Müdriklik zirvəsində
Tanınmış
dövlət və elm xadimi, nüfuzlu pedaqoq, texnika elmləri
doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının
həqiqi üzvü, əməkdar elm xadimi İsmayıl Əli
oğlu İbrahimovun 95 illik şərəfli ömür yolu
elmə, təhsilə xidmətin ən bariz nümunəsidir.
O, İkinci Dünya müharibəsi veteranı, SSRİ
Dövlət mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı,
Prezident təqaüdçüsüdür.
İ.İbrahimov 1915-ci
il dekabrın 31-də keçmiş Naxçıvan
quberniyasının (indi Naxçıvan Muxtar Respublikası)
Ordubad şəhərində anadan olmuşdur. Atası Əli
kişi 1918-ci ildə millətlərarası münaqişələr
zamanı həlak olmuş, ailəni anası
dolandırmışdır.
Yerli məktəbdə dördüncü sinfi bitirdikdən sonra İ.İbrahimov Bakıya gəlir və bir müddət böyük qardaşının himayəsində yaşayır. Ümumtəhsil məktəbində altı il oxuduqdan sonra N.Nərimanov adına Sənaye Texnikumunun mexanika fakültəsinə daxil olur, eyni zamanda ictimai işə qoşulur - texnikumun həmkarlar ittifaqı komitəsinin sədr müavini seçilir. İ.İbrahimovun əməksevərliyi diqqətdən yayınmır və o, tələbə ikən texnikumun istilik laboratoriyasında, əməkhaqqı ödənilməklə laborant vəzifəsinə təyin edilir. Burada ilk dəfə nəzarət-ölçü cihazları ilə tanış olur. L.Krasin adına elektrik stansiyasındakı istehsalat təcrübəsi ona nəzəri biliklərini sənaye şəraitində sınaqdan keçirməyə imkan yaradır. Texnikumda təhsilini "Dəyişən yüklərdə daxiliyanma mühərriklərinin faydalı iş əmsalının tədqiqi" mövzusunda diplom işini yazmaqla başa vurur. 1935-ci ildə M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutuna oxumağa göndərilir. Ümumi texniki fakültənin ikinci kursunu bitirdikdən sonra o, istilik texnikası ixtisası üzrə energetika fakültəsinə qəbul edilir. Dördüncü kursda ixtisaslaşma zamanı nəzarət-ölçü cihazları ixtisasını seçməsi onun sonrakı fəaliyyət yolunu müəyyən edir. İstər tədris prosesi çərçivəsində, istərsə də öz şəxsi təşəbbüsü ilə dəfələrlə elektrik stansiyasında olarkən İsmayıl İbrahimov özü üçün çox mühüm bir nəticə çıxarır: elektrik stansiyalarının işinin səmərəliyinin yüksəldilməsinin mühüm ehtiyat mənbəyi onun aqreqatlarının idarəetmə prosesinin avtomatlaşdırılmasıdır və mazut yandırılan qazan aqreqatlarının avtomatik idarə edilməsi problemi onu bilavasitə cəlb edir. Elektrotexnika və Ümumittifaq İstilik Texnikası elmi-tədqiqat institutlarında, Sankt-Peterburq Qazan-Turbin İnstitutunda, həmin problemlər ilə məşğul olan Xarkovun "Teploavtomat" zavodunun layihə-konstruktor bürosunda diplomqabağı təcrübə keçməsi "Mazut yandırılan qazanların avtomatik tənzimlənməsi" mövzusunda diplom işini yazmağa və müvəffəqiyyətlə müdafiə etməyə imkan yaradır. İ.İbrahimov 1941-ci ildə Azərbaycan Sənaye İnstitutunu nəzarət-ölçü cihazları və avtomatika ixtisası üzrə bitirərək bu sahədə ilk ali təhsilli azərbaycanlı mütəxəssis olmuşdur. Burada təhsilini başa vurduqdan sonra o, Azərenerji Mərkəzi İstehsalat-Tədqiqat laboratoriyasında böyük mühəndis vəzifəsində işlə təmin edilir və eyni zamanda Azərbaycan Sənaye İnstitutunda ixtisasartırma kursunda müəllim kimi çalışır. Lakin çox qısa bir müddətdən sonra iş yerində - Krasin adına Elektrik Stansiyasında İkinci Dünya müharibəsinin başlanması xəbərini eşidir və onun sovet ordusu sıralarında xidməti başlayır. Nəzarət-ölçü cihazları (NÖC) və avtomatika üzrə mütəxəssis kimi onu S.M.Budyonnı adına Sankt-Peterburq Hərbi Elektrotexniki Rabitə Akademiyasındakı "Hava müdafiəsi, informasiya və rabitə" ixtisası üzrə qısamüddətli kurslara göndərirlər. Kursları bitirərək İ.İbrahimov kiçik leytenant rütbəsi alır və döyüşən ordu sıralarına göndərilir. Cəbhədə o, özünü həm yüksək ixtisaslı mütəxəssis, həm də bacarıqlı komandir kimi göstərir və il yarımlıq müddət ərzində taqım komandiri vəzifəsindən əlahiddə batalyon komandirliyinə qədər yüksəlir. İsmayıl İbrahimov müharibənin axırınadək cəbhədə olmuş, 77-ci Azərbaycan alayının tərkibində xidmət etmişdir.
