2010 quruculuq,
islahat,"Ümid" və qəhrəmanlıq ilidir
2010-cu ilin neft və qaz sahəsində ən mühüm hadisəsi "Ümid" yatağının açılmasıdır. Bu hadisə Azərbaycanın qaz ehtiyatlarının xeyli artmasına səbəb oldu və başqa strukturlarla bağlı ümidləri artırdı. Bu hadisədən sonra Azərbaycanın qaz ehtiyatlarının 4 trilyona yaxınlaşması haqda fikirlər səslənməyə başladı. "Ümid" yatağının açılmasının mühüm məqamlarından biri Azərbaycanda həyata keçirilən neft strategiyasının əhəmiyyətli bir hədəfinə nail olunması ilə bağlıdır. Uzun illərdən sonra Azərbaycan öz vəsaiti hesabına yeni yatağın açılışına nail olmuşdu. Yataqların təkbaşına işlənməsinin ilk növbədə kommersiya əhəmiyyəti var. Ona görə ki, yatağı yalnız Azərbaycanın Dövlət Neft Şirkəti işlətdiyi üçün gəlirlər heç kimlə bölüşdürülmür və gəlir qoyulmuş sərmayəni 10-100 dəfələrlə üstələyir. Başqa tərəfdən, təkbaşına işləmək fəaliyyət müstəqilliyini də təmin edir ki, bu da operativ qərar qəbul etmək imkanlarını artırır.
2010-cu ildən başlayaraq Azərbaycan yeni qaz bazarına çıxdı və Rusiyaya sərfəli qiymətlərlə qaz ixracına başladı. Bu həm yeni bazarlara çıxış, özünü alternativ bazarlarla təmin etmək, həm də kommersiya və siyasi baxımdan sərfəli bir qərar oldu.
Yeni bazarlara
çıxış bununla bitmir. Ötən il Azərbaycanın
Suriyanın qaz bazarına çıxışı
üçün razılaşma imzalandı.
Ötən
ilin daha bir mühüm hadisəsi də qaz bazarlarına yeni
marşrutun açılması ilə bağlıdır. Rumıniya,
Gürcüstan və Azərbaycan AGRİ layihəsinin həyata
keçirilməsinə start verdilər. Bu
Azərbaycan üçün yeni marşrutdur. Sıxılmış qazın ixracı isə yeni
keyfiyyətdə Avropa bazarına girişi təmin edir. Eyni zamanda bu Azərbaycana qaz bazarları ilə
bağlı manevr imkanları yaradır.
AGRİ-nin strateji geoiqtisadi
parametriləri belədir:
- Bu Azərbaycanın enerji siyasətinin
strateji hədəflərini dəyişmədən yeni istiqamət
formalaşdırır (yəni əvvəlki çərçivələr
daxilində yeni imkanlar yaradır);
- Bu Azərbaycanın enerji
resurslarının ixracı bazarını dəyişmir;
- Avropa İttifaqı Azərbaycanın
əsas qaz ixracatçısı bazarı kimi qalır;
- Bu Azərbaycanın yeni
formada ixracat potensialını açır;
- Bu layihə başqa Xəzərətrafı
dövlətləri də cəlb edə bilər.
Enerji ixracının təhlükəsizliyi
və kommersiya parametrinə gəldikdə isə:
- Bu ixrac istiqamətlərini
şaxələndirməklə Azərbaycanı əlverişli
kommersiya və nəqliyyat imkanları ilə təmin edir;
- Azərbaycan qazın
ixracında yeni forma və keyfiyyət tətbiq etməklə
kəmərlərdən asılılığı
azaldır;
- Bu layihədə
istehsalçı və istehlakçılar kiçik sərmayə
yatırmaqla əlavə marşrut və əlavə həcm əldə
edə bilirlər;
- Qara dəniz üzərindən
sıxılmış qaz ixracı layihəsi NABUKKO layihəsini
inkar etmir və "Cənub dəhlizi"nin
formalaşmasının tərkib hissəsidir.
Texniki infrastruktur parametrinə
görə:
- Mövcud infrastruktura
kiçik dəyişikliklər etməklə layihəni
işə salmaq mümkündür.
