Azərbaycanda sosial siyasətin tranzitoloji aspektləri
"Bizim
düşünülmüş siyasətimiz, iqtisadi
potensialımız, güclü sosial siyasətimiz vardır. Bizim
bütün siyasətimizin başında Azərbaycan vətəndaşı
dayanır. Mən başda olmaqla
bütün məmurlar xalqın xidmətçiləridir.
Biz elə etməliyik ki, Azərbaycan xalqı
daha da yaxşı yaşasın".
İlham ƏLİYEV
Dinamik tərəqqi
templərinə malik Azərbaycanın uğurlu inkişaf
göstəricilərini xarakterizə edən ən
mühüm cəhətlərdən biri iqtisadi sahədə
keçid dövrünü uğurla başa vurması oldu. Artıq yeni
iqtisadi formasiyada inkişafını davam etdirən Azərbaycan
planlı təsərrüfat sistemindən bazar
iqtisadiyyatına keçid zamanı tərəqqinin əsas məqsədi
olan sosial rifahın davamlı yüksəlişi sahəsində
də möhtəşəm nailiyyətlərə imza
atmış, bu sahədə daim təkmilləşən
möhkəm baza yaratmışdır. Beləliklə,
iqtisadi sahədə keçid dövrünü arxada qoyan və
bununla öz tərəqqisində tamamilə yeni bir mərhələ
açan Azərbaycan iqtisadiyyatının inkişaf modelinin
elmi-nəzəri əsaslarının işlənib
hazırlanması, bu kontekstdə sosial tranzitologiyaya nəzər
salınması, müvafiq tədqiqat işlərinin
aparılması günün vacib tələblərindən
biri kimi çıxış edir. İdeya və ön
sözünün müəllifi Azərbaycan Respublikası
Prezidenti Administrasiyasının rəhbəri, həqiqi
dövlət müşaviri, akademik Ramiz Mehdiyev olan
"İnkişafın Azərbaycan modeli" kitabı bu
istiqamətdə atılan ilk addımlardan biri kimi səciyyələndirilməlidir.
Kitabda iqtisadi sahədə keçid
dövrünü xarakterizə edən digər məqamlarla
yanaşı, sosial sferada transformasiya prosesini ehtiva edən məqsədyönlü
dövlət siyasətinə də geniş nəzər
salınmışdır.
Transformasiya prosesləri və tranzitologiya
Dünyanın
siyasi tarixinə ən mürəkkəb dövrlərdən
biri kimi daxil olmuş iyirminci əsrin son on illiyində Sovetlər
Birliyinin dağılması ilə müstəqillyinə
qovuşan postsovet ölkələrinin qarşısında
duran və həlli kifayət qədər aktual xarakter
daşıyan ən vacib məsələlərdən biri
sosial-iqtisadi transformasiya prosesi oldu. 70 il ərzində
hökmranlıq etmiş administrativ-komanda, planlı təsərrüfat
sistemindən yeni iqtisadi-ictimai formasiyaya, bazar iqtisadiyyatına
keçid mürəkkəb prosedur olaraq özündə
çox ciddi, köklü islahatlar tələb edir və
onların icrasını ehtiva edirdi. Digər tərəfdən
bazar iqtisadiyyatına keçid müstəqillik qazanan,
demokratik cəmiyyət quruculuğunu özünün
başlıca məziyyəti hesab edən postsosialist ölkələri,
o cümlədən Azərbaycan üçün zəruri və
mütləq əhəmiyyət kəsb edirdi.
Çünki iqtisadi dəyişikliklərə ləng
uyğunlaşan, çevikliyi yüksək olmayan, təsərrüfat
təşəbbüslərini boğan, əmək
məhsuldarlığında aşağı göstəricilər
nümayiş etdirən, sağlam rəqabətin
olmadığı administrativ-komanda sistemi şəraitində
sürətli inkişaf və dünya iqtisadiyyatına səmərəli
inteqrasiya mümkün deyildi. Nəticədə isə
insanların sosial rifahına nail olmaq mümkünsüzləşirdi.
Müasir bazar
iqtisadiyyatının qurulması isə bir neçə
onilliklər boyu mövcud olmuş planlı təsərrüfat
sisteminin köklü şəkildə transformasiyasını
nəzərdə tutduğundan kifayət qədər mürəkkəb
proses olaraq dəyərləndirilirdi. Çünki
bazar sistemi prinsipial olaraq iqtisadi inkişafın tamam başqa
mexanizmləri əsasında fəaliyyət göstərir ki,
buna çatmaq üçün cəmiyyətin sosial-iqtisadi
struktrunun dəyişməsindən tutmuş, yeni bazar modeli,
normativ-hüquqi baza, təsərrüfat subyektinə yeni
baxış formalaşdırılmasına kimi olduqca geniş
bir spektrdə dəyişikliklər tələb edilirdi.
