səfir Merris Abram 1993-cü il fevral ayının əvvəlində Cenevrədə keçirilən "İnsan hüquqları komissiyasının" iclasında millətlərin öz müqəddəratını təyin etmək hüququnun müasir təfsiri haqda BMT-nin və ABŞ-ın rəsmi nöqteyi-nəzərini bəyan edərkən bildirmişdir ki, "milli azlıqların hüquqları həll edilərkən, suveren dövlətlərin ərazi bütövlüyünə üstünlük verilməlidir. BMT xartiyasında milli müqəddərat hüququ milli azlıqların vətəndaşlıq və insan hüquqlarının müdafiəsi vasitəsi kimi qiymətləndirilir. Milli azlıqların bu hüquqdan istifadə edərək ərazilərində yaşadıqları dövlətin torpaqlarına milli xüsusiyyətlərinə görə göz dikməsi, onları parçalamağa səy göstərməsi qətiyyən yolverilməzdir". BMT-nin keçmiş baş katibi B.B.Qali hesab edirdi ki, əgər xırda xalqların hamısının müstəqil dövlətinin yaranması imkanı olsa idi, onda dünya idarəolunmaz bir sistemə çevrilərdi.

Bütün bunlar sübut edir ki, müasir beynəlxalq həyat normaları milli mənafe anlayışının başqa millətlərin və dövlətlərin mənafelərinin hesabına reallaşmasını siyasətin əxlaqi məzmundan məhrum edilməsi kimi qavrayır. Amerikalı alim, Merilend Universitetinin politologiya ixtisası üzrə professoru Corc Kvesterin təbirincə desək, "əsl öz müqəddəratını təyinetmə, əsl siyasi demokratiya insanlarda başqalarına böyük hörmət bəsləmək, özünü başqasının yerinə qoymaq arzusu doğurmalıdır". Təəssüflər olsun ki, erməni separatçıları heç vaxt özlərini başqalarının yerinə qoymaq fikrində olmayıblar. O zaman Dağlıq Qarabağ ərazisində yaşayan 80 minlik erməni əhalisi Azərbaycanda milli-mədəni muxtariyyətlə təmin edildiyi halda, Ermənistanda yaşayan 350 minlik azərbaycanlı əhalisinə heç bir milli status verilməmişdi.

Ermənistanın hazırkı Konstitusiyasının 37-ci maddəsində deyilir: "Milli azlıqlara mənsub olan vətəndaşlar öz adət-ənənələrini qoruyub saxlamaq, dil və mədəniyyətini inkişaf etdirmək hüququna malikdir". Göründüyü kimi, ermənilərin Əsas Qanununda milli azlıqlara müstəqil dövlət yaratmaq hüququ verilməsindən bəhs edilmir. Onların Konstitusiyada sadaladığı hüquqlarla isə dövlətimiz Dağlıq Qarabağda yaşayan erməniləri çoxdan təmin etmişdi. 2002-ci ildə Moskvada çıxan "Zəruri biliklərin sorğu kitabçası"nda 1992- ci il üçün Rusiya Federasiyasında 532 min nəfər, ABŞ-da 700 min nəfər, Gürcüstanda 437 min nəfər, Fransada 270 min nəfər, Kanadada 200 min nəfər, Suriyada 170 min nəfər, Dağlıq Qarabağda isə 146 min nəfər erməninin yaşadığı qeyd olunur. Bütün bunlar onu göstərir ki, ermənilər milli azlıq kimi nəinki MDB məkanına, hətta digər dünya ölkələrinə də səpələniblər. Əgər nəzərə alsaq ki, həmin dövrdə Gürcüstanda əhalinin sayı 3.787 min nəfər, Azərbaycanda isə 7 milyon 37 min 900 nəfər olmuşdur, deməli, ermənilər bu ölkələrdə əhalinin müvafiq olaraq 1,6 və 5,6%-ni təşkil etmişlər. Bir sözlə, ermənilərin "rasional" məntiqinə qalsa, onların yaşadıqları bütün ölkələrdə müstəqil dövlətləri olmalıdır. Dünyada isə elə bir ölkə çətin tapılar ki, orada bütün insanlar ancaq bir dildə danışsın, bir irqə mənsub olsun, yaxud eyni milli mənəvi dəyərlərin daşıyıcısı olsun. Bu xülya ilə yaşayan yeganə xalq yalnız ermənilərdir.