Ötən
ilin ən mühüm hadisələrindən biri də uzun
müddət müzakirələr mövzusu olmuş Türkiyə
ilə Azərbaycan arasında qaz ticarətinə dair
sazişin imzalanmasıdır. Qaz anlaşması hər
iki tərəfin maraqlarını ifadə edir və Avropa ilə
qaz ticarəti sahəsində anlaşmalar üçün əlverişli
yol açır. İki il gecikmiş qaz anlaşması
istər Avropa, istər Türkiyə, istərsə də Azərbaycan
üçün mühüm əhəmiyyət
daşıyan qazın satışı, tranziti və son iki
ildə Azərbaycanın Türkiyəyə
satdığı qazın qiymətində yaranmış fərqin
ödənilməsi məsələsinə nöqtə qoydu.
Bu nöqtə diskussiyalar mərhələsinə son verərək
yeni mərhələyə yol açdı:
- "Şahdəniz - 2"
layihəsinin işlənməsinə şərait yarandı;
- Azərbaycanın qaz
potensialının tam realizə olunmasına təkan verdi;
- 20 milyard dollarlıq
investisiyanın yatırılması prosesinə start oldu.
Azərbaycan
Dövlət Neft Şirkəti ilə bp şirkəti
arasında "Şəfəq" və "Asiman"
yataqları ilə bağlı yeni müqavilə imzalandı. Bununla da Azərbaycan
neft və qaz sektoruna xarici sərmayələrin
marağının azalmadığını nümayiş
etdirdi.
Ötən il
ölkənin enerji təhlükəsizliyinin möhkəmləndirilməsi
ilə bağlı yeni layihənin həyata keçirilməsi
ilə yadda qaldı. Bölgələrdə
kiçik çaylar üzərində kiçik su elektrik
stansiyalarının tikintisinə başlandı. Göyçay, Balakən və Qusar rayonlarında 3
kiçik həcmli su elektrik stansiyasının təməli
qoyuldu və Ordubadda Biləv SES istifadəyə verildi.
Qeyri-neft
sektorunda çox böyük infrastruktur layihələrinin təməli
qoyuldu. Təxminən 400 milyon dollar dəyəri olan Gəmiqayırma
zavodunun əsası qoyuldu. Bu zavodu
Koreyanın Keppel şirkəti tikir. Gəmiqayırma
zavodu bir neçə istiqamətdə Azərbaycanın
iqtisadi və siyasi maraqlarını təmin edəcək.
Gəmiqayırma zavodu hər şeydən əvvəl
Azərbaycanın Xəzər hövzəsində strateji
mövqeyini gücləndirir və onun dəniz dövləti
kimi statusunu möhkəmləndirir. Azərbaycanın
dəniz donanmasının və yükdaşımalar sahəsində
fəaliyyətinin müstəqilliyinə əlavə iqtisadi
şərait yaradır. Nəqliyyat sahəsində
Azərbaycanın təhlükəsizliyini təmin edir və
resurslarını gücləndirir. Nəhayət, Azərbaycanın
gəmiqayırma sahəsinə yönəltdiyi vəsait
ölkədə qalır və 2000-nə qədər yeni
iş yeri açılacaqdır. Yeri gəlmişkən,
zavodda həm də yeni texnologiyalar tətbiq ediləcəkdir.
2010-cu il ərzində
Prezident İlham Əliyev qeyri-neft sektoru istiqamətindəki
siyasətin əsas elementi olan güzəştli kreditlərin
verilməsində konkret layihələrin təqdim olunması
mərhələsinə keçidi vacib saydı və son bir
ildə taxıl anbarlarının və soyuducu anbar komplekslərinin
yaradılmasına güzəştli kreditlərin verilməsinə
başlandı.
Prezidentin
soyuducu anbar komplekslərinə xüsusi diqqət yetirməsi
bu qurğuların kənd təsərrüfatı məhsullarının
istehsalını stimullaşdırması və onların məhsulun
realizə prosesində mühüm rolu ilə
bağlıdır. Belə ki, soyuducu anbarlar bütün kənd
təsərrüfatı məhsulları istehsalını
öz arxasınca çəkib apara bilən bir mərhələdir.
2009-cu ilin
ikinci yarımilliyi və 2010-cu ilin ötən dövründə
ümumi tutumu 70 min ton olan 23 soyuducu anbar kompleksinin tikintisinə
maliyyə vəsaiti ayrılıb. Soyuducu anbar komplekslərinin
yaradılması ölkənin ərzaq təhlükəsizliyi
ilə yanaşı kənd təsərrüfatı məhsullarının
qiymətlərinin ilboyu sabit qalmasına imkan yaradır.