Müharibə qurtardıqdan sonra 1946-cı ildə zabit kimi ordu sıralarından tərxis olunur və həmin ildən Azərbaycan Sənaye İnstitutunun nəzarət-ölçü cihazları kafedrasında baş laborant işləməyə başlayır. 1947-ci ildən başlayaraq həmin kafedrada assistent, NÖC və avtomatika üzrə ilk azərbaycanlı müəllim kimi çalışır. 1946-1947-ci illər ərzində Krasnovodsk neft emalı zavodunun o dövrdəki ən müasir ölçmə cihazları və avtomatlaşdırma vasitələrinin nəhəng arsenalını öyrənə bilməsi alimin bu sahədə respublikada aparıcı mütəxəssis kimi formalaşmasına kömək edir. Həmin zavod ABŞ tərəfindən "lend-liz" üzrə tikilmişdi. Məhz bu dövrlərdən də onun fəal elmi-tədqiqat fəaliyyəti başlayır. Yeni ölçmə prinsipləri əsasında ölkəmizdə cihazların hazırlanmasına və sənayedə tətbiqinin labüdlüyünə əmin olaraq o, 1952-ci ildə "Elektron potensiometrlərin tədqiqi" mövzusunda dissertasiya işini müdafiə edərək texnika elmləri namizədi elmi dərəcəsini alır. Müəllifin nəzəri və təcrübi tədqiqatlardan əldə etdiyi nəticələr ölçü cihazlarının yaradılmasında istifadə edilmiş və 1954-cü ildə çapdan çıxmış "Neft emalında elektron nəzarət və tənzimləmə cihazları" adlı monoqrafiyasında öz əksini tapmışdır.
Bu dövrdə onun elmi tədqiqatları idarəetmə elementlərinin və sistemlərin işlənməsi problemlərini kifayət qədər geniş və dərindən əhatə edə bilmişdi. Onun bir sıra işləri temperatur, təzyiq və maye qaz və buxar sərfinin ölçülməsi, onlara nəzarət edən cihazların qurulması üsullarına, həmçinin avtomatik tənzimləyicilərin və cihazların hesablanmasına həsr edilmiş, onun rəhbərliyi altında çoxlu miqdarda neft məhsullarının böyük həcmdə qeydiyyatı üçün avtomat hesablayıcı hazırlanmışdır. Bu tədqiqatların nəticələri 1959-cu ildə nəşr edilmiş "Kimya və neft emalı sənayesində nəzarət və tənzimləmə cihazları" adlı monoqrafiyada öz əksini tapmışdır.
Sənaye avtomatik idarəetmə sistemlərinin yaradılmasında meydana çıxan ən mühüm problemlərdən biri keyfiyyətin texnoloji parametrlərinin avtometriyası hesab edilir. Bununla əlaqədar iki böyük məsələ ortaya çıxır: yeni avtomatik keyfiyyət analizatorunun işlənib hazırlanması və ölçü komplekslərinin işlənməsi, keyfiyyət göstəricisi-hesablama maşını dövrəsinin qurulması. 1962-ci ildən başlayaraq İ.İbrahimovun bir sıra işləri bu məsələlərin tədqiqinə həsr olunmuşdur. Xalq təsərrüfatı üçün böyük əhəmiyyətini nəzərə alaraq qaz məsrəfi vericilərinin məlumatlarının işlənməsinin dəqiq metodikası, qaz axınlarının hesablanması və onlara nəzarət edilməsinin mərkəzləşmiş sistemi hazırlanmışdır. Bu mövzu üzrə tədqiqatların nəticələri 1962-ci ildə nəşr olunmuş "İstilik nəzarəti və avtomatik tənzimləyici cihazların yoxlanması və nizamlanması" monoqrafiyasında öz əksini tapmışdır.
