Köhnə kompüterlərdən necə istifadə etməli

 

Ölkəmizdə aparılan uğurlu xarici və daxili siyasət, həyata keçirilən islahatlar və irimiqyaslı layihələr sayəsində ictimai həyatın iqtisadi və sosial-siyasi sahələrində dinamik inkişafa nail olunmuşdur. Cəmiyyətin demokratikləşməsi və əhalinin rifahının yüksəlməsi ilə müşayiət olunan bu inkişaf respublikanın beynəlxalq nüfuzunu, müdafiə qüdrətini, iqtisadi potensialını artırmaqla, Azərbaycan dövlətinin qloballaşan dünyanın bərabərhüquqlu subyekti kimi çıxış etməsinə və inkişaf etmiş ölkələr sırasına daxil olmasına əlverişli zəmin yaratmışdır.

İnformasiya-kommunukasiyası texnologiyalarınin (İKT) inkişafı ölkənin intellektual potensialının vacib göstəricilərindən biridir. Əminliklə demək olar ki, bu gün qloballaşan dünyada ölkələrin rəqabət qabiliyyəti ilk növbədə, onların İKT-dən səmərəli istifadəsi müəyyənləşdirməklə formalaşır.

Son illərdə dünyada İKT-nin çox böyük sürətli və davamlı inkişafı kompüter texnikasının daim yeniləşməsinə gətirib çıxarmışdır. Kompüter texnikası vasitələri hansı sürətlə yeniləşirsə, o sürətlə də istismarda olan kompüterlər mənəvi cəhətdən köhnəlir, istifadəçilərin artan tələbatına cavab vermir.

Hesablama texnikasının inkişafının ilkin mərhələlərində kompüterlərdən əsasən dövlət təşkilatlarında, təhsildə və elmin bir cox sahələrində geniş istifadə olunurdu. Lakin onun ölçülərinin böyük, qiymətinin yüksək olması imkan vermirdi ki, vətəndaşlar onları əldə edərək fərdi qaydada istifadə edə bilsinlər. 1960-cı illərdə inteqral sxemlərin meydana gəlməsindən sonra kompüter texnikası böyük sürətlə inkişaf etməyə başladı. 1965-ci ildə "İntel" firmasının yaradıçısı Qordon Mur empirik olaraq göstərdi ki, inteqral sxemlərdə yerləşən tranzistorların sayı hər 18 aydan bir iki dəfə artır. Bu isə öz növbəsində hər 18 aydan bir kompüterlərin məhsuldarlığının 2 dəfə artmasına və qiymətinin 2 dəfə ucuzlaşmasına səbəb olur. 1971-ci ildə yaradılan mikroprosessorlarda yerləşən tranzistorların sayının eksponensial qanunla artması onların kütləvi istehsalına təkan verdi. İlk olaraq fərdi kompüterlərin kütləvi istehsalına 1976-cı ildə "Apple" firması başladı. Bir necə il ərzində 2 milyona yaxın "Apple" fərdi kompüterləri satıldı. 1981-ci ildən isə İBM firması İBM/PC tipli fərdi kompüterlərin istehsalına başladı. Artıq kompüter get-gedə insan həyatının bir hissəsinə çevrilməkdədir. 2009-cu ildə dünyada təxminən 308 milyon fərdi kompüter satılmış, 2010-cu ildə təxminən 366 milyon kompüterin istehsalı proqnozlaşdırılmışdır.

Qeyd etdiyimiz kimi, müasir dövrdə kompüter texnologiyalarının sürətli inkişafı, istifadədə olan kompüterlərin mənəvi cəhətdən tez köhnəlməsinə səbəb olur. Digər tərəfdən, 4-5 il müddətində istifadədə olan kompüterlərin hesablama və yaddaş resursları yeni yaradılan proqram məhsullarının tələblərinə tam cavab vermir və bəzi hallarda hec dəstəklənmir. Bu, heç də o demək deyil ki, köhnə kompüterlər öz dəyərini tam itirir. Başqa sözlə, hər hansı məsələnin həlli üçün yararlı olmayan kompüter, digər məsələlərin, məsələn, internetə çıxış, MS OFFİCE proqramlarında işləmə və s. yararlı ola bilər.

