"Qədim şəhər gənc fotoqrafların gözü ilə" mövzusunda müsabiqə elan olunur

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Birləşmiş Rəssamlar Klubunun birgə təşkilatçılığı ilə "Qədim şəhər gənc fotoqrafların gözü ilə" mövzusunda müsabiqə elan olunur.

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən AzərTAc-a bildirmişlər ki, müsabiqənin məqsədi incəsənətin populyarlaşdırılması vasitəsilə İçərişəhərin təbliği, ölkəmizdə yaradıcılıq işinin həvəsləndirilməsi, gənclərə dəstək və onlar arasında tarix və mədəni irsimizin mühüm bir hissəsi olan qədim şəhərə marağın artırılmasıdır.

Bu yaradıcılıq müsabiqəsində 17-30 yaş arası gənclər iştirak edə bilərlər. İştirakçılar öz işlərini ayrı-ayrılıqda çap və elektron formada ("JPEG", minimum 300 dpi) , 2 fərqli fotodan artıq olmamaqla təqdim etməlidirlər. Fotolar 2011-ci il yanvarın 5-dən 25-dək (həftənin I-V günləri, saat 10.00-dan 13.00-dək) "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin elmi-mədəni mərkəzinə (ünvan: İçərişəhər, V.Məmmədov 16, III mərtəbə) və ya musabige@icherisheher.gov.az elektron ünvanına göndərilməlidir.

Fotolarda İçərişəhərin təbliğinə xidmət edən, tarixi-mədəni dəyərlərimizi özündə cəmləşdirən, qədim şəhərlə bağlı mövzular əks olunmalıdır. Müsabiqə iştirakçıları müəllif hüquqlarına riayət etməlidirlər.

İlkin mərhələdə iştirakçı fotolar içərisindən 25 ədədi sərgidə nümayiş etdirilmək üçün seçiləcək, daha sonra isə müsabiqənin 3 qalibi müəyyənləşdiriləcəkdir. Seçim münsiflər heyəti tərəfindən aparılacaqdır.

Sərgi İçərişəhər ərazisində yerləşən Müasir İncəsənət Mərkəzində 2 fevral - Gənclər Günündə açılacaqdır. Fevralın 2-dən 6-dək davam edəcək sərginin açılışında qaliblərin adlarının elan olunması və mükafatlandırılması mərasimi keçiriləcəkdir.

Müsabiqənin mükafat fondu 600 manatdır və qaliblər arasında aşağıdakı qaydada bölünəcəkdir: I yer 300 manat, II yer 200 manat, III yer 100 manat.

Əlavə məlumat almaq üçün hər həftənin I-V günlərində, saat 10.00-13.00-dək (012) 437-33-58 nömrəli telefona zəng etmək olar.

 

 

Azərbaycan.- 2010.- 31 dekabr.- S. 11.