Müasir biliklər iqtisadi inkişafın əsas amili
olmalıdır
Müasir
dünyada iqtisadiyyatın dayanıqlı inkişafı
uğrunda mübarizə əksər hallarda elmin tərəqqisi
sahəsində yarışa çevrilir. Azərbaycanda
elmin bugünkü nailiyyətləri respublika iqtisadiyyatı və
mədəniyyətinin dinamik inkişafının
mühüm elementidir. Məlumdir ki,
dövlətin sosial-iqtisadi qüdrəti, müdafiə
qabiliyyəti və təhlükəsizliyi əhəmiyyətli
dərəcədə elmi tərəqqidən
asılıdır. 2009-cu il Azərbaycan
Respublikasında elmin inkişafının milli strategiyasının
formalaşma prosesində xüsusən əlamətdar
olmuşdur. Prezident İlham Əliyev tərəfindən
2009-cu ilin may ayında Azərbaycanda elmin inkişaf
strategiyasının işlənilməsi üçün
dövlət proqramını nəzərdə tutan xüsusi
sərəncam imzalanıb.
Proqramın əsas məqsəd
və məramları aşağıdakılardan ibarətdir:
Azərbaycanın
sosial-iqtisadi inkişafı naminə milli elm potensialından
istifadənin effektivliyinin yüksəldilməsi
üçün təbiət, insan və cəmiyyət
haqqında biliklərin genişləndirilməsi və dərinləşdirilməsi;
Azərbaycanda
fundamental elmin nüfuzunun yüksəldilməsi və onun kadr
potensialının inkişafı.
Bu proqramın
reallaşması üçün həmin il
Prezident İlham Əliyev tərəfindən Azərbaycan
Respublikası Prezidenti yanında "Elmin inkişaf
fondu"nun yaradılması haqqında daha bir vacib sərəncam
imzalanmışdır. Zənnimizcə, ölkə
Prezidentinin bu iki sərəncamı ilə Azərbaycanda elm
sferasında ardıcıl islahatların təməli
qoyulmuşdur ki, bu da respublikamızın sosial-iqtisadi sahəsinin
xüsusiyyətlərini, onun tarixi köklərini və mədəni
ənənələrini nəzərə almalıdır.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri
akademik Ramiz Mehdiyevin 8 dekabr 2009-cu il tarixdə "Azərbaycan"
qəzetində çap etdirdiyi məqalədə qeyd edilir
ki, "bu gün elmimizin əsas məqsədi ondan ibarətdir
ki, yaxın illərdə təhsildə, elmdə, ümumən
intellektual sahələrdə ciddi dönüş
yaradılmalı və biliklərə əsaslanan
iqtisadiyyatın qurulması prosesi intensivləşdirilməlidir".
Başqa sözlə desək, elmi tədqiqatların
yeni təşkili sisteminin mahiyyəti özündə
proqressiv bilikləri birləşdirən cəmiyyətin
iqtisadi inkişafını müasir biliklər əsasında
qurmaqdan ibarət olmalıdır.
Azərbaycanda
fundamental tədqiqatların effektivliyinin daha da yüksəldilməsi
üçün müvafiq elmi istiqamətlərin
hazırkı vəziyyətini nəzərə alaraq alimlərin
kiminin məhsuldar, kiminin isə qeyri-məhsuldar fəaliyyətini
qiymətləndirməkdə istifadə etmək
lazımdır. Bu gün elmi kollektivlərin fəallıq
səviyyələrinin müəyyənləşdirilməsində
"qrant aktivliyi" faktoru ciddi arqument kimi nəzərə
alına bilər. Eyni zamanda, alimlərin fəaliyyətinin
səmərəliliyinin müəyyən olunmasında
"istinad indeksi" və "beynəlxalq nüfuz"
mühüm amil hesab edilməlidir. Bizim
alimlərin müştərək beynəlxalq layihələrdə
iştirak səviyyəsi, onların xarici həmkarları ilə
şərikli tədqiqatlara cəlb edilməsi yüksək
ixtisaslaşmanın və peşəkarlığın
göstəricisi kimi qəbul oluna bilər.