Kompüterlərin inkişaf dinamikasının təhlili göstərir ki, təxminən hər 18 aydan bir texniki imkanları iki dəfə yaxşılaşdırılmış kompüterlərin yeni modelləri istehsal olunur. Bu isə iki ildən bir istifadəçilərin yeni kompüterlər alması ücün imkan yaradır. Belədə istifadəyə yararlı, ancaq mənəvi cəhətdən köhnəlmiş kompüterləri nə etməli, onlardan harada istifadə etməli sualı meydana çıxır. Məsələn, hər il Almaniyada 2,2 milyon, ABŞ-da 30 milyon kompüter fiziki və mənəvi cəhətdən köhnəldiyindən gündəlik istifadədən çıxarılır. Həmin ölkələrin orta səviyyəli hər bir vətəndaşı öz kompüterini 2-3 ildən bir yenisi ilə əvəz edir. "Ərtaf mühitin təhlükəsizliyi üzrə milli qurum"un (ABŞ) proqnozlarına görə, 2010-cı ildə dünyada 250 milyon köhnəlmiş kompüter olacaq. Bütün ölkələrdə bu proses getdiyindən köhnəlmiş kompüterlərdən necə istifadə etmək məsələsi dövrümüzün ən aktual problemlərindən birinə çevrilir. ABŞ, Yaponiya və Avropa Birliyi ölkələrində köhnəlmiş kompüterlərdən əsasən iki istiqamətdə istifadə olunur:

- mənəvi cəhətdən köhnəlmiş kompüterlərin maliyyə imkanları az olan sosial qruplar tərəfindən yenidən istifadəsi;

- istifadəyə yararsız vəziyyətdə olan kompüterlərin məhv edilməsi.

Birinci halda, işlək vəziyyətdə olan, texniki göstəriciləri günün tələblərinə cavab verməyən kompüterlər əhalidən və təşkilatlardan nisbətən ucuz qiymətə alınır, sosial təşəbbüslər və proqramlar cərçivəsində aşağı qiymətə və ya pulsuz olaraq maliyyə imkanları az olan vətəndaşlara və məktəblərə paylanılır. İkinci halda, fiziki cəhətdən aşılanmış, yararsız kompüterlər utilizasiya (məhv) məqsədilə xüsusi emal müəssisələrinə göndərilir.

Dunyanın bir sıra ölkələrində maliyyə imkanları az olan sosial qrupları köhnə kompüterlə təmin etmək təcrübəsindən geniş istifadə edirlər. Məsələn, 1993-cü ildən Kanadanın bir çox şəhərlərində köhnə kompüterlərin qəbul edilməsi üçün çoxsaylı qəbul məntəqələri açılmışdır. Eyni zamanda, elektron qurğuların utilizasiyası ilə əlaqədar ekoloji mühitin qorunması üzrə uyğun qanunlar qəbul edilmişdir. Bu qanunlara görə, vətəndaşlar və təşkilatlar köhnə kompüterləri pulsuz və ya bazar qiymətləri ilə bu məntəqələrə təhvil verə bilərlər. Qəbul məntəqələrində köhnə kompüterlər çeşidlənir. İstifadəyə yararlıları kimyəvi vasitələrlə təmizlənir və lazımi konfiqurasiya bərpa olunur. "Microsoft" firması ilə bağlanmış müqaviləyə əsasən, lisenziyalı Windows əməliyyat sistemi, MS OFFİCE proqram məhsulları pulsuz olaraq instalizasiya edilir və çox ucuz qiymətə satışa çıxarılır. Eyni zamanda, qəbul olunmuş kompüterlərin bir hissəsini müxtəlif xeyriyyə fondlarının köməyi ilə aztəminatlı vətəndaşlara, imiqrantlara kompüterdə işləmək vərdişlərini öyrədən tədris mərkəzlərinə, valideyn himayəsindən məhrum olan uşaqlara, əlillərə təmənnasız olaraq verilir.

İngiltərədə fəaliyyət göstərən "Beynəlxalq Kompüter Yardımı" xeyriyyə təşkilatı köhnə kompüterləri zəif inkişaf etmiş ölkələrə göndərir. Son dövrlərdə bu təşkilat Afrika və Cənubi Amerikanın bir sıra olkələrinə 200 minə yaxın belə kompüterlər göndərmişdir.

