Prezident İlham Əliyev paytaxtda
yeni inşa olunan bir sıra yol-nəqliyyat kompleksi obyektlərinin
açılışında iştirak etmişdir
Dekabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev paytaxtın müxtəlif yerlərində yeni inşa olunan bir sıra yol-nəqliyyat kompleksi obyektlərinin açılışında iştirak etmişdir.
Dövlət başçısı əvvəlcə Fətəli Xan Xoyski prospekti ilə Koroğlu Rəhimov küçəsinin kəsişməsində yerləşən yol qovşağı və tunelin açılışına gəldi.
İnşaatçılar Prezident İlham Əliyevi hərarətlə qarşıladılar.
Nəqliyyat naziri Ziya Məmmədov dövlət başçısına qovşağın texniki göstəriciləri barədə məlumat verdi. Bildirildi ki, tikintisinə 2010-cu ilin martında başlanılan tunel tipli yol qovşağı Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin sifarişi ilə inşa olunmuşdur. Avtomobil tuneli Fətəli Xan Xoyski prospekti ilə Koroğlu Rəhimov küçəsinin kəsişməsində nəqliyyatın hərəkətinin tənzimlənməsi, avtomobil tıxaclarının qarşısının alınması və piyadaların təhlükəsizliyinin təmin edilməsi baxımından əhəmiyyətlidir. Qeyd olundu ki, tunelin ümumi uzunluğu 284 metr, eni 22,5 metr, hündürlüyü isə 5 metrdir. Tunelin qapalı hissəsinin uzunluğu 45 metr, giriş və çıxış yollarının uzunluğu 239 metrdir. Yan yolların uzunluğu isə 720 metrə çatır. Yol qovşağının Fətəli Xan Xoyski prospekti istiqamətində uzunluğu 560 metr, eni 7 metr, Koroğlu Rəhimov küçəsi istiqamətində isə uzunluğu 160, eni isə 24 metrdir.
Prezident İlham Əliyev tunelin inşa olunduğu ərazinin əvvəlki və tikintidən sonrakı vəziyyətini əks etdirən fotostendə baxdı. Bildirildi ki, inşaat işləri görülərkən bəzək məqsədilə ümumilikdə 4 min kvadratmetr qranit və mərmərdən istifadə edilmişdir. Ərazidə yaşıllıqlar salınmış, dekorativ ağac və gül kolları əkilmişdir. Tikinti zamanı burada 150-yə yaxın işçi çalışmışdır. Tuneldə avtomobillərin hərəkəti əks istiqamətli 6 zolaqda tənzimlənir. Tuneldə yağış və qrunt sularının axıdılması üçün drenaj xətləri də inşa olunmuş, müasir işıqlandırma sistemi qurulmuşdur.
Tunelin üzərində və yan yollarda paslanmayan metaldan istifadə olunmaqla konstruksiyalar qurulmuş, avtomobillərin sərbəst hərəkəti üçün istiqamətverici işarələr qoyulmuş, geniş piyada səkiləri salınmışdır.
Prezident İlham Əliyev yol qovşağı və tunelin açılışını bildirən lenti kəsdi.
İnşaatçılarla görüşən Prezident İlham ƏLİYEV onları təbrik edərək dedi:
- Bu tunelin açılışı münasibətilə sizə təşəkkürümü bildirirəm. Qısa müddət ərzində belə gözəl iş görmüsünüz. Bir ildən az müddətdə belə gözəl körpü-tunel tikilib və bu ərazidə nəqliyyatın hərəkətinin tənzimlənməsi üçün bunun çox böyük əhəmiyyəti vardır. Ancaq bu, işin bir hissəsidir, ondan sonra da işlər həyata keçiriləcək və beləliklə, bütün bu zona artıq nəqliyyat baxımından ən yüksək standartlara cavab verəcəkdir. Əsas bu işlərdə keyfiyyət və əlbəttə ki, sürətdir. Hər iki məsələ burada həll olunub. Əminəm ki, burada bütün başqa işlər də eyni sürətlə və keyfiyyətlə görüləcəkdir.
