Prezident İlham Əliyevə
"Jurnalistlərin dostu" mükafatı təqdim
olunmuşdur
Xəbər verdiyimiz
kimi, dekabrın 29-da "Gülüstan" sarayında Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevə
"Jurnalistlərin dostu" mükafatının təqdim
olunması mərasimi keçirilmişdir.
Mərasim Azərbaycanın
dövlət himninin səslənməsi ilə başladı.
Azərbaycanın mətbuat
tarixinə qısa nəzər salındı.
"RUH" Azərbaycan
Jurnalistləri Müdafiə Komitəsi idarə heyətinin
üzvü, Mətbuat Şurasının sədri Əflatun
Amaşov "Jurnalistlərin dostu" mükafatının əsasnaməsi
və mükafatın laureatının müəyyən edilməsi
ilə bağlı bu il keçirilən sorğunun nəticələri
barədə məlumat verərək dedi:
- Möhtərəm cənab
Prezident, hörmətli Mehriban xanım, əziz qonaqlar, sizləri
"Jurnalistlərin dostu" mükafatının təqdimatı
mərasimində görməkdən məmnunluq duyur, hər
birinizə "Xoş gəlmisiniz" deyirik. Bugünkü mərasimimizin
əlamətdar günlərə təsadüf etməsi
xoş ovqatımıza bayram əhval-ruhiyyəsini də əlavə
etmişdir. İcazə verin, sizləri Dünya Azərbaycanlılarının
Həmrəylik Günü və Yeni il münasibətilə
ürəkdən təbrik edim, hər birinizə xoş
arzularımızı yetirim.
"RUH" Azərbaycan
Jurnalistləri Müdafiə Komitəsi
gördüyünüz bu mükafatı 1997-ci ildə təsis
etmişdir. Jurnalistlərlə dövlət məmurlarını,
ictimai-siyasi xadimləri dostluğa, sıx əməkdaşlığa
səsləyən göyərçin onun daimi simvoludur. Dəyişən
isə illərə bələdçilik edən rəqəmlərdir.
"Jurnalistlərin dostu" mükafatı medianın
inkişafında, onun demokratik təsisat kimi
formalaşmasında müstəsna xidmətləri olan şəxslərə,
ictimai-siyasi və dövlət xadimlərinə verilir. Qaliblər
"RUH"un kütləvi informasiya vasitələri və
jurnalist təşkilatları arasında keçirdiyi sorğu
vasitəsilə müəyyənləşdirilir.
Hörmətli mərasim
iştirakçıları, bu gün biz buraya 2010-cu ilin
qalibini təbrik etməyə toplaşmışıq. Qalibi
müəyyən etmək üçün bu il dekabrın 1-dən
20-dək keçirilən sorğuda 30 gündəlik, 19 həftəlik
qəzet, 13 jurnalist təşkilatı, 11 informasiya agentliyi, 8
xəbər portalı, 7 telekanal, 3 radio və 2 jurnal
iştirak etmişdir. Bütövlükdə sorğu 30 minə
yaxın media nümayəndəsinin rəyini ümumiləşdirmişdir.
Nəticələrə əsasən, mediaya verdiyi dəyərə
və bütövlükdə kütləvi informasiya vasitələrinə
diqqətə görə Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyev 81 faiz səslə birinci
yerə layiq görülmüşdür. İkinci və üçüncü
yerləri "Azercell Telekom" MMC-nin prezidenti Əli
Ağan, rabitə və informasiya texnologiyaları naziri Əli
Abbasov bölüşüblər. Hər üç qalibi təbrik
edirik.
2010-cu ildə jurnalistikamızın həyatı əlamətdar hadisələrlə zəngin olub. Cənab Prezident, mətbuatımızın 135 illik yubileyi münasibətilə imzaladığınız sərəncama əsasən, Bakıda və bölgələrdə çoxsaylı tədbirlər keçirilmişdir. Təqribən 40 KİV-in hər birinə birdəfəlik yardımlar edilib ki, bunun da ümumi məbləği 1 milyon manata yaxındır. Dövlətimizin başçısının sərəncamları ilə 100-dən çox media təmsilçisi "Əməkdar jurnalist", "Əməkdar mədəniyyət işçisi" fəxri adlarına layiq görülmüş, "Tərəqqi" medalı ilə təltif edilmişdir. İki məsələnin üzərində xüsusilə dayanmaq istərdim. Azərbaycan Mətbuat Şurası müasir tələblərə cavab verən inzibati bina ilə təmin edilmişdir. Jurnalistlərimizin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə Prezident Sərəncam imzalamışdır. Bunun sayəsində çoxsaylı media təmsilçiləri yeni mənzillərlə təmin olunacaqlar. Təbiidir ki, bütün bunlar 2010-cu ilin qalibinin seçiminə təsirsiz ötüşə bilməzdi.
Möhtərəm cənab Prezident, Siz "Jurnalistlərin dostu" müsabiqəsinin yeni qalibisiniz. Media təmsilçilərimiz Sizi həmişə özlərinin dostu biliblər, bu mükafatla isə onu, sadəcə olaraq, rəsmiləşdiriblər. Təqdimata başlamazdan əvvəl "Jurnalistlərin dostu" mükafatının laureatı ümummilli liderimiz Heydər Əliyevin sözlərini xatırlamaq yerinə düşərdi. Ulu öndər "Jurnalistlərin dostu" mükafatını qəbul edərkən demişdi: "Mən bu mükafatı çox yüksək qiymətləndirirəm. Təbiidir ki, mən çox mükafatlara layiq görülmüşəm. Ancaq bu mükafatın xüsusi yeri var. Çünki aldığım mükafatların əksəriyyəti dövlət mükafatlarıdır. Amma bu, jurnalistlər tərəfindən verilən mükafatdır".
Cənab Prezident, əminik ki, Sizə təqdim edəcəyimiz bu mükafat mükafatlar kolleksiyanızda layiqli yerini tutacaq və Siz də daim jurnalistlərin dostu olaraq qalacaqsınız.
Ənənəmizə görə təqdimatdan sonra qalib özünün media ilə bağlı fikir və mülahizələrini bölüşür.
Xahiş
edirik, cənab Prezident, fəxri kürsüyə
buyurasınız.
* * *
Sonra mükafat Prezident
İlham Əliyevə təqdim edildi.
Dövlətimizin
başçısı mərasimdə nitq söylədi.
Azərbaycan.- 2010.- 31 dekabr.- S.
1.