Təbii ki,
bütün bunlar sosial həyatın da əsaslı surətdə
dəyişməsi, transformasiya olunmasını şərtləndirirdi. Sosial
transformasiyanın çoxobrazlı fenomenləri, məsələn,
həyata keçirilməsi vacib olan çoxsaylı islahatlar,
inqilabi xarakterli dəyişikliklər, yenidən təşkilatlanma
və yenidənqurma prosesləri bazar iqtisadiyyatına
keçid zamanı sosial tranzitologiyanı mütləq hal kimi
meydana çıxarmışdı. İqtisadçı
Maykl Beravuanın elmə gətirdiyi tranzitologiya termini qeyd
olunan halda planlı sosialist iqtisadiyyatından kapitalist bazar
münasibətlərinə keçid zamanı siyasi, sosiomədəni
və cəmiyyət həyatının digər vacib aspektlərilə
bağlı proseslərlə də sıx əlaqəli idi.
Çünki keçid prosesi təkcə
sosial-iqtisadi yox, eyni zamanda ona birbaşa təsir edən və
sıx şəkildə qarşılıqlı əlaqədə
olan ictimai-siyasi münasibətlərin yeni formasının
yaranması kimi məsələləri də əhatə
edirdi. Eyni zamanda demokratik idarəçilik
üsuluna keçid sosial və institusional dəyişiklikləri,
yeni siyasi mədəniyyətin yaranmasını
qaçılmaz edirdi.
Digər tərəfdən
inkişaf etmiş dünyanın təcrübəsi aydın
göstərirdi ki, liberalizm, demokratiya və bazar münasibətləri
prinsipləri məcmu halda çıxış edir. Baza
postulatını hər bir insanın doğulandan yaşamaq,
azadlıq və mülkiyyətə malik olmaq kimi ayrılmaz
hüquqlarının olduğunu özündə ehtiva edən
liberalizm ideyasında göstərilən triada arasında əslində
qırılmaz əlaqə mövcuddur. Çünki
özəl mülkiyyət fərdi azadlığın əsasını
təşkil edir və bu da öz növbəsində
ayrıca götürülmüş fərdin
özünütəsdiq, ifadənin zəruri şərti kimi
çıxış edir. Həqiqətən
də iqtisadiyyat sferasında sərbəst bazar prinsiplərində
ifadə olunan bu postulatla siyasi demokratiya arasında immanent
qarşılıqlı əlaqə mövcuddur. Məhz demokratik dövlət bazar münasibətlərinin
və azad rəqabətin mövcudluğunun və səmərəli
fəaliyyətinin təminatı kimi çıxış
edir. İqtisadi məcburiyyət
formasından insanları azad etməklə, bu sahədə
silki və nomenklatura imtiyazlarını aradan götürməklə
demokratiya cəmiyyətin fərdi üzvünün iqtisadi
azadlığının reallaşması üçün ən
yaxşı şəraiti yaradır.
Bazar
iqtisadiyyatı, resursların bazar bölgüsü və
onların səmərəli qiymətləndirilməsi cəmiyyətin
inkişafında kifayət qədər mühüm rol
oynayır. Beləliklə, aydın görünür ki, əvvəlki
planlaşdırma iqtisadiyyatının
çatışmazlıqlarını aradan qaldıran yeni
iqtisadi sistemin yaradılması kifayət qədər mürəkkəb
prosesdir. Yeni iqtisadi sistemdə verilən
azadlıqlar isə yalnız qanunvericilik səviyyəsində
məhdudlaşmır. Burada əsas şərtlərdən
biri də rəqabət mühitinin formalaşmasına imkan
verən dərin institusional dəyişikliklər, ilk növbədə
mülkiyyət münasibətlərinin tamamilə yeni xarakter
almasıdır.