Sizi qarşıdan gələn bayramlar münasibətilə ürəkdən təbrik edirəm, sizə yeni uğurlar arzulayıram.
Sonra dövlət başçısı tunelin üst hissəsindən keçən yol qovşağına baxdı. Məlumat verildi ki, Fətəli Xan Xoyski prospektindən metronun "Nəriman Nərimanov" stansiyası və əks istiqamətdə hərəkət edən sürücülər tuneldən, Koroğlu Rəhimov küçəsinə çıxmaq istəyənlər isə üst hissədən istifadə edə bilərlər. Bundan əlavə, Koroğlu Rəhimov küçəsindən gələn nəqliyyat vasitələri köməkçi yoldan istifadə etməklə metronun "Nəriman Nərimanov" stansiyası istiqamətində hərəkət edə, həmçinin tunelin üstündən əks istiqamətə dönmə əməliyyatı apara bilərlər.
Prezident
İlham Əliyev yol qovşağı və tunelin tikintisi ilə
bağlı görülən işlərdən
razılığını bildirdi, tapşırıq və
tövsiyələrini verdi.
* * *
Dövlət
başçısı İlham Əliyev sonra paytaxtın Nərimanov
rayonunda Koroğlu Rəhimov küçəsi ilə Təbriz
küçəsinin kəsişməsində yerləşən
avtomobil tunelinin açılışında iştirak etdi.
İnşaatçılar dövlət başçısını hərarətlə qarşıladılar.
Nəqliyyat naziri Ziya Məmmədov Prezident İlham Əliyevə məlumat verdi ki, tikintisinə 2010-cu ilin aprelində başlanan tunel Koroğlu Rəhimov və Təbriz küçələri istiqamətində hərəkətin svetoforsuz tənzimlənməsinə xidmət edir. Bu isə öz növbəsində həmin yol kəsişməsində avtomobil tıxacının qarşısını alır. Tunel yerləşdiyi ərazinin ümumi görünüşü ilə uzlaşdırılmışdır. Tunelin içərisində və üstündə quraşdırılan işıq dirəkləri yol ötürücüsünün həm gözəl görünüşünə, həm də hərəkətin tənzimlənməsinə imkan yaradır.
Tunelin sağ və sol tərəflərində salınmış yardımçı yollar da müasir standartlara cavab verir.
Prezident İlham Əliyev tunelin inşa olunduğu ərazinin əvvəlki və tikintidən sonrakı vəziyyətini əks etdirən fotostendə baxdı. Bildirildi ki, tikinti zamanı burada 100-ə yaxın işçi çalışmışdır. Tunelin ümumi uzunluğu 274 metrdir. Örtülü hissəsinin uzunluğu 26 metr, hündürlüyü 5 metr, eni isə 17,5 metrdir. Tunelin tikintisinə daxil olan yan yolların uzunluğu 1012 metr, eni 5,5 metr, giriş yollarının uzunluğu isə 430 metrdir. Tuneldə avtomobillərin hərəkəti əks istiqamətli 4 zolaqda tənzimlənir. Yan yollarla birlikdə hərəkət 6 zolaqlıdır.
Tuneldə yağış və qrunt sularının axıdılması üçün drenaj xətləri də inşa olunmuş, yüksək səviyyədə işıqlandırma sistemi qurulmuşdur. Tunelin üzərində paslanmayan metaldan dekorativ konstruksiyalar qurulmuş, ətrafda yaşıllıqlar salınmış, ağac və kollar əkilmiş, avtomobillərin sərbəst hərəkəti üçün istiqamətverici işarələr qoyulmuş, rahat piyada səkiləri salınmışdır. Tunelin tikintisində ümumilikdə 5800 ton asfalt və 9 min kubmetr beton qarışığından istifadə olunmuşdur.