Son illərin təcrübəsi
göstərir ki, Yer elmləri sahəsində fundamental tədqiqatların
gələcək inkişafı qlobal problemlərin xarakteri və
bütövlükdə, iri regionların əhatəsilə
müəyyən olunacaqdır. Bu da, öz növbəsində,
tədqiqatların elmlərarası səciyyəsini,
aparıcı universitetlər və elm mərkəzlərilə
geniş kooperasiyanı və təbii ki, böyük həcmli
maliyyə dəstəyini nəzərdə tutur. Bu gün ayrı-ayrı ölkələr, hətta
Amerika Birləşmiş Ştatları və Yaponiya kimi
varlı dövlətlər belə öz maliyyə,
intellektual ehtiyatları hesabına qlobal problemləri həll
etmək iqtidarında deyillər. Ona
görə də indiki zamanda müştərək proqramlar,
qrantlar və yaxud müştərək əməkdaşlıq
müqavilələri çərçivəsində tədqiqatlar
beynəlxalq alim kollektivləri tərəfindən
aparılır. Yer elmləri sahəsində
dəqiq elmlərin - riyaziyyat, informatika, fiziki-kimyəvi tədqiqat
üsullarının tətbiqi daha geniş vüsət
alır. Geologiya elmində gələcəkdə
də geofiziki tədqiqat metodları həcminin genişləndirilməsinə
və kompüter-proqram bazasının gücləndirilməsinə
xüsusi diqqət verilməlidir.
Zənnimizcə,
alim-geoloqların 2010 və daha sonrakı illərdə fəaliyyəti
aşağıdakı prioritet problemlərin həlli üzərində
cəmləşməlidir:
1. Müasir geodinamika, geoloji
risklər və regionun dayanıqlı inkişafı.
2. Azərbaycanın
karbohidrogen potensialının, o cümlədən 10 km dərinliyə
kimi karbohidrogen ehtiyatlarının qiymətləndirilməsi.
3. Böyük
yaşayış məntəqələrinin və strateji
obyektlərin, o cümlədən Xəzər dənizinin
çirklənməsinin aerokosmik monitorinqi daxil olmaqla,
geoekoloji problemlər.
Birinci problem
üzrə məsələlərin həlli üçün
təşkilati struktur kimi beynəlxalq elmi konsorsiumun (Azərbaycan,
Rusiya, Ukrayna, Almaniya, İtaliya, Yunanıstan) yaradılması
nəzərdə tutulur. Onun funksiyasına müştərək kompüter
proqramları əsasında ümumi məlumatlar
bankının yaradılması, seysmik hadisələr daxil
olmaqla, geoloji proseslər monitorinqinin təşkili,
seçilmiş poliqonlarda (məsələn Qafqazda) müasir
şaquli və horizontal hərəkətlərin qiymət və
vektorlarının, qravitasiya və elektromaqnit sahələrinin
variasiyalarının periodik ölçülməsi, Yer təki
gərginliyinin qiymətləndirilməsi, geoloji təhlükə
və respublika ərazisinin dayanıqlı inkişafı
üçün tövsiyələr hazırlanması
daxildir.
Geoloji korrelyasiyanın
aparılması, dərinlik sahələrinin (qravimetrik, maqnit,
seysmik) vəziyyətinin aydınlaşdırılması və
ümumiyyətlə, Yerin dərinlik quruluşunun Azərbaycan
hissəsinin öyrənilməsi məqsədilə XX əsrin
səksəninci illərində ifratdərinlikli Saatlı quyusu
qazılmış, lakin onun maliyyə
çatışmazlığı səbəbindən layihə
dərinliyinə (15 km-ə) çatdırılması
mümkün olmamışdır. Alim-geoloqlar
belə düşünürlər ki, Yer təkinin dərinliklərindən
daha geniş və intensiv istifadə etmək lazımdır.