Tanınmış alimin elmi-pedaqoji fəaliyyəti həmişə nəzarət-ölçü cihazları kafedrasındakı müəllimliyi və elmi tədqiqatları ilə sıx bağlı olmuşdur. Sonralar həmin kafedra "İstehsal proseslərinin avtomatlaşdırılması" adlandırılmışdır. Burada o, baş laborantdan başlayaraq assistent (1947-1948), bas müəllim (1948-1954), dosent, professor, kafedra müdirliyinədək (1954-1988) inkişaf yolu keçmişdir. İsmayıl müəllimin rəhbərliyi altında kafedranın maddi-texniki bazası möhkəmlənmiş, onun nəzdində problem laboratoriya yaradılmış, elmi-pedaqoji əlaqələri genişlənmişdir.
Ordudan tərxis olunduqdan sonra dərhal doğma Sənaye İnstitutuna qayıdan hərbi zabit, müəllimliklə yanaşı, kollektivin ictimai-siyasi həyatına da fəal qoşulur. Cəbhədə qazandığı idarəetmə təcrübəsi ona əvvəlcə ilk partiya təşkilatı katibinin müavini (1946), institut partiya komitəsi katibinin müavini (1947-1950) və institut partiya komitəsinin katibi (1950-1952, 1954-1959) seçilməsinə gətirib çıxarır. Bu illər ərzində böyük elmi-pedaqoji və ictimai-siyasi iş aparan İ.İbrahimov ali təhsilin təşkilatçısı kimi də formalaşır. 1960-cı ildə o, M.Əzizbəyov adına Neft və Kimya İnstitutunun rektoru təyin olunur.
Nüfuzlu alimin istedadı və təşkilatçılıq qabiliyyəti rektor kimi özünü daha aydın göstərir. O, ali məktəbin bacarıqlı islahatçısı kimi yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasını tədris prosesinin elmi-texniki təminatı ilə sıx əlaqələndirir, respublika EA-nın institutlarının görkəmli alimlərinin və istehsalatda çalışan mütəxəssislərin tədris prosesinə cəlb edilməsinə xüsusi önəm verir. İ.İbrahimovun rektor kimi yorulmaz səyi və məqsədyönlü fəaliyyəti nəticəsində təhsil ocağı keçmiş sovetlər ittifaqının və dünyanın aparıcı neft institutlarından birinə çevrilir. Heç də təsadüfi deyildir ki, həmin dövrdə SSRİ miqyasında ilk dəfə olaraq ali məktəb təcrübəsində neft və neft-kimya təmayüllü ali məktəblərarası tədris-metodik şura yaradılır və İ.İbrahimov 1961-ci ildən 1988-ci ilədək həmin şuraya sədrlik edir. O, həmçinin Ümumittifaq "Neft və qaz" jurnalının baş redaktoru da olmuşdur.
1968-ci ildə o, "Neft emalı və neftkimya proseslərinin avtomatik nəzarət, tənzimlənmə və idarə olunması" mövzusunda dissertasiya işini müdafiə edərək texnika elmləri doktoru elmi dərəcəsini alır və elə həmin ildə Azərbaycan EA-nın müxbir üzvü seçilir.
İdarəetmə sahəsində yüksək təcrübəsi olan İ.İbrahimov 1970-ci ildə Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə irəli çəkilir. Bu vəzifədə o, respublikada elektron, radio və cihazqayırma sahələri üzrə istehsalat müəssisələrinin və yeni elmi-tədqiqat institutlarının yaradılmasında fəal iştirak edir, respublikada sənayenin neft emalı, kimya sahələrinin inkişafında, Azərbaycan energetika kompleksinin, maşınqayırmanın qabaqcıl dünya təcrübəsinə uyğun müasirləşməsində və səmərəliyinin artırılmasında öz bilik və bacarığını əsirgəmir. Müasir hesablama texnikası vasitələrinin və riyazi üsulların tətbiqi əsasında xalq təsərrüfatının idarə edilməsi üzrə komissiyanın sədri kimi İ.İbrahimov respublikada xalq təsərrüfatının kompüterləşdirilməsinin əsasını qoymuşdur. Onun rəhbərliyi altında optimal idarəetmə nəzəriyyəsi və bilavasitə rəqəmli idarəetmə əsasında neft emalı sənayesində texnoloji komplekslərin və proseslərin, o cümlədən ELOU AVT qurğusunun yüksək səmərəiliyə malik avtomatlaşdırılmış idarə sistemləri yaradılmışdır.
İ.İbrahimov neft emalı və neft kimyasının konkret proseslərinin avtomatlaşdırılmasını daha dərindən tədqiq etmişdir. Fasiləsiz istehsalın səmərəliyinin artırılması problemlərinə həsr olunmuş tədqiqatların nəticələri onun "Tam olmayan informasiya şəraitində neft emalı proseslərinin planlaşdırılması üsulları və modelləri" adlı monoqrafiyasında ümumiləşdirmişdir.