Prezident İlham Əliyev Heydər Əliyev prospekti, Koroğlu Rəhimov küçəsi və Xətai prospekti arasında avtomobillərin sərbəst və təhlükəsiz hərəkətinin təmin olunması üçün təklif edilən yeni yolun planına, həmin ərazidə tikintisi başa çatmaq üzrə olan və inşası nəzərdə tutulan yolların sxeminə baxdı, tapşırıq və tövsiyələrini verdi.
Dövlət
başçısı tunelin açılışını
bildirən lenti kəsdi.
* * *
Prezident İlham Əliyev
paytaxtın Xətai rayonunda avtomobillərin və
piyadaların daha sıx olduğu Yusif Səfərov və
Mehdi Mehdizadə küçələrinin kəsişməsində
yeni inşa olunan tunellərin açılış mərasimində
də iştirak etdi.
Nəqliyyat naziri Ziya Məmmədov tunellərin texniki göstəriciləri ilə tanış olan dövlət başçısına məlumat verdi ki, Yusif Səfərov küçəsinin altından keçən piyada keçidi "Tunel-1" ilə Mehdi Mehdizadə küçəsinin altından keçən piyada keçidi "Tunel-2" bir-birinə bitişikdir.
Prezident İlham Əliyev inşaatçılarla görüşdü, onları keçidlərin açılışı münasibətilə təbrik etdi. Dövlət başçısı qeyd etdi ki, paytaxt Bakıda böyük işlər görülür. Bu ərazidə məktəb, xəstəxana və digər inzibati binaların olması piyada keçidlərinin əhəmiyyətini artırır. Yusif Səfərov küçəsi də genişləndirilmişdir. İnşa olunan keçidlər ən müasir standartlara cavab verir. Prezident İlham Əliyev dedi ki, bütün bunlar insanların rahatlığına yönəlmişdir.
Prezident İlham ƏLİYEV
sonra dedi:
- Bakının bütün
keçidləri, eyni zamanda, memarlıq əsərləridir.
Belə də olmalıdır. Bakı dünyanın ən
gözəl şəhərlərindən biridir və
Bakıda nəqliyyat infrastrukturu ən yüksək səviyyədə
olmalıdır. Çox şadam ki, bütün bu gözəl
işləri Azərbaycan şirkətləri görür.
Artıq Azərbaycan şirkətləri nəinki ölkənin
nəqliyyat sektorunda, xaricdə də işləyirlər.
Prezident İlham Əliyev bir
daha paytaxt sakinlərini və inşaatçıları 31
dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik
Günü və Yeni il bayramı münasibətilə təbrik
etdi.
Dövlət
başçısı açılışı bildirən
lenti kəsdi.
Prezident İlham Əliyevin
Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi
üzrə tapşırıqlarına uyğun olaraq tunellərin
tikintisinə bu ilin fevral ayında
başlanılmışdır. Respublika Perinatal Mərkəzi,
Mərkəzi Neftçilər Xəstəxanası və Ali
Məhkəmənin bu ərazidə olması, Yusif Səfərov
və Mehdi Mehdizadə küçələrində nəqliyyatın
hərəkətinin tənzimlənməsi, avtomobil
tıxaclarının qarşısının alınması və
piyadaların təhlükəsizliyinin təmin edilməsi
baxımından əhəmiyyətli olan tunellərin tikinti
işləri müasir texniki üsullardan istifadə etməklə
yüksək səviyyədə aparılmışdır.
İnşaat işlərində 50-yə yaxın
işçi çalışmışdır. Üç
giriş-çıxışı olan keçidlərin
tikintisində yerli və xarici inşaat materiallarından
istifadə olunmuşdur.