Yəni, onlardan mineral-xammal çıxarmaqla
yanaşı, həmçinin digər məqsədlər
üçün də istifadə edilməlidir. Məsələn, Saatlı ifratdərinlikli quyu əsasında
dərinlik geofiziki observatoriyanın yaradılmasını
planlaşdırırıq. Bu işləri
Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya
İnstitutu, Kibernetika İnstitutu və Respublika Seysmoloji Xidmətinin
qüvvələrilə yerinə yetirmək nəzərdə
tutulur. Bu baxımdan Azərbaycan
Respublikası Dövlət Neft Şirkətinin də köməyi
və texniki dəstəyinə böyük ümudlər bəsləyirik.
Geofiziki rəsədxananın
əsas məqsədlərindən biri zəlzələlərin
proqnozlaşdırma metodlarının işlənilməsi
üzərində tədqiqatların aparılmasından ibarətdir. Şübhəsiz,
buna əsas verən amillər mövcuddur. Alimlər xüsusi cihazlardan istifadə etməklə
quyular vasitəsilə hətta minlərlə kilometr dərinlikdə
Yer qabığında nələr baş verdiyini izah edə
bilirlər.
Məlumdur ki,
Yer haqqında elmlərin müasir inkişaf mərhələsi
xüsusi diqqətlə planetin dərinlik quruluşunun tədqiqi
ilə səciyyələnir. Bu isə dərinliklərdəki
gizli faydalı qazıntıların effektiv proqnozlaşdırılması
probleminin həll edilməsi, neft və qaz yataqlarına malik
olan çökmə hövzələrin əmələgəlmələrinin
qlobal səbəblərinin aşkar edilməsilə əlaqədardır.
Bu problem üzrə
alim-geoloqların 2007-ci ildən başlayaraq icra etdiyi dövlət
proqramı çərçivəsində nəzərdə
tutulmuş işlərlə yanaşı, 10 km-dən
artıq dərinliklərin neft-qazlılığının
qiymətləndirilməsi məqsədilə xüsusi elmi-tədqiqatlar
aparmaq üçün işlənilməkdə olan həmin
proqrama bir sıra əlavələr nəzərdə
tutulmalıdır. Məsələ bundan ibarətdir
ki, bu yaxınlarda Meksika körfəzinin Tibor sahəsində
10 km dərinlikdə nəhəng neft yatağı aşkar
edilmişdir. Sənaye əhəmiyyətli
məhsulun belə dərinlikdə müəyyən edilməsi
birinci dəfə qeyd olunur. İlkin
hesablamalara görə, bu yatağın 3-4 mlrd. barel neft ehtiyatına malik olduğu güman
edilir və beləliklə, həmin yataq müasir Qərb təsnifatlarına
əsasən, nəhəng yataqlara aid oluna bilər. Bu kəşf
bir neçə aspektə malikdir:
1. Dünya okeanı
akvatoriyasında elmi-tədqiqat işlərinin kəskin surətdə
aktivləşməsi. Meksika körfəzində
nəhəng yatağın kəşf edilməsi dərinlik
obyektlərinin neft-qazlılıq perspektivlərini əhəmiyyətli
dərəcədə artırır. Əgər ərazisində
yüzlərlə karbohidrogen yatağı aşkar olunmuş
Meksika körfəzi kimi ətraflı öyrənilmiş
regionda 10 km-dən artıq dərinlikdə yeni nəhəng
neft yatağı aşkar edilirsə, deməli, nisbətən
zəif öyrənilmiş Cənubi Xəzər hövzəsinin
akvatoriyasında dərinliklərdə yerləşən
yataqların axtarış perspektivləri, çox güman
ki, artmalıdır.
