Davosda Dünya İqtisadi Forumu işini yekunlaşdırmışdır

 

İsveçrənin Davos şəhərində sayca 40-cı Dünya İqtisadi Forumunun illik toplantısı işini başa vurmuşdur.

Forumda müasir dövrün siyasi-iqtisadi problemləri, qlobal inkişafın doğurduğu əsas çətinliklərin həlli üçün işgüzar tərəfdaşlığın genişlənməsinə yardım məsələləri müzakirə olunmuşdur. Toplantıda 100-dək ölkədən 2500-dən çox nümayəndə, o cümlədən dövlət hökumət başçıları, tanınmış şirkətlərin təmsilçiləri, iqtisadçılar, ekspertlər, beynəlxalq təşkilatların, KİV-nin rəhbərləri iştirak etmişlər.

Builki toplantı "Dünyanın vəziyyətini yaxşılaşdır: yenidən düşün, yenidən planlaşdır yenidən qur" devizi altında keçirilmişdir. Dünyanın vəziyyətinin yaxşılaşdırılması, mövcud problemlərin həlli qlobal əməkdaşlığın həyata keçirilməsini tələb edir. Bu isə öz növbəsində hökumət, biznes, media, elm, din, incəsənət, vətəndaş cəmiyyəti daxil olmaqla, bütün sahələrin təmsilçilərinin sıx əməkdaşlığı zərurətini yaradır. Bu məqsədlə Dünya İqtisadi Forumunun illik toplantısı dörd on illik üçün qlobal gündəliyin formalaşdırılması məqsədi ilə ictimai həyatın bütün sahələrindən olan rəhbərləri öz işinə cəlb etmişdi. Dörd gün ərzində dünya liderləri maliyyə iqtisadi böhranın nəticələri, gələcəkdə qlobal böhranların qarşısının alınması istiqamətində perspektivlər digər məsələləri müzakirə etmişlər. Forumda müzakirə olunan əsas məslələrdən biri bank sektorunda islahatların aparılması olmuşdur. Bununla bağlı təşkil olunan debatlarda forum iştirakçıları belə bir nəticəyə gəlmişlər ki, yaxın gələcəkdə bank sektorunda köklü islahatlar qaçılmazdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.-2 fevral.- S. 2.