2010-cu il ərzində
müvəkkil kredit təşkilatları vasitəsilə 1430
sahibkarlıq subyektinə 115 milyon manat güzəştli
kredit verildi.
"BB+"-dan "BBB-"yə qədər yüksəliş
2010-cu ilin ən diqqətçəkən
məqamlarından biri də Beynəlxalq "Fitch Ratings"
agentliyinin Azərbaycanın milli və xarici valyutada
uzunmüddətli emitentin defoltu reytinqini "BB+" səviyyəsindən
"BBB-" səviyyəsinə qədər yüksəltməsi
oldu. Bu reytinqlər üzrə proqnoz isə
sabit səviyyədə müəyyən edildi. Ölkənin qısamüddətli defolt reytinqi isə
"B"-dan "F3"-dək yüksəldildi.
Azərbaycanın
uzunmüddətli və qısa müddətli borcalma reytinqini
artırdı.
"Fitch Ratings"
agentliyinin verdiyi reytinq:
- Azərbaycanın ucuz kredit
alması üçün zəmin yaradır;
- Azərbaycanın dövlət
istiqrazlarının xarici maliyyə bazarlarında yerləşdirilməsinə
müsbət təsir edir;
- Azərbaycanın özəl
şirkətlərinin istiqrazlarının xarici bazarlara yol
açması üçün əlverişli zəmin
formalaşdırır;
- Ölkənin investisiya cəlbediciliyini
artırır;
- Azərbaycanda ictimai-siyasi
sabitliyin uzunmüddətli olacağını
proqnozlaşdırır və bunu təsdiq edir;
- Azərbaycan ətrafında
beynəlxalq vəziyyətin sabit qalacağını proqnozlaşdırır.
Təbii fəlakətə reaksiya
2010-cu ilin mayında təbii
fəlakət, daşqınlar nəticəsində Kür
çayı boyunca yaşayış məntəqələrini
su basdı və nəticədə
- 20 minə yaxın ev su altında qaldı;
- 300-dən çox ev uçdu;
- 2 min ev
qəzalı vəziyyətə düşdü;
- 50 min hektar əkin
və örüş yerləri su altında qaldı.
Operativ qərarlar
nəticəsində fəlakətin qarşısı
alındı, adamlar xilas edildi, bəndbərkitmə işləri
aparıldı, əhali üçün yeni evlər tikildi. Bunlar 2010-cu
ilin ən irimiqyaslı hadisələridir.
2010-cu il
mayın 7-dən sentyabrın 7-dək, 4 ay ərzində
bütöv bir tsikl üzrə iş aparıldı. 4 ay ərzində əhalinin xilasetmə işi
aparıldı, itki olmadı, əhali
köçürüldü və yerləşdirildi, daha
sonra geriyə, məskunlaşma yerlərinə
qaytarıldı. Selin
qarşısının alınması, suyun idarə
olunması və sahilbərkitmə işləri
aparıldı və nəhayət fövqəladə vəziyyətdən
sonrakı mərhələdə beşinci istiqamətdə
yeni evlərin tikilməsi, infrastrukturun qurulması və bərpası
planı həyata keçirildi. Prezident
mayın 7-də dövlətin əhalinin yanında olduğunu
və bütün məsələlərdə yardım
göstərəcəyini nümayiş etdirdi. Çox keçmədi, sentyabrın 7-də fəlakətdən
əziyyət çəkmiş vətəndaşlara yeni evlərin
verilməsinə başlandı.
Sentyabrın
7-də yeni evlərin fəlakətdən əziyyət
çəkmiş vətəndaşlara verilməsi dövlət
başçısının vədinin yerinə yetirilməsinin
sübutudur. Siyasətçinin qiymətləndirilməsi
üçün onun verdiyi vədləri yerinə yetirib-yetirməməsi
ən vacib, ən yeganə doğru ölçü vasitəsi
və göstəricidir.
Noyabrın 1-də
isə Prezident tapşırıq verərkən qeyd etdiyi
tarixdə tikilmiş evlərin təqdim olunması
üçün bölgələrə səfər etdi. Əsas
işlər düz müəyyən edilmiş müddətə,
71 gün ərzində hazır oldu. 1500 ev
tikilib ödənişsiz olaraq daşqından əziyyət
çəkmiş əhaliyə verildi. 15 məscid,
12 xəstəxana, tibb məntəqəsi, 6 uşaq
bağçası təmir olundu. Hazırda 2 000 ev tikilib istifadəyə verilib, 600 evin tikintisi
davam edir, 23 məktəbin təmir və tikintisi başa
çatıb və onların 3-ü yeni tikilmiş məktəblərdir.