2. 10 km dərinlikdə,
karbohidrogenlərin xüsusən də olduqca böyük həcmdə
aşkar edilməsi neftin orqanik əmələgəlmə nəzəriyyəsinin
bəzi fundamental müddəalarına yenidən baxmağa dəlalət
edir. Söhbət neftin generasiya və dərinliklərdə
saxlanılmasından gedir. Belə ki, mövcud fərziyyələrə
görə, böyük dərinliklərdə karbohidrogen
potensialının tükənməsi və buradakı
yüksək temperatura görə onun destruksiyası
üzündən böyük həcmlərdə neft
generasiyası ola bilməz. Dəyişilməmiş
neftin münasib rezervuarlarda toplanması həmin neftin
yaxşı saxlanılma şəraitindən xəbər
verir. Bu isə 5 km-dən artıq dərinliklərdə
rezervuarların keyfiyyətinin pisləşməsi
haqqındakı müasir təsəvvürlərlə tam
uzlaşmır. Bundan irəli gələrək,
demək olar ki, neftə nisbətən böyük dərinliklərdə
formalaşan təbii qaz ehtiyatlarının da qiymətləndirilməsi
dəyişilə bilər.
3. Kəşf edilmiş neft
optimal dərinlikləri iki dəfə üstələdiyi
üçün abiogen hipotezanın ciddi arqumenti olduğundan
tezliklə neftin qeyri-orqanogen yolla əmələgəlməsi
haqqında mübahisələrin yenidən bərpa edilməsinə
səbəb ola bilər. Lakin bütün
bunlar yalnız kəşfin detalları, xüsusən də
neft və qazın, lay sularının və təbii ki,
neftsaxlayan süxurların geokimyası üzrə məlumatlar
açıqlandıqdan sonra mümkün ola
bilər. Əgər Meksika körfəzinin Tibor sahəsində
kəşf edilmiş neftin həcmi barəsində məlumatlar
təsdiq olunarsa, onda bu, hər şeydən əvvəl, Azərbaycanın
karbohidrogenlərinin proqnoz ehtiyatlarına yenidən
baxılaraq, həmin ehtiyatların minimum iki dəfə
artacağının əsası ola bilər.
Məlumdur ki, Cənubi Xəzər hövzəsindəki
karbohidrogen generasiyası həcmlərini nəzarətləndirən
parametrlər Meksika körfəzindəkilərdən bir qədər
üstündür. Hələ 25 il
bundan öncə Azərbaycan alimləri faktiki məlumatlar əsasında
8-12 km dərinliklərdə neft və qazın
mövcudluğunu proqnozlaşdıraraq bu barədə bir
sıra əsaslı elmi məqalələr dərc etmişlər.
O zaman belə dərinliklərdə qazma işləri aparmaq
texniki cəhətdən mümkün idi (Kola və Saatlı
ifrat dərinlikli quyuları), lakin SSRİ-nin başqa sahələrində
neftin çıxarılmasına maliyyə yatırımı
kifayət qədər ucuz olduğu üçün,
böyük dərinliklərdə karbohidrogen ehtiyatından
istifadə olunması iqtisadi baxımdan sərfəli deyildi. İndi vəziyyət bir qədər dəyişmişdir.
Yalnız iki nəhəng - "Azəri-Çıraq-Günəşli"
və "Şahdəniz" yataqlarının kəşfi,
hazırda kəşfiyyat aparılan perspektiv sahələr nəzərə
alınmadan respublikamızı karbohidrogen ehtiyatları ilə
minimum 20 il təmin etmişdir. Lakin gələcəyə nəzər salmış
olsaq, onda böyük dərinliklərin neft və qazına
yiyələnmək üçün indidən elmi və
texnoloji bazanı hazırlamaq lazımdır. Məlumdur ki, büdcədən əlavə maliyyələşdirilən
dövlət proqramı çərçivəsində
alim-geoloq və geofiziklər Cənubi Xəzər
çökəkliyinin çökmə
örtüyünün bütövlükdə tədqiqatını
aparırlar, hövzənin və karbohidrogen sistemlərinin
müxtəlif təkamül ssenarilərini kompüter modellərində
nəzərdən keçirirlər. Lakin
son kəşflə əlaqədar olaraq, Geologiya İnstitutu tərəfindən
icra olunan dövlət proqramına, güman ki, müəyyən
əlavələr edilməlidir.