Konkret olaraq bir
ictimai-iqtisadi formasiyadan digərinə transformasiya zamanı
meydana çıxan sosial xarakterli problem və məsələlərin
həlli üçün üç əsas məqama diqqət
yetirilməsi önəmlidir. Bunlardan birincisi
liberallaşma və makroiqtisadi sabitlikdir. İlk
baxışda bunlar fərqli xarakterə malik problemlər kimi
görünsə də, tarix etibarı ilə hər zaman bir-biri
ilə ayrılmaz bağlılığa malik olublar. Digər məqam institusional məsələlərlə,
obrazlı şəkildə deyilsə, kommunizm dövründəki
"ümumxalq" monopolizminin xarabalıqlarında
inkişaf etmiş özəl mülkiyyət münasibətlərinin
yaradılması ilə bağlıdır. Nəhayət, üçüncü önəmli məsələ
iqtisadi yüksəlişin artım imkanları və
perspektivi ilə əlaqədardır. Postkommunist
cəmiyyətində təsərrüfat strukturlarının
köklü transformasiya zərurəti, industrial
iqtisadiyyatın postindustrial tələblərə
adaptasiyası kimi önəmli hallar sonuncu məsələnin
keçid dövründə xüsusi çəkisini daha da
yüksəldir. Ümumilikdə isə,
yeni formasiyaya keçid zamanı göstərilən hər
üç məsələnin birgə həlli vacib şərt
kimi çıxış edir, əks təqdirdə cəmiyyətdə
sosial zəmində problemlərin yaranması və dərinləşməsi
qaçılmazdır.
Postsosialist
transformasiyası çərçivəsində nəzərə
alınması vacib olan daha bir mühüm amil dünya təsərrüfatına
inteqrasiya ilə bağlıdır. Çünki
inkişafın əsas məqsədi kimi sosial rifahın
ön plana gəlməsi nəzərə alınarsa,
qloballaşan iqtisadiyyatın meyarlarının ölkə
reallıqları ilə uzlaşdırılması, onların
uğurlu vəhdətinin yaradılmasının nə qədər
vacib əhəmiyyətə malik olduğu özünü
daha qabarıq büruzə verər. Digər
tərəfdən dünya təsərrüfatına
inteqrasiya müasir şəraitdə iqtisadi və beləliklə,
sosial inkişafı şərtləndirən ən zəruri
hallardan biridir. Xatırlamaq kifayətdir ki,
sovet iqtisadiyyatının dünya bazarından süni təcridi
SSRİ sənayesinin və məhsulun texnoloji səviyyəsinə
görə dünya iqtisadiyyatından geridə qalmasında əsas
rol oynayırdı. Mərkəzləşdirilmiş
planlı iqtisadiyyat sistemində mahiyyət etibarı ilə
dövlət əsas "istehsalçı" kimi
çıxış edir, onun maraqları, hətta xalq
istehlakı mallarında belə özünü göstərə
bilmirdi. Sosialist
planlaşdırmasının paradiqması iqtisadi cəhətdən
qarşılıqlı əlaqədə olan bütün
subyektlərin maraqlarını nəzərə almaqdan
çox uzaq idi. Beynəlxalq əmək
bölgüsündən isə yerli müəssisələr
faydalana bilmirdi. Qapalı iqtisadiyyat xarici məhsullarla
rəqabət aparılmasına imkan vermədyindən
onların çeşidlərinin yaradılması, keyfiyyətinin
yüksəldilməsi kimi vacib amillər arxa plana keçirdi.
Müasir dünya təcrübəsi isə
göstərir ki, heç bir inkişaf etmiş ölkə
dünya iqtisadiyyatından izolyasiya olunmuş vəziyyətdə
deyil və bu, sosial məsələləri də özündə
ehtiva edir. Ən nəhayət sosial
tranzitologiya zamanı bir vacib cəhət də diqqətdən
yayınmamalıdır ki, dövlət sosial dəstəyin
çevik sistemini yaratmalı, kollekiv sövdələşmə
və özəl sektorun fəaliyyəti üçün
müvafiq hüquqi çərçivə
formalaşdırmalı, qanunvericilik institutlarını ərsəyə
gətirməli, qəbul edilmiş qanunlara riayət
olunmasını təmin etməlidir. Bir
sözlə, transformasiya prosesi obrazlı şəkildə belə
demək mümkündürsə, yol boyu hər kilometrində,
hər dayanacağında, hər mərhələsində
ölçülü-biçili, çox dəqiq və həssas
addımlar atılmasıdır. Məhz bu proses siyasi
terminologiyada tranzitoloji proses adlanır.
Sosial tranzitologiya dövlət quruculuğunun
mühüm amili kimi
Bütün
bunlar aydın göstərir ki, müasir bazar
iqtisadiyyatının qurulması, bu kontekstdə sosial
tranzitologiya prosesi uzun zaman və gərgin zəhmət tələb
edir. Təqdirəlayiq
və kifayət qədər sevindirici haldır ki, ikinci dəfə
dövlət müstəqilliyini əldə etməsindən cəmi
19 il keçməsinə rəğmən, iqtisadi sahədə
keçid dövrünü uğurla başa vuran Azərbaycan
sosialyönümlü bazar iqtisadiyyatı formalaşması
sahəsində böyük müvəffəqiyyətlər əldə
etmiş, ölkəmizdə əhalinin bütün təbəqələrinin
həyat səviyyəsinin
yaxşılaşdırılması məqsədilə
mümkün zəruri tədbirlər addım-addım
reallaşdırılmışdır. Belə
bir möhtəşəm nailiyyətin əldə
olunmasında əsas faktorlardan biri də lider amili ilə əlaqədar
olmuşdur.