Muskok, Brüssel və Astana bəyanatları
Gərgin diplomatik mübarizə və təzyiqlərə
müqavimət ili
2010-cu ilin
birinci yarısında Azərbaycanın da cəlb olunduğu,
Türkiyə ilə Ermənistan arasında sərhədlərin
açılması ilə bağlı diplomatik gərginlik
dövrü yaşandı. 2009-cu il
oktyabrın 11-də Sürixdə Ermənistanla Türkiyə
arasında sərhədlərin açılması ilə
bağlı protokollar imzalanmışdı. Bu
protokollardakı müddəalar Azərbaycanın milli
maraqlarını çox böyük təhlükə
altına salırdı. Prezident İlham Əliyev
Avropa İttifaqı, ABŞ və Rusiyanın xeyir-duası və
bilavasitə xarici işlər nazirlərinin iştirakı ilə
imzalanmış bu sənədə qəti etiraz etdi. Çox böyük siyasi gərginlik yarandı.
Böyük təzyiqlərə baxmayaraq Azərbaycan
Prezidenti milli maraqlardan geri çəkilmədi və nəticədə
Türkiyə-Ermənistan sərhədlərinin
açılması ideyasının reallaşmasının
qarşısı alındı.
Türkiyəyə
təzyiq göstərilməsi üçün ABŞ
Konqresindəki Ali Palatada ermənipərəst senatorlar qondarma
erməni soyqırımı məsələsinə dair qətnamə
qəbul etdilər. Ancaq Azərbaycan və Türkiyə
birlikdə Konqresdə belə bir qətnamənin təsdiqinin
qarşısını aldılar. 2009-cu ilin
oktyabrından 2010-cu il aprelin 22-dək davam
etmiş bu böyük qarşıdurmanın nəticələri
belə oldu:
- Türkiyə-Ermənistan
sərhədləri açılmadı;
- Dağlıq Qarabağ
münaqişəsini arxa plana keçirmək mümkün
olmadı;
- Ermənistan prosesi birtərəfli
dondurmaqla qeyri-konstruktiv mövqedə göründü;
- ABŞ
Prezidenti erməni soyqırımı ifadəsini işlətmədi.
ABŞ
Prezidenti Barak Obama ilə yazışmalarda və
Nyu-Yorkdakı görüşdə Azərbaycan və
ABŞ-ın yaxşı münasibətlər yaratmaq niyyətləri
təsdiqləndi və ABŞ-la Azərbaycan əlaqələri
öz məcrasına qayıtmağa başladı.
ABŞ-ın
müdafiə naziri Robert Qeyts və ABŞ-ın dövlət
katibi Hillari Klinton Bakıda oldular. Bu 1991-ci ildən indiyədək
ABŞ dövlət katibinin Ceyms Beykerdən və Madelin
Olbraytdan sonra Azərbaycana üçüncü səfəri
idi.
Rusiya ilə Azərbaycan
arasında sərhədə dair saziş imzalandı və
Rusiya ilə bütün sərhədlər
razılaşdırıldı. Bu, Azərbaycan Rusiya
münasibətləri tarixində ilk belə sazişdir.
Avropa Parlamenti 2010-cu il mayın 20-də ilk dəfə olaraq
Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini
nəzərdə tutan mühüm bir qətnamə qəbul
edib. Qətnamə bütövlükdə Avropa
İttifaqının Cənubi Qafqaz bölgəsi ilə
münasibətlərinin strategiyasının əsas prinsiplərini
özündə ehtiva edirdi. Qətnamə münaqişənin
-
- Qaçqınların və
məcburi köçkünlərin geri qayıtma, mülkiyyət
və şəxsi təhlükəsizlik
hüquqlarının tanınmasına və onların dərhal
realizə olunmasına çağırır;
- Ermənistan silahlı
qüvvələrinin Azərbaycanın bütün
işğal olunmuş ərazilərindən
çıxmasını tələb edir;
- Keçid dövründə
təhlükəsizliyi təmin etmək üçün
BMT-nin Nizamnaməsinə uyğun olaraq əraziyə beynəlxalq
sülhyaratma qüvvələrinin yerləşdirilməsini
vacib sayır;
Qətnamədə daha sonra
qeyd edilirdi ki,
- Sülhməramlı
qüvvələr Dağlıq Qarabağ əhalisinin təhlükəsizliyini
təmin edəcək və məcburi köçkünlərin
geri qayıtmasına şərait yaradacaq;
- Avropa Parlamenti inanır ki,
Dağlıq Qarabağ və ətrafındakı Azərbaycanın
bütün işğal olunmuş əraziləri sürətlə
tərk edilməlidir...