Keçmiş
illərdə biz dəfələrlə respublikada neft, qaz, su
və süxurların analizi üzrə müasir analitik
laboratoriyanın olmaması haqqında söhbət
açmışdıq. Müasir avadanlıqla təchiz olunmuş
pərakəndə laboratoriyalar, qismən də olsa, Yer təki
maddəsinin, hər şeydən əvvəl, neftin hərtərəfli
dərin kompleks analizini təmin edə bilmir. Onu da qeyd etmək vacibdir ki, onlar, əsasən,
qeyri-hökumət strukturları olduğundan müəyyən
məxfiliyə riayət edən keyfiyyətli ekspertizaya malik
deyillər. Bu gün Azərbaycan kimi məşhur
neft diyarında müasir neftin analizi üzrə
laboratoriyanın olmaması, əlbəttə, nonsensdir. Qaz və neft üzrə analitik məlumatlar
ümumiyyətlə strateji informasiyadır. Bununla əlaqədar
olaraq biz direktiv orqanlara, AMEA sistemində neft, qaz, lay suları
və süxurların analizi üzrə müasir analitik
laboratoriyanın yaradılması haqqında təkliflə
müraciət etmək niyyətindəyik.
Bu laboratoriya,
şübhəsiz, Azərbaycan Milli Elmlər Akademiyası
sistemində kollektiv istifadə mərkəzi kimi
yaradılmalıdır. Bu gün analizlərin aparılmasında,
o cümlədən neftin təhlilində prinsipcə yeni
texnologiyalar meydana gəldiyindən, belə laboratoriyanın
imkanlarından istifadə daha effektli olardı.
Xəzər dənizinin
ekosistemi çox həssasdır. Son onilliklər ərzində
antropogen və biogeokimyəvi amillərin təsiri altında
ekosistemin bütövlükdə və xüsusilə dənizin
cənub-qərb hissəsinin ekoloji vəziyyəti kəskin
surətdə pisləşmişdir. Ümumiyyətlə,
Xəzərin ekosistemi böhran ərəfəsi kimi qiymətləndirilir
və şelf sahəsində, neft hasilatı ilə əlaqədar
ətraf mühitə irimiqyaslı müdaxilələr bu vəziyyəti
daha da pisləşdirə bilər.
Xəzərin
yüksək dərəcədə çirklənməsinin
bir neçə səbəbi vardır. Bunlardan dəniz təkində
karbohidrogen xammal ehtiyatlarının əhəmiyyətli dərəcədə
miqdarı, əhalinin və sənayenin yüksək
sıxlığı, dənizə tökülən çay
dərələrində kənd təssərüfatının
geniş inkişafı, hövzənin qapalı olması və
s. nəzərə almaq lazımdır. Neft və fenollar kimi
çirkləndiricilərin bir qismi dənizə təbii
proseslər (palçıq vulkanları), dənizin dibində
orqanik maddələrin çürüməsi
(parçalanması), və s. nəticəsində daxil olur.
Bu baxımdan Xəzər dənizi hövzəsi ekosistemlərinin
bərpa olunan və bərpa olunmayan resursları durumunun
dinamikası, Yer təkində təhlükəli hərəkətlərin
riskinin yerüstü və yeraltı mühəndis-geoloji
qurğuların və kommunikasiyaların (rabitə)
etibarlılıq baxımından qiymətləndirilməsi,
habelə Yer təkindən istifadənin hüqüqi, istehsal
və təbiətimühafizə normativlərinin işlənib
hazırlanması, bu sahədə sahibkarlığın
sığortası və s. hazırda nəzarətsiz
qalmış məsələlərin tam olmayan
siyahısıdır.
