Heydər Əliyev Fondunun təşəbbüsü
ilə Salyanda yeni yaşayış massivi istifadəyə
verilmişdir
Dekabrın 30-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə Salyan şəhərində salınmış yeni yaşayış massivinin açılışı olmuşdur.
Açılış mərasimində bildirilmişdir ki, 8 hektar ərazidə salınmış yeni yaşayış massivinin tikintisinə bu ilin birinci yarısında başlanılmışdır. Ərazidə birmərtəbəli 167 ev inşa olunmuşdur ki, bunlardan 6-sı dördotaqlı, 29-u üçotaqlı, 131-i ikiotaqlı, biri isə birotaqlıdır. Səkkiz küçədən ibarət olan şəhərcikdə 5 kilometr uzunluğunda daxili yollar asfaltlanmışdır. Şəhərcik daxilində 3 min 755 metr qaz xətti və 2 min metr içməli su xətti çəkilmiş, 49 müasir işıqlandırma dirəyi quraşdırılmışdır. Qəsəbə tam şəkildə mavi yanacaq və elektrik enerjisi ilə təmin olunmuş, sayğaclaşdırma işləri başa çatdırılmışdır. Ümumilikdə 5 min 600 kvadratmetr ərazidə yaşıllıq zolağı salınmış, 12 min ağac və bəzək kolları əkilmişdir.
Şəhərcikdə inşa olunan evlər əsasən Qarabağ müharibəsi veteranları, əlil, aztəminatlı və çoxuşaqlı ailələr üçün nəzərdə tutulmuşdur.
Açılış mərasimində çıxış edən Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov yeni evlərin sahiblərini təbrik etmişdir. O, Azərbaycanın birinci xanımı, Fondun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın salamlarını və təbriklərini tədbir iştirakçılarına çatdırmışdır.
Qeyd edilmişdir ki, Azərbaycanda əhalinin sosial təminatının yaxşılaşdırılması, regionların sosial-iqtisadi inkişafı istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurlu siyasət həyata keçirilir. Bu siyasətin reallaşdırılmasında yaxından iştirak edən Heydər Əliyev Fondu uşaq evlərinin, internat məktəblərin, səhiyyə, təhsil ocaqlarının bərpası və tikintisi, eləcə də əlil, aztəminatlı və yeni ailə qurmuş şəxslərin evlə təmin olunması baxımından Azərbaycanda mühüm sosialyönümlü tədbirlər həyata keçirir. Salyan şəhərindəki şəhərcik də Fondun növbəti sosialyönümlü layihələrindən biri çərçivəsində inşa edilmişdir. Şəhərciyin məhz belə bir gündə sakinlərin istifadəsinə verilməsi Fondun onlara Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə bağlı hədiyyəsidir.
Bildirilmişdir ki, Azərbaycandan kənarda 66 iri layihə həyata keçirən Heydər Əliyev Fondu artıq dünya QHT-ləri arasında ən nüfuzlu təşkilata çevrilmişdir.
Sonra tədbir iştirakçıları evlərdə yaradılmış şəraitlə tanış olmuşlar.
Şəhərciyin sakini, gənc ailənin üzvü Cavanşir Quliyev taxta lövhə üzərində nəqş etdiyi xatirə hədiyyəsini Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya çatdırmaq üçün təqdim etmişdir.
İcraçı direktor qəsəbə sakini, Qarabağ müharibəsi veteranının ailə üzvü Maya Gözəlovaya evin verilməsi haqqında sərəncamı və mənzilin açarlarını təqdim etmişdir.
Sakinlər onlar üçün yaradılmış şəraitə, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidentinə minnətdarlıqlarını bildirmişlər.
Qeyd edək
ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə
Salyan şəhərində hər biri 200 yerlik olan 5
xeyir-şər evi inşa edilir.
AzərTAc
Azərbaycan.- 2010.- 31 dekabr.- S. 4.