BMT-nin Baş
Assambleyasının gündəliyinə Dağlıq
Qarabağ münaqişəsi ilə bağlı məsələnin
salınması ilə Azərbaycan Beynəlxalq
faktaraşdırıcı missiyanın işğal olunmuş
ərazilərə səfərinin baş tutmasına nail oldu.
2005-ci ildən sonra belə bir səfərin baş
tutmasına daim maneçilik yaradan Ermənistan hökuməti
ilk dəfə olaraq bu missiyanın baş tutmasına
razılıq vermək zorunda qaldı.
2010-cu il iyunun 26-da Muskokda
üç həmsədr dövlət
başçılarının Dağlıq Qarabağ
münaqişəsinin həlli prinsiplərini ehtiva edən
birgə bəyanatı imzalandı. Muskok bəyannaməsində
- Referendum ifadəsi işlədilməyib;
- İradənin ifadəsinin
konkret vaxtı göstərilməyib;
- Yekun statusun gələcəkdə
müəyyənləşdiriləcəyi qeyd olunub.
Azərbaycan kiçik
istisnalarla bu prinsiplərə öz
razılığını bildirdi.
Daha sonra Rusiya, Azərbaycan və
Ermənistan prezidentlərinin Həştərxan bəyanatı
imzalandı. Bu bəyanatla tərəflər əsirlərin,
həlak olmuş hərbçilərin cənazələrini
dəyişmək haqda razılığa gəldilər.
2010-cu il dekabrın 1-2-də
Astanada ATƏT-in sammiti keçirildi. Sammitdə Dağlıq
Qarabağ münaqişəsinin həllinə dair birgə bəyanat
qəbul edildi.
1 dekabr 2010-cu il Dağlıq
Qarabağ münaqişəsinin həllində yeni mərhələyə
keçid tarixi oldu. Nəhayət, Ermənistan prezidenti Serj
Sarkisyan prezidentlər Medvedev, Obama və Sarkozinin 2009-cu il
iyulun 10-da Akvildə və 2010-cu il iyunun 29-da Muskokda
imzaladıqları bəyanatların əsasında
münaqişənin həllinə razı olduğunu öz
imzası ilə təsdiqlədi. Astanada Minsk qrupu həmsədrlərinin
Rusiya Prezidenti Dmitri Medvedevin, Fransanın Baş naziri Fransua
Fillonun, ABŞ-ın dövlət katibi Hillari Klintonun və Azərbaycan
Prezidenti İlham Əliyevin, Ermənistan prezidenti Serj
Sarkisyanın birgə imzaladıqları bəyanatda deyilir:
"Ermənistan və Azərbaycan prezidentləri
Dağlıq Qarabağ münaqişəsini beynəlxalq hüququn
norma və prinsipləri, BMT-nin Nizamnaməsi, Helsinki Yekun
Aktı, habelə prezidentlər Medvedev, Sarkozi və
Obamanın Akvildə 2009-cu il iyulun 10-da və 2010-cu il iyunun
26-da Muskokda verdikləri bəyanatlar əsasında yekun həllini
arayacaqlarını təsdiq edirlər".
Astana bəyanatında
münaqişənin nizamlanması zamanı 2008-ci il noyabrın 2-də Moskvada, Mayendorfda Rusiya, Azərbaycan
və Ermənistan prezidentlərinin birgə bəyannaməsinin
və 2010-cu ilin oktyabrın 27-də Həştərxandakı
bəyanatın prinsiplərinin əsas götürülməsi
də qeyd edilib.