Prezident İlham Əliyevə
məlumat verildi ki, tunellərin örtülü hissəsinin
ümumi uzunluğu 136 metrdir. Yusif Səfərov küçəsinin
altından keçən piyada keçidinin uzunluğu 76 metr,
Mehdi Mehdizadə küçəsinin altından keçən
piyada keçidinin uzunluğu isə 50 metrdir. Hər iki tunelin
eni 5, hündürlüyü isə 3 metrdir. Keçidlərdə
təhlükəsizlik kameraları
quraşdırılmışdır. Keçid piyadaların təhlükəsizliyini
təmin etməklə yanaşı, paytaxtın bu hissəsinin
memarlıq ansamblına da yaraşıq verir.
Görülən işləri
yüksək qiymətləndirən dövlət
başçısı paytaxtda yenidənqurma tədbirləri
zamanı keyfiyyətin və müasirliyin başlıca meyar
kimi götürülməsinin zəruriliyini vurğuladı.
* * *
Daha sonra Prezident İlham Əliyev
Neftçilər prospekti, 135 ünvanında inşa olunan
yeraltı piyada keçidinin açılışında
iştirak etdi.
Nəqliyyat naziri Ziya Məmmədov
dövlət başçısına məlumat verdi ki,
yeraltı piyada keçidinin inşasına bu ilin fevralında
başlanılmışdır.
İşlərin keyfiyyətlə,
həm də tez bir zamanda yekunlaşması üçün
bütün qüvvələr səfərbər
olunmuşdur. Tikintinin gedişində 60-a yaxın
işçi çalışmışdır. Yeni yeraltı
keçid piyadaların Milli Parka və əks istiqamətə
təhlükəsiz hərəkətini təmin etmək
üçün mühüm rol oynayır.
Keçiddə piyadaların
hərəkətini asanlaşdırmaq üçün 4
müasir eskalator quraşdırılmışdır.
Dünyanın aparıcı dövlətlərində istifadə
edilən bu eskalatorların uzunluğu 4,2 metrdir. Burada, həmçinin
əlillərin hərəkəti üçün şərait
də yaradılmışdır. Yeraltı keçidin
tavanına alkopon vurulmuş, döşəmə və
divarlar qranitlə örtülmüşdür.
Prezident İlham Əliyev
keçidin açılışını bildirən lenti kəsdi.
Dövlət
başçısına məlumat verildi ki, müasir tələblər
səviyyəsində yaradılan 2 çıxışlı
keçidin tunelinin örtülü hissəsinin uzunluğu
56, eni 8, hündürlüyü isə 3 metrdir. Keçiddə
müasir işıqlandırma sistemi, girişlərdə təhlükəsizlik
kameraları quraşdırılmışdır. Bu kameralar
vasitəsilə gün ərzində keçiddə təhlükəsizliyə
nəzarət ediləcəkdir.
Bildirildi ki, bu keçid
piyadaların təhlükəsizliyini təmin etməklə
yanaşı, həm də əraziyə əlavə gözəllik
verir. Qeyd olundu ki, yeni keçid Neftçilər prospektində
nəqliyyatın tənzimlənməsi, avtomobil
tıxaclarının qarşısının alınması və
piyadaların təhlükəsizliyinin təmin edilməsi
baxımından çox əhəmiyyətlidir.
Qrunt və yağış
sularının keçidə axmasının
qarşısını almaq məsələsinə də
inşaat işləri zamanı diqqət yetirilmişdir.
* * *
Həmin gün Prezident
İlham Əliyev paytaxtın Bülbül prospekti ilə 28
May küçəsinin kəsişməsində əsaslı
yenidənqurmadan sonra açılan piyada keçidi ilə
tanış oldu.
Nəqliyyat naziri Ziya Məmmədov
dövlət başçısına məlumat verdi ki,
piyadaların və avtomobillərin hərəkətinin
sıx olduğu bu ərazidəki keçiddə əsaslı
təmir işlərinə cari ilin aprelində
başlanılmışdır. Dörd
giriş-çıxışı olan keçiddə təmir
və yenidənqurma işləri zamanı yüksək keyfiyyətli
inşaat materiallarından istifadə edilmişdir.