Bəzi inkişaf etmiş ölkələrdə köhnəlmiş kompüterlərin, onların hissələrinin Second Hand (ikinci əl) mağazalar şəbəkəsini təşkil edirlər. İqtisadi cəhətdən zəif inkişaf etmiş ölkələrdə vətəndaşlar bu tip kompüterləri ucuz qiymətə əldə etməklə rəqəmsal geriliyi aradan qaldıra bilirlər. Bununla yanaşı, bir çox kompüter istehsalçılarının xeyriyyəçilik proqramları var. Məsələn, "Dell" firması köhnə kompüterləri toplayıb işlək vəziyyətə gətirəndən sonra onları fiziki cəhətdən qüsurlu uşaqlar üçün uşaq evlərinə təmənnasız verirlər.

Son dövrlərdə sürətli sosial-iqtisad inkişaf sayəsində ölkəmizdə yeni kompüterlərin sayı əhəmiyyətli dərəcədə artmışdir. Bunun nəticəsində müxtəlif nazirlıklərdə, tədris müəssələrində, elmi-tədqiqat institutlarinda və fərdi istifadəçilərdə hesablama və yaddaş resursları nisbətən aşağı olan çoxlu sayda köhnə kompüterlər vardır. Həmin kompüterlərdən məqsədyönlü istifadə etməklə respublikamızda sosialyönümlü İKT layihələri həyata keçirmək olar.

Prezident İlham Əliyevin 2008-ci il 15 sentyabr tarixli sərancamı ilə təsdiq edilmiş "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişafı Dövlət Proqramı" xüsusi əhəmiyyətə malikdir. Beynəlxalq təcrübəyə əsaslanaraq bu istiqamətdə həyata keçirilən işlərə dəstək, eyni zamanda, ölkə miqyasında rəqəmsal fərqliliyi aradan qaldırmaq məqsədilə dövlət, biznes və qeyri-hökumət təşkilatlarının birgə səyi nəticəsində müəyyən qurumların yaradılması, sosial layihələrin reallaşdırılması məqsədəuyğun olardı. Bu məqsədlə yaradılan qurumlar əhalidən, müəssisə və təşkilatlardan köhnə kompüterləri pulsuz və ya ucuz qiymətə alıb, onları işlək vəziyyətə gətirərək sosial qruplar (qaçqınlar və məcburi köçkünlər, valideyn himayəsindən məhrum olan uşaqlar, əlillər və sağlamlıq imkanları məhdud vətəndaşlar və s.) arasında təmənnasız paylamaqla ölkəmizdə informasiya cəmiyyətinin formalaşmasına dəstək vermiş olarlar.

Qeyd etmək lazımdır ki, ölkəmizdə köhnə kompüterlərin yenidən istifadə olunmasında bir sıra məhdudiyyətlər vardır. Məsələn, mövcud qanunvericiliyə görə, dövlət sektorunda fəaliyyət göstərən təşkilat və müəssisələrə məxsus olan fərdi kompüterlər mühasibatda əsas vəsait kimi qeydiyyata alınır və təxminən 7 il müddətində istifadədən sonra hesabdan silinə bilər. Bu isə o deməkdir ki, təşkilatın kompüter bazası iki-üç ildən bir yenilənməsinə baxmayaraq, mənəvi cəhətdən köhnəlmiş, bu qurumda istifadə olunmayan köhnə kompüterlər ildən-ilə toplanır, onları etibarlı saxlamaq üçün əlavə yer tələb olunur, onları ehtiyacı olan aztəminatlı insanlara vermək problemləri yaradır və s. Bunu nəzərə alaraq, köhnə kompüterlərdən daha səmərəli istifadə etmək üçün hesabdan silinmə vaxtının azaldılması və prosedur qaydalarının daha da sadələşdirilməsi məqsədəuyğun olardı.