Bütün bu
sadalananlar Azərbaycanın artıq çoxdan razılıq
verdiyi prinsiplərdir. Ermənistan isə
Astana bəyanatının
daha bir mühüm məqamı isə ondan ibarətdir ki, beş dövlətin rəhbərləri Birgə
bəyanatı imzaladılar. Əvvəllər
imzalanmış bəyannamə və bəyanatlar əsasən
Fransa, Rusiya və ABŞ prezidentləri və yaxud Rusiya, Azərbaycan
və Ermənistan prezidentləri tərəfindən
imzalanırdı. İlk dəfədir ki, beş
dövlət və hökumət rəhbərləri Birgə
bəyanata imza atırlar. Bu artıq münaqişənin
mövcud olduğu 21 il ərzində həmsədrlərin
və münaqişə tərəflərinin birgə
baxışlarını əks etdirən imzalanmış ilk
sənəddir.
Nəhayət,
birgə bəyanatdakı üçüncü mühüm məqam
odur ki, həmsədr dövlətlərin
başçıları da, münaqişə tərəfləri
də münaqişənin həllinin vaxtının
çatdığını bəyan ediblər və yekun sənədin
hazırlanmasını növbəti mərhələ kimi
müəyyənləşdiriblər.
Kədər və qəhrəmanlıq ili və yaxud Qəhrəmanlığa
analitik baxış
2010-cu il
kədər və qəhrəmanlıq ili kimi də yadda
qaldı. Azərbaycan ordusunun hərbçiləri
Mübariz İbrahimov və Fərid Əhmədov Azərbaycanın
hərb tarixinə daxil olan qəhrəmanlıq göstərərək
şəhid oldular. Azərbaycanda ilk dəfə
olaraq prezident başda olmaqla bütün dövlət
strukturlarının rəhbərlərinin iştirakı ilə
onların dəfn mərasimi keçirildi.
Mübariz və
Fərid bizim bir qayda olaraq xarici filmlərdə
gördüyümüz qəhrəmanlığı real həyatda,
real düşmənlə döyüşdə göstərdilər. Ancaq
Mübariz İbrahimov və Fərid Əhmədovun qəhrəmanlığında
çox mühüm və onların qəhrəmanlığının
mahiyyətini ifadə edən bir məqam var. Bu onların təmənnasızlığıdır.
Onlar öz qəhrəmanlıqlarının əvəzində
nəinki heç nə ummurdular, əksinə, öz qəhrəmanlıqlarını
hamıdan gizlətməyə çalışırdılar
və bunu sona qədər də etdilər. Öz qəhrəmanlığını gizlətmək
isə təmənnasızlığın şübhəyə
yer qoymayan sübutudur. Başqa bir məqam
isə təmənnasız qəhrəmanlığın əsasında
Vətənə sevginin dayanmasıdır. Onların gördüyü işdə Vətənə
sevgi, özünü qurban verməklə qəhrəmanlıq
və ən vacibi TƏMƏNNASIZLIQ vardı. Bu, Vətənə xidmətin çox nadir nümunələrindəndir.
Həm də Vətənə təmənnasız
sevgi, ümumiyyətlə xeyirxahlığında təmənnasız
olmaq Allaha yaxın olmağın ən qısa yoludur. Müqəddəs kitabları mütaliədən
sonra dahi Lev Nikolayeviç Tolstoy öz düşüncələrində
bu nəticəyə gəlmişdi. "Anna
Karenina" romanının qəhrəmanı Levinin dili ilə
Tolstoy insanları Allaha yaxın olmaq üçün
yaxşılıqlarında TƏMƏNNASIZ olmağa
çağırır. Mübariz və Fəridin
təmənnasızlığı isə yaxşılıq
müqabilində təmənnasız olmaq deyil, TƏMƏNNASIZ
olaraq həyatını qurban verməkdir. Bu
başqa bir məsələdir. Belə
real qəhrəmanlıq haqda nə oxumuşdum, nə də
eşitmişdim.
2010 - Xəzərdə təhlükəsizlik
2010-cu ilin ən
mühüm beynəlxalq siyasi hadisələrindən biri də
Bakıda Xəzəryanı dövlətlərin sammiti oldu. Sammitdə Xəzərdə
təhlükəsizliyə dair razılaşma əldə
olundu və beş dövlət belə qərara
gəldilər ki, Xəzərdə təhlükəsizliyin təmin
olunması yalnız Xəzəryanı dövlətlərin
funksiyasıdır. Xəzəryanı dövlətlərin
sammitində qəbul edilmiş birgə bəyanatda
regiondakı münaqişələrin ərazi
bütövlüyü, suverenlik və sərhədlərin
toxunulmazlığı prinsipləri və BMT-nin Nizamnaməsi
əsasında həll edilməsinin vacibliyi qeyd edilib. Sammitdə imzalanmış saziş və bəyanatın
mahiyyəti başqa dövlətlərdə olduğu kimi Azərbaycan
üçün də maksimum dərəcədə sərfəlidir.