Keçidin inşası Nəqliyyat
Nazirliyinin sifarişi ilə həyata keçirilmişdir. Təmir
işlərində 100-ə yaxın işçinin
çalışdığı keçidin ümumi
uzunluğu 80, eni 4-8, hündürlüyü isə 2,3 metrdir.
Keçidin divarları, döşəməsi, işıq
sistemi tam yenilənmişdir. Məhəccərlər isə
paslanmayan metaldan düzəldilmişdir. Yeraltı suların
yığılaraq kanalizasiya sisteminə ötürülməsi
üçün xüsusi nasosxana qurulmuşdur. Sakinlərin təhlükəsizliyinə
nəzarət üçün burada kamera da
quraşdırılmışdır. Pilləkənlərdə
əlil arabalarının hərəkəti üçün
ayrıca yol salınmışdır.
Prezident İlham Əliyev
yeraltı keçidi gəzdi və görülən işlərlə
yaxından tanış oldu.
* * *
Prezident İlham Əliyev
Yasamal rayonundakı 20 nömrəli orta məktəbin
yanında, Mikayıl Müşfiq küçəsi ilə
Parlament prospektinin kəsişməsindəki yeraltı piyada
keçidinin də açılışında iştirak
etdi.
İnşaatçılar və
mərasim iştirakçıları dövlət
başçısını hərarətlə
qarşıladılar.
Nəqliyyat naziri Ziya Məmmədov
dövlət başçısına məlumat verdi ki, bu
piyada keçidinin tikintisi ərazidə nəqliyyatın hərəkətinin
tənzimlənməsi, avtomobil tıxaclarının
qarşısının alınması və piyadaların təhlükəsizliyinin
təmin edilməsi baxımından çox əhəmiyyətlidir.
Həmin obyektin tikintisi zamanı ətrafda da əsaslı
abadlıq və yaşıllaşdırma tədbirləri həyata
keçirilmişdir.
Layihə
reallaşdırılarkən yeraltı keçidin ətrafdakı
tikililər və infrastruktur obyektləri ilə ümumi
ansambl təşkil etməsinə də xüsusi diqqət
yetirilmişdir. Prezident İlham Əliyevə keçidin
texniki-iqtisadi göstəriciləri barədə də məlumat
verildi. Qeyd olundu ki, qısa müddətdə tikintisi başa
çatdırılan bu qurğunun 5 istiqamətə
çıxışı vardır. Yaxınlıqda bir
sıra təhsil ocaqları yerləşdiyindən keçid
xüsusilə məktəblilərin təhlükəsizliyinin
təmin edilməsi baxımından mühüm əhəmiyyətə
malikdir. Keçiddə eskalator da
quraşdırılmışdır. Əlillərin də bu
qurğunun xidmətindən rahat istifadəsi üçün
müvafiq tədbirlər görülmüşdür.
Prezident İlham Əliyev mərasim
iştirakçılarını əlamətdar hadisə
münasibətilə təbrik etdi.
Respublikanın əməkdar
müəllimi Sabir MƏMİŞOV mərasim
iştirakçıları adından dövlət
başçısına dərin minnətdarlığını
bildirərək dedi:
- Bu, yalnız bizim məktəb
üçün deyil, ətrafda yaşayan əhali
üçün ən böyük hədiyyədir.
Çünki övladlarını bu məktəbə yola
salan valideynlər intizarda qalırdılar ki, görəsən
yolu necə keçdilər. Dəfələrlə məktəbə
zəng edib maraqlanırdılar, gəlib
çatdılarmı? Siz bu intizara son qoydunuz. Sizə həddindən
artıq təşəkkür edirik.
