Dünya Azərbaycanlılarının
Həmrəylik Günü münasibətilə Azərbaycan
Respublikası Milli Məclisinin müraciəti
Əziz soydaşlar, dəyərli həmvətənlər!
Uca və qüdrətli millətimiz üçün sonsuz qürur hissi ilə qeyd etdiyimiz Dünya Azərbaycanlılarının Həmrəylik Günündə hər birinizi ürəkdən salamlayırıq.
On doqquz il öncə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə elan edilmiş milli-mənəvi birliyə çağırış günü ümumxalq mənafelərimizin həyata keçirilməsi naminə soydaşlarımızın Azərbaycançılıq ideyası əsasında sıx birləşməsi prosesinin başlanğıcını qoymuşdur. Bu gün xalqımızın söz, əqidə və əməl birliyinə nail olmaq üçün Azərbaycan dövləti tərəfindən görülən işlərin miqyası ildən-ilə genişlənir. Dünyanın dörd bir yanına səpələnmiş on milyonlarca azərbaycanlı gücün birlikdə olması həqiqətini getdikcə daha aydın dərk edir. Azərbaycan diasporları və icmaları arasında bağlar möhkəmlənir, soydaşlarımız milli hüquqların müdafiəsi işində bir-birinə dayaq durur, tarixi Vətənlə əlaqələrini gücləndirirlər. Onlar yaxşı başa düşürlər ki, milli-mənəvi bütövlüyün möhkəm təməli üzərində qurulan Azərbaycan bütün soydaşlarımızın və həmvətənlərimizin güvənc yeri olan qüdrətli bir dövlətə çevriləcəkdir.
Azərbaycan Respublikası bütün dünya azərbaycanlılarının doğma ata-baba yurdudur. Odur ki, Asiyada, Avropada, Amerikada və digər qitələrdə məskən salmış soydaşlarımız Vətəndə baş verən ictimai-siyasi prosesləri diqqətlə izləyir, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi heyrətamiz uğurlarla fəxr edirlər.
Dövlət müstəqilliyinin iyirminci ilini yaşayan Azərbaycan Respublikası tarix baxımından çox qısa bir dövr ərzində qərinələrə bərabər inkişaf yolu keçmişdir. Bu gün Azərbaycanımız dünyanın iqtisadi cəhətdən ən dinamik inkişaf edən ölkələri sırasındadır. Hüquqi, demokratik dövlət quruculuğu, vətəndaş cəmiyyəti yaradılması, bazar iqtisadiyyatının bərqərar edilməsi məqsədi ilə genişmiqyaslı islahatlar davam etdirilir. İnsan hüquqları və azadlıqları etibarlı surətdə təmin edilir, Azərbaycanın Avropa xalqları ailəsində nüfuzu artır. Bu ilin noyabr ayında Milli Məclisə keçirilmiş azad, ədalətli və şəffaf seçkilər Azərbaycanın demokratik inkişafında yeni bir mərhələ açmışdır.
Elmi əsaslar üzərində qurulmuş xarici siyasət xətti ölkəmizin beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsini təmin edir. Azərbaycanın haqq səsinin dünya birliyinə çatdırılması üçün həyata keçirilən düşünülmüş tədbirlər müsbət nəticələr verir. Xalqımızın ağrılı yeri olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında ərazi bütövlüyü prinsipi beynəlxalq təşkilatlar və xarici ölkələr tərəfindən təməl prinsip kimi qəbul olunur.
Azərbaycanın uğurlarını öz uğurları, problemlərini isə öz problemləri sayan soydaşlarımız Qarabağ dərdinin sağalacağı, 1 milyondan çox qaçqın və köçkünlərimizin doğma yurdlarına dönəcəyi günü intizarla gözləyirlər. Şübhə yoxdur ki, dövlət rəhbərliyinin həyata keçirdiyi uzaqgörən siyasətin köməyi ilə bu problemin də nizama salınmasına nail olacağıq. Ancaq bütün dünya azərbaycanlıları səylərini birləşdirsələr, problemin həllini daha da yaxınlaşdıra bilərlər. Soydaşlarımız və həmvətənlərimiz Azərbaycanın dünyaya daha yaxından tanıdılması, xalqımızın zəngin mədəniyyətinin təbliğ edilməsi sahəsində də çox iş görə bilərlər.
Əziz bacı və qardaşlarımız!
Sizi ümummilli məqsədlərimizin gerçəkləşməsi, xalqımızın mənafelərinin qorunması naminə birliyə çağırırıq. Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə hamınızı ürəkdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, ailə səadəti, Azərbaycanımıza işıqlı gələcək arzulayırıq!
Hörmətlə,
Azərbaycan Respublikasının
Milli Məclisi
(Müraciət Azərbaycan Respublikası Milli Məclisinin 2010-cu il 30 dekabr tarixli iclasında qəbul edilmişdir.)
Azərbaycan.- 2010.- 31 dekabr.- S.3.