1993-cü ildə
xalqının istəyinə uyğun olaraq ikinci dəfə
hakimiyyətə gələn ulu öndər Heydər Əliyev
milli dövlətçilik konsepsiyasının əsasını
qoymaqla, onun inkişafına təkan verdi,
ölkədə getdikcə gərginləşən iqtisadi və
siyasi böhranların qarşısı alındı, daxili
sabitlik təmin olundu. Yeni iqtisadi sistemə
keçid zamanı Azərbaycanın hansı modeldən
faydalanmasına dair müxtəlif fikirlər irəli
sürülsə də, Heydər Əliyev bazar münasibətləri
əsasında formalaşan sosialyönümlü milli
iqtisadiyyatın qurulmasını əsas strategiya kimi müəyyən
etmiş və Azərbaycan xalqının sosial
rifahının artırılmasını fəaliyyətinin
başlıca məqsədi kimi elan etmişdi.
Ümummilli
liderin həyata keçirdiyi uğurlu siyasət sayəsində
ölkədə planlı təsərrüfatdan bazar
iqtisadiyyatına müvəffəqiyyətlə keçid
prosesi başlanmış, bu zaman mülkiyyətin müxtəlif
formalarla həyata keçirilməsi, əmək şərtlərinin
müəyyən edilməsi, sosialyönümlülük
prinsipinin gözlənilməsi, yeni mülkiyyət münasibətlərinin
yaranması prosesi də xüsusi diqqət mərkəzində
yer almışdır. Akademik Ramiz Mehdiyev "İnkişafın Azərbaycan
modeli" kitabında yazdığı ön sözdə
bununla əlaqədar qeyd edir: "Azərbaycanın keçid
dövrünü uğurla başa vurması yalnız
zamanın tələbinə uyğun həyata keçirilən
çevik siyasət, vaxtında atılan addımlar, bu işləri
görə bilmək üçün tələb olunan lider
keyfiyyətləri sayəsində mümkün olmuşdur.
Kifayət qədər mürəkkəb tarixi siyasi şəraitdə
dövlət müstəqillyini əldə edən Azərbaycan
yalnız ümummilli lider Heydər Əliyevin xalqın təkidi
ilə hakimiyyətə qayıtmasından sonra həyata
keçirilən iqtisadi islahatlar, çoxvektorlu xarici siyasət
sayəsində sürətli sosial-iqtisadi inkişaf yoluna
çıxmış, dünya iqtisadi sisteminə
inteqrasiyanı təmin etmişdir".
Beləliklə,
ulu öndərin rəhbərliyi altında həqiqi dövlət
müstəqilliyinə qovuşan yeni, kövrək
addımlarını atan Azərbaycan özünün hədəflərini
düzgün müəyyən etmişdi. Bu hüquqi
aspektdə demokratik, iqtisadi aspektdə bazar münasibətlərinə
rəvac verən, sahibkarlığı və
çoxmülkiyyətçiliyi dəstəkləyən,
sosial aspektdə isə hər kəsin layiqli həyat səviyyəsini
təmin etməyi öhdəsinə götürən bir
dövlət ideyası idi. Qeyd edilən fonda
əhalinin sosial problemləri ön plana çəkilmiş,
onların həlli məqsədilə təxirəsalınmaz
tədbirlər görülmüşdür. Nəticədə
əhalinin sosial müdafiəsinin təşkili daha təkmil
xarakter daşımağa, həyat səviyyəsi ildən-ilə
yüksəlməyə başlamışdır.
Əhalinin sosial müdafiəsi
sahəsində qanunvericilik bazasının güclənməsi
istiqamətində ən mühüm addımlardan biri isə
Heydər Əliyevin rəhbərliyi altında hazırlanan,
Avropa dəyərlərinə, demokratiya və insan
azadlığına söykənən, 1995-ci ilin 12
noyabrında ümumxalq səsverməsi ilə qəbul olunan
müstəqil Azərbaycanın ilk Konstitusiyasında bu məsələnin
təsbit olunması idi. Konstitusiyanın
16-cı maddəsində deyilirdi ki, Azərbaycan dövləti
xalqın və hər bir vətəndaşın
rifahının yüksəldilməsi, onun sosial müdafiəsi
və layiqli həyat səviyyəsinin qayğısına
qalır. Bununla faktiki olaraq müəyyən
edilirdi ki, bütün inkişaf etmiş sivil dövlətlərdə
olduğu kimi iqtisadiyyat fərdin, şəxsin maddi, sosial, mənəvi
tələbatlarının ödənilməsinə istiqamətləndirilməlidir.