Bu qüsur və
çatışmazlıqlar ona gətirib çıxarır
ki, elmi və təbiəti mühafizə xidmətləri Xəzər
dənizi hövzəsi ekosisteminin əsas, o cümlədən
biotik və sosial həlqələrinin etibarlı qiymətləndirilməsi
məsələsində bacarıqsızlıq nümayiş
etdirirlər.
Bununla belə, SSRİ dağıldıqdan sonra
bu regionda ortaya çıxan ən mürəkkəb problem
dövlətlərarası tənzimləmə imkanının
zəifləməsidir. Beləliklə, geoloji, geofiziki,
bioloji və ekoloji tədqiqatlara dair müfəssəl məlumatlar
olmadan, müvafiq model və təkliflər, etibarlı operativ
monitorinq yaradılmadan Xəzər dənizi hövzəsində
ekoloji təhlükəsizliyi təmin etmək, çətin
ki, mümkün ola. Bununla əlaqədar Xəzər
dənizi problemlərinin öyrənilməsi üzrə beynəlxalq
mərkəzin yaradılması olduqca zəruridir. Xəzər dənizi problemlərinin
dissiplinalararası xarakter daşıdığını nəzərə
alaraq mərkəzin işinə müxtəlif tədqiqat
profilləri üzrə mütəxəssislərin (geoloq,
coğrafiyaçı, iqtisadçı, bioloq, fizik,
riyaziyyatçı, ekoloq, sosioloq) cəlb olunması
lazımdır.
Belə mərkəzin
Xəzər regionunun qonşu ölkələrinin ekspert və
məsləhətçilərinin iştirakı ilə fəaliyyəti
neft-qaz sənayesi, balıq və rekreasion təsərrüfatların,
nəqliyyat infrastrukturlarının və ekologiya problemlərinin
analizi ilə qiymətləndirilməsinə dair birgə tədqiqatlar
aparmaq üçün yeni imkanlar yarada bilər.
Mərkəzin
mütəxəssis və ekspertlər üçün
açıq olması, elmi işlənilmələrin nəticələrinin
mübadiləsi və peşəkar diskussiyalar birgə elmi
axtarış işlərinin aparılmasında müsbət
rol oynayacaqdır. Belə mərkəzin Azərbaycan Milli
Elmlər Akademiyasının strukturunda yaradılması həm
də Xəzər dənizi problemlərinin öyrənilməsi
sahəsində aparılan elmi-tədqiqat işlərinin əsas
bazası kimi Azərbaycanın nüfuzunu daha da yüksəltməyə
imkan verəcəkdir.
Xəzər
bizim həm siyasət, həm iqtisadiyyat, həm də elmdə
prioritet olan istiqamətimizdir. Bu gün Xəzər
dənizində fundamental elmi-tədqiqat işlərinin icrası
müasir ixtisaslaşdırılmış elmi gəmisiz
qeyri-mümkündür. ARDNŞ, Ekologiya
və Təbii Sərvətlər Nazirliyinə və digər
təşkilatlara məxsus ayrı-ayrı gəmi vasitələri
konkret sahəvi məsələlərin həlli
üçün istifadə olunur. Bir
neçə onillik bundan qabaq Azərbaycan Milli Elmlər
Akademiyasında Xəzər dənizinin geologiya, biologiya və
ekologiyasının müxtəlif aspektlərini sistematik tədqiq
etməyə imkan verən məhdud sayda olsa da, elmi-tədqiqat
gəmiləri var idi. Ümumiyyətlə,
dünyada ilk dəfə olaraq Xəzər dənizində
qazhidratların müəyyən edilməsi prioriteti Geologiya
İnstitutuna məxsusdur. Məlumdur ki,
müasir yanacaq xammalının alternativi olan bu növ gələcək
iqtisadiyyatın əsas ehtiyatlarından biri hesab edilir. 20 ildən artıqdır ki, biz bu alternativ
yanacağın perspektiv növünün tədqiqatlarını
aparmaqdan məhrum olmuşuq.