Bu sənədlərdə öz əksini tapmış
- Xəzərin sülh və
əməkdaşlıq dənizi olması;
- Xəzərin hərbsizləşdirilmiş
dəniz olması;
- Xəzərdə təhlükəsizliyin
birgə təminatı;
- Xəzəryanı dövlətlərin
öz resurslarına münasibətdə suverenliyinin
tanınması;
- Xəzər statusunun bir il ərzində tam müəyyənləşdirilməsi;
- Xəzər regionundakı
münaqişələrin suverenlik, ərazi
bütövlüyünə hörmət və dövlətlərin
sərhədlərinin toxunulmazlığı prinsipləri,
BMT Nizamnaməsinin şərtləri əsasında həll
edilməsi və sairə.
2010-cu ildə Türkiyə-Azərbaycan münasibətlərində yeni mərhələ başladı. Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Tərəfdaşlıq Şurası yaradıldı. Bu, müttəfiqliyin yeni mərhələsinin başlanğıcı idi. Bu Şura iki dövlətin maraqlarının birgə müdafiəsində və həyata keçirilməsində mühüm mexanizmlərdən biri olacaq.
Ali təhsildə adambaşına
maliyyələşməyə keçid
Prezident İlham Əliyevin 2010-cu ildəki addımları sırasında ali məktəblərdə adambaşına maliyyələşmə ilə bağlı sərəncam imzalanması təhsil sahəsinə fundamental islahata yol açdı.
Prezidentin sərəncamı
ilə tətbiq edilmiş bu sistem
- Universitetlər arasında
rəqabət mühitini formalaşdırmağa;
- Təhsilin keyfiyyətini
yüksəltməyə;
- Tələbələr
üçün azad seçim imkanı yaratmağa və
sistemi demokratikləşdirməyə;
- Şəffaflığın
artırılmasına;
- Dövlət vəsaitinin qənaətlə
və ünvanlı xərclənməsinin təmin edilməsinə
yönəlib.
2010-cu il
aprelin 26-27-də isə dini liderlərin Ümumdünya
Bakı sammiti keçirildi. Bu sammit Azərbaycanın
sivilizasiyaların əməkdaşlıq etdiyi və birgəyaşayışının
mümkün olduğu, sivilizasiyalararası dialoq məkanı
kimi statusunu möhkəmləndirməyə xidmət etdi.
2010-cu il
"Ekologiya ili" elan olundu və bu sahədə
irimiqyaslı proqramlar təsdiqləndi və həyata
keçirilməsinə başlandı.
2010-cu ildə
Azərbaycanın Milli Məclisinə seçkilər
keçirildi.
Novruz
bayramı ərəfəsində Prezidentin
imzaladığı əfv fərmanı ilə 72 nəfər
məhbus azadlığa buraxıldı.
2010-cu il
sentyabrın 1-də Azərbaycanın dövlət
bayrağının ucaldıldığı Dövlət
bayrağı meydanının açılışı oldu.
Dövlət bayrağı
meydanında ucaldılmış Azərbaycan
bayrağının hündürlüyü 162 metr,
parçasının uzunluğu 70 metr, eni 35 metr, çəkisi
350 kiloqramdır.
Və nəhayət,
paytaxt Bakıya Oğuz dağlarından su kəmərinin
çəkilişi başa çatdı. Bu ötən
əsrin əvvəllərində Hacı Zeynalabdin
Tağıyev və ötən əsrin 70-80-ci illərində
Heydər Əliyevdən sonra Bakıya üçüncü
dəfə su çəkilişi layihəsi idi. Şükür olsun ki, o da uğurla başa
çatdı.
Bu ildə hər şey,
Qarabağ probleminin nizamlamasında mürəkkəb
dolanbaclar, xarici siyasət tələləri, gərginliklər
və sınaqlar, sınaqlardan uğurla çıxmaq və
böyük quruculuq təcrübəsi var. Bu, heç də
sadə bir il deyildi.
İbrahim MƏMMƏDOV,
AzTV-nin İctimai-siyasi
proqramlar baş redaksiyasının
baş redaktoru
Azərbaycan.- 2010.- 31 dekabr.- S. 6.