Bütün bunlar onu göstərirdi
ki, ulu öndərin rəhbərliyi altında sosialist Azərbaycanı
modern inkişaf yoluna qədəm qoymuş, hüquqi, demokratik
dövlətə transformasiya etmiş, sosial tranzitologiya
prosesində böyük müvəffəqiyyətlərə
imza atmışdır. Həyata keçirilən monetizasiya,
yoxsulluğun azaldılması siyasəti, bunlara paralel olaraq
mövcud sosial müdafiə sisteminin bazar iqtisadiyyatı şəraitinə
uyğunlaşdırılaraq keyfiyyətcə yenidən
qurulması, o cümlədən pensiya sisteminin beynəlxalq
normalara və inkişaf etmiş ölkələrin təcrübəsinə
əsaslanan islahatının aparılması, burada həmrəylikdən
fərdi uçota keçid, ünvanlı yardım, populist vədlərdən
uzaqlıq sosial siyasətin strateji istiqamətləri
sırasında yer alan amillər sırasında müəyyənləşdirilmişdir.
2001-ci ilin iyul ayından
etibarən, ümummilli liderin sərəncamı ilə təsdiq
edilmiş Azərbaycan Respublikasında Pensiya İslahatı
Konsepsiyası çərçivəsində aparılan
islahatların mahiyyətini təşkil edən
sığorta-pensiya və sosial yardım sistemlərinin
bir-birindən ayrılması, sığorta münasibətlərinə
əsaslanan pensiya sisteminin qurulması ifadə edilirdi. Bununla Azərbaycanın müasir və beynəlxalq
standartlara tam cavab verən sığorta-pensiya modeli ortaya
qoyulmuş, əhalinin sosial müdafiəsinə yönəlmiş
digər çoxsaylı proqramlar bu sahədə vəziyyəti
keyfiyyət etibarı ilə yeni mərhələyə
yüksəltmişdir. Digər tərəfdən
görülən işlər sayəsində Azərbaycanda
bütün zəruri dövlətçilik təsisatları
yaradıldı, hüquqi dövlət institutları, azad bazar
münasibətləri, fərdi sahibkarlıq prinsipləri əsasında
yeni iqtisadi sistemin baza institutları
formalaşdırıldı, baş verən dəyişikliklər
sosial mühitə və ictimai davranışa da ciddi surətdə
təsir göstərdi.
Modern dövlət quruculuğunda yeni tranzitoloji istiqamətlər
2003-cü ildən
etibarən isə ölkəmiz üçün milli
transformasiyanın yeni mərhələsi başlanmış,
mövcud sabit siyasi sistem daha sürətli tərəqqi mərhələsinə
çıxmış, iqtisadi strukturun intensiv
formalaşması prosesnə start verilmişdir. Ulu öndərin layiqli
siyasi varisi olan Prezident İlham Əliyevin həyata
keçirdiyi məqsədyönlü siyasət kütləvi
şüurun və cəmiyyətin sosiomədəni bazisinin mərhələlərlə
postindustrial dəyərlər və demokratik ənənələr
məcrasına transformasiyasına imkan yaratdı, milli tərəqqinin
sabitliyini və davamlılığını təmin etdi,
ölkəni beynəlxalq münasibətlərin obyektinə
yox, aparıcı subyektinə çevirdi. Eyni
zamanda Azərbaycanın dövlət
başçısının iqtisadi sferada həyata
keçirdiyi siyasətinin indi də özünü
qabarıq büruzə verən ən önəmli cəhətlərindən
biri hər zaman sosialyönümlülük faktorunun ön
plana çəkilməsidir. Bu mənada
Prezident İlham Əliyevin dövlət
başçısı kimi fəaliyyətə
başladıqdan sonra imzaladığı ilk fərman və sərəncamlar
sırasında ölkəmizin sosial-iqtisadi
inkişafının sürətləndirilməsinə dair tədbirlərin
xüsusi yer tutması tamamilə təbii xarakter
daşıyırdı. Digər tərəfdən
elmi-nəzəri, iqtisadi əsaslara söykənməsi, sosial
prioritetlərin düzgün müəyyənləşdirilməsi
cənab İlham Əliyevin bu sahədə həyata
keçirdiyi siyasətin səciyyəvi cəhətlərini
təşkil edirdi və etməkdədir.