Günün
vacib problemlərindən biri də Xəzər dənizinin
neft və ağır metallarla təbii çirklənməsinin
öyrənilməsidir. Bu məqsədlə Geologiya
İnstitutunda Xəzərin ekoloji vəziyyətinin aerokosmik
monitorinqini aparmaq üçün müvafiq tədqiqat
proqramın işlənib hazırlanmışdır. Bu proqramın Milli Elmlər Akademiyası, Aerokosmik
Agentlik, Aviasiya Akademiyası və ARDNŞ-in müştərək
iştirakı ilə yerinə yetirilməsi
planlaşdırılır.
Digər vacib bir məsələ!
Azərbaycanın ərazisi palçıq
vulkanlarının inkişafı baxımından klassik region
hesab olunur. Planetimizdə məlum olan 900-ə
yaxın palçıq vulkanının 400-dən çoxu Cənubi
Xəzər neft-qaz hövzəsindədir ki, onlardan da
300-ü quruda - Şərqi Azərbaycanda və onunla sahillənən
Xəzər akvatoriyasında yerləşir. Məhz buna görə Azərbaycan palçıq
vulkanlarının vətəni sayılır. Vulkanların müxtəlifliyi və təzahüretmə
aktivliyinə görə dünyada Azərbaycana bənzər ərazi
yoxdur.
Azərbaycan
Milli Elmlər Akademiyasının Geologiya İnstitutunda
palçıq vulkanları 50 ildən artıqdır ki, hərtərəfli
tədqiq olunur. 1966-cı ildə institutda o zaman SSRİ-də
yeganə olan "Palçıq vulkanizmi" laboratoriyası
yaradılmış, sonralar isə 1972-ci ildə iki
laboratoriyaya (geologiya və geokimya) və daimi fəaliyyətdə
olan elmi ekspedisiyaya malik eyni adlı sektora çevrilmişdir.
1971-ci ildə dünya geoloji ədəbiyyat
tarixində, ilk dəfə olaraq, Azərbaycandakı bu təbiət
fenomeni tədqiqatlarının nəticələrini
yekunlaşdıran "Azərbaycanın palçıq
vulkanlarının atlası" nəşr olunmuşdur.
Keçən əsrin 70-ci
illərində SSRİ Elmlər Akademiyasının qərarına
əsasən, AMEA Geologiya İnstitutu "Palçıq
vulkanizmi və faydalı qazıntı yataqlarının
axtarışı" problemi üzrə SSRİ-nin cənub
hissəsinin baş idarəsi kimi təsdiq edilmişdi. Bu
dövrdən başlayaraq palçıq vulkanlarının
öyrənilməsində nəinki Azərbaycanda, həmçinin
onların inkişaf etdiyi Türkmənistanda, Şərqi
Gürcüstanda, Kerç və Taman yarımadalarında,
Kubanda və Saxalin adasında yeni mərhələ
başlandı. Vulkanların tədqiqatı
üzrə kompleks işlərin nəticələri öz əksini
1980-ci ildə dərc olunmuş "Sovet İttifaqının
palçıq vulkanizmi və onun neft-qazlılıqla əlaqəsi"
kitabında tapmışdır.