Həmin dövrlərdən başlayaraq kompüterləşmə və informasiyalaşdırma problemlərinin tədqiqi və tətbiqinə verdiyi önəm bu gün də İ.İbrahimovun elmi, təşkilati, pedaqoji və ictimai fəaliyyətində istiqamətverici yer tutur. O, sonrakı illərdə (1978-1988) Azərbaycan Neft və Kimya İnstitutunun yenidən rektoru işləyərkən bu sahədə yüksək ixtisaslı kadrların hazırlanmasına xüsusi diqqət yetirmişdir. 1981-ci ildə ona Azərbaycan Respublikasının əməkdar elm xadimi adı verilmişdir.
1983-cü ildə akademik bir qrup alim və mütəxəssislə birlikdə "İstehsalatın səmərəliyini yüksəltmək üçün idarəetmə və informasiya sistemlərinin hazırlanması və tətbiqi" adlı işə görə elm və texnika sahəsində SSRİ Dövlət mükafatına layiq görülmüşdür.
Alimin rəhbərliyi altında informasiyanın qıtlığı şəraitində iritonnajlı etilen istehsalatının riyazi modelləri və operativ idarəedilməsi ilə əlaqədar tədqiqatlar aparılmış, determenik və qeyri-səlis şəraitdə işləyən qeyri-stasionar reaktor kompleksinin operativ planlaşdırılmasının və optimal idarəedilməsinin riyazi modellər kompleksi işlənib hazırlanmışdır.
Apardığı elmi tədqiqatların nəticələri barədə İ.İbrahimov müntəzəm olaraq beynəlxalq elmi məclislərdə, konfranslarda, simpoziumlarda, o cümlədən avtomatik idarəetməyə (Odessa, Batumi, Helsinki), neftə (Moskva, Tokio, Mexiko, London, Buxarest), qaza (Toronto, London, Lozanna) həsr olunmuş konqreslərdə məruzə etmişdir. 1986-cı ildə ona Sosialist Əməyi Qəhrəmanı adı verilmişdir.
Görkəmli tədqiqatçı 200-dən artıq çap edilmiş elmi əsərin, o cümlədən 20-dən artıq monoqrafiya, dərslik, elmi-metodiki və tarixi kitabların müəllifidir. Onun rəhbərliyi altında çoxlu sayda elmlər namizədi və doktoru hazırlanmışdır.
İ.İbrahimov 1980-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir. 1997-ci ildən bu günə kimi Kibernetika İnstitutunun və İnformasiya Texnologiyaları İnstitutunın baş elmi işçisidir.
1975-ci ildən Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin "Kibernetikanın kompleks problemləri" üzrə Şurasının, hazırda respublika Elmi Tədqiqatları Əlaqələndirmə Şurasının "Kibernetika, infomasiya texnologiyaları və texnika problemləri" Problem Şurasının sədridir.
Akademik İ.İbrahimov Azərbaycan Respublikasının və bir sıra xarici dövlətlərin orden və medalları, mükafatları ilə ilə təltif olunmuşdur. 2005-ci ildə Azərbaycan Respublikasının sosial, ictimai və mədəni həyatında böyük xidmətlərinə görə ona Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilmişdir.
Son illər ərzində akademik İ.İbrahimov ölkəmizdə müasir kibernetika və informasiya texnologiyalarının geniş tətbiqinə yönəlmiş kompleks tədbirlərin hazırlanması ilə bağlı elmi-təşkilati işlərə rəhbərlik edərək bu sahədə elmi-tədqiqat planlarının tərtibi, kadr hazırlığı, beynəlxalq elmi əlaqələrin inkişafı, konfransların və simpoziumların təşkili kimi cari və uzunmüddətli plan və layihələrin icrasına önəmli töhvə verir.
Akademik əvvəlki kimi indi də ictimai işlərlə məşğul olur. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə sədr təyin olunduğu və 1988-ci ildən indiyədək ictimai əsaslarla rəhbərlik etdiyi Azərbaycan Uşaq Fondu kimsəsiz uşaqların təhsili, tərbiyəsi və digər problemləri ilə məşğul olur. O, eyni zamanda Uşaq Fondları Beynəlxalq Assosiasiyasının vitse-prezidentidir. Bu günlərdə İ.İbrahimov Assosiasiyanın ən ali mükafatına - "Qızıl medal"a layiq görülmüşdür. İsmayıl müəllim habelə İkinci dünya müharibəsi Veteranlar Şurası Rəyasət Heyətinin üzvüdür. Həyatının 95 illik müdriklik zirvəsində də akademik İsmayıl İbrahimov yorulmadan çalışır, ictimai problemlərin həllində fəal iştirak edir.
Mahmud KƏRİMOV,
AMEA-nın prezidenti,
Akademik
Azərbaycan.- 2010.- 30 dekabr.- S. 15.