Sabir Məmişov ulu öndər
Heydər Əliyevin siyasətini Prezident İlham Əliyevin
uğurla davam etdirdiyini, ölkəmizdə yenidənqurma tədbirlərinin
vüsət aldığını bildirərək dedi:
- Ulu öndərimiz Heydər
Əliyev Azərbaycanı müstəqil bir dövlət kimi
qurdu, onu parçalanmaqdan qorudu. Siz isə Azərbaycanı
daha da inkişaf etdirmisiniz. Hər gün respublikamızda
yeni-yeni binalar tikilir, yeni-yeni keçidlər
açılır. Sizə bir daha təşəkkür
edirik.
Prezident İlham ƏLİYEV
dedi:
- Sağ olun. Sizi
qarşıdan gələn Dünya Azərbaycanlılarının
Həmrəylik Günü və Yeni il bayramı münasibətilə
təbrik edirəm. Sizə, Azərbaycanın bütün
müəllimlərinə xoşbəxtlik,
cansağlığı arzulayıram. Bu gün Bakı şəhərində
çox əlamətdar bir gündür. Bu gün dörd
piyada keçidi, iki tunel açılıb. Bu keçidin əlbəttə
ki, öz xüsusiyyəti, çox böyük önəmi
vardır və qeyd etdiyiniz kimi, burada böyük məktəb
yerləşir. Bir neçə il bundan əvvəl bu məktəb
də əsaslı təmir edilibdir və yadımdadır, mən
bu məktəbdə vəziyyətlə tanış
olmuşam.
Prezident İlham Əliyev
keçidin ən müasir standartlara uyğun inşa
olunduğunu vurğuladı.
Sabir Məmişov 20 nömrəli
orta məktəbdə tədrisin yüksək səviyyədə
aparıldığını, 12 şagirdin Prezident təqaüdçüsü
olduğunu, 3 müəllimin əməkdar müəllim
adı daşıdığını və 2 müəllimin
isə "Tərəqqi" medalına layiq
görüldüyünü söylədi. O, məktəbdə
xarici dillərin tədrisinə də xüsusi diqqət
yetirildiyini bildirdi.
Prezident İlham ƏLİYEV
dedi:
- Uşaqlar nə qədər
çox xarici dil bilsə, o qədər yaxşıdır. Uşaqlarımız
bilikli, savadlı olmalıdırlar, ölkəmiz
üçün, gələcəyimiz üçün
işləməlidirlər, yaxşı tərbiyə
almalıdırlar. Əlbəttə ki, şərait də
yaxşı olmalıdır. Siz bilirsiniz ki, ölkəmizin
müxtəlif yerlərində iki mindən artıq məktəb
tikilib, təmir edilib və bu proses davam edir. Çünki hələ
təmirə ehtiyacı olan məktəblərin sayı kifayət
qədərdir. Mən hesab edirəm ki, gələn iki-üç
il ərzində Azərbaycandakı bütün məktəblər
ən yüksək səviyyədə təmir olunub istifadəyə
veriləcək və yeniləri tikiləcəkdir. Bir daha sizi
bu bayramlar münasibətilə təbrik edirəm, sizə
uğurlar arzulayıram.
Sonra Prezident İlham Əliyevə
yeraltı keçidin digər texniki-iqtisadi göstəriciləri
barədə məlumat verildi. Qeyd olundu ki, bu qurğunun
uzunluğu ümumilikdə 173, eni 6 və
hündürlüyü 3 metrdir.
Tikinti-quraşdırma
işləri zamanı yüksək keyfiyyətli inşaat
materiallarına üstünlük verilmişdir. Layihənin
reallaşdırılması zamanı müasir və milli
memarlıq üslublarının bir-birini tamamlaması diqqət
mərkəzində saxlanılmışdır. İşıqlandırma
sistemi də mükəmməlliyi ilə seçilir və
qurğunun görkəmini daha da gözəlləşdirir. Keçidin
normal fəaliyyəti üçün digər kompleks tədbirlər
görülmüşdür.
Yeraltı piyada keçidi ilə
tanış olan Prezident İlham Əliyev tapşırıq və
tövsiyələrini verdi.
AzərTAc
Azərbaycan.- 2010.- 30 dekabr.- S. 1, 2.