Digər tərəfdən, respublikamızda hələlik elektron avadanlıqların utilizasiyası ilə məşğul olan emal müəssisələrinin olmaması səbəbindən, təşkilatların tamamilə yararsız köhnə kompüterləri hara təhvil verməsi problem olaraq qalır. Bununla əlaqədar Bakıda və regionlarda müvafiq utilizasiya müəssisələrinin yaradılmasının vaxtı çatmışdır. Axı, köhnəlmiş kompüterlərin zibilxanalara atılması ətraf mühitin ekologiyasına böyük ziyan vurur. Çünki kompüterlərin qovşaq və hissələrinin hazırlanmasında xrom, sink, civə, qurğuşun və s. kimyəvi elementlərdən istifadə olunduğundan onlar açıq havada, zibilxanalarda qaldıqda ətraf mühitin təsirindən erroziyaya uğrayır və ekoloji problemlər yaradır. Ona görə də inkişaf etmiş ölkələrdə kompüterlərin zibilxanalara və ya təsadüfi yerlərə atılması qəti qadağandır və müəyyən cərimələr nəzərdə tutulur. Bundan başqa, fiziki cəhətdən köhnəlmiş kompüterlərin yenidən emalı üçün bəzi inkişaf etmiş ölkələrdə təkrar emal zavodları tikirlər. Köhnə kompüterlər həmin zavodlarda emal olunur, qiymətli və əlvan metallar, zəhərli maddələr ayrılır və təyinatları üzrə istifadə edilir. Onu da qeyd etmək lazımdır ki, kompüterlərin utilizasiyasına sərf edilən xərclər, onların yenidən emal edilməsindən əldən edilən gəlirlərdən çox olur. Ona görə də inkişaf etmiş ölkələr elektron tullantıları (kompüter, mobil telefonlar, printer, televizor, elektron avadanlıqların batareyaları və s.) zəif inkişaf etmiş ölkələrdə emal edilməsində çox maraqlıdırlar. Bunları nəzərə alaraq 22 mart 1989-cu ildə BMT tərəfindən "Təhlükəli tullantıların transsərhəd daşınmasına və onların məhv edilməsinə nəzarət haqqında" Bazel konvensiyası qəbul edilmişdir. Proqnozlara görə 2010-cu idə ABŞ-da 3 milyon, Avropa Birliyi ölkələrində isə 9 milyon ton elektron tullantı yaranacaqdır. Bu isə dünyada qlobal ekoloji problemlər yaradır. Yeri gəlmişkən, ABŞ-da mövcud olan utilizasiya müəssisələri toplanmış tullantıların yalnız 20-30 faizini yenidən emal etmək gücünə malikdir. Qoyulmuş qadağalara baxmayaraq, tullantıların müəyyən hissəsi emal olunmadan zibilxanalara atılır və ya yandırılır. Bu isə ətraf mühiti çirkləndirir və ekologiyaya ziyan vurur. O da qəribədir ki, Avropa Birliyi ölkələrində toplanan elektron tullantıların 75 faizi başqa ölkələrdə utilizasiya edilir.

Köhnəlmiş kompüterlərin ətraf mühitə ziyan vurmasının qarşısını almaq üçün nəhəng kompüter istehsalçıları "Dell", HP, "Apple" və s. əhalidən köhnə kompüterləri toplayaraq onların sahiblərinə sertifikat verir və istifadəçilər də bu sertifikatlardan istifadə etməklə ucuz qiymətə yeni kompüterlər alırlar.

Yaponiyada köhnə kompüterlərin utilizasiyası ilə bağlı yeni qanunlar qəbul edilmişdir. Həmin qanunlara görə, köhnə kompüterlər zibilxanalara atıla bilməz. Onlar mütləq emal müəssisələrinə göndərilməlidir. Kompüterlərin qəbulu və emal zavodlarına göndərilməsi poçt şöbələri vasitəsilə həyata keçirilir. İstifadəçilər İnternet vasitəsilə istehsalçı firma ilə əlaqə yaradır və uyğun elektron sənədlər doldurulduqdan sonra kompüterləri göndərirlər. Yaponiyada utilizasiya prosesini kompüter istehsal edən nəhəng şirkətlər Toshiba, NEC, Fujitsu, Sony və s. həyata keçirirlər.

 

Hazırda bizim ölkədə də elektron tullantıların utilizasiyasını həyata keçirən müasir emal müəssisələrinin olmaması müəyyən problemlər yaradır. Odur ki, əhalinin rifah halının yaxşılaşması və sürətli sosial-iqtisadi inkişafın nəticəsi olaraq, yaxın gələcəkdə elektron tullantıların miqdarının kəskin artması gözlənilir. Bu da indidən müəyyən tədbirlərin həyata keçirilməsini zəruri edir.

 

 

Rasim ƏLİQULİYEV,

AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru,

AMEA-nın müxbir üzvü, professor

 

Rəşid ƏLƏKBƏROV,

AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə

müdiri, texnika elmləri namizədi

 

Azərbaycan.- 2010.- 31 dekabr.- S. 7.