Azərbaycan
Prezidentinin sosial-iqtisadi siyasətinin başlıca istiqamətlərindən
biri də regionların inkişafına xüsusi diqqətin
yetirilməsidir. Danılmaz həqiqətdir ki, ölkənin
regionlarında mövcud olan iqtisadi potensialdan tam və səmərəli
istifadə olunması, sosial-iqtisadi vəziyyətin
yaxşılaşdırılması və iqtisadiyyatın
tarazlı inkişafının təmin edilməsi infrastruktur
sahələrinin bərpası və genişləndirilməsinə,
yeni istehsal və emal müəssisələrinin, təhsil, səhiyyə,
idman-sağlamlıq, mədəniyyət obyektlərinin istifadəyə
verilməsinə səbəb olmuşdur.
2004-2008-ci illər
üçün nəzərdə tutulmuş Azərbaycan
Respublikasının regionlarının sosial-iqtisadi inkişafına
dair Dövlət Proqramının vaxtından əvvəl və
daha böyük həcmdə icra olunaraq uğurla başa
çatmasından sonra qəbul olunmuş ikinci Dövlət
Proqramının 2009-cu ildə icrasına
başlanılması qeyri-neft sektorunun inkişafına, yeni
iş yerlərinin açılmasına, müəssisələrin
yaradılmasına, bununla əhalinin məşğulluğunun
artırılmasına və yoxsulluğun azaldılmasına,
regionlarda kommunal, xidmət və sosial infrastruktur təminatının
həcmi və keyfiyyətinin yüksəldilməsinə,
iqtisadiyyata investisiya qoyuluşunun artmasına mühüm təkan
vermiş, bu istiqamətdə geniş imkanlar
açmışdır.
Hər iki sənəd
modern dövlət quruculuğunun tranzitoloji proseslərindən
bilavasitə xəbər verir. Birinci proqramın icrası zamanı
meydana çıxan önəmli hallardan biri də o oldu ki, bu
proses başlı-başına buraxılmadı, sənədə
vaxtaşırı əlavə və dəyişikliklər
edildi. Bu da tranzitoloji prosesin tənzimlənməsindən
və çevik idarə olunmasından xəbər verirdi.
Sonradan belə bir proqramın 2009-2013-cü illər
üçün qəbul olunması ölkədə sosial
transformasiyada tranzitoloji aspektlərə necə böyük
önəm verildiyinə bariz nümunədir. Bu da öz növbəsində Azərbaycanda sosial
siyasətin transformasiyasının uğurunu şərtləndirən
əsas cəhətlər sırasında yer alır.
Beləliklə,
qloballaşma prosesinin daha geniş vüsət
aldığı yeni əsrdə Prezident İlham Əliyevin rəhbərliyi
altında ölkəmiz sosial və iqtisadi inkişafı
obyektiv qanunauyğunluqları, mütərəqqi dünya təcrübəsini,
bazar iqtisadiyyatı prinsiplərini tamamilə özündə
əks etdirərək irimiqyaslı islahatlarla müşayiət
olunmaqla zamanın çağırışlarına cavab verən
növbəti və kifayət qədər sürətli
inkişaf mərhələsinə daxil olmuşdur.
Sosial-iqtisadi zəmində əldə edilən
uğurların daha da möhkəmlənməsinə yol
açan digər önəmli məqamlar sırasında
makroiqtisadi sabitliyin qorunub saxlanılması ilə
yanaşı, iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sahələrinin,
regionların inkişafının sürətlənməsinə
xidmət edən məqsədyönlü siyasəti, strateji
valyuta ehtiyatlarının səmərəli istifadəsinin təmin
olunmasını, milli valyutanın sabitliyini, bank sisteminin
etibarlılığının artırılmasını,
konservativ xarici borclanma strategiyasının həyata
keçirilməsini, sahibkarlığa dövlət dəstəyinin
gücləndirilməsini, əhalinin sosial rifahının
davamlı olaraq yaxşılaşmasını qeyd etmək
mümkündür.