XX əsrin
90-cı illərindən başlayaraq bir sıra illər ərzində
(1993-2001) Geologiya İnstitutu İngiltərə, Norveç,
ABŞ-ın (bp, "Statoyl", "Amoko", "Ekson"
və s.) aparıcı neft şirkətləri ilə birlikdə
palçıq vulkanlarının tədqiqatlarını
aparmışdır. Son illər palçıq
vulkanlarının öyrənilməsi, həm vulkanizmin nəzəri
məsələlərinin işlənilməsi, beynəlxalq
konfransların təşkili, həm də müştərək
elmi nəşrlər və palçıq vulkanlarında
monitorinqlərin keçirilməsi üzrə beynəlxalq əlaqələr
daha geniş vüsət almışdır. Bu il AMEA Geologiya İnstitutu "Dünyanın
palçıq vulkanları" adlı atlasın
hazırlanmasına başlamışdır. Son 10-15 il ərzində
nəşr edilmiş elmi işlərin sistemləşdirilməsi
göstərir ki, hərtərəfli tədqiqatlara,
başlıca olaraq, Azərbaycan və Xəzər
akvatoriyası ilə sahillənən ərazilər, Qara dəniz,
İtaliya və Aralıq dənizi qurşağının qərb
və şərq hissələrindəki palçıq
vulkanları cəlb olunmuşdur.
Şübhəsiz,
geologiya elminin bu istiqaməti "Dünyanın
palçıq vulkanlarının təzahür etmələrinin
geoloji şəraiti və onların böyük dərinliklərdə
neft və qaz yığımlarının
proqnozlaşdırılmasında əhəmiyyəti"
problemi çərcivəsində təbiətin bu maraqlı
fenomeninin müxtəlif qırışıqlıq vilayətlərində
müqayisəli tədqiqatı böyük dəyərə
malik olacaqdır. Bu baxımdan Azərbaycan Milli Elmlər Akademiyasında
beynəlxalq palçıq vulkanizmi mərkəzinin
yaradılması faydalı və arzuolunandır,
çünki palçıq vulkanizminin tədqiqi ilə əlaqədar
elmi nəticələri dünyanın digər regionlarında
istifadə etmək və bununla da vulkanizmi qlobal miqyasda neft və
qaz yataqlarını səciyyələndirən elmi nəticə
kimi Azərbaycan alimlərinin dünya elminə verdikləri
töhfələri geniş təblig etmək olar.
Alim-geoloqların
bu təkliflərinin reallaşmasına ciddi diqqət və
böyük maliyyə vəsaitinin tələb
olunmasını dərindən dərk edirik. Bununla yanaşı, biz əminik
ki, bu mühüm taleyüklü elmi istiqamətlərdəki
gerilik onillliklərlə ölçülür və bu proses
bərpaedilməz ola bilər.
Bizi bu gün
ruhlandıran nədir? Bu cür problemlərə dövlət
yanaşmasını yaxın keçmişdə Azərbaycanın
Seysmoloji Xidmətinin modernləşdirilməsini nümunə
kimi göstərmək olar. Yaxşı məlumdur
ki, 2000-ci ildəki təlatümlü zəlzələdən
dərhal sonra ümummilli lider Heydər Əliyev tərəfindən
Azərbaycanın Seysmoloji Xidmətini ən müasir
avadanlıqla təmin etmək üçün külli
miqdarda maliyyə vəsaiti ayrılmışdı. Bu gün Azərbaycanın Seysmoloji Xidməti öz
texniki təminatına görə, demək olar ki, Müstəqil
Dövlətlər Birliyi sırasında yeganədir. Belə
bir yanasma Azərbaycan Prezidenti İlham Əliyevin
Şamaxı Astrofizika Rəsədxanasının yenidənbərpası,
Azərbaycan Tarix Muzeyinin bərpası və respublikada
xüsusi arxeoloji qazıntıların aparılması
haqqında sərəncamları elmi ictimaiyyət tərəfindən
yüksək qiymətləndirilir. Ümidvarıq
ki, dövlət strukturları və bütün elmi ictimaiyyət
alim-geoloqların bugünkü təkliflərinə də
razılıqla yanaşacaq və dəstəkləyəcəklər.
Akif ƏLİZADƏ,
AMEA-nın vitse-prezidenti,
Geologiya İnstitutunun
direktoru, akademik
Azərbaycan.- 2010.- 5
fevral.- S. 3.