Əbülfəz Qarayev adına 2 saylı Klinik Uşaq Xəstəxanasının əsaslı
təmir və yenidənqurmadan sonra açılışı olmuşdur
Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir
Dekabrın 30-da Bakıda Əbülfəz Qarayev adına 2 saylı Klinik Uşaq Xəstəxanasının əsaslı təmirdən və yenidənqurmadan sonra açılışı olmuşdur.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak etmişlər.
Xəstəxananın kollektivi
ilə görüşən
Prezident İlham ƏLİYEV
dedi:
- Bayramınız mübarək olsun. Sizi qarşıdan gələn bütün bayramlar münasibətilə ürəkdən təbrik edirəm. Bu il Azərbaycanda səhiyyə sisteminin təkmilləşməsi sahəsində çox böyük işlər görülüb, 50-yə yaxın səhiyyə müəssisəsi tikilib, ya da təmir olunub. Bu işlər Azərbaycanda geniş vüsət alıbdır və son illər ərzində bu sahədə əsaslı dönüş yaradılmışdır. Yeni il ərəfəsində artıq ikinci xəstəxanadır ki, əsaslı təmirdən sonra açılır. Bir neçə gün bundan əvvəl Cərrahiyyə Mərkəzinin açılışında iştirak etmişəm. Bu gün uşaq xəstəxanasının açılışında iştirak edirəm. Çox şadam ki, bayramlar ərəfəsində biz bu gözəl işləri bir yerdə qeyd edirik. Bilirsiniz ki, bu məsələlərə Azərbaycanda böyük diqqət göstərilir. Bakıda, ölkəmizin bütün bölgələrində müasir diaqnostika, müalicə mərkəzləri, rayon xəstəxanaları, poliklinikalar tikilib və onların hamısı yüksək standartlara cavab verir. Əsas məsələ bundan ibarətdir. Şərait yaxşı olmalıdır, müasir avadanlıq olmalıdır və əlbəttə ki, xəstələrə yaxşı tibbi xidmət göstərilməlidir, xüsusilə uşaqlara. Bu xəstəxananın özəlliyi ondan ibarətdir ki, bu xəstəxana ölkə miqyasında tanınır və gözəl tarixi, çox yaxşı reputasiyası vardır və burada uşaqların sağlamlığı qorunur. Uşaqlar bizim gələcəyimizdir, uşaqlar bizim həyatımızdır. Hamımız uşaqları sevirik və istəyirik ki, uşaqlar, Azərbaycan vətəndaşları uşaqlıq illərindən sağlam olsunlar. Mən bu gözəl hadisə münasibətilə sizi bir daha ürəkdən təbrik etmək istəyirəm, sizə yeni ildə uğurlar, cansağlığı, xoşbəxtlik arzulayıram.
Sonra dövlətimizin başçısı və xanımı Mehriban Əliyeva xəstəxanada aparılmış yenidənqurma işləri ilə tanış oldular.
Səhiyyə naziri Oqtay Şirəliyev Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevaya məlumat verdi ki, respublikamızda bütün sahələrdə olduğu kimi, səhiyyə sistemində də islahatlar uğurla reallaşdırılır. Ötən illərdə çoxlu sayda tibb müəssisələri tikilib istifadəyə verilmiş, mövcud səhiyyə ocaqları ən müasir standartlara uyğun olaraq yenidən qurulmuşdur.
Cari ilin noyabr ayında 50 illik yubileyi qeyd olunan Əbülfəz Qarayev adına 2 saylı Klinik Uşaq Xəstəxanası da dövlətin hərtərəfli dəstəyi ilə tam müasirləşdirilmişdir. Bu tibb ocağında ilk dəfə yüksək səviyyədə yenidənqurma işləri həyata keçirilmişdir. Bakı şəhəri ilə yanaşı, respublikamızın bütün bölgələrindən olan uşaqların müalicə edildiyi xəstəxananın maddi-texniki bazası hazırda ən son elmi-texniki yeniliklərə cavab verir.
Xəstəxanada yenidənqurma işlərinə bu ilin aprel ayında başlanılmış və 8 ay ərzində bu tibb müəssisəsi müasir görkəm almışdır. Burada fəaliyyət göstərən bir sıra şöbələr respublika əhəmiyyətlidir. İki korpusdan ibarət xəstəxanada xəstələrə 130 həkim, 350 nəfərə qədər tibb bacısı və digər tibbi heyət xidmət göstərəcəkdir. Bildirildi ki, əsaslı şəkildə təmir edilmiş 200 çarpayılıq xəstəxananın maddi-texniki bazası da yenilənmişdir. Burada dünyanın ən inkişaf etmiş ölkələrində tətbiq edilən tibbi avadanlıq quraşdırılmışdır. Avadanlığın əksəriyyəti rəqəmsal texnologiyaya əsaslanır.
Qeyd edildi ki, xəstəxanada həkimlər, tibb bacıları və digər tibbi heyətin səmərəli fəaliyyəti, eləcə də uşaq otaqlarında uşaqların əylənmələri üçün hər cür şərait yaradılmışdır. Bu cür uşaq otaqları bütün mərtəbələrdə vardır. Palatalarda yaradılmış şərait də yüksək səviyyədədir. Bu tibb müəssisəsində ən mürəkkəb cərrahi əməliyyatların aparılması üçün dünya standartlarına cavab verən avadanlıq vardır. Somatik reanimasiya şöbəsi də ən müasir standartlara cavab verir. Burada xəstələrə kompleks və yüksək keyfiyyətli tibbi xidmət göstəriləcəkdir. Xəstəxanada quraşdırılmış tibbi avadanlığın əksəriyyəti respublikamızda ilk dəfə olaraq tətbiq edilir. Xəstəxanada yaradılmış şərait səhiyyə sahəsinə göstərilən böyük diqqətin əyani nümunəsidir.
Xəstəxanada aparılmış yenidənqurma işləri ilə tanış olan dövlətimizin başçısı tapşırıq və tövsiyələrini verdi.
Prezident İlham Əliyev xəstəxananın əsaslı təmir və yenidənqurmadan sonra açılışı, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tibb işçilərini bir daha təbrik etdi.
Xəstəxana ilə tanışlıqdan sonra dövlətimizin başçısı və xanımı səhiyyə ocağının tibb heyəti ilə xatirə şəkli çəkdirdi.
AzərTAc
Azərbaycan.- 2010.- 31 dekabr.- S. 2.