Akademik Ramiz Mehdiyevin yeni əsərinin məziyyətlərini və praktik əhəmiyyətini aşağıdakı kimi qiymətləndirmək olar:

- Tarixin atası sayılan Herodot və coğrafiyaşünas Strabondan başlayaraq bu günə kimi çoxsaylı elmi mənbələrə istinadən yazılmış bu əsər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi köklərinin təhlili baxımından kifayət qədər əhəmiyyətlidir. Gorus görüşündə Ermənistan prezidentinin tarixi faktları və həqiqətləri saxtalaşdırmasına cavab olaraq müəllif Cənubi Qafqazda yaşayan ovtoxtonların, onların yaratdıqları qədim dövlətlərin elmi mənbələrə və tarixi faktlara söykənən real mənzərəsini uğursuz səhnə aktyorunun nəzərinə çatdırır. Kitabda Azərbaycanın qədim və müasir dövrünün xəritələrinin verilməsi onun elmi dəyərini daha da artırır;

- Şərh olunan elmi müddəalar, alınan praktik nəticələr bütün əhali üçün çox dəyərlidir. Həmin materiallardan ali və orta ixtisas məktəblərində Azərbaycan tarixi, politologiya, hüquq, beynəlxalaq münasibətlər və s.humanitar fənlər üzrə mühazirələrdə və ixtisas kurslarında istifadə oluna bilər;

- Kitab erməni təbliğatına qarşı informasiya müharibəsində böyük rol oynaya bilər. Beynəlxalq münasibətlər nəzəriyyəsində xarici siyasətin üç əsas vasitəsi qeyd olunur: diplomatiya, silahlı qüvvələr və təbliğat. Bildiyimiz kimi, Azərbaycana təcavüz ərəfəsində və Ermənistan-Azərbaycan qarşıdurması zamanı ölkəmizə qarşı ərazi iddialarını, təcavüzkar siyasətini ört-basdır etmək üçün Ermənistanın təbliğat maşını Dağlıq Qarabağın ermənilərin tarixi torpaqları olması, Ermənistanın Azərbaycan tərəfindən blokadaya alınması, ermənilərin hüquqlarının tapdalanması və s. haqqında dezinformasiya kampaniyası həyata keçirərək qısa zamanda dünya ictimaiyyətini çaşdırmağa nail oldular. Nəticədə Azərbaycan xalqının ərazi bütövlüyü uğrunda mübarizəsi beynəlxalq aləmdə lazımi dəstək qazana bilmədi. Etiraf edək ki, Azərbaycan xalqı təbliğatın müharibədə güclü vasitə olduğunu yalnız acı məğlubiyyətdən sonra anlaya bildi.

Bu gün əminliklə söyləmək olar ki, müstəqil Azərbaycan Respublikasının həyata keçirdyi uğurlu xarici siyasət nəticəsində beynəlxalq təşkilatlar və dünyanın aparıcı dövlətlərinin parlamentləri ölkəmizin ərazi bütövlüyünü, Dağlıq Qarabağın tarixi və əzəli Azərbaycan torpaqları olmasını qəbul etmiş və Ermənistanın işğal etdikləri ərazilərin geri qaytarılmasının zəruriliyini vurğulamışlar. Ermənilərin yalan informasiyalarını ifşa edən obyektiv məlumatların dünya ictimaiyyətinə çatdırılmasında bu kitabın mühüm təbliğat vasitəsi olması inkarolunmaz həqiqətdir.

Azərbaycan üçün Dağlıq Qarabağ probleminin həll edilməsi olduqca zəruridir, çünki bu problem Azərbaycanın başı üzərindən asılan "Domokl qılıncı"dır. Azərbaycanın uzun illərdən bəri istifadə etdiyi diplomatiya və təbliğat siyasətinin səmərə verməyəcəyi təqdirdə, onun öz torpaqlarını müharibə yolu ilə azad etmək, yəni obrazlı şəkildə desək "Qordi (Qarabağ-red.) düyününü parçalamaq" barədə qərar verməsi hər zaman aktuallaşa bilər.

Akademik Ramiz Mehdiyevin "Gorus-2010: absurd teatrı mövsümü" adlı əsəri tarixi saxtalaşdırmaq istəyənlərə tutarlı elmi cavabdır. Buradakı hər bir müddəa dərindən öyrənilməli və geniş təbliğ olunmalıdır. Bu məqsədlə biz yaxın günlərdə universitetdə kitabın təqdimat mərasimini keçiriməyə hazırlaşırıq.

 

Mirdaməd SADIQOV,

Azərbaycan Dövlət Aqrar

Universitetinin rektoru,

əməkdar elm xadimi

 

Azərbaycan.- 2010.- 29 dekabr.- S. 6.