Sadalananlar
kontekstində cənab İlham Əliyevin rəhbərliyi
altında həyata keçirilən modern sosial siyasət malik
olduğu konkret parametrlərlə diqqəti cəlb edir. Həmin parametrlərdən
bəhs edərkən burada əsas cəhətlərdən
biri kimi sosial müavinət sisteminin sığorta-pensiya
sistemindən ayrılması istiqamətində həlledici
addımların atılması, buna xidmət edən "Əmək
pensiyaları haqqında" və "Sosial müavinətlər
haqqında" Azərbaycan Respublikası qanunlarının qəbulu
oldu. 2006-cı il yanvarın 1-dən
qüvvəyə minən bu qanunlar ölkədə sosial
sferanın tamamilə yeni əsaslarla qurulmasına gətirib
çıxardı. Beləliklə, ölkəmizdə
yeni, beynəlxalq təcrübədə özünü
doğrultmuş üçpilləli struktura (baza,
sığorta və yığım hissələrindən
ibarət) əsaslanan əmək pensiyaları sistemi
formalaşdırıldı. 2005-ci il oktyabrın 21-də
dövlət başçısı aztəminatlı əhalinin
sosial müdafiəsinin daha da gücləndirilməsi məqsədilə
"Ünvanlı dövlət sosial yardımı
haqqında" imzaladığı qanun ölkənin aztəminatlı
təbəqəsinin maddi rifah halının yüksəlməsində
mühüm rol oynamağa başladı və ildən-ilə
bu yardımın verilmə mexanizmi daha da təkmilləşdirilir.
İqtisadiyyatın
sahəvi və coğrafi şaxələndirilməsi,
bunların konkret dövlət proqramları ilə təminatı
da Prezident İlham Əliyevin rəhbərliyi altında həyata
keçirilən sosial-iqtisadi siyasətin vacib məqamlarındandır. Dövlət
büdcəsində nəzərdə tutulan vəsaitlərin
son illərdə sosial müdafiə, elm, təhsil, səhiyyə
və digər sahələrdə qəbul edilmiş məqsədli
dövlət proqramlarının icrasına yönəldilməsi
də bunun real təsdiqidir. Həmçinin
o da mühüm cəhətdir ki, Prezident İlham Əliyevin
sosial siyasətində nəticəyə deyil, problemləri
yaradan səbəblərə qarşı mübarizəyə
diqqət yetirilir və bu səbəbləri aradan qaldırmaq
üçün tədbirlər həyata keçirilir,
müvafiq dövlət proqramları qəbul olunur. Problemlərə bu cür kompleks yanaşma,
onları doğuran səbəblərin aradan
qaldırılması mümkün neqativ nəticələrin
baş verməsinin də qarşısını alır.
Sosial məsələlərin həllində
xeyriyyəçilik ruhunun təşviq olunması da vacib rol
oynayır ki, bu kontekstdə Heydər Əliyev Fondunun fəaliyyəti
xüsusi qeyd edilməlidir.
Bütün bunlar onu göstərir
ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata
keçirilən sosial siyasətin əsas istiqamətləri vətəndaşların
ölkə Konstitusiyası ilə müəyyənləşdirilmiş
hüquq və azadlıqlarının təmin edilməsinə,
aztəminatlı vətəndaşların, o cümlədən
əlillərin sosial müdafiəsinin təşkil edilməsinə,
sosial yardım sistemində ünvanlılıq prinsiplərinin
gücləndirilməsinə və cəmiyyətdə
mövcud olan sosial münasibətlərin tənzimlənməsinə
yönəldilmişdir.
Yeni əsrin ilk dekadasından uğurla ikinci dekadasına
doğru
Artıq başa çatmaqda
olan XXI əsrin ilk dekadası isə Azərbaycanın yeni
tarixinə iqtisadi sahədə keçid dövrünün
sona yetməsi ilə yanaşı, sosial sferada sürətli
yüksəliş, eyni zamanda digər sahələr üzrə
də dinamik inkişaf, ölkəmizin beynəlxalq hüquq məkanının
daha güclü, müstəqil subyektinə çevrilməsi
ilə yazılmışdır. Bu on il ərzində
iqtisadi müstəqilliyini daha da gücləndirən Azərbaycan
dayanıqlı və dinamik iqtisadi artımını təmin
edə bilmiş, sosial rifahın əhəmiyyətli dərəcədə
yüksəlməsinə nail olmuşdur. Bu məqsədlə
iqtisadiyyatın sahəvi və coğrafi şaxələndirilməsi
siyasəti uğurla davam etdirilmiş, özəl
sahibkarlığın, kiçik və orta biznesin
inkişafında keyfiyyətcə yeni mərhələ
açılmış, rəqabət mühiti təmin
olunmuş, vətəndaşların layiqli həyat səviyyəsinə
zəmin verəcək məqbul gəlirləri təmin edən
iş yerlərinin açılması iqtisadi inkişafın əsas
parametrlərindən birini təşkil etmişdir. Ərzaq təhlükəsizliyinin təminatı sahəsində
mühüm nailiyyətlərə imza atılmış,
idxaldan asılılıq əhəmiyyətli dərəcədə
azaldılmış, ixrac potensialı davamlı olaraq
genişləndirilmişdir. Bu zaman cəmiyyət,
ailə və hər bir vətəndaşın sosial
rifahının mütəmadi qaydada yüksəlməsi, insan
kapitalının inkişafı əsas diqqət mərkəzində
olmuşdur. Təsadüfi deyil ki, ölkəmizdə
insanların fiziki, mənəvi, sosial tələbatlarının
təminatının ildən-ilə yaxşılaşması
beynəlxalq səviyyədə də yüksək qiymətləndirilmiş,
Azərbaycan insan inkişafı indeksinə görə də
dünya üzrə böyük müvəffəqiyyətlərə
imza atmış dövlətlərdən biri kimi göstərilmişdir.
Ümumiyyətlə, insan inkişafı indeksinin orta illik
tempinə görə Azərbaycan keçmiş Sovet
İttifaqı ölkələri arasında son 10 il ərzində aparıcı dövlət kimi
qəbul olunur. BMT İnkişaf Proqramının 2010-cu il
İnsan İnkişafı Hesabatından da aydın
görünür ki, Azərbaycan bu istiqamətdə hətta
dünya üzrə qabaqcıl sayılan iki dövləti -
Çin və Hindistanı da arxada qoymağa müvəffəq
olmuşdur. Cari ilin noyabr ayında açıqlanmış və
Bakıda təqdimatı keçirilmiş hesabatdan aydın
olur ki, son 5 ildə Azərbaycan insan inkişafı sahəsində
ən sürətli irəliləyişə imza atan ölkə
kimi çıxış edir və bunun nəticəsidir ki,
2005-ci ildə 101-ci yerdə olan Azərbaycan 2010-cu ildə
67-ci yerə yüksəlmişdir. Ölkəmiz 2000-2010-cu illər
arasında postsovet məkanında insan inkişafı indeksinə
görə illik 1,77 artım dərəcəsi
ilə ən yüksək göstəriciyə nail
olmuşdur. Nəticədə Azərbaycan
"orta insan inkişafı" qrupu ölkələrini tərk
edərək, "yüksək insan inkişafı"
ölkələri kateqoriyasına daxil edilmişdir.
Əldə
edilmiş nailiyyətlər son hədəf
olmadığından Prezident İlham Əliyev tərəfindən
qarşıya Azərbaycanın inkişaf etmiş ölkələr
sırasına daxil olması, bütün sahələr
üzrə dayanıqlı tərəqqinin qorunub saxlanması
kimi mühüm vəzifələr qoyulmuşdur. Bu məqsədlə
sosial sferada da qarşıdakı dövr ərzində təbii
olaraq yeni islahatlar aparılacaq. Bu islahatların ilk
növbədə ünvanlı yardım sahəsini, müavinətlərin
verilməsi zamanı bunun ələ baxımlılığa
gətirib çıxarmamsı üçün yeni
üsulların tətbiqini, gənc ailələrin sosial
müdafiəsinin gücləndirilməsini, Azərbaycan
regionlarının, o cümlədən kəndlərin daha
sürətli inkişafını, işə götürənlərin
hüquqlarına dair biliklərin artırılmasını və
bu qəbildən olan digər önəmli məqamları əhatə
edəcəyi nəzərdə tutulur. Eyni
zamanda tibbi sığortanın tətbiqinin genişlənməsi,
pasientin hüquqlarının qorunması, ailə həkimi,
bioetika haqqında qanunun qəbulu və digər bu kimi məsələlər
də sosial islahatların yeni əsas hədəfləri
sırasında yer alır. Bütün
bunlar həm də cəmiyyətdə sosial ədalət
prinsiplərinin gözlənilməsi baxımından vacib rol
oynayır. Akademik Ramiz Mehdiyev
"İnkişafın Azərbaycan modeli" kitabında
yazdığı ön sözdə qeyd etdiyi kimi, sosial ədalət
bazar iqtisadiyyatı anlayışının təbiətinə
xas olan bərabərsizliyin mənfi fəsadlarının və
iqtisadi sistemin çatışmazlıqlarının aradan
qaldırılmasına kömək edir.
Bu vaxta qədər
isə ölkəmizdə sürətli inkişafa xidmət
edəcək möhkəm bazanın
formalaşdırılması qarşıdakı dövr ərzində
Azərbaycanın qət edəcəyi tərəqqi yolunun, o
cümlədən sosial rifahın yüksəlişinin yenə
möhtəşəm uğurlarla müşayiət
olunacağını, ölkəmizin daha böyük nailiyyətlərə
imza atacağını qətiyyətlə deməyə əsas
verir.
Hadi RƏCƏBLİ,
Milli Məclisin Sosial siyasət komitəsinin sədri,
siyasi elmlər doktoru,
professor
Azərbaycan.- 2010.- 30 dekabr.- S. 8.